AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.12.2023  11:54 

“Qızılcanın qarşısını almağın ən effektiv yolu peyvəndlənmədi” - Həkim-infeksionist





A+  A-

Xəzərnews.az Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərovanın müsahibəsini təqdim edir:

- Səbinə xanım, ilk öncə bilmək istərdik ki, qızılca nədir və xəstəliyə necə yoluxurlar?

- Qızılca xəstəliyi hava-damcı yolu ilə yayılan və insan orqanizmində bəzi hallarda ciddi fəsadlar törədən bir virusdur. Hava-damcı yolu ilə keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasıdır. Qızılca ilə yoluxma bütün yaşlarda baş verə bilər. Yalnız 1-8 yaş ən həssas qrup hesab edilir. Lakin digər yaş qruplarında olan insanlar da qızılca ilə xəstələnə bilər. Əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər bir qayda olaraq passiv immunitetin olması ilə əlaqədar körpələr qızılca ilə xəstələnmir. Bu immunitet 9 ayından sonra itə bilər. 3 aydan 1 yaşa qədər uşaqlar əsasən bu hallarda qızılca virusuna yoluxa bilər: ana qızılca xəstəliyini keçirməyib və peyvənd olunmayıbsa. Qızılca peyvəndindən sonra orqanizmdə davamlı (təxminən 10-13 il) bu xəstəliyə qarşı immunitet yaranır.
Xəstəlik insandan insana keçərək yoluxdurulur. Öskürmə, asqırma, yoluxan şəxslə fiziki təmas xəstəliyin ötürülməsinə səbəb olur.
Qızılcaya yoluxan insan asqırdıqda və öskürdükdə havaya yayılan virus 1 saat havada qala bilər. Qızılca virusu sağlam uşağa keçdiyi zaman boğaz ilə burunun birləşdiyi hissəyə daxil olur və limfa düyünlərinə çatır. Oradan isə qan dövranı ilə bədənə yayılır və müxtəlif orqanlarda hüceyrə sisteminə daxil olub çoxalmağa başlayır.

- Qızılcanın əsas simptomları hansılardır?

- Qızılca burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət, ağız boşluğunun selikli qişasında və yanaqların daxili səthində kiçik boz rəngli ləkələr kimi əlamətlərlə müşahidə olunur. Xəstəlik, həmçinin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına, qulaq və boyun arxasında səpgilərə səbəb ola bilər. Səpgilər ardıcılıqla, əvvəlcə üzdə, bədəndə, sonra qol və ayaqlara yayılır. Bu proses əsasən 4 gün davam edir. Səpgilər solduqca uşaqlarda qızdırma da aşağı düşür. Öskürək təxminən 10 gün davam edir.
Yüksək qızdırma (38-40 °C) xəstəliyin 4-8 günlərində olur. Böyüklərdə isə səpgilər uşaqlara nisbətən daha az olur. Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır. Lakin bəzi hallarda daha uzun müddət tələb olunur.

- Qızılca orqanizmdə hansı fəsadları yarada bilər?

-Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur. Qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər. Bu xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxardır və göz sağlamlığına təsir göstərir.
Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.

- Xəstə ilə təmas olunubsa və yoluxma baş verdiyi təqdirdə, nəyə diqqət etmək tövsiyə olunur?

- Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlər məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur. Sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə, ona 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir.
Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir.
Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər.
Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur.

- Doktor, bəs qızılcanın müalicəsi varmı?

- Qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır. Qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.
Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan qaçınmaq həmin narahatçılığı azaltmağa kömək edir.
Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar.
Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir.

- Qızılcadan necə qorunmaq olar?

- Qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür.
Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.
Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasının alması tövsiyə olunur.
Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir.

Xəbər 9384 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +