AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


19.08.2022  11:46 

Azərbaycanda onlarla qazinin intiharı: səbəb nədir?





A+  A-

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən il yarım ərzində Azərbaycanda onlarla müharibə veteranı - qazilər intihar edib. Bu, onların keçirdikləri sarsıntıların nəticəsi, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi kimi amillərlə izah edilir.

Ankarada yaşayan jurnalist İlhamə Qasımlı Türkiyədə çalışan azərbaycanlı psixiatr-psixoterapevt Elmir Təhməzovla BBC News Azərbaycanca üçün söhbət edib:

-Hər gün Azərbaycandan Qarabağ müharibələri qazilərinin intihar və ya intihara cəhd xəbərləri gəlir. Onların sayı, bəzi hesablamalara görə, artıq 50-ni keçib. Sizcə, bunun səbəbi nədir? Keçmiş müharibə iştirakçıları niyə intihara cəhd edir?

- İntihar çoxfaktorlu məsələdir. "Bir insan konkret bir problemə görə intihar etdi" demək doğru deyil. Müharibə dövründə intihar azalsa da, postmüharibə dövründə, xüsusi ilə qazilər arasında artır. İntihar, qarşısı alına bilən bir vəziyyətdir, amma qazinin konkret bu səbəbdən intihar etdiyini deyə bilmərəm. Bunu dəqiq formada psixoloji autopsiya etdikdən sonra demək olar. Ancaq travma sonrası stres pozunutusundan, depressiyadan əziyyət çəkən insanların digərlərinə görə intihar riski dəfələrlə yüksəkdir.

Psixiatrik tərəfdən məsələyə yanaşsaq, istənilən travmatik yaşantıda üç tərəf var: travmanı verən, travma alan, şahidlər.

Buna travma üçbucağı deyirlər. Bilməliyik ki, travma alan insanın yaxşılaşması travma verəndən yox, şahidlərin davranışlarından asılıdır. Məmurundan tutmuş sıravi insana qədər bütün Azərbaycan cəmiyyəti bu insanların məruz qaldığı travmaya doğru şahidlik etməlidir.

"Biz səni anlayırıq, başa düşürük, bunun bir çözüm yolu var. Həkimə müraciət etməlisən" kimi ünsiyyət həmin şəxslərin travmalarının yüngülləşməsinə yardım edər.

Konsultasiya etdiyim türk əsgərlərdən birinin döyüş vaxtı əsgər yoldaşının qolu qopub üstünə düşmüşdü. Təsəvvür edin ki, beyin bu anı təkrar-təkrar yaşayır. Dəhşətli anı yaşayan adama "beyninə salma, fikir vermə, o qədər əsgər öldü, sən şükür elə ki sağ qaldın" demək həmin adama fiziki yaralardan daha dəhşətli acılar yaşadır.

-Sizcə, son Qarabağ müharibəsi veteranları arasında intiharların qarşısını almaq üçün hökumət nə etməlidir?

- Bildiyim qədərilə hökümət tərəfindən qazilərə əlillik qrupuna görə təqaüdlər, veteranlıq müavinəti və ayrıca Prezident təqaüdü verilir. Aylıq gəlirləri hardasa 1000 manatı keçir. Bu gün qazilərin daha çox peşəkar psixoloji yardıma ehtiyacları var. Bunu da dövlət səviyyəsində sistematik şəkildə etmək lazımdır.

Qazilərin reabilitasiya prosesində "JEK" müdirindən icra hakimiyyətinə qədər hər kəs bu insanlara anlayış göstərməlidirlər. Qanun çərçivəsində bütün dəstəklərini verməli, hər zaman onları dinləməlidirlər.

Arzuolunan haldır ki, Azərbaycanda bu insanlar üçün böyük bir xəstəxana tikilsin. Azərbaycanın 3 min şəhidi, bu rəqəmin 4-5 qatı qədər də qazimiz var. Onların psixoloji reabilitasiya mərkəzi yaradılmalı, psixoloq, klinik psixoloq, psixiatr, sosioloq birlikdə onların reabilitasiyası ilə məşğul olmalıdırlar.

Türkiyənin belə bir təcrübəsi var. Bir də Azərbaycanda qazilər üçün böyük psixi-reabilitasiya mərkəzinə ehtiyac var. Orada psixiatr, psixoloq, sosial işçilər birlikdə işləməlidirlər.

- Keçmiş döyüşçülərlə seanslarınızda, əsasən hansı oxşar məqamları müşahidə edirsiniz?

- Onların bəziləri post travmatik stress pozunutusundan və depressiyadan əziyyət çəkir. Bəziləri isə alkoqolizm və narkomaniyaya da yönələ bilir. Türkiyədə işləyən bir qrup psixiatrla Bakıda xəstəxanada qalan qazilərimizi müayinə etmişdik. Hər birində fərqli cəhətlərin olması ilə bərabər, bəzilərində travma sonrası stress pozuntusu simptomları müşahidə olunmaqda idi. Bu xəstəliyin ən narahatedici simptomlarından biri də ingiliscə "flashback" dediyimiz "təkrar yaşantı"dır. Travma anında yaşanan hadisə indi burada baş verirmiş kimi yaşanır. Bu, həddindən artıq dəhşətli əzabverici bir vəziyyətdir.

-Bu müsahibəni qazilər də oxuyacaq. Onlara tövsiyəniz nədir?

- Tövsiyəmiz hər zaman psixoloji yardım axtarmaqdan çəkinməsinlər. Azərbaycanda bir çox psixiatr həmkarımız qazilərə özəl xəstəxanalarda belə pulsuz xidmət göstərirlər.

- Yəqin ki, müharibə psixiatriyası mülki və travma psixiatriyalarından fərqli, xüsusi mütəxəssis yanaşması da tələb edir…

- Muharibə bir insanın psixi sağlamlığını zədələyəcək ən böyük amildir. Cəmiyyətdə tez-tez stresə səbəb olan hadisələri travma olaraq adlandırırlar. Travma anlayışı fərdin psixi bütövlüyünü sarsıdan, yaralayan və müxtəlif yollarla zədələyən hadisələr üçün istifadə olunur. Travmada insan mövcud vəziyyətin öhdəsindən gələ bilmir. Stress isə bizim balansımızı pozan vəziyyətlərə deyilir. Məsələn, uzunmüddətli tıxaclar stress mənbəyidir.

Müharibə psixiatriyası isə mülki psixiatriyadan tamamilə fərqlənir. Çünki bir əsgərin dünyaya baxış dəyərləri və əsgər yoldaşları arasındakı dostluq münasibətləri ilə mülki insanlarınkı arasında böyük fərqlər var. Elə buna görə də, Türkiyədə psixiatriyada uzmanlıq təhsilindən sonra hərbi psixiatriya alt ixtisası var. Bu ixtisası ancaq özü də hərbçi olan uzman psixiatrlar qazana bilirlər.

Müharibə travmalarını daha yaxşı anlamaq üçün tarixə göz gəzdirmək lazımdır. Freyd I Dünya Müharibəsində əsgərlərdə görülən psixogen mənşəli ürək ağrılarını "qəlb nevrozu" adlandırmışdı. Tibbi ədəbiyyata ilk dəfə 1915-ci ildə "Güllə şoku" anlayışı daxil olmuşdu. Vyentam müharibəsindən geri dönən Amerika əsgərlərində görülən yuxusuzluq, günahkarlıq, muharibə ilə əlaqəli kabuslar, depressiya, bulantı, qusma və sair simptomlar "Vyetnam savaş reaksiyası" olaraq adlandırılıb və tibbi ədəbiyyata "travma sonrası stres pozuntusu" (TSSP) olaraq daxil edilib. Bu diaqnoz bu günə qədər keçərliliyini qoruyur.

- Cəmiyyət və rəsmi dairələr müharibə sonrası veteranların stress və atak vəziyyətlərinin azalmasında, müalicəsində nələr etməlidir?

Müalicələr uzun müddətli planlaşdırılmalıdır. Əgər travma sonrası bir ay ərzində simptomlar varsa, biz buna kəskin stress reaksiyası deyirik. Bu vəziyyət bəzi hallarda öz-özlüyünə aradan qalxır. İlk 6 ay ərzində simptomlar davam edirsə, TSSP, əgər 6 aydan uzun davam edirsə, xronikləşmiş TSSP adlandırırıq. Xronikləşmiş xəstələr isə həm dərman, həm də psixoterapevtik yardım almalıdır.

- Müharibə dəhşətlərini yaşamış bir hərbçiyə cəmiyyət və fərdlər necə yanaşmalıdır?

- Müharibə dəhşətlərini yaşayan hərbçilərə istər cəmiyyət, istər məmurlar, istərsə də ailəsi anlayış göstərməlidir. Çünki bu insanlar ciddi psixi sarsıntı yaşayıblar və daima həyəcan vəziyyətindədirlər. Adi insanı əsəbləşdirməyən şeylər onları bir anda özündən çıxara bilir. Gündəlik həyatlarına hər an bir şey olacaqmış kimi davam edirlər.

Xüsusilə ailə üzvləri, tanışlar, dostlar təsəlli məqsədilə qazilərə "şükür ki, sən sağ qaldın" və ya "şükür ki, qəlpə yarası almamısan, bundan daha pisi ola bilərdi, beyninə çox salma, bu şeyləri çox düşünmə, keçəcək" kimi ifadələr işlədirlər. Bilməliyik ki, bu cur ifadələr onları rahatlaşdırmaqdan çox, əsəbiləşdirir və insanlar tərəfindən anlaşılmadıqlarını düşünmələrinə səbəb olur.

- Dövlət qurumlarının veteranlarla ünsiyyət üslubu bu etirazların yaranmasına, alovlanmasına təsir edirmi?

- İstənilən Azərbaycan vətəndaşı qazilərlə daha səbrli və dözümlü davranmalıdır. Hər hansı xırda qığılcım onların özündən çıxmasına və qeyri-adekvat davranmasına səbəb ola bilir. Bir hadisədə gördüyümüz kimi, polisin səbrli davranışı, qazini qucaqlaması mövcud aqressiyanın azalmasına səbəb oldu. Əks halda, daha pis nəticələrin şahidi ola bilərdik.

Dövlət qurumlarının məmurları qazilərlə ünsiyyət zamanı daha çox anlayış ehtiva edən cümlələr qurmalıdırlar.

Ünsiyyətlərinə "sizi anlayıram", "anladığım qədəri ilə" və oxşar cümlələrlə başlamalı, əmrvari tonla danışmaqdan qaçmalıdırlar.

- Bəzən müşahidə edilir ki, müharibədə yaralanmayan hərbçilər də stress keçirirlər…

- Təbii ki, fiziki olaraq yaralanmaq insanın ruhi sağlığına pis təsir edən amildir və insana psixi travma verə bilər. Ancaq travma sonrası stress diaqnozunun qoyulması üçün şəxsin fiziki zədə alması tələbi yoxdur. Misal üçün, heç bir fiziki zədə almadan belə, yaxın əsgər yoldaşını müharibədə itirmək insana ciddi travma verə bilər. Adətən, hərbçilərdə sağ qalmağın verdiyi günahkarlıq hissi də olur və itkilərə görə özlərini çox günahlandırırlar. Bəzi hallarda bu günahkarlıq hissi o qədər şiddətli olur ki, intihara qədər gedib çıxa bilir. Bu qrupda olan qazilərə də mütləq psixiatrik dəstək göstərilməlidir.

Xəbər 6479 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +