AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


10.11.2021  15:19 

“Çox qan itirdiyimi və üşüdüyümü hiss etdim”





A+  A-

Azərbaycanın igid əsgər və zabitlərinin şücaəti, şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına Vətən Müharibəsi Zəfərlə başa çatdı və 30 illik işğala 44 gün ərzində son qoyuldu. Vətən müharibəmiz bitsə də, izləri hələ qalmaqdadır, yəqin ki, əbədi də qalacaq. Qazilərimiz isə həm də öz bədənlərində müharibənin izlərini daşıyırlar. Onlardan biri də İkinci Qarabağ döyüşlərində düşmənin 7 tankını və digər zirehli texnikalarını məhv edən, qolundan ayağından və bir gözündən ağır yaralanan baş leytenant, cəsur tankçı Rüfət Əsədullayevdir.

Əsədullayev Rüfət Eldar oğlu 1994-cü il noyabrın 12-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. O, 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub, 2015-ci ildə leytenant hərbi rütbəsilə təltif olunaraq N saylı hərbi hissəyə qoşunlara göndərilib. 2018-ci ildə isə baş leytenant hərbi rütbəsilə təltif olunub.

XezerNews.az Rüfət Əsədullayevin Bakupost.az -a müsahibəsini təqdim edir:


- Rüfət bəy, döyüşə qatılmağınız necə oldu?

- Artıq 10 ildir ki, hərbçi formasını əynimdə qürurla daşıyıram. Hərbiçi olduğuma görə öncə Aprel döyüşlərində, daha sonra isə 27 sentyabr 2020-ci ildə ordumuzun əks hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində iştirak etdim. Ailəm hərbçi olduğumu və hər an müharibədə iştirak edə bilcəyimi qəbul etmişdi.

Vətən müharibəsinə 3-4 ay qalmış hiss edirdik ki, düşmən yeni təxribatlar törətmək istəyir. Ona görə də ordumuz daha da gücləndirilir, hər an düşmən tərəfindən törədilə biləcək təxribatların qarşısını almaq üçün hazır vəziyyətdə saxlanılırdı. Düşmən demək olar ki, çox azğınlaşmışdı. Nəhayət, komanda verildi və 27 sentyabr 2020-ci il tarixdə bütün ön xətt boyu düşmənə qarşı əks hücum əməliyyatlarına başlanıldı. Əlbəttə, müharibənin başlaması həyəcanla yanaşı böyük sevinc hissi də yaşadırdı. Çünki illərdir, biz bu günü gözləyirdik. Hər dəfə ön xəttə işğal altında olan torpaqlarımızda dağınıq, uçuq binalara baxanda ürəyimizdə bir sızıltı yaranırdı və içimizdə böyük qisas hissi yaranırdı.

- İlk hansı istiqamətdə döyüşlərə başladınız?

- İlk dəfə Füzuli istiqamətində döyüşlərə başladıq və düşmənin əksər qüvvələrini məhv etdik. Çoxlu şəhidlərimiz, qazilərimiz oldu. Amma hər dəfə yeni bir kəndi, şəhəri azad edib həmin torpaqlara ayaq basanda deyirdim ki, həqiqətən buna görə şəhid, qazi olmağa dəyər. Hər yüksəkliyi düşməndən azad etdikdə Azərbaycan bayrağı orada dalğalanırdı və bu bizə böyük bir ruh yüksəkliyi verirdi.

- Sizin üçün müharibədə ən ağır döyüşlər, ən çətin mövqe hansı istiqamətdə oldu?

- Mənim üçün ən ağır döyüşlər Cəbrayıl istiqamətində oldu. Biz Cəbrayılın mühafizə və müdafiəsini təşkil etdiyimiz zaman ermənilər bizə əks hücum əməliyyatına başladılar. Həmin an çox şiddətli və qızğın döyüşlər gedirdi. Buna baxmayaraq, düşmənin ən böyük qüvvəsi yerindəcə məhv edildi. Amma həmin vaxt şəhidlərimiz və qazilərimiz də çox oldu. Lakin Cəbrayıl düşməndən azad edilmişdi.



- Düşmənlə yaxın məsafədən üz-üzə gəldiyiniz vaxt oldumu?

- İstər texnikaların üzərində, istər piyada şəklində düşmənlə üz-üzə gəldiyimiz çox olub. Mənim əməliyyat planıma uyğun deyildi. Sırf tank əleyhinə bölmədə olduğum üçün düşmən tanklarını dəf edə biləcəyim mövqedə olurdum. Ona görə mən daha çox düşmən texnikaları ilə üz-üzə gəlirdim. Hətta həmin ərazilərdə minalar çox olurdu. Elə vaxt olub ki, cığırdan keçid açılmışdı, həmin keçiddən bir az kənara çıxdıqda texnikalar, şəxsi heyət minaya düşürdü. Düzdür, buna baxmayaraq ordumuz daim irəli gedirdi. Əsasən ön xətt və ön xətdən müəyyən qədər arxada minalanmış ərazilər olurdu. Hətta Şuşa döyüşlərində iştirak edən silah yoldaşlarımız belə deyir ki, Şuşada belə minalar çox idi. Hansı ki, 30 il ərzində əllərinə keçən minaları torpaqlarımıza basdırıblar.

- Düşmənin 7 tankını məhv etmisiniz. Bu hansı istiqamətdə və necə oldu?

- Bu, komandir olduğum bölmənin nailiyyətidir. Biz 15 nəfərlik bir heyətlə 26-sı tank olmaqla, 50-dən çox texnika məhv etdik. Burada bütün bölüyün zəhmətini qiymətləndirmək lazımdır. Burada gizir, çavuş, əsgərlərin də çox böyük əziyyətləri olub. Hətta mənim tabeçiliyimdə olan şəxsi heyət elə şücaət göstərirdi ki, öz maşınını düşmən tankının üzərinə sürürdü. Bizim bölüyümüz əsasən Füzuli-Cəbrayıl istiqamətində döyüşürdü. Yəni Şuşaya qədər bizim qarşımıza çıxan bütün düşmən tanklarını məhv etdik. Əminliklə deyə bilərəm ki, məhv etdiyimiz tankların içində sağ qalan bir dənə də erməni olmadı. Bu tək mənim yox, komandir olduğum bütün şəxsi heyətin uğuru idi. Lakin müharibə itkisiz olmur. Şəhid qardaşlarım çox oldu, onlardan biri baş leytenant Rzazadə Həsən idi. Hansı ki, mən hərbi hospitaldan evə buraxıldığım gün onun şəhid xəbəri gəldi. Çox təsirli xəbər idi.

- Ön xəttə olduğunuzdan ailənizin xəbəri var idi?

- Çox çətin döyüşlərimiz olub, hətta sağ çıxıb- çıxmamağımız belə məlum olmayıb. Amma buna baxmayaraq mən ailəmlə danışanda hər zaman hər şeyin qaydasında olduğunu, düşmənləri məhv etdiyimizi, kəndləri bir-bir azad etdiyimizi deyirdim. Mən yalnız anama-atama ruh yüksəkliyi verirdim. Ailəm də hər zaman mənimlə danışarkən “irəli, özünü qoru, ehtiyyatlı ol, ancaq irəli, axıra kimi get, nə qədər bacarırsan düşmən məhv elə, sənə inanırıq” sözləri ilə mənə böyük dəstək oldular. Hətta ilk düşmən tankını vuranda belə ailəm çox böyük ruh yüksəkliyi ilə gözləmədiyim reaksiyanı verdilər. Hətta yaralandığım vaxtda belə ailəmə deməmişdim. Hərbi hospitaldan evə gəlməyimə 2-3 gün qalmış bu haqda evimizə məlumat verdim.

- Döyüşlərdə ən çox nə yadınızda qalıb?

- Ümumiyyətlə, döyüşlərlə bağlı heç bir şey unudulmur, getdikcə daha çox xatırlamağa başlayırsan. Hətta gördüyüm şiddətli döyüş səhnələri yuxularıma belə gəlir. Bunu təkcə mən demirəm, bütün döyüşən qardaşlarımın hamısı deyir. Biz müharibəni yalnız kinolarda görürdük, dastanlardan, kitablardan oxuyurduq, ancaq biz bunu canlı yaşadıq. Hətta orada elə cəsur oğullar vardı ki, minalanmış ərazilərin olduğunu, düşmənin onu izlədiyini, hətta ölə biləcəyini gözə alaraq düşmənin üzərinə qaçırdı. Bu anların heç biri yaddan çıxmır və çıxmayacaq.

3-5 gün olardı döyüşlər başlamışdı, düşmən minaatanları bizi güclü atəşə tutdular. Hamı öz mövqeyində sığınacaqlarda yerləşmişdi. Bir qədər atəş səngiyəndən sonra, bir qədər aralıda olan sığınacaqlarda yerləşən döyüş yoldaşlarım elə zənn ediblər ki, mənə nəsə olub. Bu anda onlar həmin sığınacaqdan mənim yanıma gəlməyə başladılar, bu an düşmən onların 3-5 metr yaxınlığına minaatanlardan mərmi atdılar. Bu da belədir ki, mərminin düşməsi ilə partlaması saniyə çəkmir. Möcüzə oldu ki, mərmi düşdü, amma partlamadı. Bu həqiqətən möcüzə oldu və o zaman hamımız dedik ki, Allah saxladı. Daha sonra Cəbrayıl istiqamətində mən və mənim tabeçiliyimdə olan bir hərbi qulluqçu başımızı qaldırıb müşahidə aparanda ikimizin ortasından snayper gülləsi keçdi. İkimizin arasında isə təxmini bir metr yarım məsafə vardı. Həmin snayper gülləsi texnikamıza dəydi. Yəni ikinci bir möcüzə də məhz bu vaxt baş verdi və Allah həqiqətən qorudu. Şükür Allaha.



- Döyüşün ən qızğın anlarında ağlınıza ilk nələr gəlirdi, nə hisslər keçirirdiz?

- Döyüş vaxtı insanın psixologiyası tamam fərqli olur. Ağlımdan keçənləri ifadə etmək çox çətindir. Çünki ölüm orada ani bir vəziyyət idi. Bu dəqiqə, bir saat sonra, bir gün sonra da ölə, yaxud ölməyib yaralana da bilərdin. Ölümsüz kimsə yoxdu, hamımız əvvəl axır öləcəyik. Lakin müharibədə bu bir faktdır ki, ölüm saniyəbə-saniyə səni izləyir. Əlbəttə, ağlıma ilk şəhid olmaq, öldürmədən ölmərəm kimi fikirlər çox gəlirdi. Müharibədə əgər sənin döyüş yoldaşın şəhid olursa, onun başının üstündə ağlamaq, üzülmək lazımdır. İstər istəməz olurdu. Amma vacib bir məqam var idi ki, əgər sən döyüşməsəydin ,digər döyüş yoldaşların şəhid ola bilərdi. Ona görə məcbur özünü toparlayıb döyüşməlisən, düşməni məhv etməlisən. Döyüş, müharibə bunu tələb edir.

- Hansı istiqamətdə gedən döyüşlərdə yaralandınız? Bunu necə xatırlayırsınız?

- Mən döyüşün ilk vaxtlarında Füzuli, sonra Cəbrayıl istiqamətində vuruşmuşam. Yaralanmağım da məhz Cəbrayılın özündə oldu. Təkcə o yadımdadır ki, hərəkət edəndə başım nəyəsə dəydi, yerə yıxıldım və ilk kəlmeyi- şəhadətimi oxuyub başımı yerə qoydum. Qəlpə yarası elədir ki, bədəndə istənilən nahiyəyə dəydikdə həmin hissəni isti olduğuna görə yandırır , damarların ağzı tutulur, yəni ilk 15 dəqiqə ərzində qanaxma olmur. Arxası üstə uzanılan vəziyyətdə qalmışdım. Başımı qaldırıb baxdım ki, əllərim və ayaqlarım yerindədir. Hansı ki, həmin vaxt əlimdəki silah zərbənin təsirindən harasa düşmüşdü və branjilet əynimdə olduğuna görə ürək-ciyər nahiyəmə heç bir ziyan dəyməmişdi. Amma hiss elədim ki, qolumu qaldıra bilmirəm, ayağımda və başımda ağrılar çoxalmağa başlayırdı. Düşündüm ki, burada qalsam növbəti mərmi gülləsinə tuş gələ bilərəm. Özümü bir qədər toparlayıb ayağa qalxdım və yaxınlıqda divar vardı, ora belimi söykəyib qaldım. Bir qədər sonra hərbi qulluqçumuz gəldi, ondan soruşdum ki, mən hardan yaralanmışam, bildiridi ki, ayağımdan, biləyimdən və başımdan yaralanmışam. Amma yaranın təsiri isti olduğu üçün ağrısını daha sonra anlayırsan. Həmin vaxt başımı, eyni zamanda iki gözmü də bağladı. Təbii ki, döyüşlər davam edirdi, ordumuz daim irəli gedirdi. Mən orada çoxlu qan itirdiyim üçün huşumu itirmişəm. Günorta saatlarında yaralandım, axşam saatlarıda özümə gələndə çox qan itirdiyimi və üşüdüyümü hiss etdim. Yalnız sarğını gözümdən qaldıranda bildim ki, sol gözümlə artıq heç nə görmürəm, amma sağ gözümlə ətrafda nəsə görə bilirdim. Qan itirdiyimə görə artıq halsız idim, ağrılar güclənmişdi, ayağa da qalxa bilmədim. Bir əlim yaralandığı üçün sinəm üstə digər əlimlə azca süründüm və başımı divardan kənara çıxartdım. Həmin vaxt mənim tabeçiliyimdə olan hərbi qulluqçumuz avtomobillə qabağımdan keçirdi, qaranlıq olsa da əlimi qaldırım və hərbi qulluqçumuz məni görüb maşından dərhal düşdü. Daha sonra məni maşına yerləşdiridi və avtomobili sürətli sürərək ilkin yardım üçün həkimlərimizə çatdırdı. Orada həkimlər çox yaralılara əlindən gələn bütün yardımı edirdilər . Eyni zamanda məni də ağır vəziyyətdən çıxarıb, sonra Füzulidə hərbi hospital çatdırdılar. İki gün orada müalicə aldıqdan sonra Bakıda hərbi hospital yerləşdirildim. Lakin bədənimdəki qəlpələr isə mənə döyüşdən yadigar qaldı.

- Siz bu müharibədə gənclərimizi necə tanıdınız?

- Heç kim inana bilməz ki, yaralanmış halda gənclərimiz düşmənin üzərinə hücum ediblər. Ermənilərin yanına mərmi düşəndə onlar geriyə qaçırdılar. Amma bizim gənc əsgər və zabitlərimiz bütün mərmi yağışına, yaralı olmalarına baxmayaraq “komandir, əmr et irəli gedək”! deyə bərkdən qışqırırdılar. Bəlkə dünyanın heç bir ölkəsinin gənci, əsgəri, zabiti Azərbaycan gəncləri, oğulları, əsgərləri kimi cəsur, qoxmaz bir ürəyə malik deyildir. Əgər müharibədən əvvəl millətimə sevgim yüz idisə, müharibədən sonra bu milyon oldu. Mənim kurs yoldaşım vardı, hansı ki, o bədənində güllə ilə Şuşaya daxil olmuşdu. Yəni belə igid, qəhrəman gənclərimizi tanımışıq.

- Müharibədən sonra həyat tərzinizdə nə dəyişdi?

- Əlbəttə, çox dəyişiklk oldu. Mən hərbçi idim, səhər eyni vaxtda qalxmağa və axşam da eyni saatda iş vaxtı bitirdi. Ancaq müharibə bitdikdən sonra sol gözümü itirdiyimə, müəyyən bədən xəsarəti aldığıma görə ordu sıralarından təxris olunaraq ehtiyata buraxıldım. Hazırda ehtiyatda olan baş leytenantam. Müharibə xalqıma olan sevgimi daha da artırdı, həyatın reallıqları ilə məni tanış etdi. Yəni biz anladıq ki, bizə xəyal kimi görünən, filmlərdə izlədiyimiz müharibə səhnələrini canlı yaşaya bilirmişik.



- Müharibədən sonra qazilərimizin bir qismi etiraf edirlər ki, evlənmək istədikləri xanımlar məhz müharibədən sonra onlara “hə” cavabını veriblər. Sizdə vəziyyət nrcədir?

- Mən elə deməzdim. İstər müharibə, istər sülh , istərsə də xəstəlik dövründə, əgər ortada məhəbbət, sevgi həqiqətən varsa, bunun üçün müharibə və yaxud başqa bir vəziyyət lazım olmur. Mənə gəldikdə isə müharibədən əvvəl razılıq verən olub, indi də var.(gülür)

- Ehtiyatda olan baş leytenant olaraq gənc əsgər və zabitlərimizə nə tövsiyə edərdiz...

- Təcrübəmdən deyim ki, verilən bütün tapşırıqları yüksək səviyyədə öyrənmək lazımdır. Çünki öyrəndiyim ən xırda detallar belə müharibədə mənə faydası oldu. Hərbi taktikaları, texniki hazırlıqları fərqi yoxdur hər tapşırığı ən xırda detallarına kimi öyrənmək vacibdir. Bəzən kitabın bir səhifəsində bizim çox asan bilib öyrənmədiyimiz məqam elə bir anda lazım olur ki, o zaman insanın çarəsiz qalmaması üçün verilən bütün təlim və tədrisləri mükəmməl öyrənmək lazımdır.

- Ölkə başçısı tərəfindən təltif olunmusunuz...

- Müharibədə iştirak etdiyimə və döyüşdə göstərdiyim şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azəbaycan Bayrağı Ordeni” , “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. 44 günlük Vətən müharibəsində xalq, ordu “Dəmir Yumruq” kimi cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Biz bilirik ki, ön cəbhədə biz vuruşarkən, arxa cəbhədə də düşmənlə ciddi mübarizə gedirdi. Cənab Prezident İlham Əliyevin xarici jurnalistlərin verdiyi qərəzli suallara necə yüksək peşəkarlıqla cavabladığını, xarici təzyiqləri necə sinə gərdiyin izlədik.

Biz həm hərb, həm də siyasi meydanda Azərbaycanın xalqının gücünü bütün dünyaya göstərdik. Şəhidlərimizin, qazi qardaşlarımızın qanı-canı bahasına 30 ildən sonra həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Bu, Azərbaycan tarixinin igidlik dastanı, qanla yazılmış qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizə Allahdan rəhmət, qazi qardaşlarıma isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Zəfərin mübarək Azərbaycan!




Xəbər 7013 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +