27.08.2024 19:15
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
Neftçaladan deputatlığa namizəd, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlınin təbliğat kampaniyası ilə bağlı sosial şəbəkələrdə tənqidi paylaşımlar edilir. Onun sonuncu görüşü zamanı etdiyi çıxış zamanı "Önümə dikilən qanqallara görə Neftçaladan vaz keçərmiyim?" ifadəsi tənqid hədəfinə çevirilib.
Xəzərnews.az xəbər verir ki, baş verənlərlə bağlı T. Rüstəmxanlı “Yeni Sabah”a açıqlamasında haqqında səsləndirilən iddialara münasibət bildirib:
“Neftçala Olimpiya İdman Kompleksində seçicilərimlə görüş keçirmişəm. 49 məntəqə üzrə nə qədər kənd varsa, hamısı orada təmsil olunub. Bundan təbii nə ola bilər?
Qeyri-iş günü keçirilən görüşə gələnlərin içərisində müəllim də, həkim də var idi. Bu isə olduqca normaldır. Mən təkcə işsizlərin millət vəkili olaraq seçilməyəcəm. Mən həm də işləyən və cəmiyyətin hər üzvünün vəkili olmağa iddia ortaya qoyan bir adamam. O görüşə heç kimi zorla gətirə bilməzdik. Həmin sevgini görüb sonra danışmaq lazım idi.
Seçki kampaniyasını ilk gündən qaralamağa şəkillərimi cırmaqla başladılar. Mən QHT sədriyəm, Azərbaycan-Türk evinin rəhbəriyəm. Ömrümün 33 ilini Azərbaycana həsr etmişəm. Xaricdə Azərbaycanın Qarabağ məsələsi, Xocalı soyqırımı üçün yüzlərlə konfrans vermiş, bu tədbirlərin təşkilatçılarından olan, yetəri qədər tanınmış biriyəm.
Belə olan bir halda, növbədənkənar parlament seçkilərində namizəd olmağımda qeyri-adi nə var? Sabir Rüstəmxanlı yetərincə, bu millətə xidmət edən yazıçı, şairdir. Mən də onun xanımı olaraq, bu işdə onunla çiyin-çiyinə addımlamışam. Niyə millət vəkili olmaq iddiam bəzilərini bu qədər narahat edir? Avropa dəstəyini alan bəzi ermənipərəst qüvvələr tərəfindən mənfi rəylər, müxalif reaksiyalar səsləndirilir. Bunun Neftçala xalqına nə dəxli var?
Neftçala xalqı məni o qədər sevir. Çünki mən onların ayağına gedirəm. Mən Avropanın ailə institutlarımızı ləğv edən missionerləri ilə mübarizə aparıram. Qarşımda duran isə Azərbaycanın bütün dəyərlərinin yox olmasını istəyən qüvvələrdir. 30 ildir ki, Avropa ilə bunun davasını edirəm”.
QHT sədri haqqında səsləndirilən tənqidlərə cavab verib:
“Məndən başqa millət vəkili olmaq istəyən qadınlar yoxdur? Xaricdə oturub söyüş söyən, dövlətimizin düşməni olan, bizə ermənidən betər düşmənçilik edən müxalifətin hədəfində niyə məhz Tənzilə Rüstəmxanlı dayanıb? Mən bunun cavabını çox yaxşı bilirəm. Milli məfkurəyə xidmət edən, türk milliyətçisi olduğum üçün bütün bunlar baş verir. Nə qədər türk düşməni varsa, hamısı üzərimə gəlir.
Seçkinin şəffaf keçirilməsi üçün bütün gücümlə mübarizə aparacam. Bu boyda verilən əməyə kimsə kölgə sala bilməyəcək. Seçki başlayan gündən “Tənzilə Rüstəmxanlı avtoritar rejimin rüşvətlə təyin etdiyi namizəddir” deyənlər hüquq qarşısında cavab verəcək. Mən icazə verməyəcəm ki, o seçkinin nəticələrinə kölgə salsınlar. Seçki demokratik keçiriləcək, çünki mən onu istəyirəm”.
Xəbər 4112 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|