08.01.2023 11:13
MUĞANDA BİR ŞAİR VAR...
Şairlik Tanrı vergisidir, onlar Tanrının nurundan yaranmışlar. Ona görə də şairlər həyat həqiqətlərini görür, bu həqiqətlər onların könül dünyasına rəng qatır, nura qərq edir. Bu nur yalnız şairlərə aiddir – yalnız onlar görürlər nur içində həyatın dərdlərini. Bu dərdlərdir şairin vicdanını daim narahat edən, dindirən, danışdıran! Görürlər və üzə çıxarırlar bu həyat həqiqətlərini şairlər...
Çağdaş poeziyamızın sıraları XX əsrin sonlarına doğru xeyli genişlənmişdi.
Müstəqilliyimizin bərpa olunmasına, yeni dövlətçilik ideolijisinin meydana gəlməsinə doğru gedən yolda ədəbiyyatımızın sıralarına gələn yeni nəslin təbii əsası vardı. Kökləri o dövrün korufey sənətkarları B. Vahabzadə, M. Araz, C. Novruz, X.R. Ulutürk, F. Qoca və digər şairlərin yaradıcılığından su içən bu nəslin nümayəndələrindən biri də Arif Fərzəlidir. Elə təsadüfi deyil ki, onun şeirləri Fikrət Qocanın diqqətini cəlb eləmiş və “Ulduz” jurnalında onun xeyir-duası ilə şeirləri çap olunmuşdu. F. Qoca yazırdı: “... Arif Fərzəliyev adlı bir nəfərin şeirlərini oxudum. “Əsgər şəkilləri” şeirində deyirdi:
Əsgər şəkillərini
divardan asın.
Divarları
söykəyin əskər kürəyinə -
evlər arxalı olar.
Bu misralarda şair var. Özü də özünü bacardığı qədər yonmuş, rəndələmiş şair”. (“Ulduz” jurnalı, 1986-cı il, 6-cı say).
Yeni nəslin ədəbi mühitə yovuşduğu o zamanlarda artıq xalqın şüurunda bir oyanma, demojkratikləşməyə meyil, aşkarlıq və millətlərin özünü tanıma istəyi yaranmağa başlamışdı. Elə bu dövrlərdə əsas mövzu olan Vətən, Torpaq, Azadlıq mövzuları A. Fərzəli yaradıcılığının da əsas qayəsini təşkil edirdi. Bu dövrlərdə yazdığı “Vətən de” şeiri Vətənlə Ananın bir-birilə necə sıx bağlı olduğunu poetik dillə deyə bilir:
Dilinin ucunda pardaqlamada
ilk sözün “qozası”,
Çoxdan gözləyirdim bu “yazı”;
çörək desən, şörəyin olacaq,
su desən, suyun olacaq,
ana desən, anan olacaq...
Amma ilk dəfə
vətən de, qızım!
Vətənin olsun –
çörəyin də olar,
suyun da olar,
anan da olar...
Vətən haqqında belə lakonik şəkildə, poetik səviyyədə yazılan şeir sübut edirdi ki, ədəbiyyata kamil istedadı ilə fərqlənən yeni ruhlu şair gəlir.
A.Fərzəli xalqımızın başına gətirilən fəlakətlərdən doğan kədəri də düşünür, uğurlardan da söz açır, ona sevinir. “20 Yanvar” şeirində həm qanlı şənbə hadisələrinin hiss-həyəcanlarını yaşayır, həm də ümidlidir ki, içimizdə ta Şuşa qayıdanacan bir kabus dolaşacaq:
...Bu günün gəlişinə
hər dəfə beləcə
sevinəcək həsrət,
sevinəcək kədər.
Bizimsə yuxularımız
hey qarışacaq,
bir kabus kimi
içimizdə acılar dolaşacaq
ta Şuşa qayıdana qədər...
Və yaxud, digər şeirində:
Şəhidlik pakın pakıdı,
Ümmətin qan idrakıdı.
Bir şənbə gördüm... Bakıdı
Kərbəla, ya Rəsulallah!
Bu şeirdə şair hadisə haqqında təfərrüata varmır, onu məcazlarla, işarələrlə anlatmağa daha çox üstünlük verir. Şəhidlərimizin analarının hal-vəziyyətini göstərmək üçün şair ah-nalə eləmir, hiss və duyğularını poetik şəkildə verir və sanki anaya həm təsəlli verir, həm də ondan üzr istəyir, özünü bir vətəndaş kimi günahkar sayır:
Duruşun lal oxşamadı,
Dərdnən qurşaq qurşamadı.
Anam sənə oxşamadı...
Baisəm, şəhid anası!
Keçən əsrin 90-cı illərin sonuna doğru ictimai şüurun yenilənməsilə incəsənətin digər sahələrində olduğu kimi ədəbiyyatımızın inkişafında da ciddi dönüş başlandı. Ədəbiyyatın istər nəşr, istər poeziya, istər dramaturgiya sahəsində yeni- yeni qələm sahibləri öz sözünü deməyə başladı. XXI əsrin əvvəlini ədəbiyyatımızda bir sıçrayış dövrü kimi xarakterizə etmək olar. Bu illərdə poeziya axınında ədəbiyyatımızın daha çox qazanımları oldu. Məhz bu dövrdə A. Fərzəli ədəbi mühitdə artıq mükəmməl şeirləri ilə tanınırdı.
Onun lirikasının həyat güzgüsü insanın ömür yolunun işığını ortaya çıxarır... Şair daima öz sözü, öz ədəbi ideyalılığı, sənətin ədəbi yolu ilə getməkdədir. Dərin həyati müşadidələri onu həyatın dərin qatlarına enməyə sövq edir. Yaratdığı həyat obrazı öz daxili və xarici aləmi ilə vəhdət təşkil edir. Torpaqlarımızın azadlığı uğrunda gedən cihadda yalnız zəhmətkeş balalarının qəhrəmanlıqla döyüşmələri, bəzi imkanlı uşaqlarının gizlənərək başlarını girləmələri şairin gözündən yayınmır:
...Ətəyə yığılan daş sənlik deyil
Kötüyə əyilən baş sənlik deyil.
Nə sənlik deyilsə, Vətənlik deyil,
Bu Vətən sənlikdir, kasıb balası!
Həyat və dünya demək olar ki, bütün şairlərin əsas mövzularından olub. A. Fərzəli bu mövzuya münasibətində dünyaya başqa prizmadan yanaşır. Onun fikrincə, bütün əyər-əskikliklərin baisi dünya deyil, biz insanlarıq, hansı ki,onu qorumaq əvəzinə, talan eləyirik:
Bizimdi çiçəyi – havası bizim,
Ağrısı, dərmanı-davası bizim.
Şərbətnən yazılıb, südnən yazılıb,
Vallah, alnımıza bu yazı bizim.
Odundan-suyundan muğayat olsaq,
Dünya yaşamalı dünyadı elə,
Öpüb-oxşamalı dünyadı elə! ...
...Sığalını çəksək, tozunu alsaq,
Dünya yaşamalı dünyadı elə,
Öpüb oxşamalı dünyadı elə!
Arif Fərzəli vətəndaş şairdir. Hansı mövzudan yazırsa yazsın, şeirin daxilində, ruhunda vətəndaşlıq mövqeyini göstərməyə çalışır. Onun şeirlərinin canında-qanında vətən sevgisi var, bu sevgiyə çağırış var. Vətən darda olanda başını götürüb qaçan bəzi gənclərin hərəkətləri onu qəzəbləndirir, şair acı-acı ağlayır:
İlk dəfə ağlamağım
yadımda deyil.
Amma beş il əvvəl
Xarkovda
bir kəlbəcərli cavanın
məndən Kəlbəcəri soruşmağı olub
son dəfə məni hönkür-hönkür ağladan.
Müasir həyatımızın çətinliklərini hər bir insan duyur, şairlərin də bu mövzuya münasibəti daim olub və hər bir şairin bu məsləyə özünəməxsus yanaşması qəbulediləndir. A.Fərzəli lirikasının da özünəxas ictimai xarakteri var. Şair daima cəmiyyətdə gedən dəyişimlərə öz münasibətini bildirir. Onun poeziyası həyatın fəlsəfi ruh poeziyasıdır. Şair həyatın ruhu ilə insanın ruhunu vəhdətdə götürür, öz saflığı ilə həyatın ruhunu izah etməyi məqsəd olaraq oxucuya idrak etdirir. Onun lirikası öz müasirliyi ilə insan ruhunu həyatla birləşdirir, öz kimliyi ilə həyatın psixoloji durumunu göstərə bilir oxucuya. Üstüörtülü də olsa, işarə və rəmzlərlə insanlara çıxış yolunu göstərməyə çalışır. Bütün bu fikirlərimizi nümunə gətirdiyimiz şeirdə aydın şəkildə görürük:
Axır pasın çıxar üzə,
Zorun zordu, zər deyil ki!
Əyləşdiyin hər nədisə,
Kürsüdü, minbər deyil ki!
Haqq itib, divan ki qalır,
Nər ölüb, meydan ki qalır...
Şeş oynadın, yeki qalır,
Ağlatmasa, zər deyil ki..!
Gəlmişəm, vurdur başımı,
Neynirəm çaylaq daşını...
Ver baxım, püff, göz yaşıdı,
Bu, müşk-ənbər deyil ki..!
Yanar bu ocaq, nə bilim,
Sönərsə haçaq... nə bilim...
Sonu nolacaq, nə bilim,
Arif peyğəmbər deyil ki..!
İthaf əsərləri doğmalıq duyğusundan yaranan, dosta, yaxın insanlara həsr edilən əsərlərdir. Belə şeirlər şairlərin yaxından tanıdığı insanların sözlə tablosudur. A. Fərzəli də bir çox yaxından tanıdığı, əslində sadə, lakin bir şəxsiyyət kimi formalaşmış, ictimai mühitdə tanınan, hörmətlə yad edilən adamlar haqqında şeirlər yazmışdır. Arif Fərzəli onları bəlağətli sözlərlə tərifləmir, onların iç dünyasına işıq salır, öz həyat məntiqi ilə, sənət məfkurəsi ilə onların obrazını yarada bilir. Əslində həyata həssas münasibət lirikanın əsas cəhətlərindən biridir. Şairin lirik həyəcanı həyata həssas münasibətindən yaranır. Bu həyəcanı yaşayan şair “Əliheydər kişi” şeirində yazır:
Məşhədə getmişdi-getməmişdi –
bilmirəm.
Kişi anadangəlmə məşhədiydi:
sözündə bütöv,
işində qətiydi.
Bir ürəyə toxunmaq,
bir budağı sındırmaq
onunçün dünyanın
ən böyük dəhşətiydi...
“Həlsiz misal” şeirində gənc yaşında dünyasını dəyişən müəllimini belə xarakterizə edir:
Bizə hesabdan dərs keçirdi
Zahid müəllim.
Bir qurtum su içdiyini də
görməmişdik,
... suyun içərdi dörd əməlin...
... Qırmızı qələmiylə
Şəhid köynəyinə
döndərərdi dəftərimizi...
Bizə hesabdan dərs deyirdi
Zahid müəllim.
Suyun içərdi dörd əməlin.
... Qırx üçün üstünə bir gələ bilmədi.
Şairin sevgi və məhəbbət əsərlərində də əsl xəlqilik və gözəllik var.
Arifin ilhamı sevginin dərin mahiyyətini üzə çıxarmaqla oxucuya həyatı idrak etdirir. Sevda yüklü həyat, şairin məhəbbət duyğularının özünəxas səsini dinlətdirir insan oğluna. Şairin sevgisi ilahidir. “Qəlbə yaxın, qismətdən uzaq” şeirində aşiq sevgilisi ilə görüşdüyü yerə gəlir, keçən günləri xatırlayır, xəyalən onunla danışır, lakin eşqdən sanki bayılmışdır, nə öz dediklərini, nə də sevdiyinin sözlərini heç cür xatırlaya bilmir, yalnız ötən bir sevginin nidaları gəlir qulaqlarına:
Hər gələn vüsalın işığı təzə,
Hər gələn hicranın yanğısı qədim.
Sən onda son dəfə demişdin nəsə,
Elə mən özüm də nəsə demişdim...
Başqa bir şeirində şair sevgilisinə “Ən əziz, dəyərli əmanət kimi Məni baxışına bürü, əzizim!” deyərək, özünün də öz sevgisinə layiq sevilməsini istəyir, qarşılıqlı məhəbbət umur:
Deşik səhəngdəki şirin su kimi,
Bir də görərsən ki, axıb getmişəm...
Bir də görərsən ki, ... bir də görərsən,
Daha səndən ötrü yoxam dünyada.
Yanında bir yetim tifil görərsən,
Köhnə bayatıya inanmaz o da.
“Etiraf” şeirində bütün etdiklərini – yaxşı-pis nə varsa, hamısını onun xatiri, istəyi üçün elədiyini deyərək, ona biganə olan sevgilisini qınayır və peşmançılıq içərisində gəldiyi yolları ardınca yığa-yığa geri qayıdır:
Daha əllərimi qaldırıb göyə,
Hicranın önündə,
çıxıb gedirəm!
Bir də görüşünə gəlməyim deyə,
Yolları ardımca yığıb gedirəm.
Bu misralarda şairin poetikası daha uğurludur, “Yolları ardımca yığıb gedirəm” deməklə daha geri dönməyəcəyi fikrini obrazlı şəkildə ifadə edir.
Şair cəmiyyət, insan münasibətləri, gəlimli-gedimli dünyada özünün, yaxınlarının, lap qonşularının üzərində apardığı müşahidələri də sənətkarlıqla qələmə alır. Şairin ilhamı hər bir həyati hadisənin sentimental həyəcanını duymağa və onu hissiyatı ilə verməyə cəhd edir. “Getdim, çata bilmədim” şeiri bu cəhətdən maraqlıdır:
Mərddir çəkən dərdi elə,
Dərd aparır mərdi elə.
Bal yuxular gördüm elə,
Durub bal dada bilmədim...
...Dünya dolanan dünyaymış,
Ağzısulanan dünyaymış,
Elə aldanan dünyaymış,
Tək mən aldada bilmədim!
Və yaxud, “Göynən gedən adam” şeirində xudbin, insanlara biganı adamların bir gün cəzasız qalmayacaqları qənaətindədir:
...İçimizdən doğulub
göynən gedən adam.
Allah dəvəyə qanad verəcəksə,
neynirik tikib bu damı?!
Özü xoşluqla enməz, atam,
Çəkib zorla endirərlər
Göynən gedən adamı!
Cəmiyyətdəki iyəşmələr, var-dövlət yığmaq həvəskarlarının bu yolda sanki yarışmaları şairin tənqid hədəfinə çevrilir, sanki belələrinə yazığı gəlir:
Bir çirtməynən dağ yıxardı,
Daha o halı qalmayıb.
Baş daşına yazılacaq:
“Qonşudan dala qalmayıb”.
Bu pal-paltar, bu qab-qacaq,
Qalanıbdı hər bur-bucaq.
Ev tıxcanıb qapıyacan,
Çıxmağa yolu qalmayıb.
Arvad zər qolbaq istəyir,
Zalım zərgər nağd istəyir.
Özünü asmaq istəyir,
Kəndirə pulu qalmaylıb..!
Muğanda bir şair var – Arif Fərzəli! Muğanın ən ucqar kəndində, heç kimdən, heç nədən umacağı olmayan sadə kənd həyatını yaşayır. Öz şeir dünyasında tək deyil, ilhamı, şeirə-sənətə bağlı ürəyi ilə birgə yaşayır... və bir də ömrünə məlhəm ailəsi, şirin-şəkər nəvələri yaşadır onu!
Həyat və sənət yolunda şairə uğurlar arzulayırıq!
Əlizaman Baxış,
Yazıçı-publisist
Xəbər 1492 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|