AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


20.10.2022  18:09 

Rəqsanənin əri, Minanın keçmiş əri, xalqın dərd-səri...





A+  A-

Qarşımda qorxunc bir statistika var. Mənbə dövlət qurumudur. Dövlət qurumu deyəndə mənim ağlıma hər il büdcədən külli miqdarda vəsait alıb öz əməkdaşlarına maaş və mükafat verən rəsmi strukturlar gəlir.

Mən ciddi adam olduğum üçün ciddi qurumların məlumatlarına inanıram. Qısası, həmin qurumlardan biri - Dövlət Statistika Komitəsi bizləri qəflət yuxusundan oyadacaq məlumat yayıb. DSK-nın ötən gün yaydığı hesabatdan məlum olur ki, cari ilin 8 ayında Azərbaycanda 10.391 nikah pozulub. Cümlənin bərli-bəzəkli, “ütülü” olmasına baxmayın, məna dəyişmir: “Son 8 ayda Azərbaycanda 10.391 ailə dağılıb”.

Əvvəllər bu cür statistika ilə qarşılaşanda özümüzə təsəlli verərdik. Məsələn, mən yaşı yaşımdan çox olan qohum-qardaşın, dost-danışın dilindən bu sözləri çox eşitmişəm: “Bir-birini it kimi yeməkdənsə, ayrı yaşamaq yaxşıdır.”

İndi bu cümlələr kara gəlmir. İndi bu sözlərlə kimisə ovutmaq olmur. Bəlkə də, kiməsə təsəlli vermək, kiminsə başının altına yastıq qoymaq olar. Amma əmin olun, ayğımızın altındakı minaların sayı hər ötən gün artır. Partlayış uzaqda deyil. Onun qəlpələri mütləq bizi də tutacaq...

Yuxarıda təxminən bu cür yazmışdıq: “Bir-birilərini it kimi tutmaqdansa..”

Bu ifadə böyüklərimizə, məsləhətlərinə əməl etməyəndə böyürə-böyürə qaldığımız adamlara aid olduğu üçün üzrxahlıq etmədən bu cür rahat işlədirəm. Əslində, mən suyu üfürə-üfürə içən adamam. Yazdığım kimi pozmağı, insanların qəlbini qırmamağı da bacarıram. Amma bu “quru” rəqəmlər gözümü yaşardır. 10.391 ailənin dağılması bilirsiniz nə deməkdir? Bu ən azı 10.391 uşağın valideynlərindən birindən məhrum olması deməkdir. Boşanan elə ailələr var ki, 2, 3, hətta hətta 4 uşaqları var. Bu barədə nəinki yazmaq, hətta düşünmək belə qorxuncdur.

Son illər Azərbaycanda boşanmaq, öz adı ilə çağırsaq, ailə dağıtmaq dəb olub. Gənclərimizə nə olub? Niyə birinin sözü o birinin boğazından keçmir? Onlar kimin “yolu” ilə gedirlər?

Bu sualın cavabını tapmaq üçün çox əziyyət çəkmədim. Son 3 gündə portallarda ən çox oxunan xəbər başlıqları belədir:

“Azərbaycanlı müğənni türk ərindən boşanır”.

“Rəqsanə boşanan qızından danışdı”.

“Ərindən boşanan Mina dayanmır”.

“Əməkdar artist boşanmasının səbəbini açıqladı”.

"Ayselin keçmiş əri sevgilisinin fotosunu paylaşdı".

İndi bildinizmi, gənclərimiz kimlərin “yolu” ilə gedir?

Yolunuzda tikan bitsin!

Seymur VERDİZADƏ




Xəbər 6342 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +