07.01.2022 22:19
Xalq o vaxt üsyan edər ki, onu eşitməyəsən...
Qazaxıstanda yaşananlarla bağlı mövqeyimizi ilk gün bildirdik. Buna yenidən toxunmağa gərək yoxdu. Amma iki məqama çox qısa münasibət bildirməyə ehtiyac var. Çünki ortaya narahatedici suallar çıxıb.
Birinci məqam stratejidir:
Hazırda ümidini Türk birliyinə - şərti olaraq TURAN adlandırdığımız siyasi, iqtisadi, hərbi birliyin gerçəkləşəcəyinə bağlayanlar böyük depressiya yaşayırlar. Turan ideyası bu devrimdən zədə alacaqmı?
Keyfiyyət etibari ilə xeyir. Amma Nazarbayevin əsdirdiyi rüzgar azalacaq. Nazarbayev Turan ideologiyasının müasir davamçılarından sayılsa da, diktator idi və məhz avtoritar şəxs olduğu üçün qazaxların milli kimliyinin dərki o qədər də sürətlə getmirdi. Çünki bu ideologiya bir diktator tərəfindən təbliğ edildiyi üçün cəlbedici deyildi...
Bu ideyanın həyata keçməsini istəyən kəsim üçün rüzgar əsdirən siyasətçinin demokrat və ya avtoritar olmasının elə bir fərqi yoxdur. Yəni, yolda yürüyən siyasətçinin obrazına görə biz bu yoldan imtina edəsi deyilik ki?
Bəlkə də Nazarbayev diktator olmasaydı, millətləşmə və dövlətləşmə prosesini uğurla apara bilərdi. Orta Asiyanı az-çox bilən biri kimi deyim ki, özbəklərdən fərqli olaraq, qazaxlar və qırğızlarda özlərinin milli kimliyini tam dərk etmə prosesi bitməyib. Bu səbəbdən də Qazaxıstanın rus təsirinə tamamən keçməsi hələ hər şeyin sonu deyil. Sirr deyil ki, Turanın ideya olaraq qidalandığı məkan Türkiyə, Azərbaycan və qsmən də Tatarıstandır.
İkincisi, Nazarbayev ölməyib, devrilib. Yəni, qısa zamanda açıqlamalar verəcək.
Postsovet ölkələrinin avtoritar liderlərinin su içdikləri bulaq təbii ki, həmişə Rusiya olub. Nazarbayev bu qəribə, spontan təsiri bağışlayan çevriliş oyunun içində yoxdursa, atacağı addımlar da maraq kəsb edir.
Qısası, Turanı doğan adam Nazarbayev olmadığı kimi, Turanı yıxan güc də Rusiya olmayacaq. Bu, sadəcə yıxılan ayının son oyunlarıdır.
Unutmayaq ki, ayının çöküşü yerişindən və duruşundan daha qorxuncdur. Ayı çökərkən əzə biləcəyi hər kəsi əzər. Biz Rusiya imperiyasının və SSRİ-nin çöküşünün ağır səhnələrini tarixdən və yaşadığımızdan dolayı bilirik.
Çökərkən hər yeri qan gölünə çevirən Şimal ayısının bu dəfə Qazaxıstanı seçməsi isə ən böyük səhvi oldu. Bu olaylar MDB-nin də, KTMT-nin də sonunu gətirə bilər. Rusiyanın Orta Asiyada perspektivi demək olar ki sarsıldı.
Digər tərəfdən biz bu məsələdə Türkiyənin mövqeyini tam bilmirik və hansı addımlar atacağı da məlum deyil. Türkiyə uzun zaman kəsiyində rus təsirində olmuş Qazaxıstan və Orta Asiya bölgəsini tamamən öz nəzarətinə qısa müddətdə keçirəcəyini əlbəttə ki, planlaşdırmırdı. Bu kimi gedişlərin olacağını proqnozlaşdıra bilərdi və yəqin ki, müvafiq addımlar da atılacaq.
Unutmayaq ki, Sovet çökəndən sonra onun varisi Rusiya yeni qurulan ölkələrin hər birini qanlı münaqişələrə sürüklədi, çünki əsas məsələ suverenliyə təhdid idi.
Ona görə də hər zaman deyirik ki, Rusiyanın neoittifaq təhdidi qarşısında qalan postsovet ölkələri - Orta Asiya respublikaları, o cümlədən Azərbaycan hakimiyyəti daxili stabilliyin qorunması üçün xalqın sosial rifahını yüksək tutmalı, siyasi institutların sadəcə texniki deyil, mahiyyət etibarı ilə gerçək dialoqlarını təmin etməli, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsini zəruri tarixi proses kimi sürətləndirməlidir.
Bütün siyasi rənglərin yer aldığı demokratik seçkilərə gedilməli, bələdiyyə, parlament seçkiləri keçirilməlidir. Çünki hər bir xalqın eşidilməyə ehtiyacı var. Xalq o vaxt üsyan edər ki, onu eşitməyəsən. Xalqı təkcə sosial rifahla əldə saxlaya bilməzsən. "Sosial rifahını yaxşı edim, pulunu verim, xalq razılaşacaq" fikri ilə uzağa getmək olmaz. Sən o xalqın hakimiyyətini mənimsəmisənsə, bu hakimiyyətdə yerli idarəetmənin və xalqın iştirakının qarşısını alırsansa, bunu qəbul etməyəcək, zamanla öz sözünü deyəcək.
Sual oluna bilər ki, təklifiniz nədir? Sadəcə bir təklif: Təkrar seçkilərdə YAP üzvləri iştirak etməsinlər. Müxalifət partiyaları siyasi rəqabət şəraitində seçkiyə qatılsın, ölkədə normal siyasi ab-hava yaransın. Bu ab-havaya xalqın bütün kəsimlərinin böyük ehtiyacı var.
Anar Əsədli
AY Partiya Başqanı
Xəbər 5240 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|