Səyahət etməyin bəlkə də ən maraqlı, ən sevilən və ən səbirsizliklə gözlənilən anı həmin ölkənin mətbəxinin yeməklərini dadmaqdır. Səyahətinizdən döndüyünüzdə və hətta illər sonra belə bəyənib bəyənməməyinizdən asılı olmayaraq xatırlanacaq, hər zaman danışacağınız xatirələrinizdən biri də həmin ölkənin necə qeyri-adi, fərqli və maraqlı mətbəxinin olması olacaq.
Axı dadacağımız hər bir yeni dad yeni və fərqli bir təcrübə deməkdir.
Ancaq bir mətbəx də var ki, hansı ölkədən gəlməsindən asılı olmayaraq hər kəsin ağız dadına xitab edən yeməkləri və məşhur şirniyyatları ilə bir çox insanın sevgisini qazana bilmişdir. Bu, böyük Osmanlı İmperiyasının irsi olaraq bilinən türk mətbəxidir. Türk mətbəxi bizim Azərbaycan mətbəxinə olan yaxınlığı və oxşarlığı ilə həmçinin bizim də ən çox sevdiyimiz, yeməkdən əsla çəkinmədiyimiz və həzz aldığımız yeməkləri ilə bol olan bir mətbəxdir. Anadolu mətbəxi, Türk mətbəxinin ən zəngin və müxtəlif sahələrindən biridir.
Anadolu mətbəxinin tarixi
Anadolu mətbəxi Türkiyənin tarixi və mədəni dərinliyini əks etdirən ən mühüm ünsürlərdən biridir. Bu torpaqlar müxtəlif sivilizasiyaların görüşmə nöqtəsi olmaqla yanaşı, minilliklər boyu əkinçilik və heyvandarlıq ənənələri ilə zənginləşdirilmiş mətbəx mədəniyyəti yaratmışdır. Anadolu, türk, yunan, ərəb və fars kimi bir çox mədəniyyətin təsirlərini özündə ehtiva edərək bənzərsiz bir mozaika yaradır.
Anadolu tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmişdir. Hetlər, Frigiyalılar, Urartular, Romalılar, Bizanslılar və Osmanlılar kimi sivilizasiyaların mədəni irsi bugünkü kulinariya mədəniyyətinə mühüm töhfələr vermişdir. Kənd təsərrüfatının inkişafı ilə yerli məhsulların müxtəlifliyi artmış və bu kulinariya zənginliyi gətirmişdir. Anadolunun fərqli coğrafiyaları, iqlimi və torpaq quruluşu hər bölgənin öz məhsulunu yetişdirməsinə şərait yaratmışdır. Anadolu mətbəxinin əsas ünsürləri ümumiyyətlə bölgəyə görə dəyişir.
Regional Müxtəliflik
Anadolu mətbəxinin ən diqqət çəkən xüsusiyyətlərindən biri bölgə müxtəlifliyidir. Hər bir bölgə öz coğrafi və mədəni xüsusiyyətlərinə görə unikal yeməklər hazırlamışdır:
Egey bölgəsi zeytunyağlı yeməkləri və dəniz məhsulları ilə seçilir. Zeytun yağı ilə ənginar, dəniz lobyası kimi yüngül və sağlam reseptlər geniş yayılmışdır.
Cənub-Şərqi Anadolu: Ədviyyatların bol istifadə edildiyi bu bölgədə kabab, lahmacun və qəlyanaltılar ön plana çıxır. Bundan əlavə, paxlava və kadayıf kimi desertlər də çox məşhurdur. Kabablar adətən şişlərdə bişirilir və müxtəlif salatlarla verilir.
Qara dəniz bölgəsi: Balıq və qarğıdalı ununun üstünlük təşkil etdiyi bu mətbəxə hamsi, qarğıdalı çörəyi, quymaq və müxtəlif kələm yeməkləri daxildir. Bu bölgə təzə, yerli inqrediyentlərdən ibarət sağlam yeməkləri ilə tanınır.
İç Anadolu: Un və ət xörəklərinin bol olduğu bu bölgədə mantı, təndir kababı və ətli noxud yeməyi kimi ləzzətlər ön plana çıxır. Bundan əlavə, tarator kimi qəlyanaltılar da çox populyardır.
Marmara bölgəsi: İstanbul və ətrafının təsiri altında bu bölgədə həm ənənəvi, həm də müasir yemək mədəniyyətləri birləşir. Balıq, dəniz məhsulları və müxtəlif desertlər Rumeli mətbəxindən xüsusilə təsirlənən yeməklərdir.
Anadolu yeməkləri
Orta Anadolu mətbəxi dedikdə ağıla ilk gələn yemək şübhəsiz mantı olur. Xəmir yeməyi olan Mantı sadəcə görünüşü ilə ürəyinizi oğurlamağa kifayət edir. Əllə açılan xəmirin içliyi qiymə, istiot, soğan kimi müxtəlif dadlardan ibarətdir. Sarımsaqlı qatıq və müxtəlif souslarla süfrəyə verilən bu ləzzət, Orta Anadolu səfəriniz zamanı mütləq sınamalı olduğunuz yeməklər arasında ilk yeri tutur.
“Çiy börek” olaraq da tanıdığımız və digər xəmirlərdən fərqli olaraq tavada bişirilən bu ləzzət türk mətbəxinə Əskişəhərdən gəlib. Çiy börek həm isti məzə, həm də qəlyanaltı kimi istehlak edilə bilər.
Anadolunun qabaqcıl ləzzətlərindən biri olan Keskək toy və bayramlarda hazırlanan ənənəvi yeməkdir. Adətən toyuq əti və toyuq bulyonu ilə hazırlanan yeməyi qırmızı ətlə də hazırlamaq olar.
Kayseriyə məxsus başqa bir xəmir yeməyi də yağlamadır. Nazik, əllə bükülmüş xəmiri tavada bişirib, üzərinə qiymə, soğan və müxtəlif ədviyyatlarla qovrulmuş içlik əlavə edilərək hazırlanır. Adətən sarımsaqlı qatıqla süfrəyə verilən yemək soyuq içkilərlə birlikdə istehlak edildikdə damağınızda özünəməxsus bir dad qoyur.
Sivas bölgəsinə aid paxlavada bildiyimiz Antep paxlavasından fərqli olaraq içlikdə qozdan istifadə edilir. Üstəlik bayramlarda və xüsusi günlərdə həmişə çox çətin gördüyümüz klassik paxlavadan daha praktik reseptlə hazırlanır.
Qonaqpərvərlik və təqdimat
Anadolu mətbəxində yeməklərin hazırlanması və təqdim edilməsi qonaqpərvərliyin göstəricisidir. Qonaqlar üçün hazırlanan zəngin süfrələr adətən bir çox yemək növlərini birlikdə təklif edir. Anadolu mədəniyyətində qonaq qəbul etmək böyük əhəmiyyət kəsb edir. Ənənəvi masalara adətən qəlyanaltılar, əsas yeməklər və desertlər daxildir. Yeməkdən sonra türk çayı və türk qəhvəsi söhbətlərin vazkeçilməz hissəsinə çevrilir.
Xəbər 5412 dəfə oxunub.