09.01.2023 09:30
Unudulmaqda olan sənəti yaşadanlar - Foto
Papaq bizim milli rəmz, atribut və maddi mədəniyyət nümunələrimizdən biridir. Nəsildən-nəslə ötürülən bu qədim el sənətini rayonumuzda da yaşadanlar az deyil.
Bəylik-xanlıq dövründə papaq düryə, çal, motal, çoban və s. adla məşhur olub. Dövrün sayılıb-seçilən insanları buxara (Orta Asiyada daha geniş yayılıb) və ya qaragül papaqlarından istifadə edib. H.Z.Tağıyevin papağı daqqa, Atatürkün papağı general ("kazaki"-Sibirdə yaşayan türkdilli xalqlardan gətirilib), Şeyx Şamilinki qaragül, M.F.Axundov, M.Ş.Vazeh, M.P.Vaqif, M.Ə.Sabirin isə papağı – şüş, “tıflisi” olub. Xidmətçilər, yoxsul təbəqə isə ucuz – motal papaq (Sabirin əsərlərindəki tiplərin istifadə etdiyi papaq) qoyublar...
Bu sənətin incəliklərini papaqçının dilindən eşitmək mənimçün maraqlı idi. Odur ki, Masallı rayonunun Boradigah qəsəbəsində papaqçılıqla məşğul olan mollaobalı Zahid Məmmədovla görüşmək qərarına gəldim. Ata-babalarından miras qalan bu el sənətini yaşadan 69 yaşlı usta ilə qəsəbə mərkəzindəki iş yerində, kiçik emalatxanadakı söhbətimiz maraqlı anlarla yadda qaldı. Zahid kişi bu sənəti böyük qardaşı Yaqub Məmmədovdan (1947-2020) öyrənib. O, isə 16 yaşından babası Əbülfəz kişinin yanında şagird olub. Gündüz işləyib, gecələr (axşam məktəbində) oxuyub. Rəhmətlik Yaqub kişi ali təhsil də alıb. Xalq təsərrüfatı institutunu bitirib. Bu işə hədsiz marağı onu istəyindən ayıra bilməyib, ömrünün sonunacan papaqçılıqla məşğul olub...
Uzun müddət qardaşı ilə birgə çalışan, indi onun sənətini davam etdirən Zahid kişi isə 30 ilə yaxındır ki, rayonda püxtələşmiş usta kimi tanınır. Bir neçə ildir ki, kiçik qardaşı Tərlan da ona bu işdə kömək edir, sənətin sirlərinə yiyələnir.
Papaqçı Zahid Məmmədov deyir ki, bu sənətdə bacarıqla yanaşı, maraq və həvəs mühüm amildir. Sənəti seçmisənsə, onu heç vaxt yarımçıq qoymaq olmaz:
– Çox rəhbər vəzifədə çalışanlar, generallar üçün papaq tikmişik. Qafqaz Müsəlmanları İdarəsində işləyən yerlilərimizin, o cümlədən hörmətli Şeyximizin də sifarişini yerinə yetirmişik. Fransada, Almaniyada yaşayan soydaşlarımız bizim tikdiyimiz bu milli baş geyimindən tədbirlərdə istifadə edirlər. Türkiyə, Rusiya, İran və digər xarici ölkələrdən də müştərilərimiz olur. Azərbaycanın əksər bölgələrindən bizə müraciət olunur.
Usta əlavə edir ki, papaq zərif tikilişi, dəqiq ölçü və xoş görünüşü ilə seçilir. Qiymət baxımından isə dəri və formasına görə fərqlənir. Hazırda bizdə olan papaqların qiyməti 150-350 AZN arası dəyişir. Bundan da baha papaqlar var. Hər kəs zövqünə uyğun rəng çalarını (qara, gümüşü, qızılı və ya şabalıdı) bəyənir. Ölçüsündən asılı olaraq bir papaq 1-2 günə tikilir. Adətən yaşlı nəslin nümayəndələri papaq tikdirməyə gəlir. Hacılar, ruhanilər başına çərkəzi, yarma papağı qoyur. Ağsaqqaların əksəriyyəti “qulaqlı” (“uşanka”) papaqdan da istifadə edir. Əsl Azərbaycan milli papağı 12 santimetr olur. Bakıda 10-11 santimetr ölçülü papaqlar dəbdədir. Ən yaxşı papaq mələməmiş qaragül cinsli quzu dərisindən (Türkmənistan və Özbəkistandan gətirilir), əntiq və xurmayi dərilərdən hazırlanır.
Sənətkarın sözlərinə görə, dünyanın ən gözəl geyimi bizim xalqa mənsubdur. Hər bölgənin öz papağı və başa qoyulma tərzi var. Təkcə Rusiya qaraçıları və ermənilərin özünə məxsus papağı yoxdur. Hətta sovet dönəmində erməni əsilli rusların dəstəyilə papağın zərərli olması barədə qanun da qəbul edilmişdi. Halbuki papaq qoyan kişilərdə baş ağrı (qarmarit) və qan təzyiqinə az-az rast gəlinir.
Unudulmaqda olan xalq sənəti daşıyıcısı Zahid kişi gileyləndi ki, milli papaqlarımız yetərincə təbliğ olunmur, gənclərimizə tanıdılmır. Növcavanlar heç olmasa öz toylarında papaq (“çərkəzi”) geysinlər...
Akif AĞAYEV,
MASALLI.
Xəbər 1008 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|