17.11.2023 21:48
Nəyin davasını edirsiz, anlamıram...
Azərbaycanlıların dünyada sayı, deyəsən, 60 milyona yaxındır. Bunun səkkizdə birindən bir qədər çoxu Şimali Azərbaycanda yaşayır.
Amma nədənsə bizə-şimali azərbaycanlılara elə gəlir ki, Azərbaycan adına, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti adına nə varsa hamısı Şimali Azərbaycana bağlanmalıdır.
Şimali Azərbaycanın dünya azərbaycanlılarının mədəni mərkəzi olmasının tarixi 150 ildən çox deyil. Ona görə də bundan daha əvvəlki tarixdə yaranmış mədəniyyətimizdə, ədəbiyyatımızda, tariximizdə aparıcı rol bizə məxsus deyil.
Bizim üçün siyasi-mədəni mərkəz Bağdad olub, Nişapur (Səlcuqların mərkəzi) olub, Təbriz olub, Amid (Diyarbəkir-Ağqoyunluların mərkəzi), Konya olub, Herat olub, Qəzvin olub, İsfəfan olub, Tehran olub... nəhayət, Tiflis olub. Bakı yalnız son 100-110 ildir belə funksiya daşıyır.
Folklor mətnlərimizin yaddaşında Səmərqənd var, Amed qalası var, Ümman dəniz var (bu, həm Oman dənizi, həm Hind okeanı, həm Bəsrə körfəzi mənasında işlənirdi)... amma Şimali Azərbaycanın kiçik çayları, gölləri yoxdur-Kür, Araz, deyəsən, Arpa çayı istisna...
Etnik, linqvistik, mədəni arealımız siyasi vətənimizdən qat-qat böyükdür. Bununla qürurlanmaq lazımdır, daha o areala aid hər kəsi və hər şeyi buralara bağlamaq yarışına çıxmaq yox.
Mövzunun şimali azərbaycanlı lokal patriotlar üçün həssaslığını nəzərə alıb, özümüzdən başlayım ki, kiminsə xətrinə dəyməsin. Kəngərliyəm, mənsub olduğum kəlfurlu (pirhəsənli) oymağı kəngərlilərin də elitası sayılıb, Naxçıvanın son 5-6 əsrlik tarixi kəngərlilərə bağlıdır. Amma Azərbaycan tarixindən silmək istəyəcəyim onlarla kəngərli və naxçıvanlı var. Ən əsası, Azərbaycanın hər yerini kəngərli elan edilməsi sadəcə allergiya yaradır məndə.
- Kəngərlilər Şumer deyillər, şumerləri zorla türk, üstəlik, kəngərli çıxarmaq çox mənasız işdir.
Kəngərli adını saxlamış əhali Xivə və Xorasandan gəlmədir, heç bir şumer- filan yoxdur, olmayıblar. Xivə də, Xorasanın türkdilli əhalisi də Azərbaycan dili arealı daxilindədir, özbək, ya türkmən yox.
-Nuh-sami dini mətnlərinin personajıdır, türk deyil, naxçıvanlı deyil. Elə olduğuna inanmaq üçün soyadın Talıbov; iddia etmək üçün Həbibbəyli olması belə adama bəraət vermir.
- Gəncənin 5 min illk şəhər tarixi yoxdur. Belə "qədimləşmə" səbəbi əvvəl Eldar Əzizovun "xidməti" idi. Sonra Elmar Vəliyev gəldi, daha yaxşı mer olduğunu sübut etmək üçün şəhəri iki dəfə artıq "qədimləşdirmişdi". Bunu gələcəkdə lətifə danışmaq üçün yadda saxlamaq olar, amma bu qədimlik haqda ciddi ciddi "elmi əsərlər" yazmaq vaxt və kağız israfıdır.
- Babək- son 100 ildə bizə böyük qəhrəman kimi tanıdılıb. Allah xatirinə, elə də qalsın, amma zorla boynuna türklük, şiəlik, azadlıq mücahidliyi biçməyin də.
- Koroğlu - folklor, dastan qəhrəmanıdır, real tarixi şəxs yox. Nə tovuzludur, nə şamaxılı, nə də naxçıvanlı. Sizi onu gah böyük türk qəhrəmanı, gah da türklük düşməni elan edəndə bu şitlikdən adamın əti tökülür. Dastanın; yalnız Koroğlu dastanın deyil, ümumən Azərbaycan-oğuz dastanlarının əksərinin (istər məhəbbət dastanları, istərsə qəhrəmanlıq dastanları) yaranma məkanı Cənubi Azərbaycandır.
- Orta əsrlərdə Nəsimi "Şirvani" nisbəsi ilə təqdim edilməyib, ya Bağdadi, ya da Təbrizidir.
- Füzuli - Bağdadidir, xalqımızın bir hissəsi olan türkmanların içərisində doğulub, böyüyüb və yaşayıb. Nəsimi də, Füzuli də türkmanlarla bizim vahid xalq olmağımızın, vahid dil, vahid mədəniyyət daşıyıcısı olmağımızın sübutudur, zorla birinə şamaxılı, digərinə ağcabədili "propiskası" düzəltməyin.
- Şah İsmayıl - lənkəranlı deyil, mənsub olduğu nəsil seyid(yəni ərəb) və türkman(bayandurlu) qarışığıdır, özünə də türkman deyib.
- Əfşarlar azərbaycanlıların subetnosudur. Yaranma, yayılma məkanları da bəllidir. Şimali Azərbaycanda da məskunlaşıblar, amma əsas məskənləri buralar deyil. "Abşeronludurlar", "tovuzludurlar", "gədəbəylidirlər" hökmləri çıxarmaq gülüncdür.
- İndi mütəəssibinə çevrildiyiniz bu inzibati rayon bölgüsünün vur-tut 70-80 il ömrü var. 70 illik məhəlli təəssübkeşliyi bu azmanlıqda xalqın bütün tarixinə yaymaq gülməli yox, həm də çox zərərlidir.
Siyahını çox uzatmadan sonda yenə öz ellilərimə qayıdıram. "Naxçıvan mətbəxi, yoxsa Ordubad mətbəxi?", "Naxçıvan mətbəxi, yoxsa Zəngəzur (Sisian -Qarakilsə) mətbəxi" mübahisələriniz yersizdir. O mətbəx Təbriz mətbəxidir. Naxçıvanda nisbətən sonradan məskunlaşan kəngərlilərin və əsasən 18-ci əsrdə Türkiyədən gələnlərin kiçik qatqıları istisna edilməklə Təbriz mətbəxindən fərqli Naxçıvan mətbəxi yoxdur. Necə ki, xüsusi Bakı mətbəxi yoxdur, Şirvan mətbəxi var və s. Nəyin davasını edirsiz, anlamıram...
Cəmaləddin Quliyev
Xəbər 58715 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|