“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


25.08.2022  13:20 

Nəvəsini körpələr evinə atan nənə





A+  A-

Bu gün bir nənə gördüm. Əgər ona nənə demək mümkündürsə... Nəvə ilə nənəni sadəcə bioloji bağlılıq “birləşdirirdi”. Çünki Azərbaycan nənəsi “nənə” kəlməsindən daha artıqdır. Azərbaycan nənəsi fədakardır, cəfakeşdir, əzabkeşdir. O nəvəsi üçün hər bir əziyyətə, əzaba qatlaşa bilər. O hər kəsə qarşı çaxar, o öz həyatını məhv edər, təki nəvəsinə həyat versin.

Azərbaycan dilində “nənə” sözü rusun “babuşka”sından, ingilisin “grandmother”sindən daha böyük məna daşıyır. Nənə ikinci ana, bəzi hallarda lap elə birinci ana, qayğı, mərhəmət, sevgi, himayə və sair və ilaxır mənaları özündə cəmləşdirir.

Mənim gördüyüm nənələr heç vaxt canı canından olan balasının balasını qeyri-müəyyən dünyaya öz əli ilə, öz xoşu ilə buraxmazdı. O isə pambıq kimi ağ, pəşməy kimi yumşaq balasını - 7 aylıq nəvəsini atırdı. Bəli, bəli, atırdı. Bir barmağına yüzlərlə ailənin həsrət qaldığı ay parçası, günəş baxışlı körpəni uşaq evinə təhvil verirdi. Gələcəyi, sonrakı taleyi bəlli olmayan qaranlıq bir boşluğa buraxırdı.

Təsəvvür edin, bu “nənə”nin oğlu ağır xəstədir, onurğasında sağalmaz problemi var. Qızı isə bu körpəni doğub, sonra hamını atıb qaçıb. Qızının hara getdiyi uşağı kimdən dünyaya gətirdiyi qədər qeyri-müəyyəndir. Düşünürəm, bəlkə də Allah çağanı elə məhz nənə üçün yetirmişdi. Çünki oğlu xəstə, qızı isə onu atıb qaçmışdı. Bəlkə də nənənin gələcəyi bu uşağın əlində idi. Bəlkə də uşaq böyüyüb nənəyə baxacaqdı. Amma 45 yaşlı cavan nənə bunları düşünmədi, düşünmək istəmədi. Özünün rahatlığını, sərbəstliyini əvvəlcədən bilmədiyi gələcək həyatından üstün tutdu.

Nənə qucağındakı çağanı əvvəlcə öpdü, ağlaya-ağlaya balaca qızcığazı sığalladı. Sonra körpələr evində işləyən gülərüzlü dayəyə tərəf uzatdı. Dayə qızı oxşaya-oxşaya, oynada-oynada qucağına aldı. Uşaq qucaqdan qucağa keçən zaman əl atıb nənənin saçından tutdu. Elə bərk yapışmışdı ki, buraxmaq istəmirdi. Çağanın səsi çıxmırdı, ağlamırdı, qışqırmırdı. Amma ətrafında baş verənlərdən sanki hiss edirdi, anlayırdı nələrin baş verdiyini. Elə bəlkə də buna görə nənəsinin saçını buraxmaq istəmirdi. Özü dayənin qucağında olsa da ruhu, varlığı nənədə idi. Suda boğulan saman çöpündən yapışar kimi nənəsinin sarı rəngli telindən tutmuşdu. Gözləri nənədə idi, sanki “buraxma məni”, “atma məni” deyirdi. Ümidli idi, elə bilirdi əlindən gələn bu son çabasında nənə nəhayət səhv yoldan dönəcək, nəvəsini yenidən qucağına alıb evə qayıdacaqlar. Amma son anda geri dönmələr kinolarda, hekayələrdə olur. Real həyatda isə bu baş vermədi. Nənə bir əli ilə öz saçını, bir əli ilə isə saçında nəvəsinin düyünlənmiş yumruğunu dartıb ayırdı, güclə ayırdı. Aman, allahım, uşağın əlində nənəsinin saçının sarı telləri qalmışdı. Bir köpüyə dəyməyən qopmuş bir neçə tel indi nəvə üçün ən qiymətli xatirəyə, ən dəyərli yadigara çevrilməkdə idi. Dayə uzaqlaşmağa başlayanda nəvənin kövrək hissləri dözmədi, hönkür-hönkür ağlamağa başladı. Cingiltili qışqırığı insanı yerindən oynadırdı. Daş da olsa, qopardı yerindən. Amma nənə niyyətində qərarlı idi. O uşağı buraxıb gedirdi, ağlaması isə daha çox timsahın göz yaşına bənzəyirdi.

Çağa isə çığırırdı, fəryad edirdi. Edə biləcəyi hər şeyi edirdi. Uşaq Evinin qapıçısı da bu mənzərəyə tab gətirə bilməyib üzünü, yaş dolmuş gözlərini gizlətməyə çalışırdı.

Uşağın fəryadlı səsi qulaq batırırdı...

Arxasıyca gözü yaşlı uşaq baxışı qalan heç bir insan xoşbəxt ola bilməz...

Seymur Qasımbəyli



Xəbər 8940 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +