31.12.2023 18:36
DABF hesabat verdi: 7 ayda, 14 tədbir...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu yarandığı 7 ay müddətində gördüyü işləri – Bakıda və dünyanın digər ölkələrində təşkil etdiyi tədbirləri ictimaiyyətə təqdim edib.
Xəzərnews.az xəbər verir ki, Fondun Media və kommunikasiyalar Departamenti görülən işlərin qısa xülasəsini təqdim edir:
*
Mayın 13-də İsveçin paytaxtı Stokholm şəhərində, Radisson otelində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təsis toplantısı keçirilib. Toplantıda İsveç, Almaniya, Türkiyə, Hollandiya, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib.
Toplantıya həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri və iş adamları onlayn qoşularaq layihədə iştiraklarını təsdiq ediblər.
Toplantıda Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Katiblik institutu, Layihələr, Media və kommunikasiya departamentləri təsis edilib. Azərbaycan və ingilis dillərində internet resursun, sosial şəbəkələrdə (facebook, insagram, tvitter, teleqram) rəsmi səhifələrin yaradılması qərara alınıb, Fondun loqosu təsdiqlənib.
Təsis toplantısında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov DABF-nun Baş katibi seçilib.
*
İyunun 1-də Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Mərkəzinin dəstəyi ilə 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə Azərbaycanda qaçqın həyatı yaşayan ukraynalı uşaqlar üçün bayram tədbiri təşkil olunub. Tədbirdə Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun rəhbəri Kamran Bayramov, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun üzvü Məzahir Əfəndiyev, DABF İdarə Heyətinin üzvü Arzum Məhərrəmov iştirak ediblər.
Fond tərəfindən 50-dən çox ukraynalı uşağa bayram hədiyyələri təqdim olunub.
*
İyunun 17-də Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub. Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş Pole Mokotowskie metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.
*
Sentyabr 14-15-i tarixlərində Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib. Forumda 3 yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak edib. Forumda çıxış edənlər Fondun strukturundan, qarşıya qoyulan məqsədlərdən bəhs ediblər.
Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var. Əlavə olunub ki, azərbaycanlılar dövlətimizin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarıyla əlaqələri gücləndirməlidirlər.
Forumda diaspor fəallarından diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.
Çıxışlardan sonra müzakirələr əsasında daha operativ fəaliyyət üçün Fondun 4 komitəsi yaradılıb. Sonda Forum iştirakçıları adından Dünya azərbaycanlılarına müraciət qəbul olunub.
*
Oktyabrın 10-da Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) erməni diaspor təşkilatlarına müraciət edib. Müraciət bir neçə ölkə mediasında yayılıb.
*
Oktyabrın 25-də Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak edib. Tədbir Türkiyənin İsveçdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Stohkolm şəhərində təşkil olunan tədbirdə E.Mirzəyev Türkiyənin İsveçdəki səfiri Yönet Can Tezellə görüşüb.
*
Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə şairə Nigar Həsənzadənin müəllifi olduğu “İgidlərin Sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı musiqili gecə keçirilib. Tədbirdə 400-dən çox qonaq iştirak edib.
*
Noyabrın 17-də Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçiləri – Hikmət Cavadov və Emil Mirzəyev Nobel qardaşlarının Azərbaycandakı irsinin 150-ci ildönümü münasibətilə isveçli yazıçı və tarixçi Benqt Yanqfeldtin “Nobel qardaşları. İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar” adlı kitabının Bakıda keçirilən təqdimatında iştirak ediblər. Nobel Qardaşlarının Ev Muzeyində keçirilən təqdimat zamanı DABF həmtəsisçiləri İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüşüblər. Səfirin diqqətinə çatdırılıb ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu İsveçdə qeydiyyatdan keçib və aktiv fəaliyyət göstərir.
*
Noyabrın 20-də Bakıda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) İdarə Heyətinin iclası keçirilib. “Villa Petroela” adlanan Nobel Qardaşlarının Ev-Muzeyində keçirilən görüşdə DABF İdarə Heyətinin İtaliya, Böyük Britaniya, Slovakiya, Polşa, Ukrayna və İsveçdən olan üzvləri, qonaq qismində isə Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı iştirak edib.
İdarə Heyətinin qərarı ilə dünyada yaşayan azərbaycanlılar arasında peşəkar idmanla məşğul olanların inkişafı, bu sahədə əlaqələrin genişləndirilməsi üçün İdman Komitəsi yaradılıb. Həmin komitənin rəhbəri isə məşhur futbolçu İqor Ponomaryova seçilib.
*
Noyabrın 25-dən dekabrın 3-dək Stohkolm şəhərində İsveç, Almaniya, Macarıstan, Rumıniya, Polşa, Hindistan, Türkiyə, Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlər və tədqiqatçıların iştirakı ilə “Qalib xalqın müzəffər lideri – İlham Əliyev” mövzusunda multidisiplinar beynəlxalq elmi simpozium keçirilib. Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) və İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Stokholm Universiteti (İsveç), Sankt-Peterburq Universiteti (Rusiya), Sankt-Peterburq Regional İctimai Təşkilatı “Azərbaycan Milli Mədəniyyət Mərkəzi, “Çinar” (Rusiya), Dünya Azərbaycanlıları Platforması (Türkiyə) və Şamaxı rayonu Heydər Əliyev Mərkəzinin (Azərbaycan) dəstəyi ilə təşkil olunan simpozium 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunub.
*
8 dekabr tarixində Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun dəstəyi ilə Kiyevdə Regionlararası Kadrların İdarə Edilməsi Akademiyasında (RKİEA), nəşri Beynəlxalq Elmi Konfransın yekun mərhələsi olan “Ağıl və Hikmət işığı” elmi əsərlər toplusunun təqdimatı keçirilib. Təqdimat “Ukrayna-Türk Ortaq Mədəni İrsi”, “Dostluq” Xarkov vilayəti ictimai təşkilatının təşəbbüsü baş tutub.
*
Dekabrın 8-dən 10-dək Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun dəstəyi ilə Ukraynanın kurort şəhəri olan Truskavetsdə Azərbaycan-Ukrayna Dostluğu çərçivəsində Müslüm Maqomayevin xatirəsinə həsr olunan VI Beynəlxalq Vokal Müsabiqəsi keçirilib. Müsabiqədə Ukrayna və Çinin müxtəlif şəhərlərindən olan peşəkar müğənnilər ilkin seçim mərhələsindən keçiblər. Müslüm Maqomayevin opera ariyaları, estrada mahnılarının ifa edildiyi müsabiqənin qalibi Odessa Konservatoriyasının məzunu İnna Bobomuratova seçilib.
*
20 dekabr tarixində Kiyevdəki Ukrayna Aktyorlar Evində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) dəstəyi, Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və diplomatik korpusun əməkdaşları, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Valeri Kolyux, DABF-ın Baş katibi Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov və digər rəsmi şəxslər, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
*
20 dekabr tarixində Kiyev şəhərində, Ukrinformun Media Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) dəstəyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib. “Heydər Əliyevin Ukrayna – Azərbaycan münasibətlərində rolu” mövzusunda təşkil olunan konfransda alimlər və ictimai xadimlər iştirak edib. Konfransa videobağlantı vasitəsilə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamran Bayramov, deputatlardan Razi Nurullayev, Məzahir Əfəndiyev, Sabir Hacıyev və Azər Kərimli qatılıblar.
*
Hesabat dövürndə DABF-ın internet saytı (https://ifwa.foundation/) və sosial şəbəkələrdə (https://www.facebook.com/ifwa.foundation ) hesabları yaradılıb.
*
Fondun Mədənoyyət, təhsil və humanitar komitəsi tanınmış şairə Nigar Həsəzadəyə, İdman Komitəsi isə məşhur futbolçu İqor Ponomaryova həvalə olunub.
*
Tədbirlərlə daha geniş formada (həm foto, həm də video) Fondun https://ifwa.foundation/ internet resursunda tanış olmaq olar.
Xəbər 1468 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|