07.04.2023 19:02
Elxan Şükürlü “Rusiya agentidir, yoxsa İran... - Münasibət
Xeyli müddətdir bizi “Rusiya agenti” olmaqda, “5-ci kolon”a işləməkdə suçlayanlar indi də eyni həvəs və şövqlə “İran agenti” çıxararaq, sosial şəbəkələrdə ən əxlaqsız şəkildə təhqirlərə, söyüşlə terrora başlayıblar.
Səbəb də odur ki, biz onların düşündüklərini söyləmir, onların arzularını ifadə etmir, kütləvi şəkildə yaydıqları tezisləri təkrarlamırıq. Əksinə, bu əxlaqsızlar və başsızlar sürüsünün əliylə kiberməkanda formalaşdırılan ictimai rəyi öz aqumentlərimizlə, gücümüz yetdiyidək dağıtmağa, cəmiyyəti yanlış istiqamətlərə çəkmələrinə imkan verməməyə çalışırıq.
Şübhəsiz ki, milli-mənəvi dəyərlərimizin və çoxəsrlik adət-ənənələrimizin qorunub saxlanmasına tərəfdar olan, yad təsir altına düşməyən bizim kimi adamlar kiberməkanda fəaliyyət göstərən və əsasən, ən binamus, ən ləyaqətsiz və ən xaraktersiz şəxslərdən formalaşdırılmış bu şəbəkə təmsilçilərinin ən qatı düşmənləri, hədəfləridir.
Onlar hesab edirlər ki, özlərinin layiq olduqları bu söyüşlərlə, təhqirlərlə bizim sabit mövqeyimizə təsir göstərəcək, düşüncələrimizi dəyişməyə nail olacaq və sonda bizi onlarla eyni cinahda durmağa vadar edə biləcəklər!
Əlbəttə, bizi namuslu, əxlaqlı və həqiqi dəyər daşıyıcısı olan, milli maraqlarımızı gözləyən savadlı insanlar tənqid etsələr, dərhal yanlış yolda olduğumuzu düşünər və fəaliyyətimizi təftiş edər, ona yenidən baxarıq.
Ancaq iş ondadır ki, bu məmləkətin ən ağıllı və ləyaqətli, həqiqi vətənpərvər və imanlı kəsimi fərdi söhbətlərimizdə və ictimai qaydada bizi müdafiə edir, fikirlərimizə dəstək verir, hətta bizim əvəzimizdən onlarla polemikaya girir, savaşırlar da... Fürsət düşmüşkən, mən bir daha onların hər birinə dərin minnətdarlığımı bildirir, onları səbrli olmağa və onlar kimi davranmamağa çağırıram. Hər kəs hər yerdə özünü ifadə edir!
Bizi söyənlər, yanlış yolda olduğumuzu bağıranlar, həbsimizi tələb edənlərsə, heç bilirsiniz, kimlərdir?
Elə sosial şəbəkə üzərindən ötəri bir araşdırıma aparın, özünüz görəcəksiniz: bu ölkənin xaraktercə ən qorxaq, ən cəsarətsiz, ən əyri və ən bulaşıq adamları; ailələrini idarə edə bilməyən, normal tərbiyə görməyən, atalarının kimliyindən xəbərsiz kəslər; körpəliyindən ağır ailə travmaları almış zatıqırıqlar, soyuqüsurlular, genetik pozğunlar...
Həyat sübut edir ki, məhz belələrində ailə qeyrəti, namus duyğusu, şərəf hissi olmadığından, çox rahat şəkildə tanımadığı adamlara böhtan atır, onları ləkələyir, təhqir edirlər. Qarşılığın verilməsi isə onları qətiyyən narahat etməz. Hər şeyini itirmişlərdən nə gözləyəsən ki?!
Bu, həm də onlarla bizim sərhədimiz, ayırıcı xətlərimiz, tanınma nişanlarımızdır!
Əlbəttə, söyüş və təhqirin Azərbaycanda belə geniş yayılmasında təkcə xarici xüsusi xidmət qurumları və onların ölkəmiz üzə şəbəkələri yox, elə öz televiziylarımızın internet platformaları da çox böyük rol oynayır. Əksər televiziyaların və media resurslarının kiberməkanda özlərinə geniş auditoriya toplamaq cəhdləri və korrupsiya maraqları ona gətirib çıxarıb ki, öz hərəmləri, evləri sayılan efirlərini tamamilə başlı-başına, nəzarətsiz buraxıblar və hər pozğun da çox rahatca onların bu hərəmlərinə daxil ola, orada özlərini ifadə edə bilirlər...
Əgər o pozğunlarla eyni “dəyər”i paylaşmır, bölüşmürsünüzsə, çalışın, hərəmlərinizi - efirlərinizi, evlərinizi bərk qoruyasınız!
Öz evini, hərəmini qoruya bilməyənlərdən, onu pozğunların, əxlaqsızların ixtiyarına buraxmışlardan xalq və ölkə marağı qoruyan çıxmaz!
Elxan Şükürlü
Xəbər 1275 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|