“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


06.11.2022  10:26 

Əkrəm Əylisli və Hüseynbala Mirələmov nümunəsi...





A+  A-

Həyatda nəyi özün qazanmamısansa, o sənin deyil. Xüsusən, Azərbaycan kimi ölkədə özün qazanmadığın şeyləri sənin əlindən almaq su içimi kimi bir şeydir. Bunun ölkəmizdə çox parlaq nümunələri də var. İllərlə at oynadan məmuru bir dəqiqənin içində elə bir hala salırlar ki, dizlərini yerə qoyub mələyir. Niyə? Çünki heç nəyi özü qazanmayıb. Stolu ayağının altından çəkirlər, yıxılmamaq üçün əl atıb tutacağı bir şey olmur.

Məsələn, biz Hüseynbala Mirələmovun adı gələndə onunla məzələnir, mırt tutur, ələ salırıq, çoxları da söyür. Məncə, biz həm də Mirələmov nümunəsindən özümüz üçün nəticə çıxarmalıyıq.

Necə olur ki, 25 il deputat olan, uzun müddət Qaz Emalı Zavodunun direktoru olan, YAP rayon təşkilatının sədri olan, kafedra müdiri, neçə-neçə kitablar müəllifi, şəhərin bir çox yerlərində restoranlar, obyektlər sahibi olan, bir toya, yasa gedəndə hər tərəfdən bir dəstə yaltağın başında pərvanə kimi dolandığı adam bir yanlış hərəkəti - qadının arxasına əl çəkməsi ilə məhv olub gedir?



Hökumətdən də vurulur, xalq da vurur, dostlar, qohumlar, bir anın içində bütün obrazın yerlə-yeksan olur. Bunun səbəbi nədir? Çünki Hüseynbala Mirələmov həyatda heç nəyi özü qazanmamışdı, hər şeyi ona vermişdilər. Ən adi bir dost hörmətini, bir həmkar rəğbətini belə ona vermişdilər, heç biri özünün deyildi.

Başqa bir nümunə çəkim.

Əkrəm Əylislinin min cür səhvi, şıltaq hərəkətləri, cığallıqları olub. Adamı hökumət bütün titullarından məhrum elədi, xalq söydü, linç olundu, kitablarını yandırdılar. Ancaq Əkrəmi nə qədər söysən belə sən ona heç vaxt Hüseynbala münasibəti göstərə bilmirsən. Çünki "Kür qırağının meşələri"ni Əkrəmə heç kim verməyib, özünündür. "Gilənar çiçəyinin dedikləri", "Mənim nəğməkar bibim", "Ürək yaman şeydir" və neçə-neçə Azərbaycan ədəbiyyatı, Azərbaycan dili üçün qalıcı əsərlərin Əkrəmə heç kim verməyib, özü qazanıb. Əkrəm nifrəti də özü qazanıb. Hüseynbala isə bu həyatda heç nəyi özü qazanmayıb.



Təxminən, bir-iki ay əvvəl təsadüfən bir tədbirdə iştirak etmişdim. İçəridə təxminən 200-dən çox media işçisi, jurnalist, yazıçı, şair vardı. Çöldə siqaret çəkə-çəkə şüşələrin arasından bunlara baxırdım, orda rejimin sındırmadığı, axtalamadığı bir nəfər də olsun adam yox idi. Hamısı da xoşbəxt, şad-xürrəm. Üzlərində heç bir mənəvi iztirab, təlatüm, yorğunluq yox. Elə bil hamısı elə bunu istəyirmiş. Hamısı at kimi kişnəyə-kişnəyə o üzə gedir, bu üzə gedir. Hamısı eyni yuvanın quşlarıdır deyə bir-birlərinin qarşısında məsuliyyət danışmırlar, ünsiyyət çox rahatdır.

Xoşbəxtlikləri, sevincləri, nifrətləri də özlərinin deyil. Deyirlər, onu sev, sevirlər. Deyirlər ona nifrət elə, eləyirlər. Heç birinin həyatda özünün qazandığı heç nə yoxdur. Nələri varsa, hamısını əvvəl sındırıb, sonra veriblər. Bir gün ayaqlarının altından stolu çəksən, aldıqları ev-eşik, yığdıqları mal-mülklə birlikdə guppultu ilə gedərlər.

İnsanın ən ağır günlərində, ən çətin vaxtlarında inanacağı, tutunacağı yeganə şey onun öz qazandıqlarıdır. Bir şeyi özün qazanmısansa, onu sənin əlindən heç kim ala bilməz.

Kəramət Böyükçöl

Xəbər 15505 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +