Hələ KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilk yaradılanda bu təşkilatın Rusiyanın keçmiş SSRİ-ni hansısa formada bərpa etmək niyyətinin tərkib hissəsi olduğu heç kimə sirr deyildi. Rəsmən elan olunmasa da, bu qurumun fəlsəfəsi ondan ibarət idi ki, Rusiya “kiçik qardaşlar”ından həm bir növ “bufer zonası” kimi istifadə edir, həm də hər hansı xarici təhlükə yaranacağı təqdirdə, öz “hərbi qüdrətini” işə salır, həmin dövlətlərə hərbi müdaxilə edir və “bu məhəllədə söz sahibinin kim olduğunu” göstərir (Baxmayaraq ki, Qazaxıstanda baş verən son məlum hadisələr Rusiyanın “kiçik qardaşlar”ını xaricidən daha çox, “daxili təhlükələr”dən qorumağa hazır olduğunu göstərdi).
Ancaq hazırda olduqca maraqlı və bu təşkilatın ümumi mənzərəsi sarıdan acınacaqlı durum yaranıb. Belə ki, Ukraynada acı məğlubiyyətlə üz-üzə qalan “böyük qardaş”ın özünün yardıma, dəstəyə ehtiyacı yaranıb. Lakin KTMT-yə üzv digər ölkələrin bu yardımı göstərməyə nə hərbi və iqtisadi gücü, nə də həvəsi var. Axı, doğrudan da, Qırğızıstan, Tacikistan, yaxud Ermənistan hara, Ukrayna hara?! Hələ ABŞ və NATO-nu demirik. Hətta əlacsızlıqdan Rusiya ilə İttifaq dövləti quran “Batka” belə adının Putinlə birgə hallanmasından qətiyyən xoşbəxt deyil. O, hər yolla Ukrayna savaşına birbaşa müdaxilədən yayınmaq üçün gecə-gündüz əlləşir və buna hələ ki, nail ola bilir...
KTMT-nin Ermənistanın sədrliyi səbəbilə İrəvanda keçirilməli olan, lakin Putinin bir barmaq işarəsilə Moskvada keçirilən son toplantısında “kiçik qardaşlar”ın sifətindən və çıxışlarından “Rusiyanın zibilinə düşdükləri” aydın oxunurdu. Bunun nəticəsidir ki, Putinlə Lukaşenkodan fərqli olaraq, onların heç biri nə “sarsılmaz birlik”, nə Ukrayna, nə sanksiyalar, nə də Qərblə qarşıdurma barədə bir kəlimə belə demədilər. Bununla həm də bir daha KTMT-nin Rusiyanın imperiyanı bərpa strategiyasının uğursuz hərbi-siyasi törəməsi olduğunu isbatladılar. Əvəzində, Paşinyan “kişilənərək” fürsətdən istifadə edib, Rusiya və Belarusun “qabırğasına döşədi” və bildirdi ki, Azərbaycan 44 günlük müharibədə və sonrakı dövrlərdə Ermənistanı “yıxıb sürüyəndə” KTMT ermənilərin köməyinə gəlmədi...
Putin isə yenə Ukraynaya qarşı işğal əməliyyatına bəraət qazandırmağa çalışaraq, bununla da əslində, günahkar olduğunu etiraf etmiş oldu. Onun mövqeyinin nə qədər zəiflədiyini göstərən amil isə Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsinə açıqaldığı münasibət oldu. Belə ki, Kreml başçısı bu ölkələrin Alyansa üzvlüyünün Rusiya üçün təhlükə yaratmadığını qeyd etdi. Bu, əlacsızlığın və acizliyin etirafı idi. Ən azından ona görə ki, gecə-gündüz NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını faciəvi təhlükə kimi göstərən Putin birdən-birə NATO ilə birbaşa sərhədlərinin 1300 kilometr artmasıyla barışmış oldu. Hansı ki, Ukraynaya qarşı “xüsusi əməliyyat”dan öncə məhz qonşuların NATO-ya üzvlüyü Rusiya üçün “qırmızı xətt” sayılırdı. Ukraynaya qarşı işğal bəhanələrindən də biri elə rəsmi Kiyevin bu təşkilata üzvlük istəyi idi..
Nəhayət, KTMT-nin son sammitində həmişəki kimi ən simvolik və belə demək mümkünsə, “çılpaq” çıxış Lukaşenkodan gəldi. Belarus Prezidenti öz Orta Asiyalı həmkarlarını və Ermənistanı Rusiyaya və Belarusa lazımi dəstək göstərməməkdə günahlandırdı. Xatırlatdı ki, bu ölkələr xüsusilə də beynəlxalq aləmdən təcrid olunan Rusiyanın sanksiyalardan yayınmasına kömək etmirlər. Hətta beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə qəbul olunan qərarlarla bağlı səsvermələrdə belə “susqun razılıq” ifadə edərək, Moskvanın cəzalandırılmasına kömək edirlər. Lukaşenkonun həmişəki kimi, “çox səmimi” düşüncələrinə görə guya KTMT birlik göstərsəydi, Rusiyaya qarşı belə ağır “cəhənnəm sanksiyaları” tətbiq edilə bilməzdi...
Belarus Prezidentinin çıxışındakı simvolik məqam isə bu gedişlə KTMT üzvlərinin, əslində isə daha çox Rusiyanın parçalanacağına dair eyhamlı fikirləri oldu: “Tezliklə birlik ifadə etməsək, siyasi, iqtisadi və hərbi əlaqələrimizi gücləndirməsək, biz sabah olmaya bilərik... Baxın, Avropa İttifaqı necə monolit şəkildə səs verir və fəaliyyət göstərir. Onlardan nümunə götürmək lazımdır. Təklikdə bizi əzəcəklər və parçalayacaqlar...”
Məlum məsələdir ki, Lukaşenkonun bu xəbərdarlığının Rusiya və qismən də Belarusdan başqa digər heç bir KTMT üzvünə aidiyyatı yoxdur. Çünki zatən əzilmiş Ermənistanın nəyini əzəcəklər, yaxud Qırğızıstanın və Tacikistanın parçalanası nəyi var? Qazaxıstanı isə parçalamaq istəyən Qərbdəkilər yox, elə KTMT-nin “baş avtoriteti” olan Rusiyadır. Deməli, əzilmək və parçalanmaq qorxusu Rusiyaya, bir də qismən Lukaşenko hakimiyyətinə aiddir. Belarusa gəldikdə, onu da unutmayaq ki, Lukaşenko üzdə Rusiya ilə qardaşlığa sadiq qaldığını ifadə etsə də, Qərblə gizli danışıqlar apardığına dair iddialar var...
Hər necə olsa, KTMT-nin son sammiti “cəhənnəmə gedənin özünə yoldaş axtarması” təsiri bağışladı və Putinin ağzıyla danışan Lukaşenkonun tənbeh və tələblərinə baxmayaraq, “kiçik qardaşlar” heç də öz istəklərilə seçmədikləri “böyük qardaş”ın ardınca qətiyyən “o dünyaya” tələsən kimi görünmürlər.
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”
Xəbər 7426 dəfə oxunub.