14.01.2022 17:53
Kitab niyə satılmır deyənlərə...
Nəsib Nəsibli görəndə sevindiyim adamdır. Lap əvvəldən belədir. Onun bir kitabını ("Azərbaycan Demokratik Respublikasının Xarici Siyasəti") illər öncə nəşr etmişəm. O vaxt (elə indi də) hesab edirdim ki, bu kitab cəmiyyətimizə fayda verər. 500 ədəd nəşr etmişdim. Öz qiyməti baha olsa da, 1-2 manata endirimə qoyurdum ki, imkanı olmayan oxucular da ala bilsin.
Üstündən illər ötdü, 211-lə başlayan nömrədən zəng gəldi, Nəsib bəy idi, nəşriyyata gəlirdi. "Azərbaycan Tarixi" yazıb, böyük bir kitabdır. Düşünün, qədim dövrdən ta bu günədək dövrü əhatə edir. Üstəlik, Türkiyədə yaşayan dostu "Cənubi Azərbaycan 44 günlük Qarabağ savaşından" kitab yazıb, onu da üstündə "hədiyyə" verdi ki, nəşr edək.
Nəşriyyatda texniki işlər yekunlaşdı, indi nəşr etmək lazımdır. Kağızı, digər materialları alınmalıdır. Nəsib Nəsiblinin əvvəlki kitabının acı taleyi ağlımdan çıxmır, elə bu məqamda 211 nömrəli telefondan yenə zəng gəldi. Və o zaman gerçək vəziyyəti deməyə məcbur oldum.
Mən şikayət etməkdən həmişə qaçıram. Bizim cəmiyyət şikayət edəni, narazıları məhv etməyə hazırdır. Empatini də rüşvət və vəzifə bilirlər.
Böyük bina ucaldar, milyonlar xərclər, amma küçədə çörək pulu dilənən bir yazığı, keçiddə popkorn satanı vergiyə şikayət edər.
Yeri gəlmişkən, polisdə işləyən bir əmioğlu vağzalda limon satan bir qadının vedrəsinə təpik vurduğuna görə onunla bütün xeyir-şər əlaqələrimi kəsmişəm. Oğlunun toyuna dəvət göndərmişdi, zəng etdilər niyə gəlmirsən, dedim, adımdan pul da yazdırmayın.
İki il öncə "Bütün əsərləri" seriyasında Mikayıl Müşfiq və Cəfər Cabbarlını nəşr etdik. Bu vaxta qədər, yəni iki ildə müvafiq olaraq 84, 60 ədəd kitab satılıb.
Səlcuqlar və Atabəylər tarixindən bəhs edən Əkbər Nəcəfin çox fundamental bir əsərini 300 ədəd nəşr etdik, 2013-cü ildə. Çox hissəsini hədiyyə etdim. Alan olmadı. Məmməd Əmin Rəsulzadənin əsərlərini mən çox ürəklə nəşr etməkdə davam edirəm. Rəhmətlik Şirməmməd Hüseynov hazırlayırdı, cəmi 300 ədəd, yaxud 500 ədəd nəşr edirdik, onun 100 ədədini özü götürüb paylayırdı, bizə qalını isə illərlə satırıq, bitmir ki bitmir.
Şirməmməd müəllimin qızı İncəsənət Universitetinə rəhbərlik etdi, indi prezident aparatında mühüm bir vəzifə tutur, kiçik bir təşəbbüslə, bir zənglə, mədəniyyətimiz naminə olsa belə, bu kitabların yayılmasına yardım edə bilməzmi, bilər, amma etmir...
Şirməmməd Hüseynovdan sonra Nəsiman Yaqublunun hazırladığı kitabları nəşr edirəm, Məmməd Əmin Rəsulzadə, Nuru Paşadan il boyu 5-10 kitab satırıq.
Ədalət Tahirzadənin "Meydan 4 il 4 ay" (1280 səhifə) kitabını cəmi 300 ədəd nəşr etdik. Onun 100 ədədini müəllif götürdü. İki ildi biz 20 ədəd kitab satmışıq. KİTABDA bütün meydan hərəkatının təşkilatçı və iştirakçılarının tarixlə, faktla adları keçir. Yaxud, Nəsiman Yaqublunun böyük zəhmətlə hazırladığı "Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası" minlərlə sənədə istinadən etdiyi və on minlərlə şəxsin adı keçən (o şəxslərin əksəriyyəti bu gün imkanlıdırlar) o kitab cəmi 10 ədəd satılıb.
Dünyanın böyük universitetlərində kitabları satılan (son kitabı London Universitetində nəşr olunub, qiyməti 160 dollar) Cəmil Həsənlinin "Azərbaycan sovet liberalizmi" kitabı cəmi 17 ədəd satılıb.
Rüstəm İbrahimbəyovun ilk dəfə ikicildliyini nəşr etdik, təqdimat da keçirdik, cəmi 20 ədəd kitab satılıb.
Bu il Nizami Gəncəvi ilidir, orta hesabla 50 “Xəmsə” satılıb, keçən il Nəsimi ili idi, “Məndə sığar iki cahan” kitabı 36 ədəd satılıb.
10 Qarabağnaməni özündə toplayan "Qarabağnamələr" il boyu 40 ədəd satılıb.
Bu rəqəmlərdən sonra Nəsib Nəsiblini rəngi qapqara oldu: "Biz nə edirik, hara gedirik belə... Bu nə fəlakətdir. Mən də deyirəm, bəlkə, bu kitablar satılır deyə nəşr edirsən".
Nəsib Nəsiblidən sonuncu dəfə bizim müəlliflərdən nə oxumusuz deyə soruşdum, “heç kimi” deyir, bir az fikirləşib, “hə yadıma düşdü, Qan Turalının nazik bir kitab vardı 2 il əvvəl, onu”.
Arxivlərdə işləmisiniz, gedirsiz arxivlərə, “yox” - deyir Nəsib bəy: “Amma fikrim var”.
İndi başa düşdünüz niyə şikayət etmirəm, çünki heç kim heç kimin kitabını oxumur.
Kimə və nədən şikayət edim? Xalqdan şikayət etmək olmur, xalq oxumur (5-10 nəfəri istisna etməklə), amma kitabxanası olmayan universitetlərdən, 10 il ərzində ölkənin 70% kitabxanasını ləğv etmiş Mədəniyyət Nazirliyindən hara şikayət edək?
Öz həyatından, adından, tarixindən bəhs edən kitabları almayanda kimə şikayət edim!
Stiv Cobs öləndən sonra onun bioqrafiyası bir həftədə 379 000 ədəd satıldı. Kitabın hər birinin qiyməti 35 dollar.
Rafiq Tağı qətlə yetirildi, özü də yazdıqlarına görə, ailəsinə dəstək üçün kitablarının satışını təşkil etdik, milli kitab mükafatı təqdim olunan salonda, 19 ədəd kitab satıldı (bir ədəd 5 manat).
Orda millət vəkillərindən tutmuş jurnalistlər, müğənnilər, bir sözlə, ölkənin qaymaqları. Onların hər ikisinin ölümü eyni aya təsadüf edir, o üzdən müqayisə etdim.
Məhz o hadisədən sonra kitab niyə satılmır deyəndə deyirəm, "əla satılır!".
Şahbaz Xuduoğlu,
"Qanun” Nəşrlər Evinin rəhbəri
Xəbər 5416 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|