17.12.2021 10:21
Vahid formalı jurnalist vəsiqəsi niyə zəruridir?
“Media Reyestrinin yaradılması kimlər üçün faydalıdır?
İnternetin inkişafı frilans jurnalistlərin fəaliyyətlərini stimullaşdırıb. Yeni media mühiti onlar üçün əlverişlidir. Milli seqmentdə “sərbəst çalışan” və ya “müstəqil jurnalist” adlandırdığımız frilanslar kəmiyyətcə çoxalır, yeni imkanlar əldə edirlər. Amma yolları rahat, hüquqi statusları bəlli deyil. Frilanslar de-fakto mövcuddurlar, sayları artıb. Amma de-yure tanınmırlar. Qarşılaşdıqları maneələr barədə təsəvvür formalaşdırmaq üçün nümunələr var.
Sərt karantin rejiminin tətbiqi yaxın tarixdə olub. “SMS-li icazə”nin qrafikimizə təsir etdiyini, planlarımızı yönəltdiyini hər kəs xatırlayır. Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin günlərində sərbəst fəaliyyətini (SMS-siz hərəkt) zəruri saydığı sahələrin siyahısını tərtib edərkən, KİV-lərə də yer ayırdı (https://www.bbc.com/azeri/azerbaijan-54988240 ). İşçi sayını 30 faizə qədər azaltmaq şərtilə fəaliyyət sərbəstliyi qazanan 8 sahə arasında KİV-lərin də yer tutması dövlətin informasiya işinə verdiyi önəmin göstəricisi idi. Amma prosesin gedişində göründü ki, karantin dövründə jurnalistlərin fəaliyyəti ilə bağlı sənədləşmə tamamlanmayıb.
Daha doğrusu, əmək müqaviləsi olmayan, VÖEN alıb xidmət müqaviləsi ilə çalışan, bir sözlə, frilans adlanan jurnalistlər üçün məhdudiyyət var. Məşhur imza sahibi olan çox sayda həmkarımız frilans olduqları, sərbəst çalışdıqları üçün karantin dövründə jurnalistlərə verilən imtiyazdan məhrum oldular.
Bu, əslində karantin rejiminə bağlı problem deyil. İşin bünövrəsi ölkədə “sərbəst çalışan jurnalist”lərin statuslarının qanunla tanınmamasına dayanır. Karantin rejimi sadəcə bu kontekstdə mövcud olan boşluqları yenidən üzə çıxardı, aktuallaşdırdı. Problem lokal xarakterli də deyil. Qlobal platformalarda media mövzuları müzakirə edilərkən, frilanslar məsələsinə də yer ayrılır, onlara status verilməsi üçün mexanizmlər axtarılır. Bu yöndə uğurlu həll yolları tapmış ölkələrin sayı çox deyil, barmaqla sayılır.
Karantin rejimi dövründə Mətbuat Şurasına gələn zəngləri xatırlayıram. Onlarla, yüzlərlə həmkarımız zəng vurur, müraciət edir, problemin həlli üçün yardım istəyirdi. Məsələ təkcə onların hazırlaya biləcəkləri ictimai faydalı informasiyalarda deyil. Bu kateqoriyadan olanların dolanışıq problemləri də qabardı. Fəaliyyətsiz olmaq həm də qazancsız, gəlirsiz qalmaq deməkdir. Daxil olan müraciətlər Mətbuat Şurası tərəfindən toplanıldı, Nazirlər Kabinetinə, Operativ Qərargaha yönləndirildi. Hökumət də humanist davrandı, problemi ciddiyə aldı və onu aradan qaldırdı. VÖEN-lə, xidmət müqaviləsi ilə çalışan jurnalistlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında yer tutdu ( https://apa.az/az/xeber/media-xeberler/Mtbuat-Surasi-jurnalistlrin-siyahisini-Operativ-Qrargaha-tqdim-edib-581485 ).
Məlumat üçün bildirim ki, qeyd olunan hadisə Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində de-fakto tanınması yönündə ilk epizoddur. Sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud olmayıb. İlk dəfə 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən epizodik hal olaraq tanınıb.
Amma bu, frilans fəaliyyəti üçün təməlli həll deyil. Vəziyyətə bağlı, keçici qərar idi. 2020-ci ilin sentyabr-noyabr aylarında, 44 günlük Vətən Müharibəsi günlərində eyni problem təkrarən üzə çıxdı. Peşəkar, hərbi vəziyyət rejimini dərk edən, ekstremal durumlarda, savaş bölgələrində davranış bacarıqlarına malik olan həmkarlarımız məhz frilans olduqları üçün təcrid durumuna düşdülər. Sərt karantin dönəmində yaşananlar təkrarlandı.Yaxşı ki, hökumət yenə də humanist davrandı, çətinlikləri aradan qaldırmağa çalışdı, müvəqqəti də olsa, vəziyyətdən çıxmaq imkanı yarandı.
Bu məqamda bir nüansa da diqqət yetirək. Belə ki, müharibə dövründə akkreditasiya problemi ilə üzləşən jurnalistlər təkcə frilanslar olmadı. Ekstremal durumda seleksiya aparmaq, döyüş xəttində fəaliyyət göstərə biləcək media təmsilçilərini müəyyənləşdirmək asan məsələ deyil.Ekstremal bölgələrdə fəaliyyət göstərmək bacarığı olan jurnalistlər öncədən seçilib müəyyənləşdirilməli, peşəkarlıq kurslarında iştirakları təmin edilməli, zərurət yaranan anda lazımi ünvanlarda görünməlidirlər.
Bu, son il yarım ərzində ortaya çıxan iki məşhur nümunədir. Geriyə getsək, onlarla, yüzlərlə nümunələr görərik. Çıxan nəticə budur ki, hansı kateqoriyaya aid edilməsinin fərqinə varmadan, jurnalistin fəaliyyəti hüquqla tanınmalıdır, qanuniləşdirilməli, peşə bacarıqları artırılmalıdir.
Yeni qanun problemi həll edir
“Media haqqında yeni qanun layihəsi” problemi kökündən həll edir. 70-ci maddə ( Jurnalist vəsiqəsi ) göstərir ki, “Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsi verilir”. Bu maddə ayrı-ayrı KİV subyektlərində çalışan jurnalistlərlə yanaşı, VÖEN-lə fəaliyyət göstərən, xidmət müaviləsi ilə çalışan, bir sözlə, frilans jurnalistlər üçün də keçərlidir. Bu ifadə layihədə “mülki hüquq müqaviləsi ilə xidmət göstərən jurnalistlər” kimi əks olunur. Vahid formalı jurnalist vəsiqəsini əldə edən şəxslərin imtiyazları yaranır, hüquqları tanınır, informasiya istehsalında iştirakları hüquqi müstəvidə tənzimlənir. Jurnalist vəsiqəsi verilmiş şəxslər “əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara daxil olmaq hüququ qazanırlar”. Bu tərtibat yuxarıda təsvir edilən hallarda jurnalistlər üçün əlavə şans yaradır, rahat fəaliyyəti təmin edir. Layihədə o da göstərilir ki, Media Reyestrinə daxil edilmiş, jurnalist vəsiqəsi almış şəxslər “dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunurlar”. Ən əsası isə, “peşə bacarılarını inkişaf etdirmək üçün müxtəlif platformalarda təşkil edilən kurs və təlimlərdə ödənişsiz, yaxud güzəştli əsaslarla iştirak edirlər” və sair. Qısası, normal jurnalist kimi fəaliyyət göstərmək üçün rahat müstəviyə çıxırlar. Paralel olaraq, sosial təminatlarının daha da yaxşılaşdırılması, peşəkarlığın artırılması, fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində layihələrə qatılmaq üçün də şans və səlahiyyət qazanırlar.
Media Reyestrinə daxil olmaq prosedurları sadədir. Müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir.
Beynəlxalq praktika
Məlumat üçün qeyd edək ki, vahid formalı jurnalist vəsiqələrinin tətbiq edilməsi, vəsiqə alımş şəxslər üçün imtiyazların təmin edilməsi təcrübəsi dünyada var, geniş yayılıb. Nümunə üçün deyək ki, Avropanın 28 ölkəsində mövcuddur ( https://medium.com/@support_90918/how-to-get-a-press-pass-in-28-countries-11d0f81b6db ).
Bundan əlavə, beynəlxalq jurnalist təşkilatları da jurnalistlərə vahid formalı vəsiqələr təqdim edirlər. Məsələn, beynəlxalq “Frontline Club” (FCO) onunla əməkdaşlıq edən, yaxud, müstəqil fəaliyyət göstərib peşəkar olan jurnalistlərə vahid formalı jurnalist vəsiqələri verir. FCO bəyan edir ki, “Mətbuat Kartı”nın verilməsi təşəbbüsü dünya üzrə müstəqil jurnalistlərin, xüsusən də çətin yerlərdə və ya cəbhəyə yaxın ərazidə işləyənlərin təhlükəsizliyini təmin etmək istəyindən qaynaqlanır: “Vahid formalı kartlar peşəkar jurnalistlər üçün vacib elementdir. Onlar jurnalistin legitimliyini və etibarlılığını sübut edir. Mühüm xəbərlərə və hadisələrə çıxış imkanı yaradır. Özündə mətbuat kartını daşıyan jurnalistlər təcridə məruz qalmırlar, tədbirlərə rahat giriş imkanı qazanırlar, ekstremal durumlarda özlərinə qarşı şübhələri asanlıqla aradan qaldırırlar” (https://www.frontlineclub.com/new-international-press-card-will-help-to-keep-freelance-journalists-safe/ ).
Düzdür, vahid formalı jurnalist vəsiqələrinin hansı qurum tərəfindən verilməsi də diqqət çəkən məqamlardan biridir. Yuxarıda nümunə olaraq verdiyimiz ölkələrin bəzilərində vahid formalı vəsiqələrin təqdimatı milli jurnalist ittifaqları tərəfindən icra olunur. Jurnalist birlikləri, assosiasiyaları, həmkarlar ittifaqları bu missiyanın daşıyıcısı qismində çıxış edirlər. Amma bu, demokratik ölkələrədə mövcud olan tək model deyil. Məsələn, İsraildə vahid formalı jurnalist vəsiqəsini təqdim etmək səlahiyyəti Hökumət Media Ofisinə ( GPO-Government Press Office ) aiddir. Vahid formalı media kartını ilk dəfə almaq istəyən, yaxud, mövcud kartının yenilənməsini istəyən jurnalist İsraildə Hökumət Media Ofisinə ( GPO) müraciət etməlidirlər (https://www.gov.il/en/service/government_press_card).
Türkiyə də bənzər təcrübədən faydalanır. “Sarı Basın Kartı” adlanan vahid formalı jurnalist vəsiqələri Türkiye Cumhurbaşkanlığı İletişim Offisi tərəfindən verilir. Dövlətin bütün qurumları bu kartları tanıyır ( https://tr.wikipedia.org/wiki/Sar%C4%B1_Bas%C4%B1n_Kart%C4%B1 ). Bir sözlə, vahid formalı jurnalist vəsiqələrinin tərtibatı və təqdimatı ayrı-ayrı ölkələrdə milli şəraitə uyğun olaraq müxtəlif formalarda həyata keçirilir. İnkişaf etmiş ölkələrdə bu tərtibat həm dövlət, həm də peşə birlikləri tərəfindən icra edilir. Azərbaycanda hazırlanan “Media haqqında yeni qanun layihəsi” də bənzər praktikanı bölüşür.
Məlumat üçün qeyd edək ki, milli jurnalist ittifaqları və dövlət qurumları ilə yanaşı beynəlxlq statuslu media təşkiltlarının da vahid formalı jurnalist vəsiqələri vermək praktikası mövcuddur. Beynəlxalq Mətbuat İnstitutunun (İPİ), Beynənəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və digər təşkilatların da praktikasında vahid formalı kartların verilməsi var. Burada bir nüans da diqqət çəkir. Məsələn, BJF “International Press Card (IPC)”-ı jurnalist statusunu yoxlamadan vermir. Ərizəçinin müraciəti qəbul edilir, üzərində monitorinq aparılır. Monitorinqin nəticələri müsbət olarsa, müəyyən prosedurlar keçdikdən sonra jurnalistə vəsiqə verilir. Beləliklə, hüquqi nəticə yaradan sənədin, o cümlədən jurnalist vəsiqəsinin verilməsinin müəyyən tələblər əsasında həyata keçirilməsi kifayət qədər normal yanaşmadır.
Azərbaycanda hazırlanmış “Media haqqında yeni qanun layihəsi”ndə diqqət çəkən digər məqam odur ki, vəsiqə yalnız əmək müqaviləsi ilə işləyən jurnalistləri deyil, eyni zamanda mülki hüquq müqaviləsi ilə xidmət göstərən jurnalistləri də əhatə edir. Halbuki müvafiq sahədəki beynəlxalq təşkilatlar nəinki “vətəndaş jurnalistikası” ilə məşğul olan şəxslərə, hətta xidmət müqaviləsi əsasında fəaliyyət göstərən jurnalistlərə də vəsiqənin verilməsini istisna edirlər.
Tənqid edənlər kimlərdirlər?
Qeyri-adi hal odur ki, “Media haqqında yeni qanun layihəsi”ni tənqid edənlər bəzən vahid formalı jurnalist vəsiqələrinin verilməsi və ya Media Reystri üzərində də dayanır, onları hədəfə çevirməyə çalışırlar. Vahid formalı jurnalist vəsiqələrinin verilməsi Layihədə müzakirələrə səbəb olan məqamlardan biridir. Məsələ ondadır ki, tənqidlərinin əsası yoxdur, arqumentləşdirilməyib. Əvvəla, bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır. Belə ki, Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları özü təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Əgər istək yoxdursa, vahid formalı vəsiqə almaq istəmirsənsə, alma. Əvvəlki qaydada fəaliyyətinə davam et. Kimsə səni məcbur edə, zorla reystrə daxil edə bilməz. Öz fəaliyyətini istədiyin kimi davam etdirə bilərsən.
Digər bir məsələ: vəsiqə jurnalistin həqiqətən jurnalist olduğunu deyil, jurnalistin həqiqətən Media Reyestrinə daxil edildiyini sübut edir. Bu təklifin isə olduqca xoşməramlı və medianın inkişafına yönəlmiş məqsədi var. Amma tənqidçilər, nədənsə, məsələni fərqli yöndə təqdim etməyə çalışırlar. Bəyanatlarını da elə formada qururlar ki, guya jurnalistləri müdafiə edirlər.
Məqsədləri nədir? Nə üçün frilansların hüquqlarının tanınmasını, jurnalitlərin statuslarının qanunla müəyyənləməsini, çevrələrinin cızılmasını istəmirlər? Bu barədə konkret fikir söyləmirlər. Ya beynəlxalq təcrübəni bilmirlər, ya da tənqid etmək xatirinə tənqid yolunu tutublar. Növbəti yazımızda bu məqam üzərində daha geniş dayanacağıq.
Müşfiq Ələsgərli
“Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri
Xəbər 5274 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|