06.12.2021 10:38
Milli ideya və ideologiya düşüncələri... - Sabir Rüstəmxanlı
Milli kimlik, milli ideya, dövlət ideologiyası - Azərbaycanda yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən prosesləri izləyən, bilən və xalqın bütövlüyünü, azadlığını düşünən ziyalıların əsas qayğılarından və müzakirə mövzularındandır... O başda bu məsələni ən dərindən araşdıran dahi Mirzə Fətəli Axundzadədir, bu başda akademik Yaşar Qarayev.
Lakin milli kimlik və ulusal ideya, Azərbaycan dövlətinin ideologiyası ilk dəfə 1918-1920-ci illərdə, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən rəsmiləşdirilmişdi: türk kimliyi, çağdaş yaşam tərzi və islam inancı... Bayrağımız da bu ideologiyanın rəmzidir.
Bununla yanaşı, cümhuriyyət qurucuları Cənubi Qafqazın türklər və müsəlmanlar yaşayan bu bölgəsinin qədim və halal "Azərbaycan" adını da unutmamışdılar. Türk etnosunun hələ türk adını almamış çağlarından yol alıb, çeşidli adlar altında tarix dərələrini yara-yara gələn az, azər, Azərbaycan bu bölgədə öz mülkiyyət, sahiblik, liderlik haqqını, varlığını qorumaq üçün elə türk sözü qədər çətin bir mübarizə yolundan keçmişdir.
Məhəmməd Əmin Rəsulzadə türk kimliyini önə çəkərkən, Azərbaycançılıqla türklük arasında heç bir fərq görmədiyini deyirdi.
1991-ci ildə müstəqilliyimizin bərpası Milli ideologiyamızın da bərpası oldu.
Ermənistanın torpaq iddəası və müharibə ucbatından müstəqilliyin ilk illərində bir çox vəzifələrimiz yerinə yetirilməmiş qaldı. Ölkənin parlamentdə seçilən ilk prezidenti Ayaz Mütəllibov iqtisadçı idi və ölkənin gələcəyini daha çox iqtisadiyyatın liberallaşmasında, sahibkarlığın inkişafında görürdü. Hakimiyyətə xalqın-kütlənin içindən gəlmiş Əbülfəz Elçibəy milli dəyərlərə söykənməklə daha çox türk kimliyinin bərpasına çalışırdı. Sovetlər birliyinin liderlərindən olmasına baxmayaraq, xalq arasında nüfuzunu saxlayan və kommunist erasının bitdiyini, milli dövlətçilik zamanının gəldiyini görən Heydər Əliyev əsas diqqətini ölkə daxilindəki birliyin qorunmasına, Azərbaycançılığa və iqtisadi inkişaf yollarının axtarışına yönəltdi.
30 il torpaq itkisi, bir milyon insanın taleyi, savaşda uduzmağımız - xalqın əsas qayğısı idi və böyük milli ideallarımız da bu qayğıların içində səbirlə gözləməli oldu.
Bu arada müharibə şərtləri ilə uyuşmayan "zorən demokratikləşmə", yəni çoxlu partiyanın və partiya adı daşıyan qurumların meydana çıxması bir hissəsi köhnəlmiş, bir hissəsi yeni olan bir sıra ideologiyaların yolunu açdı. "Kommunist", sosial-demokratiya illüziyalarını qorumağa çalışanlarla milli istiqlalçılar, müsavatçılar, xalqçılar, həmrəyçilər yan-yana dayandılar. Lakin 30 illik gözləmə dövrü bu ideyaların çoxunu solğunlaşdırdı, qocaltdı.
İkinci Qarabağ savaşındakı qələbə Azərbaycan tarixinin yeni bir başlanğıcıdır və savaş öncəsi milli birlik zərurətinin ortaya atılması, iqtidarla müxalifətin vətəndaş həmrəyliyi ideyası ətrafında bir araya gəlməsi qələbəmizi şərtləndirən amillərdən biri olmaqla, müharibədən sonrakı həyatımızın da əsas əlamət və uğurlarındandır.
İndi milli ideya və dövlətimizin ideologiyası haqqında həm nəzəri aspektdə, həm də real qaynaqlar və hədəflər öyrənilməklə, keçmişi və gələcəyi düşünərək danışmaq imkanı genişlənib və zərurətə çevrilib.
Siyasi partiya məfhumu, partiyalarin ideoloji özəllikləri əsasən, son əsrlərin məhsuludur. Ancaq milli ideya anlayışlarının əhatə etdiyi məna, çeşidli adlar altında xalqların və dövlətlərin meydana çıxdığı uzaq çağlarda onlarla bir yerdə doğulmuşdur. Avropa filosofları ideya sözünün arxasında daha çox ictimai və mənəvi azadlığı nəzərdə tuturdular (İdeya sözünü fəlsəfi termin kimi ortaya atan Kant olmuşdur). Şəxsin daxili azadlığını və ruhi rahatlığını düşünən fəlsəfə dinə yaxınlaşır, insanın qısa ömrünü stress və bədbinlikdən qurtarmaq üçün dinə bağlılığın gücləndirilməsini zəruri sayırdı.
İdealın nə demək olduğunu anlatmaq üçün çox vaxt "proobraz" sözünü qullanırlar; yəni xəyal etdiyimiz, arzuladığımız, hər zaman güzümüzün önündə olan, lakin yetə bilmədiyimiz bir "gözəllik ilahəsi", yol göztərən işıq, durna çırağı, ağ zirvəsiylə uzaqdan görünən və çağıran uca dağ, dağlar...
İnsan üçün ideal - özünün, ailəsinin, yaxınlarının sərbəst, azad, ehtiyacsız olması, təhlükəsiz bir mühitdə xoşbəxt yaşamasıdır.
Xalq da belədir. Onun da idealı ayrı-ayrı fərdlərin arzularının cəmidir. Fərdlər düşüncə, əxlaq, ədalət, qarşılıqlı sayqı, mərhəmət, çalışqanlıq, cəsarət baxımından nə qədər kamil olsalar, onların cəmiyyəti və xalqı da o qədər yüksək ideallara can atacaq.
Xalqların yolu, sözü, həyat və hərəkət tərzi bu şəkildə biçimlənir, qurduqları dövlət də o xalqın ruhundan doğan müəyyən məqsədlərə xidmət edir, bəlli bir hədəfə çatmaq üçün çalışır.
Milli ideyaların yaranması, inkişafı və sonda dövlət ideologiyasına çevrilməsində böyük şəxsiyyətlərin, liderlərin, ədəbiyyat və siyasət adamlarının, filosofların rolu danılmazdır. Tarixdə güclü sərkərdələrin və dövlət başçılarının öz inam və iddəalarının kütləviləşib xalqları və dövlətləri hərəkətə gətirən, qələbəyə, zirvəyə, bəzən də uçuruma aparan gücə çevirdiyinə aid çox misal var. Hitlerin simasında faşizmin aqibəti onlardan biridir. Pasianarlığın və çöküşün başlanmasında da şəxsiyyət amili danılmazdır. Təbii ki, başqa amillərlə bir sırada.
Zəngin şifahi ədəbiyyat, atalar sözləri və misallar, dastanlar - türklərin mənəviyyat və ruh xəritəsidir! Böyük millət olma yolları orda çox aydın izlənir. Törələr, ictimai əxlaq güzgüsü olan xalq deyimləri, keçilən yollar və yaşam tərzi, onlara güc verən dəyərlər haqqında tarix kitablarından daha artıq material verir.
Orxon-Yenisey yazılarında - "Üstə mavi göy çökmədikcə, altda yer yarılmadıqca sənin düzənini kim poza bilər" nidası və budunun (millətin) birliyə çağırılması, "dövlət dövlət oldu, xalq xalq oldu" deyə bu iki anlayışın biri-birindən asılılığının önə çəkilməsi - bugünkü düşüncə baxımından tərtəmiz bir ulusal ideyadır. "Mavi göy çadırımız, günəş bayrağımız!" deyimi də xalqın qüdrətini, yaşayış dairəsinin genişliyini, iradəsini və kürəsəl iddəasını göstərən bir ifadədir; səfərbəredici və birləşdirici gücdür, dini ayinlər səviyyəsində sehirləyici, insanı kosmik bütövlüyə qovuşduran səmavi sözdür, millətin əbədi şüarıdır, bugünkü anlayışla həm milli, həm dövlət ideologiyasıdır.
Şah İsmayıl Xətainin "Sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası?" sorusu da qurduğu dövlətin hədəfini və ideologiyasını göstərirdi. Savaşa girməzdən qabaq səsləndirilən saz havaları, türkcənin ordu dilinə, ümumişlək dilə çevrilməsi yazılmamış Ana Yasanın əsas maddəları idi və Şahın milli durum və niyyətini göstərirdi!..
Savaş öncəsi təkbirlər - Allaha bağlılıq əzmindən, böyük inancdan və sevgidən doğan ayinlər idi, müqəddəs sözdən güc almaq inamı idi. Bütün mövsüm və mərasim nəğmələri, milli birliyə xidmət edən bütün adət-ənənlər də o yazılmamış Ana Yasanın qızıl sətirləri idi.
Türklərə, o cümlədən, Azərbaycan türklərinə xas bir çox özəlliklər - böyüklərimizin yaradıcılığından süzülərək yüz illəri aşan fikir axınlarına - millətin dini və dünyəvi aləmini biçimləndirən sistemə çevrilmişdir. İsmayıl Qaspıralının məşhur "fikirdə, sözdə, əməldə birlik" çağırışı, Əli bəy Hüseynzadənin türkçülük, çağdaşlıq və islamçılıq ideyası da əslində öz mənbəyini min illərin yaddaşından, Vətəni, insanı, Allahını sevmək və qorumaq etiqadından, səlib müharibələrinə dirənişlərdən, Nizaminin evrənsəl və zamanı qabaqlayan humanist təfəkküründən, ədalətli dünya axtarışından, Əhməd Yəsəvinin Türküstanda və Anadoluda türklüyü və İslamı yayan müridlərinin yorulmaz təlimlərindən, Nəsiminin insanı qutsallaşdıran və Allaha qovuşduran fəlsəfəsindən, Füzulinin böyük sevgisindən, M.F.Axundzadənin xalqı çağdaş mədəniyyətlər səviyyəsinə qaldırmaq yolunda qəhrəmancasına mübarizəsindən, ürəyini məşələ çevirən ziyalı nəsillərinin fədakarlığından, şəhadət xoşbəxtliyindən, vətəndaş dayanışmasından və milli birlikdən başqa yolun olmadığının dərkindən götürmüşdü.
Ən qədim çağlardan bəri türklər həmişə öz geniş dünyalarında quş kimi azad, təbiətin bütün sirrini və gözəlliyini duya-duya, daim gözlənilməz təhlükələrə hazır, havanın, suyun, torpağın bir parçası kimi, ölümlə nəfəs-nəfəsə yaşayıblar. Tanrıçılıq onları sonsuz göylərə bağlayıb; İslam ölümün son olmadığına, Haqq dünyasına inandırıb. Yurd, ailə, soy, tirə, qövm sevgisi onları təbii şəkildə birləşdirib, gərəkəndə vahid gücə çevirib.
Eyni zamanda, hər türk bir qəhrəmandır; dastanlardan, nağıllardan gördüyümüz kimi, yurda gələn fəlakəti təkbaşına önləmək istər, düşmən üstünə tək gedər, hiylədən uzaqdır, sözündən qaçmağı kişilikdən saymaz, sözünü əyməkdənsə cəzanlanmağı seçər, qılıncına, atına, qolunun gücünə güvənər, mərddir və kimsədən namərdlik gözləməz, Tanrı ilə söhbət edirmişcəsinə təkbaşına - solo oxuyar, bütün yolların geriyə - ata yurduna dönməsini arzular, ilahi ədalətə, balansa, bu dünyada itirdiklərinin əvəzini o dünyada alacağına inanması onun daxili azadlığının mənbəyidir. Halaldır, düzdür, mərhəmətlidir, el içində üzüağdır... Milli xarakter, milli ideya və yaşam tərzi buradan doğur. Tarix boyu düşüncəsinin düzlük, halallıq, saf sevgi, ədalətə inam və azadlıq üstündə qurulması bəzən sadəlövhlük dərəcəsinə çatıb, bu saflığın, inanmaq xəstəliyinin əzabını da görüb. Lakin əqidəsi və yolundan dönməyib.
Dünya Cəhalət qaranlığında ikən Babək azad cəmiyyət arzusu ilə yaşayırdı, Qərbin qanlı xaçlı yürüşləri uc-uca calananda Nizami Gəncəvi xalq iradəsi ilə idarə olunan əsl ideal və ya utopik dövlət modelini vəsf edirdi, Əxilik-Qardaşlıq təşkilatları bütün Yaxın Şərqdə birliyin, qarşılıqlı yardımın inkişafın əsas şərtlərindən biri olduğunu təbliğ edirdi, ürfan ocaqlarının hikmətləri Birləşmiş Millətlər Təşkilatının bugünkü konsepsiyası səviyyəsində dayanan dünya düzəni təlimi idi.
Amma sonra xarici düşmənlər və daxildəki çəkişmələr düzəni pozdu, çöküş başlandı, parçalandıq, bir-birimizə düşmən olduq, başqalarının yeminə çevrildik, kökümüzü, yolumuzu, dinimizi, törəmizi, dəyərlərimizi unutdurmağa çalışdılar və buna qismən də nail oldular...
Azərbaycan Cümhuriyyətinin öz dövlət rəmzlərini və idelogiyasını müəyyənləşdirərkən türklüklə yanaşı, İslam inancımızı əsas seçməsi yuxarıda sadaladıqlarımızı tamamlayır. Milli ideyada dinin özəl bir yeri var. Katolik avtoritarizmi, protestant fərdiyyətçiliyi (Berdyayev) ilə müqayisədə insanların Allah qarışısında bərabərliyi haqqında İslam inancı müsəlman qardaşlığının əsasıdır və milli ideyamızın formalaşmasına ciddi təsir göstərmişdir.
Milli ideya - Azərbaycan xalqının əxlaqını, inancını, niyyətini, təbiətə və insana münasibətini, tarixindəki yerini, simasını, yaşam tərzini, gələnəklərə bağlılığını və gələcək haqqında arzularını cəmləşdirir. Bunlar bir yerdə həm də azərbaycanlıların başqa toplumlar sırasında yerini göstərir, onu tanıdır.
Dözümlülük, mərhəmət, təbiət sevgisi, ocağa, ata-anaya, övlada bağlılıq, tarixə dərin sayqı, Vətən yolunda şəhadət sevinci, dünya malından imtina edib özünü haqq dünyasına hazırlamaq gözütoxluğu, tale hökmünə, qəzaıü-qədərə boyun əymək və bundan doğan biganəlik... Bütün bunlar Azərbaycan ərazisində yaşayan bütün xalqları, özəlliklərini qorumaqla, vahid gücə çevirmişdir və onların ümumi ideya qaynağıdır.
XX yüz il qanlı dünya müharibələri qədər zərər verən qansız ideoloji müharibələrə yol açdı. Marksizm, Leninizm, Stalinizm, Sosializm... Bunlar insanı göylərdən, inancdan, mifdən, Allahdan qoparıb yerə endirdi və yerdə əzdi; ideya olaraq nə qədər parlaq görünsələr də, yaşaya bilmədilər. Kollektivin şəxsiyyətə qarşı qoyulması, fərdin cəmin içində əriyib itməsi, xalqların min illərlə formalaşmış düşüncə, əxlaq, inanc və yaşayış sistemlərinin dağıdılması, onları manqurt, idarə olunan bir sürüyə, böyük əmək və qazanc alətinə çevrilmək istəyi uzun müddət yaşaya bilməzdi.
Bunun ardınca dünya liberalizmə, pasifizmə qədər bir çox başqa tez yanıb tez sönən izmləri dişinə vurandan, onların gətirdiyi fəlakətlərin şahidi olandan sonra bir ideologiyasızlaşdırma, rəsmi dövlət ideologiyalarını inkar dövrü başlandı.
Lakin tezliklə bəlli oldu ki, aydın ideoloji xətt olmayanda dövlətin fikir yönəticiliyi oliqarx ideologiyasının, pul və ya qazanc mafiyasının, mason qruplarının əlinə keçir və bunlar maneəsiz at oynatmaq üçün ilk növbədə millətlərin tarix boyu biçimlənmiş mənəviyyat və əxlaq dəyərlərini ucuzlaşdırmaq, ləyaqət hissini sarsıtmaq, beyinləri təmizləmək, milli yaddaşı ləğv etmək yolunu tutur. Bu baxımdan Sosializmlə Kapitalizm bir-birindən az fərqlənir və heç biri ideal deyil.
Böyük güclərin və dünya ağalığı iddəasında olanların, oliqarx birliklərinin qullandıqları gizli və pərdələnmiş silahlar çoxdur: kürəsəlləşmə təbliğatı, qitələrarası kompaniyaların, şirkətlərin, terror təşkilatlarının dövlət içində dövlət yaratmaq niyyəti, demokratiya transferi, feminizm, cins və şəxsiyyət varlığının, ailə düzəninin uçurum kənarına gətirilməsi, siyasi pandemiya, ideya ixracı və s. Bütün bunlar həmin güclərin dünyada maneəsiz hərəkətinə yol açmaq işinə ximət edir..
Təbii ki, ideyasızlaşdırmaq istəyinin uğursuzluğu dünyada yeni ideologiyalar axtarışını genişləndirmişdir. Məsələn, Rusiyada belə ideologiyalardan birinin müəllifi, yazıçı-siyasətçi Sergey Qorodnikov zahirən diqqəti daha çox iqtisadi tərəqqiyə yönəltmişdir və hesab edir ki, "orta təbəqənin inkişafı və yeni iqtisadi siyasət nəticəsində ölkədə velikoruslar, beloruslar, ukraynalılar və bizə (ruslara - S.R.) yaxın olan xalqlar birləşəcəklər". Göründüyü kimi, Rusiyanın bu yeni ideoloqu da milli ayrı-seçkilik xəstəliyindən xilas olmamışdır.
Etnik birliyi göstərən ulusal sözü ilə inanc birliyini ifadə edən milli sözü arasında fərq var, lakin bu fərq getdikcə itir və hər ikisi xalq, millət çərçivələrini ifadə edir.
Sovet ideologiyası Azərbaycanı ümumtürk tarixindən və kökündən qoparıb Rusiyanın sayəsində dövlətçilik qazanmış, hətta adını, əlifbasını, sərhədlərini də Sovet dönəmində müəyyənləşdirmiş cavan bir xalq kimi, tariximizi isə fars-İran tarixinin bir parçası kimi təqdim edirdi. Sovet Azərbaycançılığı respublika ərazisindəki azsaylı xalqları, etnik qrupları birləşdirsə də, təəssüf ki, bizi böyük türk dünyasından ayırırdı. Özünə sayqı göstərən, özünün var olmasını istəyən xalq kiçikliyindən-böyüklüyündən asılı olmayaraq heç bir xalqın əriyib itməsini, tarix səhnəsindən çəkilməsini istəməz. Sən ondan böyüksən, ancaq səndən də böyüklər var. Böyüklük məhv etmək haqqı vermir.
Azərbaycan ərazisindəki xalqlar neçə min ildir heç bir rəsmi ideologiya, təbliğat olmadan da bir yerdədirlər, böyük Vətən anlayışının, gözəl Azərbaycan adının çətiri altındadırlar və qaynayıb-qarışıblar. Bu coğrafiyada bütün xalqların adı qala-qala türklüyün unutdurulması və yasaqlanması, əslində gizli ayrımçılıq toxumu səpməkdən başqa bir şey olmamışdır.
Bütün xain cəhdlərə, bizi özümüzdən uzaqlaşdırmaq, yadlaşdırmaq, kökümüzdən qoparmaq, böyük dünyamızdan ayırmaq siyasətlərinə baxmayaraq, Azərbaycan türklüyü yeni intibah dövrünə qədəm qoymuşdur.
1988-ci ilin meydan olayları bu intibahın başlanğıcı idi. Heç nəyi unutdura bilmədilər - nə türk və Turan sözlərini, nə Güney Azərbaycanı, nə İran deyilən ölkənin qədim türk yurdu olduğunu, nə Hind-Avropa mədəniyyəti adına çıxmaq istədikləri Şumer, Hun, Sak-işquz sivilizasiyalarını, nə Türk birliyi arzularını... Çünki bunların heç biri uydurma deyil, çünki bunların heç biri aqressiyaya xidmət eləmir, başqa xalqlara nifrətdən, işğalçılıq niyyətindən doğulmayıb. Bunlar bir tərəfdən həmin o Hind-Avropa ideoloqlarının, Avropa xaçpərəstlik düşüncəsindən indiyədək qopa bilməyənlərin, Avropa mərkəzçilərinin, digər tərəfdən ərəb-fars işğalçılıq niyyətinin bizə unutdurmağa çalışdıqları, hissə-hissə əlimizdən aldıqları, ancaq sonadək bacarmadıqları dəyərlərimizdir, kökümüz, yolumuz, varlığımızdır.
Yeni Azərbaycan düşüncəsi və milli ideologiyamız bu həqiqətin dərkindən başlanır. Azərbaycan respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspıralının "fikirdə, sözdə, əməldə birlik" fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə baxacaqdır.
Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir.
Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir.
Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir.
İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə, güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarını düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.
Tarixin qədim çağlarında Quzey Azərbaycana - Bakıdan Dərbəndə və daha şimala doğru uzanan torpaqlara Türküstan, Arazın Güneyindəki yerlərə Turan deyirdilər. Azərbaycan eyni vaxtda həm Turan, həm Türküstan idi. Sonra bu anlayışların sərhədləri genişlənmişdir. Azərbaycan türklüyün beşiyidir və 2009-cu ildə Türk Şurasının Naxçıvanda elan edilməsi də tarixi ədalətin təntənəsi idi. Bu il Türkiyədə Türk Dövlətlər Təşkilatının yaradılması bu yüzildə türk xalqlarının ən böyük qələbələrindən biridir. Türkün məsləhət, gənəşmək ideyası yenidən birliyimizin və bərabərliyimizin əsas şərtinə çevrilir. Gücümüz, iqtisadi qüdrətimiz qarşılıqlı anlaşmada və birliyimizdədir!
Bütöv Azərbaycan və Turan birliyi ideyası yeni nəslin tərbiyəsində təməl cizgi olmalıdır!
Sabir Rüstəmxanlı
Xəbər 5202 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|