Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq


08.10.2021  16:34 

“İbrahimbəyov rejissorluğa girişir, ancaq bu, onda alınmır“





A+  A-

XəzərNews Kinorejissor, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ənvər Əblucun APA -ya müsahibəsini təqdim edir:

- Atam heç gəlməyəcək? Axı, mən çamadanımı yığışdırmışam, uşaqlar da görüb.

- Canın sağ olsun. Uşaqlar belə yır-yığışı çox görüblər. (Pəncərə)

Bir internat uşağının ümidsizliyi...

- Ağ atlı oğlan gecikir, Murad.

- Ağ atlı oğlan gələcək, mütləq gələcək. (Ağ atlı oğlan)

Bir şəhid sevgilisinin ümidi...

Ənvər Əblucdan danış desələr, bu iki dialoqu deyib susaram…

- Ağ atlı oğlan gəldi, ay Ənvər müəllim.

- Allaha çox şükür ki, ağ atlı oğlan gəldi. Ha deyirəm ki, hislərə qapılmayım, olmur. O şəhidləri görürəm, o yaralıları görürəm, ürəyim dözmür, kövrəlirəm. Ancaq mən bilirdim, mən inanırdım ki, torpaqlar qayıdacaq. Film ona görə o nikbinliklə bitir. Biz o filmi min bir əziyyətlə çəkmişik. Oktay Mirqasımov deyəndə ki, filmə cəmi əlli min pul ayrılıb, dedim ki, əlli minlə mən necə film çəkim? Çəkilişlər zamanı aylarla maaş ala bilmirdik. Film çəkiləndə bir batalyon komandiri vardı, oğlu ilə Qarabağda döyüşürdü. Təəssüflər olsun ki, adını unutmuşam. Mənə dedi ki, “Bilirəm, maddi vəziyyətiniz çətindir, biz istəyirik bir-iki aylıq məvacibimizi verək sizə, filmi çəkib bitirəsiniz”. Mən qəbul etmədim, dedim dünyasında belə bir şey ola bilməz. İmkanımız olsa, biz sizə kömək etməliyik. Biz o filmi Allaha yalvara-yalvara, qəpik-quruşla çəkmişik ki, film yarımçıq qalmasın. Birini qoyub o birinə keçirəm. “Pəncərə”ni də çox çətinliklə çəkmişəm. “Pəncərə” üçün bizə 400 min pul lazım idi. Neçə qapını döydümsə, yaxın duran olmadı. Yadımdadır, pul üçün müraciət etdiyim imkanlı adamlardan biri mənə eynilə bu cür demişdi: “Mənə yetimlər haqqında film lazım deyil”.

- Bəs, Sizin nəyinizə lazım idi, yetimlər haqqında film?

- 1987-ci ildə Kinostudiyanın həyətində gözəl insan, gözəl yazıçı İsi Məlikzadə ilə rastlaşdıq. Mənə dedi ki, internat həyatından bəhs edən povest yazır, istəyir ki, bu povest əsasında film çəkilsin. “Sən uşaqlardan yaxşı film çəkirsən. Bu povestə də baxarsan” dedi. Povesti oxudum xoşuma gəldi. Düzdür, sonradan ssenaridə bəzi dəyişiklər etdik. Məsələn, əsərdə Savalan adında bir obraz var. Həmin Savalan bıçaq düzəldir. Dedim, İsi, yazırsan ki, Savalan bıçaq düzəldir. Çexov da deyir ki, əgər tamaşanın əvvəlində divardan tüfəng asılıbsa, axırda mütləq ondan güllə açılmalıdı. Yaşar Nuri bu uşaqları burda bu qədər incidir, axırda yortsun da biri bunun qarnını. Gördüm, Ramiz Rövşənin də, İsinin də bu fikir xoşuna gəldi. Ramiz Rövşən onda kinostudiyanın baş redaktoru idi. Bəzən çoxu heç filmin, rejissorun adını bilmir. Deyirlər ki, Yaşarı öldürdükləri film. Povestin adı “Dolaşaların Novruz bayramı” idi. Filmin adı isə “Pəncərə” oldu. Düzü, mən “Pəncərə” adlanmasını istəmirdim. İsi adın belə olmasını istəyirdi. Mən də onun xətrinə məcbur qalıb razılaşdım. Bu ad uğurlu seçim deyildi. Ad tamaşaçını çağırmalıdır. Bu filmin adı isə heç nə demirdi.

- Ənvər müəllim, yəqin səbəb təkcə povesti bəyənməyiniz ola bilməzdi. Yaradıcı adam nədənsə təsirlənməlidir ki, yarada bilsin. Hansı yaranıza duz basmışdı o povest?

- Biz Cənubi Azərbaycandanıq. Atam orda şirniyyatçı işləyib. Bu arada mənim soyadım da ordan gəlir. Əbluc şirniyyat-şirni deməkdir. Hə, atamın orda yaxşı imkanı olub. Mən onda hələ anadan olmamışdım. Mən bura köçəndən sonra - Sovetlər ölkəsində doğulmuşam. Ailəm o vaxt burda çox pis günlər yaşayıb. Beş qardaş idik, atam yaşlı adam, böyük qardaşlarımın da öz ailəsi vardı. Biz üç doğma qardaş çətinliklə böyümüşük - Heydər Əbluc, Həsən Əbluc və Ənvər Əbluc. Anam danışırdı ki, yeməyə yemək tapmadığımız vaxtlarda aparıb Heydəri uşaq evinə qoyub. Bir həftə, on gündən sonra qardaşımın yanına gedəndə özü ilə bulka aparıb. Uşaq bulkanı görən kimi gözünə təpib. Bunu görəndə anam bilib ki, orda uşaqlara yemək vermirlər. Ona görə də Heydəri götürüb gəlib evə. Qardaşıma da deyib ki, “Getdik evə. Taparıq yeyərsən, tapmarıq yemərsən”. Mən bunu ailəmdə görmüşdüm, axı. Ömrü boyu kasıblıqla yaşamışıq, ancaq özümüzü qürurlu tutmuşuq. İnqilabçı nəsil idik, haqq tərəfdarı idik. Atam gənc yaşlarında Səttarxan hərəkatında iştirak edib. Yəni, inqilab ruhu, haqsızlıqla qarşı baş qaldırmaq qanımızda olub.

- Sənət dünyasının da öz ədalətsizlikləri var. Baş qaldıra bilirdinizmi o ədalətsizliklərə?

- Daim haqsızlıqla mübarizə aparmışam. Bir nümunə deyim. 2002-ci ildə konfransda Rüstəm İbrahimbəyovu tənqid etmişdim. İlk növbədə onu deyim ki, Rüstəm İbrahimbəyov böyük yazıçıdır, amma rejissorluğu bir qəpiklik deyil. Rejissorluğa girişir, ancaq bu, onda alınmır. İstənilən halda Rüstəm böyük şəxsiyyətdir, bunu danmaq olmaz. Deməli, o vaxt konfransda çıxışı zamanı Rüstəm İttifaqdan ev, ad alanlardan danışırdı. Mən də çıxışımda dedim ki, Rüstəm müəllim, bizim sizin qeydlərinizə ehtiyacımız var. Siz də Moskvadan ildə cəmi 5-6 dəfə gəlirsiniz, onda da öz işlərinizlə məşğul olursunuz. Kimsə ittifaqdan ev alır, kimi ad alır, mən hələ heç ad da almamışam. Ənvər Əbluc o Ənvər Əblucdur ki, Sovet Azərbaycanının axrıncı filmi-“Pəncərə”ni və müstəqil Azərbaycan ilk dövlət filmini - “Ağ atlı oğlan”ı çəkib.


- Həm “Ağ atlı oğlan”ın həm də “Pəncərə”nin bir Ruslan Nəsirovu vardı. Ruslanı Azərbaycan tamaşaçısı Sizin filmlərinizlə tanıdı. Niyə onu sonralar biz ekranlarda görmədik? Niyə bir rejissor kimi o aktyora sahib çıxmadınız?

- Mən sahib çıxmadım? Mən sahib çıxdım ki, onu ikinci filmə çəkdim. Mən dalbadal film çəksəydim, yenə onu çəkərdim. Dalbadal film vermirdilər axı mənə. “Ağ atlı oğlan”dan sonra on beş il mənə bədii film verməyiblər. Mənim əlimdən nə gəlirdi, axı?

- O, həyatda da filmlərdə göstərdiyiniz kimi dəliqanlı idi?

- Hə, dəliqanlı idi, amma aktyor kimi nə desən, edirdi. Allah ona rəhmət eləsin.

- Sizcə, “Pəncərə”yə niyə baxmalıdılar?

- Bu gün uşağı küçəyə atırlar, uşağı zibil yeşiyinə atırlar. “Pəncərə” deyir ki, uşaqlarınızdan imtina eləməyin. Bu əhvalatı mənə film çəkilişində tanıdığım bir işıqçı danışmışdı. Deyirdi ki, “Mənim dostum boşanmağa hazırlaşırdı. Bir dəfə onu “Pəncərə” filminə baxmağa dəvət etdim. Dostum filmə göz yaşları ilə baxdı. Film ona çox təsir eləmişdi. Özünün də iki uşağı vardı. Bu filmdən sonra o, boşanmaq fikrindən daşındı. Ailəsini də götürüb getdi Çexiyaya”.

Əgər “Pəncərə” heç olmasa bir ailəni dağılmaqdan xilas edə bilibsə, deməli, biz istəyimizə nail olmuşuq.

- Sizin bir də “Bircəciyim” filminiz var. Heç sevmirəm o filmi...

- Heç sevmə. (gülür) Bəzi rejissorlarımız film çəkəndə deyirlər ki, mən Fellininin “Yol” filmi kimi çəkəcəyəm, mən Klod Leluşun “Kişi və qadın” filmi kimi çəkəcəyəm. Demir ki, öz filmimi çəkim. Mən isə həmişə pis-yaxşı, öz filmimi çəkməyə çalışmışam. Heç kimə bənzəməyə çalışmamışam.

- Onu da deyim ki, Həsən Məmmədovun xarizması o filmə bəs edir. Orda ancaq o olan hissələrə baxa bilirəm.

- Həsən Məmmədov... (köks ötürür) Həsən Məmmədov kinoda gur-gur guruldayanda onu teatrdan çıxarmaq istəyirdilər. Halbuki onun adı da teatr üçün bəs idi. Mən Həsəni o filmə çəkəndən sonra heç onunla yaxınlığım yox idi. “Pəncərə”ni çəkəndə dedi ki, Ənvər, məni çəkəcəksən? Dedim, yox, Həsən, çəkə bilməyəcəm.

- Yəni, Həsən Məmmədov o qədər ehtiyac içində olub ki, rejissora rol üçün ağız açıb?

- Bəs nə? Çox çətin günlər idi. Acından ölürdük hamımız. İndi danışdığımı heç yerdə deməmişəm. Madam ki, söhbət açılıb danışacam. Mən onu “Pəncərə”yə çəkə bilmədim. Ancaq iki balaca İran serialında çəkilməsi üçün vasitəçilik elədim. Deməli, İrandan rejissor gəlmişdi, aktyor axtarırdı. Zəng etdim Həsənə, mənə deyilən filmdə çəkilməsini təklif etdim. Təklifi eşidən kimi razılaşdı. Rejissorla onu görüşdürdüm. Onlar çölə çıxıb 1000 dollara razılaşdılar. Bilirdim ki, rejissor 1500 verə bilər. Rejissordan xahiş etdim ki, mənim xatirimə 500 də artır. Sağ olsun, xahişimi yerə salmadı. Həsən Məmmədov çox utancaq adam idi.

-Bayaq Rüstəm İbrahimbəyovdan danışdıq. Bəs, Adil İsgəndərovla münasibətləriniz necə idi?

- O, mənim xətrimi çox istəyirdi. Mənə heç vaxt acıqlanmırdı. Adil İsgəndərov böyük sənətkar idi. O vaxt “Nəsimi” filmində Teymurləng rolu üçün sınaq olanda sona Yusif Vəliyevlə İsgəndərov qalıb. Kinostudiyanın direktoru, Bədii Şuranın sədri yupyumru İsgəndərov və bu rola yaraşan Yusif Vəliyev. Heç kim Adil İsgəndərova deyə bilməzdi ki, sən bu obraza yaramırsan. Axırda özü baxıb deyib ki, “Qadam, o məndən yaxşı oynayır”. Bundan sonra Yusif Vəliyev bu rola çəkilmişdi. Əgər Adil İsgəndərov Teymurləng roluna çəkilsəydi, gülüş doğurardı. Desəydi ki, mən oynayıram qurtardı getdi, Kinostudiyanın direktoruna kim nə deyə bilərdi? Özü deyib, bilib ki, heç kim deməyəcək bunu. Bax, Adil İsgəndərov belə bir şəxsiyyət idi.

-Oğlunuz Abbasqulunu ancaq uşaq rollarında gördük. Böyük rollarında görməyimizi Siz istəmədiniz, yoxsa özü?

- “Pəncərə” filminə Abbasqulunu çəkəndə yeddi yaşı vardı. Çəkilişlərdə 7-8 uşaq idilər. Ora qaçır, bu bura qaçırdılar. Bunlar bir yerə toplaşanda, hirsimi Abbasdan çıxarırıdım. O da axşam evə gələndə anasına deyib ki, “Papa o qədər adamın içində mənə dedi ki, sallam səni təpiyimin altına ha...” Ancaq o da görürdü ki, mən çəkilişlər vaxtı necə əsəbiyəm. Dedim, ay Abbas, gördün ki, eləcə dedim, etmədim ki. Axı, gördün ki, mən sənə elə deyəndən sonra o biri uşaqlar özünü yığışdırdı. “Ağ atlı oğlan”ı çəkəndə Abbasa onu ikinci filmə çəkmək istədiyimi deyəndə, əvvəlcə razılaşmamışdı. Bir dəfə mənim sifətimi görmüşdü, axı. Doğurdan da yenə elə oldu. Yenə əsəbiləşirdim. Bir sözlə, Abbasqulu özü çəkilmək istəmirdi.

- Bəs, siz istəyirdinizmi?

- Bir dəfə Şəfiqə Məmmədova məndən soruşdu ki, səni nəyə təqdim edək, Xalq artistini istəyirsən, yoxsa Prezident təqaüdünü? Dedim, ay Şəfiqə, mən acından ölürəm, ailəmin yanında xəcalət çəkirəm. Mən çox əziyyətlə yaşamışam, çox. Uşaqlarıma da həmişə demişəm ki, ancaq mənim meyitimin üstündən keçib aktyor, rejissor ola bilərsən. Abbas doqquzuncu sinfi qurtaranda soruşdum ki, nəçi olmaq istəyirsən? Dedi, hələ bilmirəm. Dedim, anam həmişə deyərdi ki, ya həkim olun, ya zərgər, pullu sənətə gedin. Mənim ağlım olmadı, anamın sözünə qulaq asmadım. Elə bilirdim ki, anam bilmir. Abbasqulunun indi 40 yaşı var, özü də həkimdir. Uşaqlarıma həmişə demişəm ki, bu sənətə yaxın düşməyin. Acından ölmək istəyirsinizsə, gəlin.

- Barı, bu gününüzdən razısınızmı?

- Yenə həyatımdan razıyam. Sağ olsun, bu evi mənə Prezident verib, üç il əvvəl də Prezident təqaüdü təyin ediblər. Özüm də həyatda azdan-çoxdan nəsə eləmişəm. Diplom filmim də daxil olmaqla ümumilikdə yeddi bədii film çəkmişəm. Onu da cırmaq-cırmaq. Yaxşı ki, Azərbaycan televiziyası var, mən orda 15-20 sənədli film çəkmişəm. Ancaq düz on beş il bədii film verməyiblər mənə.

- Bu gün çəkilən filmlərə baxırsınızmı?

-Heç birinə baxmıram. Mən üç il İncəsənət Universitetində dərs deyəndə gördüm, vəziyyət nədir. Tələbələrdən soruşanda ki, rejissorlardan kimi tanıyırsınız, əksəriyyəti klip rejissorlarının adını çəkirdi. Bunu görəndən sonra oranı tərk elədim. Əksəriyyətində nə savad var, nə öyrənmək həvəsi.

- Həsən Əbluc...

- Həsən çox xeyirxah adam idi. O məni həmişə bu sənətə həvəsləndirib. Ömür boyu böyük qardaşlıq etdi, ömür boyu.

- Onu da az incitməyiblər.

- İncitmək nədir? Tamaşanı əlindən alıblar e onun, hazır tamaşanı. Bəs, mən niyə onu “Pəncərə”yə rejissor götürdüm? Həsən kinorejissor idi, bəyəm? Özü də heç nədən gileylənməzdi. Mən ordan-burdan eşidərdim.

-Siz, deyəsən, daha çılğınsınız.

- O da çılğın idi, ancaq bəzən səsini çıxarmırdı. Elə bizi əsəb bu günə qoydu. Şəkər olmağımda əsəblərimin təsiri çox olub. Həsən də səhnədə əsəbiləşib halı pisləşmişdi. Elə səhnədən birbaşa xəstəxanaya aparmışdılar, xəstəxanada da vəfat etmişdi.


Xəbər 6385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +