15.05.2018 10:02
İnsanlara rahatlıq verməyən xəstəlik
Əvvəllər bu xəstəliyə nadir hallarda təsadüf edilirdi. İndi isə, demək olar ki, hər beş nəfərdən biri ondan əziyyət çəkir. Bu - son dövrlər insanlar arasında geniş yayılan allergiya xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatı son illər dünya əhalisi arasında geniş yayılan xəstəliklərin siyahısını açıqlayarkən məlum oldu ki, allergiya birinci üçlükdə qərarlaşıb.
İlk öncə qeyd edək ki, allergiya insan orqanizminin ətraf mühitdəki bəzi allergen faktorlara - əsasən də kimyəvi maddələrə,mikroblara, qida məhsullarına və.s qarşı yüksək həssaslığıdır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri və ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma xəstəliyi ilə bağlı tibb alimlərinin gəldiyi yekun nəticə budur ki, bu xəstəliyin əsas təkanverici qüvvəsi (həm də) allergiya hesab ounur.
Allergiyaya yoluxma hallarının artması daha çox yaz fəslinə xarakteriktir. Bir çoxları yazın ilk günlərində, xüsusən də ağacların tozlanma dövründə allergiyadan əziyyət çəkməlindən şikayət edir. Bəziləri müəyyən qida qəbulundan sonra allergiyaya yoluxduğunu (əsasən, dəridə səpki və qaşınma olduğunu) dilə gətirir. Bu, birbaşa qida allergiyası hesab oluna bilər. Daha çox yaz meyvələri və tərəvəzlərinin səbəb olduğu ağız allergiyası bir sıra sağlamlıq probleminə gətirib çıxarır ki, bu zaman dodaqlarda, ağızda, boğazda yanma, qaşıntı, gözlərdə sulanma və qaşıntı, burun axıntısı kimi əlamətlər olur. Ağır vəziyyətlərdə səpgi formalaşa, həmçinin çox nadir hallarda qusma, ishal, astma əlamətləri ortaya çıxa bilər. Bəzi xəstələrdə, hətta meyvəni soymaq, ona toxunmaq belə allergiyaya (qaşıntıya, səpkiyə) səbəb olur. Bir qisim xəstələrdə bu əlamətlər 25-30 gün, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.
Bu xəstəliyə həssaslığı olanlar bilməlidirlər ki, daha çox çiy qidalar ağız allergiyasına səbəb olur, çünki qidalar bişirildiyində onlarda allergiyaya səbəb ola biləcək proteinlər təsirini itirir. Fındıq isə bişirilsə belə, yenə allergik təsirini itirmir. Eyni zamanda sitrus meyvələri, həmçinin bal, yemiş, tum və fındıq allergiya əlamətlərini artırır. Burada bir nüansı vurğulamaq istərdik ki, vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər
Şübhəsiz ki, ümumi ritm (İmmun sisteminin işi) pozularsa, o zaman insan orqanizmi özü üçün tam zərərsiz hesab etdiyi maddələrə də (bitki tozcuqlarına, heyvan tüklərinə, qida məhsullarına, ev tozuna) belə kəskin reaksiya verir. Unutmaq olmaz ki, hər hansı bir stressdən sonra immun sisteminin işi rahatlıqla pozula bilər. ABŞ psixoloqları isbat etmişlər ki, ana hamiləlik müddətində emosional gərginlik altında olarsa, o zaman dünyaya gətirdiyi uşaq da əksər hallarda allergiyanı “təbii yolla” qazanmış olacaqdır.
Orqanizmin yetərincə xeyirli qidalandırıcı məhsullar qəbul etməməsi də allergik reaksiyalara səbəb ola bilər. Bunlara, əsasən vitaminlər və mikroelementlər aiddir. Vitamin A - immuniteti möhkəmləndirir, infeksion xəstəliklərə, həmçinin qrip,angina, bronxitə qarşı orqanizmin davamlılığını artırır. Aparılan təcrübələrdən məlum olmuşdur ki,vitamin A –nın istifadəsi hətta ağır allergik reaksiyalara da kömək edir.
Gördüyünüz kimi, allergiya müxtəlif səbəblərdən meydana gələ bilər. Allergiyanın əmələ gəlməsinin və ondan qurtulmağın bir çox yollar vardır. Bunun ilkini qida rasionuna diqqətli olmaq, daha vacibi isə aidiyyəti üzrə həkimə müraciət etməkdir.
İnsanlar arasında allergiya xəstəliyinin ən geniş yayılan formaları allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə - çiçəklərin tozlanma dövründə baş qaldırır, lakin xroniki rinit isə bütün mövsümlərdə müşahidə edilir. Allergik rinit zamanı xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxunu olduqca zəif və ya ümumiyyətlə hiss etmir. Bir müddət sonra isə burundan selik gəlməyə başlayır və qulaq tutulur. Bəzilərində üz və burun pərdələri şişməyə başlayır, nəticədə təbii olaraq nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə büruzə verməyə başlayır.
Allergik rinitin daşıyıcısı olan xəstələrin müalicə müddətində bəzi qidalardan istifadəsinə qadağa qoyulur. Əsasən, allergiyanın əlamətlərini artıran qida məhsullarından - sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan imtina edilməlidir. Allergik rinitin daşıyıcısı olan xəstə hər mövsüm vaxtlı-vaxtında lazımi müalicə kursu almalıdır. Əks halda, xəstəlik ağır sayılan dövrə keçə bilər. Bu zaman isə rinit əlamətləri ağır formada təkcə yaz mövsümündə yox, ilboyu özünü göstərəcəkdir. Bir neçə il sonra isə həm allergik, həm də xroniki rinitin bronxial astmaya çevriləcəyi qaçılmaz olacaqdır: Allergik rinitin əlamətləri özünü biruzə verməyə başlayanda xəstə mütləq həkimə müraciət etməli və lazımi müalicəni almalıdır. Lakin bəzi xəstələr allergiyanın ilk simptomları baş qaldıranda bunun sadəcə adi qrip olduğunu düşünərək yalnış addım atır, yəni həkimlə məsləhətləşmədən antibiotiklər qəbul edib “qripin” ötüb keçməsini gözləyirlər. Bu da allergik rinit əlamətlərinin daha da kəskin hal almasına səbəb olur. Bu vəziyyət bir neçə il təkrarlandığı halda isə, rinit bronxial astma xəstəliyinə çevrilir. Astma daşıyıcılarının böyük əksəriyyəti bu xəstəliyi allergik və xroniki rinitdən sonra qazanır – hər nə qədər acı reallıq olsa da, bu, həqiqətdir..
Yüngül formalı allergiya xəstəliyi insanlara genetik yolla, əsasən də ana xəttilə keçir, genlər vasitəsilə uşaqlara ötürülür. Allergiyanın bu formasından əziyyət çəkən insanlarda yüngül simptomlar - burun göynəmələri, asqıraq və göz yaşarmaları müşahidə edilir. Diqqətə çatdırmaq istərdik ki, bu formada ağırlaşdırıcı hallar ortaya çıxmır.
Biz hər şeydən əvvəl bilməliyik ki, istənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər. Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir. Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur - dəridə səpgilər, ishal, qusma, boğulma və s. Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda yalnız mədə-bağırsaq pozulmaları (köp, ishal) yaranır ki, bunu qida allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi də qəbul etmək olar. Ona görə də ilk əvvəl insanın həmin qidadan istifadə edərkən allergik əlamətlərin olub-olmaması müəyyən edilməli, dəri testləri və qan analizi aparılmalıdır.
Uşaqlarda allergiya adətən kiçik yaşlarda daha çox yumurta zülallarına qarşı olur. Valideynlərdən biri və ya hər ikisi allergiyadan əziyyət çəkirsə, uşaqda allergiyanın əmələ gəlmə riski bir o qədər yüksək olur.
Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq, ən çox yayılmış qida allergenləri - süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Bəzən sulfitlərə - yeməklərin rəngini qorumaq üçün istifadə olunan kimyəvi maddələrə qarşı da allergiya oyana bilər və bundan sığortalanmaq mümkünsüzdür. Və gəlin unutmayaq ki, sulfitli qidanı qəbul etdikdən sonra insanda boğulma inkişaf edə və ya allergik şok yarana, həmçinin ağır astma tutmaları da törənə bilər.
Qida allergiyasına olan allergik reakisyalar adətən, qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın ağır formasına yoluxanlarda isə yeməyə toxunmaq və ya onun iyini hiss etmək belə kifayətdir - əksər hallarda allergik reaksiya yaranacaqdır.
Bəzən də ləngimiş allergik reaksiya ola bilər - yəni allergik reaksiya qidanı yedikdən bir neçə saat və hətta bir neçə gün sonra inkişaf edir. Təcili cavabdan fərqli olaraq, ləngimiş allergik reaksiyanın simptomları o qədər də çox təzahür etmir və övrə, ekzema və astmaya səbəb olmaya bilər.
Biz, ilkin olaraq olduqca vacib bir məsələni diqqətdə saxlamalıyıq: əgər, ailə üzvləri arasında allergiyaya həssas olanlar varsa, o zaman orqanizmin hər hansı yeni qidaya qarşı reaksiyasına diqqətli yanaşılmalıdır. Qida məhsullarını yeməyə kiçik porsiyadan başlamaq məsləhət görülür, qurudulmuş, konservləşdirilmiş və emal edilmiş qidaların qəbulundan isə imtina edilməlidir. Əgər bir dəfə qida allergiyası diaqnozu qoyulubsa, onunla mübarizə aparmağın yeganə yolu - qıcıqlandırıcı komponenti tapmaq və ondan uzaq durmaqdır. Təbii ki, bütün hallarda həkimlə məsləhətləşmək vacib hesab olunur. Yalnız, həkim obyektiv müayinəyə və laborator testlərə əsaslanaraq dəqiq diaqnoz qoya bilər.
Və gəlin unutmayaq ki, bütün qidalar allergiya yarada bilər.
Zaur Nuriyev
Respublika Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoveneroloqu
Xəbər 3459 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|