22.09.2017 12:15
Şəmsəddin Hacıyevin mandatı alına, özü isə həbs oluna bilər - Rəsmi
Baş Prokurorluq İqtisad Universitetindəki aşkar olunmuş maxinasiyalarla bağlı cinayət işi açdı; YAP-çı deputatın harada olduğu bilinmir
Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatədən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası hesabatı maraqlı faktları üzə çıxarıb. Köhnə rektor, hazırda deputat olan Şəmsəddin Hacıyevin ADİU-ya rəhbərliyi dövründə baş verən böyük qanunsuzluqların araşdırılacağı gözlənilir. Hesablama Palatasının Kollegiyası ADİU tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.
ADİU-nun ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-cü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb. Şəmsəddin Hacıyevin rektorluğu dövründə bu gün gündəmi zəbt edən məlumatlar mətbuatda dəfələrlə tirajlanmışdı.
Məsələ ilə bağlı modern.az saytı Şəmsəddin Hacıyevlə əlaqə saxlamağa çalışıb. Amma deputatın mobil telefonunu özünü Ramiz kimi təqdim edən şəxs açaraq, “müəllim hazırda Bakıda yoxdur, xaricdədir. Birisi gün gələcək” cavabını verib.
Ş.Hacıyevin ADİU-da rektor vəzifəsində olarkən hansı addımlarla yadda qalmasını bir daha yada salaq.
Rektor olduğu illərdə Ş.Hacıyev ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu “Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsilə ADİU-da milyonlarla manatlıq “əməliyyat” aparıblar.
Universitetdə aparılan “maliyyə əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib. Yəni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib.
Vaxtilə yazdıqlarımızdan sitat: “Məsələn, 2011-ci ildə 166 min 822 manatlıq, 2012-də 136 min 748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər. Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adı ilə təyinatından yayındıraraq, mənimsəyiblər. O, hətta o qədər irəli gedib ki, həyat yoldaşının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu “Turan” MMC vasitəsilə 3 il ərzində oxşar əməliyyatlarla 11 milyonu universitetin hesabından çıxarmağa da nail olub. Şəmsəddin Hacıyev universitetin Dərbənd filial vasitəsilə də böyük oyunlar oynayıb. Onun bu filial vasitəsilə hər tələbədən 35-50 min manat alaraq həyata keçirdiyi saxta qəbullar bir yana qalsın, bu adam Dərbənddə universitetin adı ilə torpaq dəllallığı da edib. Bu fakt 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən də təsdiqlənib. Məhkəmənin qətnaməsində bildirilib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirib. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün torpağın bir hissəsi böyük məbləğə universitetə satılıb. İşdə Şəmsəddin Hacıyevin kürəkəni Seymur Orucovun da adı keçirdi. O dövrdə iş o yerə çatıb ki, Dağıstan rəsmiləri universitetin Dərbənd filialının saxta Bakı fililalının hansı məqsədlə yaradılması ilə bağlı Azərbaycan Təhsil Nazirliyini çətin suallar qarşısında qoymuşdu".
Maraqlıdır ki, o dövrdə bu məlumatlar mətbuatda yayılsa da, araşdırılması və nəticə haqda heç bir xəbər verilməmişdi. Bu gün də Ş.Hacıyevin ADİU-dakı fəaliyyəti tam olaraq araşdırılmayıb.
Məsələn, Ş.Hacıyev əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaradıb, onları mənzillə təmin etmək məqsədilə Mir Cəlal küçəsində bina tikdirməyi vəd etmişdi. Bu məqsədlə təsisçisi Hacıpaşa Muradov olan “İqtisadçı-H” kooperativi yaradılıb və bir müddət sonra Ş.Hacıyev mənzillərin pulunun böyük hissəsini ödəyən universitetin əməkdaşlarını pis vəziyyətdə qoymuşdu. Belə ki “İqtisadçı-H” şirkətinin hüquqlarını öz qohumlarının adına təsis etdiyi “İqtisadçı-2005" kooperativinə vermişdi. Beləliklə də dosent-professorlar həsrətlə gözlədikləri mənzilləri ala bilmədilər.
Ş.Hacıyev Quba rayonunun füsunkar Nüvədi-2 kəndində ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətin yer ayırmasına nail olmuşdu. Mərkəzin tikintisi üçün 4 milyon 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə, 7 milyon 200 minə çatdırıldı. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi bilinmir.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, deputat cinayət törətdikdə və onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda millət vəkilliyindən məhrum edilir və deputat səlahiyyətlərini itirir. Milli Məclisin deputatının toxunulmazlığına yalnız baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
(musavat.com)
Xəbər 1715 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|