07.05.2024 17:29
Kimin qızını gətirim bədbəxt edim?- Acı etiraf
Deyir, adım Rafiqdir, hər gün bura gəlib gedirəm. Yolu və yoldakıları hamısını əzbərləmişəm. Bax, sfetafordan sağa dönəndə sol tərəfdədir. Buranı Sumqayıtda hamı tanıyır. Kimdən soruşsan deyəcək.
Onunla Sumqayıt Dəmiryol vağzalında Narkoloji Dispanserin ünvanını soruşanda tanış olduq. Dedi yolumuz birdi. Avtobus bir az fırlanacaq, amma rahatı budur.
Orta boylu, dişləri tökülmüş səliqəli geyimli biridir Rafiq. Böyük həvəslə "14 mərtəbə"ni "Pioner"i,"Köhnə avtovağzalı" mənə göstərirdi yol boyu. Sumqayıtı yenidən kəşf edirdim elə bil.
Söhbət əsnasında utana-utana dedi ki, mən burda qeydiyyatdayam.
- Sən nə vaxtdan gəlirsən?
Bir ildi. Çətindi amma məcburam. 5 il əvvəl yaxşı pul qazanan vaxtimda məhlə uşaqlarının düşdü tələyə düşdüm. Əvvəl xoş gəlirdi. Elə bil Maldiv adalarında dincəlirsən (gülür) bir manatlıq Fanta sənə kakos suyu dadı kimi gəlir.
Sonra pulum azaldı. Amma dayana bilmirdim. Anam əvvəl gizlincə pul verirdi. Sonra atam bildi, evdə qırğın düşdü. Sarayda qalırıq, dənizə yaxınıq. Evdən qaçıb 3- 4 gecə qayıqların, restoranların ərazisində yatırdım. Amma gördüm alınmır. Bu zəhrimar da hər gün döyülməklə, söyülməklə nə candan çıxır, nə də...
Bəs sonra?
Sonra Bakıda xəstəxanada yatdım. Bir az düzəldim. İndi də burada qeydiyyata düşmüşəm, dövlət proqramı çərçivəsində. Hər gün gəlib qol çəkirəm və günlük dozam olan metadolu qəbul edib, gedirəm. Əvvəl gizlin gəlib- gedirdim ki, görən olmasın. Utanırdım, amma indi öyrənmişəm.
İşləyirsən bir yerdə?
Yox, bizim kimilərini işə götürməkdən qorxurlar. Lap tutaq ki, işə götürdü. Hər gün kim icazə verəcək ki, get dozanı qəbul et, gəl. Atam dərzidir. Onun yanında işləyirəm, hərdən. 3- 5 manat pul verir. O da ki, yol, çay pulu edir.
Bəs nə vaxta qədər?
İnan ki, bilmirəm. Dərzilik mənlik deyil. Amma elektrik işləri əlimdən gəlir. çətin ki, bu işi verən olsun.
Yəqin evli də deyilsən.
Yox, nə danışırsan? Nə evli? Kimin qızını gətirim bədbəxt edim? Hara firlatsan, adım üstümdədir- narkoman. Həm də özümü saxlaya bilmirəm, onu necə saxlayacam.
Sonra yolu göstərir.
Bax buradan sol tərəfə dön, sonuncu qapıdır. Mən girim, tez qol çəkim, çıxım gedim. Hə, bir də bir söz deyim, qardaşyana. Mənim kimilər səndən pul istəsə, vermə. Qəti, vermə. Sən elə biləcəksən ki, ona kömək edirsən. Amma, əksinə bir az daha ziyan verəcəksən. Sevin ki, buraya ancaq ərizə almaq üçün gəlirsən.
Əslində, elə onun bu sözləri söhbətimizin nöqtəsi idi. Amma içəridə növbə gözləyərkən zəngilanlı bir ağsaqqalın "mən seyid nəslindənəm, niyə sidik analizi verməliyəm?" deyib dava salması ayrı bir mövzunun söhbətidir.
Ordubadlıxan
Xəbər 4066 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|