15.10.2022 12:10
Devalvasiya riski: Pullarımızı necə qoruyaq?
“Qlobal maliyyə sisteminin əksər valyutalarını qaçılmaz devalvasiya gözləyir. Bunun nəticələri yoxsul ölkələr üçün daha ağır olacaq”.
Bunu Rusiya Xalqlar Dostluğu Universitetinin Dünya İqtisadiyyatı kafedrasının dosenti Vladimir Qriqoryev bildirib. “Dünya valyuta sistemi hazırda ifrat qeyri-sabitlik vəziyyətindədir. Üstəlik, bu qeyri-sabitlik uzun hadisələr ”zənciri"nin nəticəsidir: birincisi, 1991-2000-ci illərdə qlobal iqtisadiyyatın kredit resursları ilə doldurulması daha da artdı; sonra qlobal borcun həcmini (dövlət, korporativ və özəl) daha da artıran 2008-ci il böhranı, iqtisadiyyatın real sektorunda problemləri daha da kəskinləşdirən koronavirus pandemiyası və nəhayət, Qərbin anti-Rusiya sanksiyalar. 2022-ci ildə çox qeyri-sabit vəziyyəti yaradıb. Nəticədə ölkələrin böyük əksəriyyəti disbalansla üzləşib və nəticəsi valyutaların qaçılmaz devalvasiyası olacaq", - iqtisadçı-alim vurğulayıb.
Onun sözlərinə görə, ABŞ müvəqqəti möhlət ala bilər, çünki əsas məzənnənin daimi və dinamik artımı qlobal investorların pullarını dollara cəlb edir və bu, qaçılmaz olaraq digər valyutaları zəiflədir: “Dolların möhkəmlənməsi bu valyuta ilə borc götürən ölkələr və şirkətlər üçün borclarına xidmət etməyi çətinləşdirir. Asiya, Afrika və Latın Amerikasının valyutaları - türk lirəsi, Braziliya realı, Argentina pesosu daim risk altındadır. Və çox güman ki, onların yeni devalvasiyası uzaqda deyil”.
İqtisadçının fikrincə, Rusiya rublu da çox spesifik vəziyyətdədir: “Rusiya faktiki olaraq qlobal maliyyə sisteminin nüvəsindən çıxarılıb. Amma dünya üçün belə böyük və əhəmiyyətli bir dövlətin valyutası bahalaşıb. Bəlkə də bu, dünyada ilk və indiyə qədər yeganə haldır. Bunun həm ruslar, həm də Rusiya biznesi üçün mənfi cəhətləri var. Ancaq müsbət cəhətləri də var. Qlobal maliyyə bazarındakı fırtınalar, o cümlədən dolların məzənnəsinin artması və investorların dollara yönəlməsi indi Rusiyaya heç bir təsir göstərmir. Təbii ki, rublun hazırkı gücü müəyyən qədər sünidir, lakin bu, çox güman ki, qlobal böhranın yumşaldılmasına kömək edəcək”.
Azərbaycanda da mövcud durumda manatın devalvasiyası mümkündürmü? Bunun qarşısını necə almaq olar?
Yeri gəlmişkən, bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankı da region ölkələrinin, o cümlədən Azərbaycanın 2023-cü ildə iqtisadi inkişafında artımın zəifləyəcəyi barədə proqnoz vermişdi. Bu proqnozlar özünü doğruldacaqmı? Hökumət bu istiqamətdə qabaqlayıcı nə kimi addımlar atır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, hazırda qlobal maliyyə sistemini sarsıdan bir çox iqtisadi və siyasi proseslər gedir ki, bu da əksər ölkələrin valyuta və səhm bazarlarına öz mənfi təsirlərini göstərməkdədir: “Rusiya-Ukrayna müharibəsi qlobal maliyyə bazarlarına ağır zərbə vurur, iqtisadi ahəngdarlığı pozur, bununla yanaşı, ABŞ-ın ötən həftə uçot dərəcələrini qaldırması qlobal mühitə əlavə təsirlər göstərir. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75% artıraraq 2,50 %-dən 3,25%-ə yüksəltməsindən sonra artıq bir çox ölkələrin dünya maliyyə bazarlarında əhəmiyyətli dəyişikliklərə səbəb olub, açıq bazar əməliyyatlarında və valyuta bazarlarında əksər ölkələrin milli valyutalarının ABŞ puluna nisbətən ucuzlaşması baş verib. Avropa Birliyinin (AB) vahid valyutası olan avro 10 faiz-bənd ucuzlaşıb. Böyük Britaniya funtu da az keçməmiş dəyər itirib”.
Millət vəkili qeyd etdi ki, bu proseslərin Azərbaycana ciddi təsirləri yoxdur və milli valyutamız olan manatın ucuzlaşması gözlənilmir: “Manatın xarici valyutalara, ələlxüsus, dollara qarşı məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, tədiyyə balansının cari vəziyyəti, dollar tələb-təklifinin dinamikası və Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan aylıq valyuta portfelinin məbləği, eləcə də digər iqtisadi-monetar amillər müəyyənləşdirir. 2022-ci ilin ötən 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 35,1 milyard dollara bərabər olub. Ticarət dövriyyəsinin 26,2 milyard dollarını ixrac, 8,8 milyard dollarını idxal təşkil edib. Ticarət saldosu müsbət olmaqla 17,4 milyard dollara yaxınlaşıb. Yəni, xarici ticarətin müsbət saldosu onu təsdiqləyir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 17,4 milyard dollar və yaxud 3 dəfə çoxdur. 2022-ci ilin ötən ayları ərzində ölkəmizin tədiyyə balansı əhəmiyyətli dərəcədə yaxşılaşıb, profisitli tədiyyə balansının dinamikası növbəti aylar üzrə daha da əlverişli olmaqla bütün xarici risk faktorlarını zərərsizləşdirib. Bu da manat üçün təzyiqləri minimallaşdırır”.
A.Hüseynova görə, ölkəmizin, güclü “təhlükəsizlik yastığı” hesab olunan strateji valyuta ehtiyatları manatın sabitliyi və dayanıqlılığını təmin edən əsas maliyyə bazislərindən biridir: “Dövlət Neft Fondunun strateji rezervlərinin 2022-ci ilin ötən 8 ayı ərzində 5.1 % və ya 2,7 milyard dollar artaraq 55.9 milyard dollara yüksəlibdir. Bu baxımdan Azərbaycanın etibarlı təhlükəsizlik bloku olan valyuta rezervlərinin davamlı olaraq yüksəlməsi də maliyyə sabitliyini möhkəmləndirir”.
Xəbər 1224 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|