18.04.2018 14:43
DİM dövlət qulluğuna qəbul edilənlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul edilmiş şəxslərə müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, mərkəz tərəfindən həyata keçirilən bütün tədbirlərlə bağlı istər yazılı, istərsə də elektron formada vacib məlumatlar təqdim edilir.
Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə etmiş, həmçinin müsabiqə əsasında dövlət qulluğuna qəbul olmuş şəxslər dövlət qulluğuna qəbul ilə əlaqədar mərkəzin saytı vasitəsilə avtomatik yenilənmə rejimində fəaliyyət göstərən aşağıdakı elektron xidmətlərə xüsusilə fikir verməlidirlər.
Bu xidmətlərdən birincisi “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə edənlər barədə məlumat axtarış sistemi”dir.
DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ayda bir dəfə dövlət qulluğuna qəbul imtahanı keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
DİM tərəfindən indiyə qədər keçirilən dövlət qulluğuna qəbul imtahanlarının nəticələrinə əsasən, 1515 namizəd sertifikat əldə edib. Hər bir namizəd, vətəndaş, araşdırma aparmaq istəyən ekspertlər, KİV nümayəndələri DİM-in saytına daxil olmaqla daim yenilənən rejimdə fəaliyyət göstərən “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə etmiş şəxslər üzrə axtarış” sistemi vasitəsilə sertifikat əldə edənlərin siyahısı ilə tanış ola bilərlər. Sistemin bir neçə parametr üzrə (ad, soyad, vəzifə qrupu, sertifikat və s.) axtarış imkanları mövcuddur. Siz vəzifə qrupu, eləcə də sertifikatın növünü seçməklə avtomatik olaraq həmin sertifikata malik şəxslərin siyahısını əldə edə bilərsiniz.
DİM-in digər əhəmiyyətli elektron xidmətlərindən biri də “Sertifikat əldə edərək müsahibədən keçmiş və dövlət qulluğuna qəbul edilmiş şəxslər haqqında Dövlət qulluqçularının Reyestri üzrə statistik məlumat”ların təqdim edilməsidir. Burada olan statistik göstəricilər dövlət orqanları tərəfindən reyestrə daxil edilmiş cari məlumatları əks etdirir. Belə ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün dövlət orqanın rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin edir. Vakant dövlət qulluğu vəzifəsinə təyin olunmaqla bağlı əmr imzalandıqdan sonra namizəd haqqında məlumatlar mütləq dövlət qulluqçularının reyestrinə daxil olunmalıdır. Bu məsələdə namizədlər özləri də diqqətli olmalı və onlar haqqında məlumatın qeyd olunan xidmət vasitəsilə reyestrə daxil olub-olmadığını yoxlamalıdırlar.
Sizlərə təqdim olunan hər iki elektron xidmətin məqsədi yuxarıda qeyd olunduğu kimi şəffaflığın təmin edilməsi, lazımi məlumatların vaxtında ictimaiyyətə təqdim olunması, onların açıq və əlçatan olmasıdır.
Bu xidmətlərlə siz mərkəzin saytının “Aktual istiqamətlər” > “Dövlət qulluğu” bölməsində ”tanış ola bilərsiniz.
Xəbər 1374 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|