Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


08.05.2019  11:09 

(Hakimiyyətə) O gələcək!





A+  A-

Bizim kəndin “qaişnik” İsrafili olduqca təvazökar və səmimi insan idi. Görkəmcə “Mixaylo”ya da bir qədər oxşarlığı vardı. İndi ara-sıra böyük hörmətlə anılır, həm özünə, həm də yeddi arxa dönəninə rəhmət oxunulur. Əsasən, rayon mərkəzinin girişində dayanar, heç vaxt ötüb-keçən nəqliyyat vasitələrinin arxasıyca “yağlı” tikə kimi həsrətlə baxmaz, elə ona görə də heç kim onunla eyni postda “yoldaşlıq” etməzdi. Bu adam xidmət etdiyi müddətdə bircə dəfə də olsun qırmızı çubuğunu havaya qaldırıb hər hansı nəqliyyat vasitəsini haqq-nahaqq saxlamazdı. Və əksər hallarda, xüsusən də yük maşınlarını görəndə üzünü kənara çevirərdi. Düz, yaxud səhv edib – bununla işim yox, sadəcə, o da bu sayaq “qaişnik” olub. Amma heç kim onun bu jestindən sui-istifadə etməyib – xidmət etdiyi ərazidə ona hörmət əlaməti olaraq, demək olar ki, bütün sürücülər qayda pozuntusuna yol verməməyə çalışıb, hətta bir çoxları özləri miniklərini saxlayaraq, ona yan alıblar... O gün mən də onun ruhuna qeyri-ixtiyari bir salavat xətm elədim.
Aprelin 29-da ailəliklə Ələt istiqamətindən paytaxta qayıdarkən DYP-nin Qaradağ postundan təqribən 300-350 metr aralıqda (saat 09-15-də) arxadan şütüyərək başımızın üstünü ley kimi alan YPX avtomobili (tanıtım nişanı – 853) sayrışan işıqlarla “saxla” işarəsini verəndə və sükan arxasından düşməyi şəninə sığışdırmayan Yol polisinin mikrafonla “sürücü, aşağı düş, baqajı aç, ora baxmalıyam” deyəndə yadıma həmkəndlim “qaişnik” İsrafil düşdü...
Əlbəttə, Yol polisinin bu qanunsuz tələbi onların öz təlimatına tam zidd idi, o səbəbdən də avtomobili idarə edən sürücü qanunauyğun olaraq onun yaxınlaşmasını gözlədi. Bu dəfə YPX əməkdaşının daha gur və amiranə səslə “sürücü, dedim ki, aşağı düş və baqajı aç...” deməsi bir anlıq məndə elə bir təəssürat yaratdı ki, hansısa antiterror tədbiri keçirilir, bizlər də ən qatı cinayətkarlarıq, yük yerindən də “xoşagəlməz” nələrsə çıxacaq.

Sürücü aşağı düşüb idarə etdiyi “furqon” mersedesinin “baqajını” açdı. Yol polisi sükanın arxasından yük yerinə “göz” gəzdirib, ümumi çəkisi təqribən, 20-25 kq olan bir iki selofan torbada nələrin olduğunu “müəyyən etdikdən” sonra başı ilə yola “davam” işarəsi verib, əda ilə qarşımızdan keçərək geri döndü.
Təbii ki, YPX əməkdaşının qanunsuzluq etdiyi, birbaşa isə işləyən və “işləməyən” bütün qanunlara tüpürdüyü göz önündə idi. Amma ailə üzvlərinin avtomobildə olması səbəbindən yola davam etməyi məqsədəuyğun bildim və sürücüdən xahiş etdim ki, geri qayıdarkən Qaradağ postunda həmin YPX əməkdaşından onu hansı səbəbdən saxladığını öyrənsin. Elə də edir. Yol polisi ona bildirir ki, guya həmin gün Masallıdan paytaxta at əti aparıldığını aşkarlayıblar. Ona görə də, şübhələndikləri avtomobillərin yük yerinə baxış keçirirlər.

Belə bir hadisənin olub-olmaması üçün Google–da axtarış verdim. Düşündüm ki, yəqin həqiqətən də belə bir hadisə olub və DİN bunu artıq ictimailəşdirib, YPX əməkdaşları da gərəkən tədbirləri “özlərinəməxsus” şəkildə görməyi planlaşdırıblar. Rast gəlmədim. İndi buradan iki nəticə çıxarmaq olar: ya həqiqətən də belə bir hadisə baş verib və izini də “rahatlıqla” itiriblər, ya da idarə etdiyi avtomobildən düşməyi şəninə sığışdırmayan o YPX “serejantı” isə bizimlə bir qədər “məzələnmək” istəyib. Ayrı nə ola bilərdi ki?..

Hamı gözəl bilir ki, aşağıdan-yuxarıya bu sistemin iş rejimi budur və mən “məzəlik” edən o Yol polisində də, heç onun birbaşa rəhbəri olduğu general Ramiz Zeynalovda da günah görmürəm. Günah payının ağırlıq dərəcəsi Sistemin cövhərində və varlığımıza sarmaşıq kimi sarılıb ruhumuzu həzin-həzin inildədən, içimizi için-için qovruldan “biganəlik” adlı bədxassəli şişdən zamanında qurtulmadığımız üçün bir toplum olaraq həm də daha çox özümüzdədir. Bunu elə-belə, sadəcə “məzə” üçün xatırlatdım.

Hər gün baş verən bu sayaq və bundan min dəfə artıq olayların yanında o gün Qaradağ postunun yaxınlığında üzləşdiyimiz olay bəlkə də “heçnə” idi. Amma bütün bunlar insanların dövlətə, onu yönəldənlərə olan inam bağlarını kəsəyən kimi kəsib doğrayır. İnsanları bu qədər aşağılamaq, bezdirmək, onları dövlətin bütün atributlarına sayğısız yanaşmalarına rəvac vermək, təkcə, yolverilməz deyil, birbaşa elə dövləti cinayətin özüdür. Baxın, bizim qonşuluqda yaşayan (Binəqədi r-nu, 7-ci mik., buna 14, mənz., 44) və yaşı 70-i haqlayan təqaüdçü müəllimə Sultanə Şıxlinskaya artıq hər şeydən bezdiyini deyir. Əslində, dövlətin idarə və müəssisələri bu ağbirçək xanımı sözün bütün mənalarında bezdiriblər. O həddə çatdırıblar ki, yaşının bu vədəsində özünü bütün hüquqlardan məhrum olunmuş kimi hiss edir – çünki səsi eşidilmir, müraciət etdiyi dövlət qurumlarının kandarındaca səsini batıraraq bükülü bandrolla özünə qaytarıblar. Sadə bir istəyi var bu xanımın və bəlkə də “JEK” səviyyəsində həll oluna bilər. İstəyir ki, mənzilinə istilik verilsin və almadığı istiliyə görə hər il abonent koduna borc yazılmasın, yəni hər qış sezonu bitdikdən sonra 3 saylı İSİS-in işçiləri şellənə-şellənə gəlib qapısını döyərək abırsızcasına “istilik pulunu verin” deməsinlər. Hər il qış aylarında soyuqdan donur, amma aidiyyəti qurumlar – “Azəristiliktəchizat” ASC, hətta ən nümunəvi icra başçılarından biri hesab olunan Elxan Allahverdiyevin rəhbərlik etdiyi Binəqədi İH və digər qurumlar susur. İndi birotaqlı mənzilində tənha yaşayan bu zavallı qadın ona çürük qoz qədər dəyər verməyən belə bir ölkənin vətəndaşı olmaqdan qürur duya bilərmi, əlbəttə, yox! Belələri sayagəlməz qədərdir.

Dövlətlə vətəndaş arasında vətəndaşlıq bağları qırıldıqca, təbii olaraq insanlar mövcud hakimiyyətdən narazı olacaqdır. İndi başqa bir vətəndaşın daşa dönən iştəyi qarşısında “daş” hasarların çəkildiyinə diqqət edək. Şəhərin mərkəzində - 28 may küç., bina 13, mənz., 13 ünvanında (üç azyaşlı uşaqla) yaşayan paytaxt sakini Anar Hüseyn illərdir ki, təbii qazdan istifadə edə bilmir. Çünki mənzilində sayğac yoxdur, vaxtı ilə olan sayğacı “Azəriqaz” İB oğurlayaraq (çünki buna ayrı bir ad vermək olmur) bir ayrısına “bağışlayıb”. Bu qurum onun coxsaylı müraciətinə hər dəfə “baxarıq” deməklə, ili-ilə calayır, amma təzada baxın ki, SOCAR-ın şefi Rövnəq Abdullayev erməni kilsələrinə qazın təmənnasız verilməsindən qürur duyur. İndi ən adi yaşamaq hüququ əlindən alınan və zorən narazı elektoratın sıralarına sürüklənən bu cür vətəndaşlar, sizcə, necə addım atmalıdır? Özlərini ay-ulduzlu üçrəngli bayrağa bürüyüb “biz bu dövləti, bu vətəni, bu hökuməti dəlicəsinə sevirik”, - deyə hayqırmalıdırmı? Edə bilməzlər, çünki ən adi vətəndaşlıq hüququnu gerçəkləşdirə bilməyən vətəndaş dövlətin heç bir atributunu səmimi olaraq sevməz və gəlin özümüzü aldatmayaq. Bir ölkədə ki, heç kəs heç kəsin “kitabını” oxumağa həvəsli olmayacaqsa, bütün dəyərlərə zərrə qədər də olsa sevgi olmayacaq. “Səni sevəcəyəm, sən sevməsən də” yalnız mahnılarda, ürəklərdə isə ayrı şeylər olur.
Hökumət yetkililərinin istəyi nədir, bilmirəm. Amma həqiqətlər gümanlara qurban verildikcə, sanki bütün ölkə “dumana” bürünmüş kimi görünür. Artıq göz-gözü “görmür”. Görünsəydi, biriləri fərqində olardı ki, bizim xəyal dünyamızdan fərqli olaraq, gerçək həyatda şahla gədanın nisbəti eynidir. Burada bir ibrətamiz hekayəti xatırlatmaq yerinə düşər. Bir gün Bəhlul Danəndə süd qardaşı olan xəlifə Harun ər-Rəşidin taxtını boş görüb, tez-tələsik ora əyləşir və başlayır var-gəl etməyə: asaram-kəsərəm, vuraram-yıxaram və s. Saray mühafizəçiləri bundan xəbər tutan kimi, onu taxtan endirib, sürükləyərək döyə-döyə çölə atırlar. Bəhlul sarayın qarşısında oturub başlayır ağlamağa. Xəlifə onu yanına çağırıb ağlamağının səbəbini soruşur. O, başına gətirilənləri hökmdara nəql edir. Harun ər-Rəşid Bəhlul Danəndəyə düzgün hərəkət etmədiyini və bu səbəbdən də haqlı olaraq cəzalandırıldığını ona bildirəndə, o, belə cavab verir: qibleyi-aləm, mən iki dəqiqə o taxtda əyləşib, oradan endiriləndən sonra bu hala salındım, sən isə düz qırx ildir ki, orda qərar tutmusan. Mən özümə görə yox, sənin taxtdan endiriləndən sonra üzləşəcəyin aqibətinə görə ağlayıram.

Ərşdə (lövhi-məhfuzda) bu məmləkətin taleyi necə yazılıb, qeyb aləmində məxfi kodlarla şifrələnmiş işarələr nə zaman açılacaq, həqiqətlər hansı ilin hansı ayında üzə çıxacaq, bundan sonra nələr olacaq, necə olacaq – bilmirəm. Təkcə, onu bilirəm ki, hər bir kəs ayrı-ayrılıqda, hər bir millət isə toplum halında öz taleyini dəyişə və onu ən mükəmməl formada yenidən yaza bilər – bütün mənalarda. “Yazıya pozu yoxdur” deməyin, istənilən “yazını” pozmaq, yeni Əlifba ilə ən yeni Tarix də yazmaq olar. Bu, tarixin təsdiqidir – olub və olacaq.
Nəyisə dəyişmək üçün ilk növbədə özün dəyişməlisən. Rəzalətə özün-özünü məhkum etmisənsə, sükunət nöqtəsində sabit-qədəmsənsə, ətrafında baş verənləri sadəcə seyr edəcəksənsə, səni əzən bir sistemin qapısında göz yaşı axıdıb imdad diləyəcəksənsə, o zaman bu aqibətinlə barışmalısan, demək, bunu haqq etmisən. Hər nə qədər məzlum olsan da, bu susqun halınla zalımın özü qədər sən də günahkarsan.

İndi sən “axtarışdasan”. Bəzən “bu yaz, bu payız”, bəzən də “gələn yaz, gələn payız” deyirsən. İnnən belə nə deyirsən, de. Nə olacaqsa, olsun, amma heç nə dəyişməyəcək - əgər, özün dəyişməsən və sözün bütün mənalarında ADAM olmaq istəməsən. Əgər, sən özünü islah etmək qüdrətində deyilsənsə, cəmiyyətdə özünü idarə etmək üçün ən adi davranış qaydalarını əxz edə bilmirsənsə, mərifət, ədəb-ərkandan özünü təğyiri-libas etmisənsə, o zaman hansısa “X” şəxsin gəlib sənə nəyisə calağ edəcəyinə ümid bəsləmə və özünü aldatma.

Əlbətdə, gec və ya tez, Böyük Xilas Günü olacaq – və O, mütləq gələcək! O, 12-ci imam Mehdi Sahib-əz Zamandır (ə) ki, gəlişini ilk öncə bütün səmavi dinlər, Quranın 185 ayəsi işarətlərlə, həmçinin, ən mötəbər sünni və şiə mənbələri qətiyyətlə təsdiqləyir. Gerçək hakimiyyət libası onun boyuna biçilib, Onun gəlişi ilə zülmət gecənin sonu olacaq və insanlar əsil mərhəmətin – həqiqi hakimiyyətin nə olduğunu anlayacaqlar. Bu, Allahın vədidir!

Və “nə zaman olacaq”, -deyə sual etməyin, siz, sadəcə, arzulamaqla da işinizi bitmiş bilməyin, Onun gəlişinə hazır olun. Hazır olun ki, Onun haqq döyüşünə qatıla biləsiniz.
Az qalıb...

Vasif Hüseynov



Xəbər 24049 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +