23.09.2024 21:11
“Qocalıqda belə tənha, köməksiz qalmamalıydım”
Şərq vilayətlərinin azərbaycanlı xilaskarı İbrahim Cahangirzadənin həyatı
1924-cü il oktyabr. Mustafa Kamal Paşa qatarla Ərzuruma gəlib. Səfərin bundan sonrakı, daha dəqiqi son mənzilbaşı Qars olmalıdır. Burda onun pişvazına xüsusi hazırlıq görülür. Qarsda qarşılanması mərasimini Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurucusu, Qars Bələdiyyəsinin sədri İbrahim Cahangirzadə təşkil etmiş, musiqi bəstələnmiş, rəqs də qurulmuşdu. Atatürk qarşılaşdığı bu sürpriz pişvazdan çox təsirlənmiş, əməyi keçənləri müxtəlif hədiyyələrlə mükafatlandırmışdı. Marşın sözləri belə idi:
- Cəbhədə mitralyos* ayna kimi parlıyor,
Azəri türkləri bayraq açmış bəkliyor!
Arş, arş iləri, dönməz geri, türkün əsgəri!
Əsgərin, millətin, zəhmin basır sən Kəmal,
Dahisi, qazisi, bilgisisən sən Kəmal!
Sərfinaz eylə bu qədəmləri,
Təbrik eyleriz Qarsa gəlməni!
Yaşa, min sənə yaşa möhtərəm Paşa,
Baş əyib tamam təbrik eyleriz.!
Parlayan yıldızın aləmi tənvir edər,
Cumhuriyyət bayrağın səmalar içrə süzər!
Cəbhədə mitralyos ayna kimi parlıyor.
Azəri türkləri bayraq açmış bəkliyor!
Arş, arş iləri, dönməz geri, türkün əsgəri!
*Mitralyos-avtomat silah növü
Hadisə haqda illər sonra yazıldığından müəyyən uyğunsuluqlar olması mümkündür. İkincisi, bu mətn daha əvvələ aid edilən Qafqaz marşına bənzəyir. Üçüncüsü, qarslılar sözləri iki dilin qarışığında yazsalar da, Azərbaycan dili ağırlığı var. Dördüncüsü, mətndəki “Azəri türkləri bayraq açmış bəkliyor” cümləsi xüsusən diqqət çəkir. İl 1924-dür. Hələ Əhməd Kəsrəvinin mənhus “Azəri və ya zəbane bastane Azərbaycan” cızmaqarasının dərcinə tam bir il qalıb. İbarahim Cahangirzadənin liderliyində qarslı soydaşlarımız Xalq Cümhuiriyyəti qurucuları kimi özlərinə “azəri türkü” deməkdən qürur duyurlar, bu kimliklə də Mustafa Kamalın pişvazına çıxırlar. Bəs, Qarsa uzanan rus-erməni əllərinin kəsilərək bugünkü Türkiyənin bir parçasına çevrilməsində misilsiz rol oynamış İbrahim Cahangirzadə kimdir?
Əvvəl Qarsın taleyi haqqında
1877-1878-ci illər Osmanlı-Rus müharibəsindən sonra 3 mart 1878-ci ildə Müqəddəs Sofiya müqaviləsi haqqında 19-cu saziş imzalanır. Konvensiyanın II maddəsinə əsasən, 4 vilayət - Qars, Ərdahan, Batum və Bəyazid dörd yüz milyon rubl dəyərində müharibə təzminatı olaraq Rusiyaya verildi. İngiltərə və Almaniyanın Osmanlı dövləti üçün olduqca ağır olan bu müqaviləyə müdaxiləsindən sonra şərtlər Berlində yenidən nəzərdən keçirilir və 1878-ci il iyulun 13-də Berlin müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən: Bəyazit vilayəti Osmanlı dövlətinin tərkibində qaldı, Elviyə-i Səlasə (üç liva-üç vilayət), yəni Qars, Ərdahan və Batum isə Rusiyaya müharibə təzminatı kimi verildi. II Dünya müharibəsinin sonlarına yaxın 1918-ci il martın 3-də imzalanmış Brest-Litovsk sülh müqaviləsinin 4-cü maddəsinə görə Rusiya 3 vilayəti boşaltmalı, bu vilayətlərdə gedən proseslərə müdaxilə etməməli idi. Bununla da qonşu hökumətlər bölgə sakinlərini azad edəcəkdi. Beləliklə, üç vilayət yenidən Osmanlıya qaytarılırdı.
Amma 1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığı ölkədə dərin bədbinlik atmosferinin formalaşmasına zəmin yaratdı. Atəşkəs müqaviləsinin 1-ci maddəsinə görə, türk ordusu Qafqaz və İrandan təxliyə edilməli, 1878-ci il Berlin müqaviləsi ilə müəyyən edilmiş sərhədə çəkilməli idi. Atəşkəs müqaviləsinin 24-cü maddəsinə görə isə Şərqi Anadolu vilayətlərində iğtişaşlar bəhanə edilərək, Antanta dövlətləri istədikləri yerləri tuta bildilər.
Verilən qərarın yerinə yetirilməsi üçün Naxçıvan ərazisindən Osmanlı ordusunun bir hissəsi ərazini tərk etməyə məcbur oldu. 9-cu Ordu komandiri Yaqub Şövqi Paşa müraciət edərək ordu geri çəkildikdə əhalinin təhlükəsizliyini təmin etmək üçün bir qisminin xalqın istəyilə qalmasına icazə istəmiş və təəssüf ki, mənfi cavab almışdı (https://irs-az.com/new/pdf/201411/1416582183605268884.pdf)
Rusların müharibə zamanı ermənilərə verdiyi torpaqlardan ermənilərin çıxmasını tələb edən azərbaycanlılar ermənilər tərəfindən böyük repressiyalara məruz qalmış, kütləvi qətllər törədilmişdi. Ermənistanla həmsərhəd olan bölgələr isə hər zaman erməni təhlükəsi ilə üzləşirdi.
Kimsədən kömək almayacaqlarına əmin olan Naxçıvan, İrəvan, Şərur, Üçkilsə (Eçmiədzin) və Sürməli azərbaycanlıları milli müdafiə təşkilatları yaratmağa başladılar. İnsanlar Qəmərli şəhərinə toplaşaraq uzun danışıqlardan sonra hökumət yaradılmasına qərar verdilər. 1918-ci il noyabrın 3-də paytaxtı İqdır olan "Araz Türk hökuməti" quruldu. Əmir bəy Əkbərzadənin başçılığı ilə 6 üzvdən ibarət bir hökumət quruldu. Seçilmiş hökumət üzvləri Müdafiə naziri - İbrahim bəy Cahangirzadə, Maliyyə naziri - Qəmbər Əli bəy Bənanyarlı, əmlak naziri - Bəkir bəy Rzazadə, xarici işlər naziri - Həsən ağa Səfazadə, ədliyyə naziri - Məhəmməd Bəyzadə, Şeyxulislam - Mirzə Hüseyn Mirzə Həsənzadə, baş müfti Ekit Əfəndi oldular.
Beləliklə, yeni cümhuriyyətlər quruldu, müdafiə dəstələri yarandı, milli mübarizə başlamaqdaydı.
Anadoluda ilk respublikanın lideri
İndiki şərq vilayətlərin müxtəlif adlarla yaranmış yerli hökumətlərdə İbrahim Cahangirzadənin tutduğu postlar: Araz Milli İslam Şurası (sədr), Araz Türk Cumhuriyyəti (hərbi nazir), Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (baş nazir).
İbrahim Cahangirzadə (Aydın) vətən və millət sevdalısı dövlət xadimi idi. Əvvəl bütün həmyaşıdları kimi Gümrüdə mollaxanada Quran və şəriət, eləcə də fars və ərəb dillərini öyrənir. İ.Cahangirzadənin babasının adı Əziz bəydir. Atası Mehmet Şüregel də Qarakilsə kəndinin tanınmış nəsillərinədən olan Şəhribanu xanımla ailə həyatı qurub. 5 uşaqlı bu evliliyin ikinci övladı olan İbrahim 1874-cü ildə Gümrüdə anadan olub. Əziz, Həsən və Aydın adlı qardaşları, Tükəzban adlı bacısı olub.
Atası Məmməd bəy 1882-ci ildə Qarsa köçərək Qayabaşı məhəlləsində məskunlaşmış, ticarətlə məşğul olurdu. İbrahim əvvəlcə qarslı Əşrəf Hocanın rəhbərlik etdiyi Yusif Paşa Məscidindəki mədrəsəyə gedib. Sonra üç il şəhər məktəbində rus dilini öyrənib. 1903-cü ildə Gölə Meşə Mühafizəsi Müdiri vəzifəsinə təyin edilir. O, 4-5 il burda xidmət edir.
1903-cü ildə Aleksandropol (Gümrü) kazak alayına qəbul edilir, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunur. Əfv fərmanına əsasən 6 aydan sonra azad olunaraq Qarsa qayıdaraq maliyyə məmuru işləyir.
1905-06 illərdə ermənilər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirərkən könüllü dəstə toplayaraq, qardaşı Həsən xanla birlikdə Qarabağa köməyə gəlir, 1906-cı ildə oradan öz dəstəsiylə Cənubi Azərbaycana keçərək burda milli azadlıq hərəkatında iştirak edir.
İ.Cahangirzadə Qarsa qayıtdıqdan sonra qubernatorunun icazəsi ilə erməni komitəçilərinə qarşı "Nəşri-maarif” cəmiyyətini qurur, eyni zamanda, Bakı və Gəncədəki "Difai" partiyası ilə gizli əlaqə yaradır, habelə "İttihad və Tərəqqi" Partiyası Ərzurum şöbəsinə üzv olur. 1907-ci ildə yenidən Cənubi Azərbaycana gedir, Xoy şəhərinə köçərək azadlıq mübarizəsinə qoşulur, şah rejiminə qarşı mübarizə aparan bir dəstəyə başçılıq edib. 1912-ci ilin oktyabrında 700 mücahidlə Türkiyəyə - Van vilayətinə qayıdır. 1913-cü ilin martında ittihadçıların dəvətilə öz könüllüləri ilə birlikdə İstanbula gedir. Burda üç ay yarım təlim keçən "Qafqaz könüllü taburu" onun komandanlığı altında Ədirnəni bolqarlardan azad edilməsində iştirak etmişdi.
Bu yaxınlarda Türkiyədə nəşr edilən “Teşkilat-ı Mahsusa: Cenub-i Garbi Kafkasya Hükümeti ve Cihangiroğlu İbrahim Bey” (Ersin Hakan) adlı kitabda İ.Cahangirzadənin fəaliyyətinin Təşkilati Məxsusə tərəfindən yönəldiyi iddia olunur. Müəllif iddia edir ki, Cənub-Qərbi Qafqaz Hökumətinin qurulması və Təşkilati Məxsusənin fədakar üzvü Cihangiroğlu İbrahim bəyin həyat hekayəsini qələmə alarkən Böyük Britaniya Xarici İşlər Nazirliyinin Arxiv Sənədlərini, Osmanlı və TİTE Arxiv Sənədlərini, ailənin şəxsi arxiv sənədlərini sırf bitərəf tədqiqatçı kimi araşdırıb. Yenə də müəllif bu silsilədə dərc edilmiş əvvəlki yazılarda gəldiyimiz qənaəti bölüşür - Şərq vilayətlərinin bu gün Türkiyə hüdudları daxilində olması - yerli əhalinin (azərbaycanlıların) və onların liderlərinin mübarizəsi, seçimi sayəsində mümkün olub.
1914-cü ilin noyabrında Türkiyənin hərbi naziri Ənvər paşa İbrahim bəyi könüllüləri ilə birlikdə İran və İraq cəbhələrinə göndərir. Burada o, rus ordusuna qarşı vuruşurdu. 1918-ci ilin mayında Ənvər paşa onu İstanbula çağıraraq, "Fəxri alay komandanı" rütbəsilə 9-cu Ordu komandanı Yaqub Şövqi paşanın sərəncamına göndərir. İyun ayının ortalarında Şörəyel qaimməqamı (kaymakam-qəza rəisi) təyin edilən İ.Cahangirzadə İrəvan və digər bölgələrdən olan qaçqınları ətraf kəndlərə yerləşdirir, onlara hər cür qayğı göstərirdi.
Araz-Türk Respublikası hökumətinin hərbi naziri seçilən İ.Cahangirzadə 20 tabor (batalyon) təşkil edir. Bu taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirilir, həmin bölgələrin əhalisini ermənilərin törətdikləri qırğından müdafiə edir. Həmin il noyabrın 30-da keçirilən Böyük Qars konqresində Araz-Türk Respublikası hökuməti ilə Qars, Axıska, Artvin və Batum vilayətlərini əhatə edən Milli İslam Şurası birləşərək, Batumdan Ordubada qədər ərazidə hökumət qurulur, İ.Cahangirzadə onun başçısı seçilir. 1919-cu il yanvarın 18-də keçirilən konqresdə mərkəzi Qars olmaqla qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin də başçısı İbrahim bəy idi. 40 min km² sahəsi və 1,7 milyondan çox əhalisi (1,5 milyonu türk-müsəlman) olan bu dövlət 6 ay ərzində öz ərazisini erməni və gürcü basqınlarından qoruyur. Müstəqil daxili və xarici siyasət yeridən hökumət 1919-cu ildə ingilis ordusu tərəfındən yıxılır, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə Malta adasına (Aralıq dənizində) sürgün olunurlar.
1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar keçmişdə rus təbəsi olduqları üçün Tiflisə göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy zövcəsi Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfıbəylinin himayəsində tapır, onun köməyi ilə də Qarsa qayıdır.
İ.Cahangirzadə Kazım Qarabəkir paşanın tövsiyəsi ilə avqustda Qarsda keçirilən seçkilərdə iştirak edir. Bu tarixdə bələdiyyə sədri Mamoğlu Akif Çiçək olub. Lakin Akif Çiçək ona duyduğu böyük hörmətə görə bələdiyyə sədrliyini İ.Cahangirzadəyə təhvil verib. Beləliklə, İ.Cahangirzadə Qarsın ikinci bələdiyyə sədri olur.
O, 1921-ci ilin iyulunda təyin olunduğu 1926-cı ilin sonuna qədər bələdiyyə sədri vəzifəsini çox uğurla icra edir. Müxtəlif vəzifələrdə - komadir, nazir, hökumət başçısı, bələdiyyə sədri kimi çalışmış İ.Cahangirzadə 1927-ci ildən sonra bir müddət qurucularından olduğu Sərbəst Cümhuriyyət Partiyasının vilayət şöbəsinin sədri olduqldan sonra haqsız hücumlara məruz qalır. Sonralar ticarət məmuru olmuşdu.
İ.Cahangirzadə Türkiyə Respublikası qurulduqdan sonra da sıxıntı içində yaşamışdı. İsmət Paşa Prezident olduğu illərdə ona yazdığı məktubda xidmətlərini təfərrüatı ilə izah edir: “Mən altı uşaq atasıyam. Onlardan dördü məktəbə davam edir. Qars heyvan brijasında 20 lirə maaşla məmur işləyirəm. Ailəm, övladlarım arasında çəkdiyim sıxıntı böyükdür. İllərdir vətənim, millətim üçün əzab-əziyyət çəkib, mübarizə apardıqdan sonra qocalıqda belə tənha, köməksiz qalmamalıydım. Etdiklərimi öyünmək üçün yox, zati aliniz kimi adil bir Şefin (İsmət İnönüyə Şef deylirdi-C.Q) zamanında millət üçün çalışanların son günlərini səfalət içində keçirmələrinə yol verilməyəcəyinə inandığım üçün təqdim edirəm”.
(https://www.bayburtpostasi.com.tr/teskilat-i-mahsusa-cihangiroglu-ibrahim-bey-ve-cenub-i-garbi-kafkas-cumhuriyeti-hukumeti#google_vignette)
Ömrünün qalan hissəsini doğma torpağında yaşayaraq 1947-ci ildə vəfat edib. Hazırda Qarsda onun adına park və küçə var. Onun xatirəsinə Bələdiyyə tərəfindən memorial qoyulub. İ.Cahangirzadənin nəslindən gələnlərin bir qismi onun kimi Aydın, digər qismi isə Bilçer soyadı daşıyır.
İ.Cahangirzadənin vəfatı zamanı bütün uşaqları və ikinci arvadı Mələk xanım sağ idi. Qardaşlarından Əziz və Aydın bəy daha əvvəl dünyasını dəyişib, yalnız kiçik qardaşı Həsən bəy sağ qalmışdı. Həsən bəy də bütün ömrünü Qarsda keçirərək burda vəfat edib. İ.Cahangirzadənin ikinci nikahdan ikisi oğlan olmaqla altı övladı olub.
Mənbələr:
1.Kafkas Haber Ajansı https://www.kha.com.tr/gazi-kars-in-eski-belediye-baskanlarinin-hayat-hikayeleri-1_34250f.html
2.Gazete Kars https://www.gazetekars.com/cetin-adiguzelden-tarihi-bir-yazi-ataturkun-karsa-gelisi-ve-hos-gelisler-ola-turkusu--33247h.htm
3.https://atamdergi.gov.tr/tam-metin/150/tur
4. https://ataturkansiklopedisi.gov.tr/bilgi/milli-mucadelede-dogu-cephesi/
5. https://irs-az.com/new/pdf/201411/1416582183605268884.pdf
6.https://az.wikipedia.org/wiki/%C4%B0brahim_b%C9%99y_Cahangirzad%C9%99#CITEREFCenubi_Garbi_Kafkas_Cumhuriyeti`nden_%C4%B0lk_Meclise2017
7. Prof. Dr. Aygün Attar ve Dos. Dr. Sabahattin Şimşir.“Tarihten günümüze Türkiye’de yaşayan Azerbaycan türkleri” -“Türkiye’de Faaliyette Bulunan Azerbaycanlılar (1920-1991)
8. Nizamettin Onk. “Kafkasyadan Anadoluya İğdır tarihi”
9. Teşkilat-ı Mahsusa : Cenub-i Garbi Kafkasya Hükümeti ve Cihangiroğlu İbrahim Bey – 2024
10. https://ataturkansiklopedisi.gov.tr/bilgi/milli-mucadelede-dogu-cephesi/ ).
C.Quliyev
(Araşdırma Ramiyə Məmmədovanın iştirakı ilə hazırlanıb)
P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihə çərçivəsində dərc olunub.
Xəbər 4125 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|