29.01.2025 16:01
Kirayə evlərlə bağlı inanılmaz YENİLİK
Son aylarda kirayə bazarında diqqət çəkən yeni tendensiya müşahidə olunur. Əvvəllər kirayə evlər əşyalı təklif olunurdusa, indi getdikcə daha çox boş evlərin kirayə verilməsi qeydə alınır. Belə mənzillər də digərləri kimi getdikcə bahalaşmağa davam edir.
Dəyişikliyin bazarın dinamikasında hansı rol oynadığını və bunun kirayəçilər üçün hansı nəticələrə səbəb ola biləcəyini araşdırmaq üçün əmlak eksperti ilə söhbət etdik..
XəzərNews.az xəbər verir ki, Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov mövzuya aydınlıq gətirib:
“Azərbaycanda kirayə mənzil bazarında durğunluq hökm sürür. Belə ki, tələb təklifi 2 dəfə üstələyib. Ötən illərlə müqayisədə mənzillərin sayında xeyli azalma müşahidə olunur. Bu haldan bir sıra işbazlar öz xeyrinə istifadə etməyə çalışır. Mənzillər boş və ya yarıboş vəziyyətdə kirayəçilərə təklif olunur. Yaxşı bilirlər ki, iki müştəri bundan imtina etsə də, üçüncüsü mütləq belə evi qəbul etmək məcburiyyətində qalacaq və öz hesabına əşyaları alacaq. Bu onlar üçün daha əlverişli variant hesab olunur. Ev sahibləri düşünür ki, əşyaya verilən pul özümə qalsın, kim evdə qalacaqsa, əşyalarını da gətirməlidir. Bu bir növ fürsətdən istifadə deməkdir. Əmlak sahibləri həmin tendensiyanı fürsətə çeviriblər. Əgər kirayə mənzil bazarında əşyasız evlərə tələbat azalıb həmin mənzillərin sayında artım olarsa, ev sahibləri məcbur qalıb evi əşyalarla təmin etməli olacaqlar. Lakin işbazlar yaxşı bilir ki, hazırda bu sarıdan seçim çox azdır. Kirayə axtaranların sayı mənzillərlə müqayisədə qat-qat çoxdur. Mənzillər yox dərəcəsindədir. Təklif olunan əmlakların sayı isə olduqca yüksək qiymətə bazara daxil olur. Qiymətlər süni şəkildə gün keçdikcə artırılmağa davam edir. Boş mənzillərin təklif olunması 2024-cü ilin sonlarında daha çox müşahidə olunmağa başlayıb. Bu mənzil sahibləri arasında imkansızlıqdan əşyasız ev kirayə verənlər də var. Ancaq bu ümumi nisbətin çox aşağı faizini təşkil edir”.
A.Nəsirov qiymətlərdəki bahalaşmadan da danışıb:
“Əvvəl şəhərin mərkəzi və kənar ərazilərdəki kirayə mənzil bazarında fərq 25-30 faiz arası dəyişirdisə, indi az qala qiymət fərqi eyniləşir. Təxminən 10 faizə qədər bu qiymət fərqi aşağı enib. Çünki ötən illərdə mərkəzə baxanda kənar ərazilərdə qiymətlər ucuz idi. Buna görə də həmin ünvanlarda olan evlərə tələb artdı. Tələbin artması qiymətlərində yüksəlməsinə gətirib çıxartdı. Düşünürəm ki, qiymət artımları davam edəcək. Çünki tələb təklifi üstələyir. Bu tendensiya davam etdikcə, qiymətlər də yüksəlməyə doğru gedəcək”.
Xəbər 2893 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|