12.10.2023 09:44
Bakı çirkab sularda boğulur...
Uzun illərdir ki, Bakının kanalizasiya sularının təmizlənmədən dənizə axıdıldığı, bəzi zavodların təhlükəli tullantıları Xəzərə və ya atmosferə buraxdığına dair həyəcan təbili çalınır. Hətta müxtəlif günlərdə Sumqayıtda, Bakıda zavodların havanı çirkləndirdiyinə dair videoları da mütəmadi izləyirik.
Bunu artıq rəsmilər də etiraf edir.
“Təsəvvür edin ki, Bakı kimi şəhərin 40% tullantı suları mərkəzləşmiş təmizlənmədən keçmədən ətrafa axıdılır. Söhbət 1 milyon kubmetr sudan gedir”. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib. Onun sözlərinə görə, başqa bir problem irimiqyaslı layihələrin icrası zamanı qeydə alınan uyğunsuzluqlardır.
“İrimiqyaslı layihələr qurulur, kollektorlar çəkilir, lakin uyğunsuzluqlar var. Məsələn, Pirşağıda 60 min insan üçün nəzərə tutulan təmizləyici qurğu qurulub. Amma tullantı sularını təmizləyici qurğulara yönəldən kanalizasiya sistemləri qurulmayıb. Lökbatan sutəmizləyici qurğusu yoxdur, amma bütün xətlər çəkilib. Demək istəyirəm ki, layihələrin bir-birinə uyğunlaşdırılması yaxşı olardı.
Bundan başqa, neftlə çirklənmiş ərazilər Abşeronun uzun onilliklərinin problemləridir. Biz hökumətə müraciət etmişik və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə 2024-2030-cu illər dövlət proqramı təklif olunub", - deyə Rasim Səttarzadə vurğulayıb.
Nazir müşaviri onu da əlavə edib ki, sahibkarlıq subyektlərinin yoxlamalardan azad edilməsi digər problemlərdəndir: “Zavodlardan ətraf mühitə külli miqdarda tullantı atılır. Bizim səlahiyyətimiz yoxdur ki, zavoda daxil olub monitorinq edək. Çünki biz sübut etməliyik ki, bunun əhaliyə ciddi təsiri var. Buna görə də özəl sektorun, sahibkarların özlərinin korporativ məsuliyyəti olmalıdır. Neft şirkəti və ya hər hansı qurum ona demədən də məsuliyyəti başa düşməlidir. Məncə, cəzalandırmaq deyil, onların korporativ məsuliyyətə yanaşmasına çalışmalıyıq”.
Bu, həyəcan təbili kimi başa düşülməlidir. Xəzəri, Bakının atmosferini qorumaq üçün hansı təxirəsalınmaz addımları atmaq gərəkir?
Xəzər Universitetinin ətraf mühit araşdırmaları mərkəzinin rəhbəri, hidrologiya və su təsərrüfatı üzrə fəlsəfə doktoru Rövşən Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, neft sənayesinin əsası qoyulan dövrdən bu yana əsasən Abşeron yarımadasında neft çıxarılır və ətraf mühit üçün heç bir dost texnologiyadan istifadə olunmayıb. Yəni neft çıxarılarkən Xəzərin ekosistemi, orada yaşayan canlıların, balıqların yaşam mühiti haqqında düşünülməyib, bu barədə heç bir addım atılmayıb. Əsas prioritet neftin çıxarılması olub. Hətta köhnə Azərbaycan filmlərinə baxanda görürük ki, neft daşlarında və yaxud digər yerlərdə neft fontan vurub, dənizə axır və hər kəs sevinir, heç kəs dəniz haqqında düşünmür. Bu o deməkdir ki, lap əvvəldən ətraf mühit haqqında nə lazım olan biliklərə malik olmuşuq, nə də ki, ətraf mühit haqqında qayğılanmışıq, yəni heç bir qayğımız olmayıb.
Beləliklə, Abşeron yarımadasının çirklənməsinin əsas səbəbi budur.
Biz indi tez-tez rekultivasiyadan (pozulmuş və çirklənmiş torpaqların münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemi - red.) danışırıq, qeyd edirik ki, çirklənmiş bu torpaqları bərpa edəcəyik və sairə. Amma bu yalandır! Ümumiyyətlə, çirklənmiş torpağın rekultivasiyası çox çətindir. Bu bahalı texnologiyadır və çox zaman da effekt vermir. Ona görə də çirklənmiş torpaqları itirilmiş torpaqlar hesab edirik və onlar həmişə çirklənmiş olaraq qalır.
Məsələn, 1890-cı illərdən 1950-ci illərdə torpaqda göl düzəldirdilər, neft axırdı açıq hovuzlara. Onun bir hissəsi torpağa qarışırdı".
Ekspert qeyd edib ki, hazırda Bakının kanalizasiya şəbəkəsi çox ağır vəziyyətdədir: “90-cı illərə qədər Bakının kanalizasiya şəbəkəsi indiki kimi deyildi, nisbətən daha yaxşı idi. Lakin məlum hadisələrdən sonra 90-cı illərin əvvəllərində Bakını çox böyük qaçqın dalğası bürüdü. Bu hadisələr mənim gözlərimin önündə cərəyan edib. İşğal edilmiş rayonlardan gələn vətəndaşlarımız Bakıda böyük əraziləri, xüsusilə Masazır, Saray, Abşeron yarımadasının şimal istiqamətində olan böyük əraziləri zəbt edir, özlərinə həyət yeri düzəldir, sonra da həmin əraziləri çox kiçik ölçülərə bölüb, satırdılar. Bu zaman burada nə kanalizasiya şəbəkəsi, nə mərkəzləşdirilmiş su xətləri, nə də qaz olurdu. Kanalizasiya sularının axıdılması ilə bağlı da istədikləri kimi davranırdılar. Nəticədə indiki vəziyyət yarandı.
Bu məsələdə bələdiyyələrin rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, zamanında bələdiyyələrimiz torpaq satmaq üçün sanki yarışa girirdilər, kiçik bir ödəniş müqabilində qeyri-qanuni də olsa bələdiyyə sənədləri verir və insanlar da orada ev tikirdilər. Evi tikəndən sonra başa düşürdülər ki, kanalizasiya şəbəkəsi, su xətti yoxdur və sairə".
Rövşən Abbasovun sözlərinə görə, hazırda Abşeron yarımadasının şimal hissəsində, Türkan, Zirə istiqamətlərində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur: “İndi düşünməliyik ki, bu vəziyyətdən necə çıxmaq olar. Deyim ki, vəziyyətdən çıxmaq asan məsələ deyil, bu bir bataqlığa bənzəyir. Sanki problemin bataqlığına düşürsən, onları həll etmək əvəzinə yalnız qısa həllər axtarırsan və sanki "keyləşdirici" həllər tapırsan. “Keyləşdirici” həllə dedikdə, yəni, problemi qısamüddətli həll edirsən, amma sonra yenidən üzə çıxır.
Hətta bu gün dövlət büdcəsindən xeyli miqdarda pul ayrıla, planlaşdırılma aparılsa belə bu prosesi tamamlamaq üçün ən azı 10-15 il vaxt lazımdır ki, Bakı şəhərini tamamilə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşaq. Çünki küçələr çox dardır, əksər tikintilər özbaşına tikilib, aylarla davam edəcək qazıntı işləri aparılmalıdır və sairə.
Təbii ki, bu istiqamətdə işlər görülür. Məsələn, hazırda Pirşağıda 11 qəsəbəni birləşdirəcək sutəmizləmə qurğularının tikilib başa çatdırılması artıq yekunlaşır. Demək olar ki, bəzi xətlər artıq işə düşüb".
Ekspert Bakı ərazisində yerləşən göllərin demək olar ki, hamısına çirkab suları axıdılıdığını deyib: “Bu göllərin sağlamlaşdırılması üçün çox təbii həllər tapılmalıdır”.
Rövşən Abbasov həmçinin bu məsələdə korporativ məsuliyyətin önəmli olmasını vurğulayıb: “Korporativ məsuliyyət çox yaxşıdır, amma bu məsuliyyətin yaranma etapları var. Uğurlu nəticə əldə etmək üçün hökmən ilkin etaplarda məcburetmə mexanizmi işlənilməlidir. Məcburetmə mexanizmi olduqdan sonra tədricən bu məsuliyyət yaranır.
Nazir müşaviri düzgün qeyd edir ki, ekologiya müfəttişləri zavoda girə bilmir, çünki onların ixtiyarı yoxdur. Bu, artıq ciddi problemdir. Əslində bu istiqamətdə nazirliyin səlahiyyətləri artırılmalıdır. Nazirlik əməkdaşları müəssisələrə daxil olub, monitorinqlər apara bilmirlər ki, nə qədər çirkab suları axıdılır. Hesab edirəm, bu barədə düşünülməlidir".
Xəbər 3512 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|