2020-ci ilin iyul ayında baş verən "Tovuz döyüşləri" Azərbaycan gənclərini ayağa qaldırdı, hamı qisas, müharibə istəyirdi. O gənclərdən biri də kasıb ailəsini, yaşlı ata-anasını sıxıntılardan xilas etmək üçün az qala iki növbə işləyən Elnur Talıbov idi. Elnur müharibədə iştirak etmək üçün könüllü olaraq Hərbi komisarlıqdan qeydiyyatdan keçsə də döyüşə göndərilmir.
2020-ci il sentyabrın 21-də Elnur Lerik rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılır və dərhal döyüş bölgəsinə yola salınır. Müharibənin ilk günüdən etibarən döyüşdə yüksək qəhrəmanlıq və şücaət göstərən Elnur düşmənə aman vermir. O, düşmənə sinə gərir, sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir.
Elnur Talıbovu tanıyaq
Elnur Gəgiş oğlu Talıbov 1996-cı ilin 26 dekabrında Lerik şəhərində anadan olub. 1998-ci ildə valideynləri ilə birgə Lənkəran şəhərinə köçüblər. 6 nəfərdən ibarət ailə olublar. Uşaqlıq illəri Lənkəran şəhərində keçib. 2003-cü ildə Lənkəran şəhər 9 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub.
2015-ci ildə Lerik rayon Hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elnur Pirişgül qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-ci ilin "Aprel döyüşləri"ndə göstərdiyi xüsusi qəhrəmanlığa görə “Təşəkkürnamə” və “Fəxri fərman”la təltif olunub. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdıb.
2020-ci il sentyabrın 21-də Elnur Lerik rayon Hərbi Komissarlığı tərəfindən çağırılır və döyüş bölgəsinə yola salınır. Müharibənin ilk günüdən etibarən döyüşdə yüksək qəhrəmanlıq və şücaət göstərən Elnur düşmənə aman vermir.
Qəhrəman Elnur oktyabrın 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olur. Bütün şəhidlər Füzuli xəstəxanasına gətirildiyi üçün, Elnur də ora gətirilir, lakin Elnur naməlum şəhidlərin sırasında olur. Nəhayət Elnurun nəşi dəqiqləşir və noyabr ayının 1-də Lənkəran şəhərində, "Kiçik Bazar" adlanan qəbiristanlığda böyük izdihamla dəfn edilir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan Elnur Gəgiş oğlu Talıbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Mənə yalvardı, dedi ana icazə ver gedim
Şəhidin atası Gədiş Talıbov qeyd edib ki, Elnur Lerik rayonunda anadan olsa da Lənkəranda boya-başa çatıb: “Lənkərandan da əsgər yola saldıq, “Aprel döyüşləri”nin iştirakçısı olub. İkinci Vətən Müharibəsi başlayanda Cənab Prezident qismən səfərbərlik elan etdi. Digər gənclərimiz kimi Elnur da müharibəyə getdi və bir çox döyüşlərdə qəhrəmancasına vuruşdu. Tez-tez telefonla danışırdıq, hər şeyin yaxşı olduğunu bildirdi. Sən demə hər şey heç də yaxşı deyilmiş. Oktaybrın 6-da şəhid olsa da adı naməlumlar siyahısında olduğu üçün gec tapdıq və noyabrın 1-də dəfn etdik. Qardaşım oğlu Qazidir, sənədlərini düzəltmək üçün Füzuli rayonunda hospitala getmişdi, Elnurun adı siyahıda olmasa da nəşini görüb tanımışdı. Mənə xəbər verdilər ki, Elnuru tapmışıq, gətiririk”.
Şəhidin anası Gülçöhrə Əliyeva Lənkəranda olmasa da onunla telefonla əlaqə saxladıq. Şəhid anası bildirdi ki, kasıbçılıqdan, işsizlikdən illər əvvəl Lerikdən Lənkərana köçüblər: “Elnur şıltaq və gülərüz övlad olub, amma dalaşqan olmayıb. Hər sözü gülə-gülə deyərdi. Heç kimdən inciməz, heç kim də ondan inciməzdi. Toy adı ilə Hərbi komissarlığa gedib könüllü yazılmışdı. Vaxtı çatdı apardılar, həqiqi hərbi xidmətini qüsursuz başa vurdu. O “Aprel döyüşləri”ndə iştirak etmişdi, amma bizə deməmişdi. Gələndən sonra xəbərimiz oldu, “Təşəkkürnamə”ləri bizə göstərdi. Sonra dedi ki, ana müddətli hərbi xidmətə getmək istəyirəm, açığı icazə vermədim. Baxmayaraq ki, həvəsli idi. Ona görə icazə vermədim ki, bizdən uzaq düşəcəkdi, darıxacaqdım. Sənədlərini versə də geri götüzdürdüm. Sonra dedi ki, aşbaz olmaq istəyir, yaxşı yemək bişirmək qabiliyyəti var idi. Amma ona da icazə vermədim, dedim bu iş sənlik deyil. Bu dəfə sənədlərini Hərbi Polisə verdi. Yanvar ayında yer açılacaq və işləyəcəkdi. Bütün qazancını evə verərdi, hətta atasına da zarafatla deyərdi ki, gəl qazancımızı “komandirə” (anasını nəzərdə tuturmuş) verək. Heç bir zərərli vərdişlə arası yox idi. Qardaşı Kərbəla ziyarətinə gedəndə dayısını da ona qoşdu. Dedi ki, ana gələn il biz bir yerdə gedərik”.
G.Əliyeva bildirib ki, 2020-ci ilin sentyabrın 21-də onlara zəng gəlib: “Dedilər ki, təlimdi, çağırırlar, amma bir az səbr elə. Qardaşına bildirdi ki, mən getməliyəm, məni heç kim saxlaya bilməz. Qoymursunuzsa gedin anamın paltarını gətirin geyim… Biz ona mane ola bilmədik. Mənə yalvarmağa başladı, dedi, ana icazə ver gedim. Başqa yolumuz yox idi, bizi fakt qarşısında qoydu. Dedi ki, Polad Həşimovun ailəsi, anası yoxdurmu? Gecə saat 1-də, yağışlı havada onu yola saldıq. Davamlı olaraq danışırdıq, heç nə demirdi. Sonra şəhid xəbəri gəldi, bir müddət nəşini tapa bilmədik. Sonra gətirdilər və Lənkəranda dəfn etdik”.
Evimizdən bayraq asın, atam-anam sənə əmanət
Şəhidin qardaşı Şaiq Talıbov Elnurun Vətənə, torpağa bağlı bir gənc olduğunu söyləyib: "Hələ uşaq yaşlarında hərbiyə meyilli idi. Orta məktəbdə hərbi yönümlü idman oyunlarında çox fəal iştirak edirdi. Həqiqi hərbi xidmət dövrü “Aprel hadisələri”nə təsadüf etdi, Elnur da bu döyüşlərdə qəhrəmanlıq göstərdi, “Təşəkkürnamə”, “Fəxri Fərman”la təltif olundu. Hərbi xidməti başa vurduqdan sonra Lənkərana qayıtdı, burda müxtəlif işlərdə çalışdı. Sonra Hərbi Polis olmaq üçün sənədlərini topladı, amma qismət olmadı. Polad Həşimov şəhid olandan sonra Elnur da könüllü olaraq adını orduya yazdırdı və sentyabrın 21-dən təlimlərə qoşuldu”.
Ş.Talıbov qeyd edib ki, Elnur onunla telefonda danışanda vəsiyyətini də edibmiş: “Dedi ki, bura giriş var, çıxış yoxdur, qızğın döyüşlədə iştirak edirik. Bilmək olmaz sabah nə baş verəcək. Onunla sonuncu dəfə sentyabrın 29-da danışdıq. Mənə "evimizdən bayraq asın, atam-anam sənə əmanət. İnşəallah oğlun olsa, ona mənim adımı qoyarsan" vəsiyyətini etdi. Onun döyüş yoldaşlarının dediklərinə görə, Elnur döyüşdə mərdliklə, igidliklə iştirak edib. Qarşısı alınmaz bir qəhrəman olub, düşmənə çoxlu sayda sarsıdıcı zərbələr endirib. Ancaq irəliyə doğru hərəkət etməyini fikirləşib".
Şaiq deyir ki, Elnur əvvəldən də torpaqların sülh yolu ilə qaytarılacağına inanmayıb: “Deyirdi ki, müharibə qaçılmazdır, biz nəyi gözləyirik? O ermənilərin 1992-ci ildə törətdiklərini həzm edə bilmirdi. Hətta sosial şəbəkələrdəki səhifəsində ancaq müharibəni təbliğ edirdi”.
Müəllimləri hər zaman ona inanırdı
Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Gülşən Məmmədova bildirib ki, Elnur həddindən artıq intizamlı şagird olub: “O, əlaçı olmasa da çalışqan idi. Dərsə heç vaxt hazırlıqsız gəlməyib, dərs prosesini pozmayıb. Biz müəllimləri hər zaman ona inanardıq. Elnur məktəbimizdə təşkil olunan hərbi idman oyunlarında fəal iştirak edir, yarışlara qatılırdı. Həm də qeyrətli oğlan idi. O məktəbdə olanda kənar şəxslərdən heç kim məktəbin ərazisinə daxil ola bilmirdi. Bir dəfə bizim məktəbə aidiyyatı olmayan bir nəfərlə dalaşmışdı, direktor onu yanına çağırdı, səbəbini soruşdu, o da dedi ki, həmin adam məktəbin həyətində söyüş söyüb… Baxın Elnur belə oğlan idi. Mən düşünürəm ki, onu cəbhəyə qeyrəti apardı. Haqsızlığa, ədalətsizliyə qarşı amansız idi. Torpaqlarımızın düşmən tapdağı altında qalması ilə barışmırdı”.
G.Məmmədova qeyd edib ki, hazırda ölkədə anım günlərinin qeyd olunduğu bir zamanda onlar da şəhidləri yad edirlər: “Bu günlərdə şagirdlərlə vətənpərvərlik mövzusunda daha sıx işləyirik. Onlara Vətən müharibəsi şəhidləri, o cümlədən də məktəbimizin şəhidləri haqqında informasiyalar veririk. Məktəbin həyətində onlar üçün Bulaq kompleksi inşa etmişik. Həm Birinci Qarabağ, həm də ikinci Qarabağ şəhidləri həmin kompleksdə yer alıb”.
Anam nə istəsə verin, qayıdanda pulunu ödəyərəm…
Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini və şəhid Elnur Talıbovun Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Bəşirova bildirib ki, Elnur sağlamlığı ilə bağlı 5-ci sinifdə evdə təhsil alıb, həftənin müəyyən günlərində isə məktəbə gəlirmiş: “Bu onun digər şagird yoldaşlarına qaynayıb-qarışması, sosiallaşması üçün idi. Xəstəliyindən dolayı ayaqları, əlləri bəzən şiş olurdu və bu hal ona xüsusi gözəllik verirdi. Onun ətrafında oğlanlardan çox qızlar var idi, hamı onu çox istəyirdi və sanki səbirsizliklə onun məktəbə gəlişini gözləyirdilər. O həmçinin təmkinli, mədəni şagird idi. Biz həm də eyni məhəllədə yaşayırdıq, məhəllədə belə yüksək tonla danışdığını görməmişdik. O əsgər gedəndə gəlib məhəllədəki dükana və xahiş edib ki, anam nə istəsə verin, mən qayıdanda borcumuzu ödəyərəm… Diqqət edin, ailənin maddi çətinliyi var, amma Vətən də darda. Elnur bir Ananı burda qoyur, digər Ana üçün mühribəyə gedir. Ana Vətən onun üçün görün nə qədər əziz olub. Əslində o iki növbə işləyib ailəni saxlayar, getməyə də bilərdi, amma Vətənə sevgi hissi mən deyərdim ki, bioloji Anaya sevgidən daha üstün oldu və Elnur döyüşə getdi… Elnurun şəhid xəbəri hamımızı sarsıtdı, həm də qürurlandıq. Biz onu və məktəbimizin digər şəhidlərini hər zaman yaxşı xatırlayacağıq. Allah rəhmət eləsin”.
Anam hər zaman onu mənə nümunə gətirərdi
Şəhidin dostu Teymur Əlizadə Elnur haqqında maraqlı xatirələrini paylaşıb: “Elnur da, mən də deyib gülən idik. Orta məktəb illəri və ondan sonra bir yerdə olmuşuq. Anamın da ən çox sevdiyi dostlarımdan idi. Elnur zəhmətkeş olduğu üçün anam ona çox hörmət edirdi. Mən onu tanıyandan o işləyir, pul qazanırdı. Hətta anam onu mənə hər zaman nümunə gətirərdi. Biz yalnız mən ali təhsil almaq üçün Bakıya gedəndə ayrı düşdük, amma Lənkərana gələndə həmişə görüşərdik. Arzuları çox idi, tez evlənmək, ailə qurmaq istəyirdi. Sevməkdə sərhədləri geniş, ürəyi açıq idi (gülür). Sirlərimizi bir-birimizlə bölüşərdik. Hər zaman olduğu kimi görünərdi. Heç vaxt özünü şişirtməz, şən və açıq sözlü, sadə və mərd olduğu üçün hamı tərəfindən sevilərdi. Biz ailəvi get-gəl edən dostlardan olmuşuq, xatirələrimiz danışmaqla bitməz. Hərdən anamla Elnurdan danışırıq, onu xatırlayırıq”.
Teymur deyir ki, Elnur dövlət işində işləməyi arzulayırdı: “Bir yerdə sənədlərimizi Hərbi Polisə verdik. O daha çox fövqəladədə işləməyi arzulayırdı, ömür vəfa etmədi. Müharibəyə getməyi heç kimə deməmişdi, şəxsən mənim 20 gündən sonra xəbərim oldu. Dostum döyüşlərdə şücaət göstərib və şəhid olub. Xəbəri eşidəndə Bakıdaydım, dostlardan biri zəng vurub dedi. İnanmadım, daha doğrusu inanmaq istəmədim, dərhal rayona gəldim, dəfnə özümü çatdırdım. Elnursuz indi həm ailəsi, həm də dostları üçün çox çətindir. Amma burda şəhidlik məqamından söhbət gedir. Elnur Vətən, torpaq üçün şəhid olub və Cənnəti qazanıb. İndi onun yeri hamımızın yerindən rahatdır. Allah rəhmət eləsin”.
Şəhidin digər dostu Cavid Nuriyev deyir ki, Polad Həşimov şəhid olanda hamımız narahat olduq, amma Elnur hamıdan daha çox narahat idi: “Dedi orduya gedirəm, sosial şəbəkələrdə paylaşımlar etdi. Biz onu yola saldıq, gedəndə qürurlu idi. O sanki şəhid olacağını bildirdi. İnstaqramda Baqir Mənsurun bir mərsiyyəsini də paylaşmışdı. Ümumiyyətlə paylaşımları daha çox Vətən, şəhidlik məqamı haqqında idi. Mərd oğlan idi, heç nədən qorxmurdu. Bir-iki dəfə telefonda danışdıq. Onun şəhid xəbərini qardaşından öyrəndim. Əlbəttə, bizim üçün ağırdır, amma təsəlli yerimiz də var, dostumuz şəhid olub”.
Sonda qeyd edək ki, Elnurun ailəsi hazırda Lənkəran Şəhidlər Xiyabının yanında şəhid ailələri üçün inşa edilmiş binada yaşayır. Uşaq vaxtı Elnurun xəstəliyi səbəbindən evlərini satan və illərlə kirayədə yaşayan Talıbovlar ailəsinə Elnur ölümü ilə “ev borcu”nu qaytarıb. Hətta Elnurun nəşi də kirayədə yaşadıqları evdən götürülübmüş.
Allah rəhmət eləsin!
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 3171 dəfə oxunub.