İcra başçısının qəsəbə üzrə nümayəndəsinin müavini qanunsuz tikiliyə rəhbərlik edir
Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini xüsusi istintaq qrupu araşdırdığı bir vaxtda Biləcəri qəsəbəsində daha bir qanunsuz tikinti aparılmaqdadır. XəzərNews.az bildirir ki, bu barədə musavat.com-a Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 22 “a” və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binaların sakinləri məlumat veriblər.
Sakinlər deyiblər ki, 3 binanın həyətində olan 4 sotluq yaşıllıq sahədə 30-dan çox ağac məhv edilib və ərazidə təyinatı naməlum tikili ucaldılır. Bununla bağlı sakinlər Binəqədi Rayon İcra Hakimiyyətində olublar. Onları qəbul edən Namiq Məmmədov məsələdən xəbərsiz olduqlarını deyib. Sonradan isə ağacların məhv edilməsi hesabına aparılan tikintinin dayandırılması üçün hər hansı bir addım atılmayıb. Sakinlər deyirlər ki, tikintini aparan Orxan və Murad adlı şəxslərdir. Orxan özünü sakinlərə Binəqədi İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini kimi təqdim edir. Sakinlərin etirazları, müraciətləri qulaqardına vurulur. Onların sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət edərək ərazidə tikintinin dayandırılmasını və ağacların əkilməsini tələb ediblər.
İddia ərizəsini imzalayan 30 sakin qeyd edib ki, binalarla əhatə olunan həyətyanı sahədə 40 il əvvəl ağcaqayın, qovaq, şam, küknar, söyüd, əncir, tut, gilənar, nar, zeytun və iydə ağacları əkilib və sakinlər tərəfindən onlara qulluq edilib. 2017-ci ilin mayına qədər sakinlər zəngin, göz oxşayan yaşıllıq ehtiyatı hesabına öz gündəlik istirahətlərini, azyaşlı uşaqlar, yeniyetmələr mənalı və sağlam əyləncələrini qurublar. 13-14 may 2017-ci il tarixində şənbədən bazar gününə keçən gecə saatlarında səssiz kəsici elektrik aləti ilə bir dəfəyə13 ağac kəsilib. Sakinlər bu haqda 6-cı polis şöbəsi, yerli Bələdiyyə və ETSN-in Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinə məlumat veriblər. Sakinlər qeyd edirlər ki, ağaclar kəsilməzdən 1 il əvvəl ərazi Eldar Rəhimov tərəfindən zəbt olunub. Sonradan isə ərazi alqı-satqı müqaviləsi əsasında Tellər Məmməd qızı Məmmədovaya satılıb. Ağaclar kəsiləndən sonra onların şikayətlərinə əsasən Eldar Rəhimov cərimələnib. Ərazidə tikinti işlərinin aparılması dayandırılıb. Ötən ilin may-sentyabr aylarında sakinlər kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkiblər. Sakinlər deyir ki, 2017-ci ilin 3 oktyabrında həyətə yenidən tikinti materialları daşınıb və ərazi çəpərlənib. İçəridə qalan ağacların yenidən kəsilməsinə başlanıb. Sakinlərin etirazlarına və dövlət qurumlarına müraciətlərinə rəğmən ərazidə gecə-gündüz fasiləsiz tikinti işləri aparılır. Ərazidə olan dövlət qurumlarının təmsilçilərinə sahibkarın naməlum nümayəndələri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətindən verilmiş 14.09.2017-ci il tarixli 418 nömrəli sərəncam göstərilir. Burada Şəhərsalma və Tikinti Məcəlləsinin və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.07.2017-ci il tarixli, 18/03-8/1869 saylı məktubu əsasında Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində vətəndaş Tellər Məmməd qızı Məmmədovaya qeyri-yaşayış obyektinin tikintisinə icazə verildiyi göstərilir. Lakin onların təqdim etdikləri heç bir sənəddə konkret ünvan, küçə, küçənin nömrəsi qeyd edilməyib. Sakinlər deyir ki, cavabdehlərin hərəkətlərini özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə halı kimi qiymətləndirirlər.
Yada salaq ki, bu ilin əvvəlində Binəqədi Rayon İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərilib. İstintaqçılar rayon ərazisində aparılan tikintilərin qanuniliyini, ekologiyaya vurulan ziyanla bağlı görülən tədbirlərin müvafiq qanunvericiliyə uyğun olub-olmaması və rayonun rəhbər vəzifəli şəxslərinin qəbul etdikləri qərarların qanunlarla uzlaşıb-uzlaşmamasını yoxlayırlar. Xəbər verdiyimiz kimi, təcrübəli müstəntiqlərdən ibarət qrup vaxtilə təcili yardım stansiyası üçün inşa edilən və tikintisi yarımçıq qalan binanın həyətində aparılan qanunsuz tikintilər və Zeytunluq deyilən ərazidəki ağacların kəsilməsi, Azadlıq prospektində yaşıllıqların məhvi ilə bağlı faktlar toplayır, rayon sakinləri sorğu-sual olunur. Bu günə qədər Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə səlahiyyətlisinin də rayonda baş verən cinayət xarakterli əməllərlə bağlı dindirildiyi bildirilir. Qaynağımız bildirib ki, istintaq qrupu yanvarın 5-6-da Binəqədi rayonuna ezam olunub və bu günə qədər topladığı çox ciddi faktlar var.
X.İsgəndərov bir müddət əvvəl ətrafındakıları başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili səliqəyə salmalarını tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. Bundan sonra rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar.
Buna baxmayaraq, tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefon zənglərimiz cavabsız qaldı.