25.10.2018 18:12
“O adamlara yazığım gəlir” - Hadi Rəcəbli
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin doğum günüdür. Deputatın 71 yaşı tamam olur.
Hadi Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Siyasi elmlər doktoru, professordur. "Əmək igidliyinə görə" medalı (1976), "Əmək rəşadətinə görə" medalı (1977), "Şərəf" nişanı (1986), "Şöhrət" ordeni (2007), İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilib. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Evlidir, 4 övladı, 10 nəvəsi var.
Modern.az saytı Hadi Rəcəblidən doğum günü ilə bağlı təəssüratlarını öyrənib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:
- Hadi müəllim, öncə sizi doğum gününüz münasibətilə təbrik edirik. Maraqlıdır, Hadi Rəcəbli doğum gününü necə keçirməyi planlaşdırır?
- Bu gün həm də mənim sonuncu nəvəm Fərhadın anadan olmasından 3 ay ötür. Hesab edirəm ki, ailə üzvlərim və yaxınlarımla birgə bu günü qeyd etmək daha düzgün olar. Ümumiyyətlə, bizim ailədə ad günü keçirmək artıq bir ənənə halına çevrilib. Və bunun çox yaxşı bir ənənə olduğunu düşünürəm. Əzizlərimdən eşitdiyim xoş sözlər məndə yaşamaq eşqini daha da artırır. Əslində doğum günüm doğmaların və əzizlərin bir yerə toplaşması üçün bir bəhanədir.
- Bəs, sizi ilk təbrik edən kim olub?
- Mənim bu gün ad günümü ilk təbrik edən böyük oğlum Vüsal Rəcəbli olub. O, saat 00:01-də məni təbrik edib. Daha sonra isə ailə üzvlərimin hamısı məni təbrik edib. Dost-tanışlardan da doğum günümü təbrik edənlər var. Bu gün səhər tədbirdə də iştirak etdim və orada da məni təbrik edənlər oldu. Minnətdaram ki, Modern.az saytının əməkdaşlarının da yadından çıxmamışam. Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var. Belə sözləri eşitmək də məni sevindirir. Mən daha çox ona sevinirəm ki, zəhmətim olan insanların yadından çıxmamışam və hər zaman onların diqqətindəyəm.
- Çox adam yaşının üstünə yaş gəldikcə, qocalmaqdan qorxur. Bəs sizdə vəziyyət necədir?
- Şükürlər olsun ki, bu günə kimi nə yerişimdə, nə duruşumda, nə də səhhətimdə problem olub. İnsanın ruhu cavan olmalıdır. Mən uşaqlıqdan bu yana idmanla məşğul olmuşam. Bu gün də idman mənim həyatımın bir hissəsidir. Mən hər günümün yarım saatını tezdənlər idmana sərf edirəm. Xüsusi proqramım var və o idmanları edirəm. Göz dəyməsin, hələ ki, dava-dərmana möhtac olmamışam.
- Bizə maraqlıdır, parlament üzvlərindən Hadi Rəcəblini kimlər təbrik edib, kimlər yox?
- Parlament cameəsindən də məni təbrik edənlər var. Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və bir qrup deputat, komitəmizin üzvləri, ekspertləri məni təbrik ediblər. Bütün Milli Məclis üzvlərinin hamısı məni təbrik edə bilməz axı?
İnsanın bu yaşda uğuru hesab edirəm ki, onun övladları və nəvələridir. Mənim 10 nəvəm var. Onların 2-si ali təhsilini başa vurub, 3-ü hazırda universitetdə oxuyur, digər nəvələrim isə orta məktəbdə oxuyurlar. Onların hamısı əlaçıdır, 3 dil bilirlər. Övladlarım da özlərini hər zaman yaxşı aparırlar. Təmkinlidirlər, ələbaxan deyillər və ən əsası zəhmətkeşdirlər.
- Bəs hökuməıtdən - nazirlərdən, komitə sədrlərindən doğum gününüzü təbrik edənlər olubmu?
- Bəli olub. Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslərdən məni təbrik edənlər var. Bu gün iclasda olduğum üçün telefonum bağlıydı. Telefonumu açanda gördüm ki, mənə 82 zəng gəlib. Hazırda da təbrik zəngləri, mesajlar gəlməkdədir.
- 71 ildir həyat yolu gəlirsiniz. Geriyə dönüb baxdığınız zaman yaşadığınız ömrü necə qiymətləndirirsiniz?
- Təəssüf etdiyim heç bir hal yoxdur. Danışıqlarımda, hərəkətlərimdə, ifadələrimdə indiyə qədər heç vaxt nöqsana yol verməmişəm. Amma çox təəssüflər olsun ki, bu gün dövlətini sevməyən, onun uğurlarına sevinməyən adamlar var. Mən hər zaman hakimiyyətin, dövlətimizin yanındayam. Bütün fəaliyyətim xalqımızın güzəranının yaxşılaşdırılmasına birbaşa bağlıdır. Heç vaxt boşboğazlıq etməmişəm. Parlamentdə kiminsə xoşuna gələcək söz deməmişəm. Seçicilərimlə keçirdiyim görüşlərin hamısını reklam etməmişəm.
Mən ulu öndər Heydər Əliyevin kadrıyam, möhtərəm prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edirəm. Ancaq həyatda bəzi şeylərin olmasına təəssüf edirəm. Bəzən haqqımda 90-95 faizi iftira, uydurma olan yazılar çıxır. Bu da mənim əhvalımı bir az korlayır. Bu mənada ki, mənim o adamların özlərinə və dünyagörüşlərinə yazığım gəlir. Onlar işlə məşğul olmaq əvəzinə, dedi-qodu etməklə məşğuldrular. Bu da adamda təəssüf hissi doğurur. Peşəkar siyasətçi olduğuma görə təəssüf ki, belə yalanlarla, çirkablarla üzləşirəm. Ən əsası odur ki, zaman hər şeyi öz yerinə qoyur, Allah hər şeyi tənzimləyir və prezidentimiz də hər şeyi görür və bilir.
Xəbər 3388 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|