Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


23.12.2023  09:48 

Əli Həsənov : “İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yoxdur”





A+  A-

“Məlum olduğu kimi, 2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Hakim partiya bu seçkilərdə Cənab İlham Əliyevin namizədliyini irəli sürmüşdür və 7 fevralda onun mütləq səs çoxluğu ilə qalib gələcəyinə Azərbaycanda heç kimin şübhəsi yoxdur”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə Prezidentin sabiq köməkçisi Əli Həsənov çıxış edib.

Ə.Həsənov bildirib ki, o da Heydər Əliyev siyasi məktəbində 30 il silahdaş olaraq çiyin-çiyinə xidmət göstərdiyi və 17 il bilavasitə yanında çalışdığı Prezident İlham Əliyevin namizədliyini tam dəstəkləyir:

“Çoxillik müşahidələrim əsasında onun əsl vətəndaş, siyasətçi və prezident keyfiyyətləri ilə bağlı məxsusi düşüncələrimi oxucularımla paylaşmaq istəyirəm. 30 illik şəxsi müşahidələrim əsasında ərsəyə gəlmiş mövcud məqalə fikrimcə, həm hazırkı seçki marafonunda təmsil olunan maraqlı dairələr, həm hakim partiyanın çoxsaylı təbliğatçıları, həm də seçki prosesində iştirak edən vətəndaşlar üçün müəyyən maraq kəsb edəcəkdir”.

Xəzərnews.az həmin məqaləni təqdim edir:

* * *

Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanmış İkinci Qarabağ müharibəsi cəmi 44 gün sonra- noyabrın 10-da Şanlı Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu müharibə son əlli ildə dünyada yaşanan oxşar müharibələr içərisində “qısa müddətdə effektli sonluqla yekunlaşan müasir tipli müharibə nümunəsi” kimi tarixə düşdü. Bu gün tam məsuliyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan- Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda həyata keçirdiyi VƏTƏN MÜHARİBƏSİ dünyanın çoxsaylı hərbi və siyasi tarix kitablarına daxil edilərək, həmişə xalqımıza xüsusi qürur hissi yaşadacaqdır!

QURUCU LİDER - QALİB PREZİDENT!

Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi 90-cı illərin əvvəllərində daha da aqressivləşmiş, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilmiş, 1 milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdi. Eyni zamanda, SSRİ-nin süqutu ilə respublikanın ənənəvi iqtisadi və ticarət əlaqələri pozulmuş, maliyyə-iqtisadi və siyasi böhran dərinləşmişdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli birlik və vətəndaş həmrəyliyi yaradıldı, cəmiyyət həyatının bütün sahələrində yenidənqurma prosesi başlandı. Müstəqil dövlətimizin qurucusu və banisi, ümummilli liderimiz Heydər Əliyev 17 ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik ənənələri, şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan Respublikası inkişaf edir və yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu yəqin edən Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək, 76,8 faiz səslə onu Prezident seçdi. Bu tarix həm də ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təməli qoyulan, 1991-ci ildən isə yenidən bərpa edilən milli demokratik dövlətçilik tariximizin xüsusi mərhələsinin başlanğıcı kimi xarakterizə oluna bilər.

İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və güclü etibar qazandırdı. Elə bu səbəbdən 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən növbəti prezident seçkilərində də İlham Əliyev Azərbaycan xalqının böyük dəstəyi ilə yenidən inamlı qələbə qazandı.

Siyasətşünasların qənaətinə görə, Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsi və ölkənin onun müəyyənləşdirdiyi inkişaf yolu ilə getməsinin qarantı rolunda məhz Ümummilli Liderin “özü qədər inandığı və yüksək liderlik keyfiyyətlərinə güvəndiyi” İlham Əliyev çıxış edə bilərdi. Sonrakı proseslər də sübut etdi ki, müasir Azərbaycan dövlətinin xilaskarı və banisi Heydər Əliyev öz seçimində qətiyyən yanılmayıb və onun siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev öz ölkəsini sonrakı dinamik inkişaf yoluna çıxara bilmiş, yeni idarəçilik modeli ortaya qoyaraq AZƏRBAYCANIN QURUCU LİDERİ kimi özünü təsdiq etmişdir.

Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi, siyasi plüralizmi, demokratik təsisatları və vətəndaş cəmiyyəti institutlarını daha da möhkəmləndirmiş, əhalinin təhlükəsizliyini, insanların hüquq və azadlıqlarının qorunmasını və ölkənin əmin-amanlığını təmin etmişdir. Bununla yanaşı, haqqında bəhs olunan dövrdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli layihələrin reallaşdırılması, ictimai və mənəvi həyatın modernləşdirilməsi, təsərrüfat və turizm sektorlarının genişləndirilməsi, şəhər və kəndlərin, xidmət və infrastrukturların yenilənməsi və s. sahələrdə geniş yenidənqurma işləri həyata keçirilmişdir. Görülən işlər qısa zaman kəsiyində vətəndaşların rifah halının getdikcə yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, bazar iqtisadiyyatına çətin uyğunlaşan şəhid ailələrinə, müharibə veteranları və əlillərə, qaçqın və məcburi köçkünlərə, elm və təhsil işçilərinə qayğının artırılmasına, ordu quruculuğuna, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına, milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsinə, gənclər və idman siyasəti sahələrində yeni-yeni uğurların qazanılmasına şərait yaratmışdır.

Bununla yanaşı, İlham Əliyevin Prezident olduğu keçən dövr ərzində digər əsas daxili inkişaf parametrləri – makroiqtisadi sabitlik, iqtisadi islahatların aparılması, sosial və mənəvi təminat sisteminin dinamikasının təmin edilməsi, müsbət demoqrafik vəziyyətin qorunması, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin səmərəliliyi və digər bir çox sahələr üzrə də Azərbaycan region ölkələri arasında ön sıralara çıxa bilmişdir. Keçirilmiş islahatlar və qazanılmış uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilib və edilməkdədir.

İlham Əliyev bütün bu uğurlara necə nail olmuş, hansı şəxsi və siyasi keyfiyyətləri onun QURUCU LİDER imici qazanmasına imkan vermişdir? Bu məqalədə İlham Əliyevin 17 illik prezidentlik fəaliyyəti dövründə onun bəzi siyasi portret cizgiləri haqqında şəxsi mülahizələrimi oxucuların diqqətinə təqdim edəcəyəm.

Əvvəlcə siyasi ədəbiyyatda lider təsnifatına qısa nəzər salmaq istərdim. Görkəmli alman sosioloqu Maks Veberə görə, bütün dövrlərdə siyasi liderlər üçün üçün üç əsas xüsusiyyət həlledici hesab olunub:

1. Fədakarlıq (özünü işinə və amallarına həsr etmək);
2. Öz amalı və işi qarşısında məsuliyyət hissi daşımaq;
3. Yüksək daxili inam və təmkin qabiliyyətinə malik olmaq, reallıqların təsiri və təzyiqinə qarşı təmkinli davranmaq, hadisələrin fövqünə qalxa bilmək.


Maks Veberin fikrinə görə, hər bir siyasətçi bu keyfiyyətlərə nə qədər çox malik olursa, o lider mövqeyinə daha çox yaxınlaşır və yüksəlir.

Tanınmış amerikalı alim, dünyada siyasi psixologiya üzrə aparıcı mütəxəssislərdən sayılan Marqaret C.Herman isə siyasi liderləri belə təsnif edir:

1. Lider-bayraqdar: bu tip liderlərin öz orijinal siyasi hədəfləri olur və həmin hədəflər naminə insanları öz arxasınca aparmaq bacarığına malik olurlar;

2. Lider-xidmətçi: bu tip liderlər öz ardıcıllarının maraqlarını dəqiq ifadə edərək, həmin maraqları məsuliyyətlə realizə etmək qabiliyyətinə malik olurlar.

Qeyd olunur ki, xidmətçi liderlər öz xalqının maraqlarının ardıcıl ifadəçisi kimi çıxış edərək, qətiyyətli və mütəşəkkil formada həmin maraqları müdafiə və təmin edirlər.

Praktikada belə liderlər seçicilərinin ehtiyac və tələblərini, inamlarını və gözləntilərini daim öyrənir və nəzərə alaraq fəaliyyət göstərirlər. Məhz xalq-seçici və onun maraqları bu tip liderlər üçün əsas fəaliyyət istiqamətlərini və məqsədlərini formalaşdırır.

Siyasətşünaslıq və sosiologiya elmində əlavə olaraq, öz xalqının tarixində xüsusi rol oynayan islahatçı və inqilabçı lider anlayışları da mövcuddur. Belə liderlərə xalqlarının, dövlətlərinin gələcək taleyi üçün dəyişikliklərin gərəkliliyini dərk edərək, ya inqilabi yolla, ya da inandırma yolu ilə, tədrici islahatlar həyata keçirməklə, ictimai ideallara, milli-mənəvi dəyərlərə söykənməklə hərəkət etmək xasdır.

Əlbəttə, politoloqlar bütün bu sıralamada qeyd olunan lider tiplərini nəzəri baxımdan təsnif edirlər, lakin real siyasi müstəvidə isə bəhs olunan liderlər bu və ya digər tiplərə aid edilsə belə, onlar başqa qrupa aid olan liderlərin də müxtəlif keyfiyyətlərini az, yaxud çox formada özündə daşıyır, sadəcə bu keyfiyyətlərdən hansının daha çox üstünlük təşkil etməsinə görə bu və ya digər tipə aid edilir.

İlham Əliyevin ictimai-siyasi fəaliyyəti 1995-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü kimi təkmandatlı seçki dairəsindən Milli Məclisə deputat seçilməsi ilə başlayıb. Növbəti 2000-ci il Parlament seçkilərində isə İlham Əliyev artıq YAP-ın çoxmandatlı seçki siyahısına rəhbərlik edərək, partiyanın ən fəal və perspektivli çənc lideri kimi, Heydər Əliyev siyasi kursunun gələcək davamçısı kimi özünü təsdiq edir və həmin dövrdən sonra partiya xətti ilə öz içtimai-siyasi fəaliyyətini gücləndirir.

Prezident kimi fəaliyyətə başladıqdan sonra, İlham Əliyev ilk çıxışında Heydər Əliyevin daxili və xarici siyasət kursunu dönmədən davam etdirəcəyini, ölkəni tədrici, amma davamlı islahatlar yolu ilə irəli aparacağını bəyan etdi. Bu vədə əməl olunduğunu biz keçən müddətdə təkcə siyasətə baxışda deyil, həyatın bütün sahələrində siyasi varisliyə, milli ənənələrə və mənəvi dəyərlərə münasibətdə müşahidə etdik.

İlham Əliyev Prezident olaraq, həm də təkcə Heydər Əliyevin daxili və xarici siyasət kursunu davam etdirməklə kifayətlənmədi, korrektə və islah edilməsi vacib olan bütün sahələrdə mütləq islahatlar apardı, müasir dünya nizamının və transmilli tərəfdaşlıq əlaqələrinin yeni çağırışlarına adekvat reaksiya verərək, inamla gələcəyə doğru irəlilədi.

O, Azərbaycanın inkişafını necə təsəvvür etdiyini 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında yığcam olaraq belə ifadə etmişdir: “Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik...”.

Bu fikirlər İlham Əliyevin islahatçı yanaşmasını digər postsovet ölkələrində, eləcə də 1990-cı illərin əvvəllərində Azərbaycanda müşahidə etdiyimiz “rəngli inqilabi dəyişiklik” platforması tərəfdarlarının yanaşmasından köklü şəkildə fərqləndirir. “Rəngli” – qanlı inqilabların liderləri özlərinə qədər mövcud olan idealları, siyasi, bəzən də mənəvi irsi inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, dinin, ölkənin adının, əlifbasının dəyişdirilməsini, bir sözlə, hər şeyin məhv edilib sıfırdan başlamasını məqsədəuyğun hesab edirlər. Prezident İlham Əliyevin islahatlar kursunda belə eksperimentlərə, nihilist yanaşmalara yer yoxdur. İslahatların yeni mərhələsinə start verilməsi də “rəngli inqilab”ların təklif etdiyi yol deyil, 1930-cu, 1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad Adenauer Almaniyasında, 1980-1990-cı illərin Məhazir Məhəmməd Malayziyasında, 1960-1970-ci illərdə Sinqapur və Cənubi Koreyada, eləcə də qansız-rəngsiz inkişaf yolu keçmiş digər ölkələrdə müşahidə etdiyimiz köklü islahatlar yoludur.

Əlbəttə ki, biz bu yazıda qarşımıza dərin psixoloji-siyasi portret yaratmaq məqsədi qoymadığımızdan liderlik haqda bu tanıtma ilə kifayətlənirik.

Prezident İlham Əliyevi xarakterizə edən keyfiyyətlər, əlbəttə, təkcə bir lider tipinə xas deyil. Yuxarıda da qeyd edildiyi kimi, dünyanın müasir siyasi səhnəsində yer alan liderlər adətən bir neçə siyasi portret tipinə aid keyfiyyətlərin daşıyıcısı olur, lakin onlarda bu və ya digər lider obrazının ümdə xüsusiyyətləri daha qabarıq nəzərə çarpır.

İlham Əliyevin prezidentliyi, daha əvvəl isə Milli Məclisin deputatı, YAP-ın proporsional sistem üzrə seçki siyahısının və Azərbaycan parlamentindəki YAP qrupunun, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və Azərbaycan Respublikasının Baş Naziri kimi fəaliyyəti onu QURUCU-İSLAHATÇI LİDER tipinə aid etməyə əsas verir. Bunu bizim İlham Əliyevin keçdiyi siyasi bioqrafiyaya, fəaliyyətinin xarakteristikasına, özünəməxsus leksikonuna aid təqdim etdiyimiz nümunələr də təsdiqləyir.

Azərbaycançılığı əvvəlcə qurucusu olduğu Yeni Azərbaycan Partiyasının, daha sonra Azərbaycan dövlətinin əsas ideologiyasına çevirmiş, dövlətçiliyimizin xilaskarı, dünya azərbaycanlılarına layiq olduqları ucalıqların hədəflərini müəyyən etmiş Heydər Əliyevin timsalında Azərbaycan siyasəti parlaq BAYRAQDAR LİDER tipinə şahidlik etmişdir. Məhz buna görə də biz dövlətimizin xilaskarı olan Heydər Əliyevi ÜMUMMİLLİ LİDER olaraq qəbul edirik. Adətən bayraqdar liderləri onların ideallarını yeni dövrə uyğunlaşdıraraq ardıcıl həyata keçirən qurucu liderlər əvəz edir. İlham Əliyev də öz çıxışlarında dəfələrlə “mən xalqın xidmətçisiyəm”, "hər bir məmur xalqının xidmətçisi olmalıdır”, xalqın üzləşdiyi ən çətin anlarda – zəlzələ, təbii daşqınlar vaxtı “sizə xidmət etməyə gəlmişəm” deyərək, hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirmiş, hökumətin öz fəaliyyəti ilə bağlı mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də bildirir ki, “mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

ABŞ-ın Berkli (Kaliforniya) Universitetinin sosiologiya və hüquq üzrə professoru Filipp Selznik “İdarəçilikdə liderlik. Sosioloji interpretasiya” əsərində qeyd edir ki, qurucu liderlik innovasiyalı ideyaların inkişafı naminə birgə fəaliyyət konsepsiyasına əsaslanan liderlik üslubudur.

“The Servant Leader” (xidmətçi lider) kitabının müəllifləri Kennet Hartli Blanşard (K.Hartley Bllanchard) və Fil Hodces ( Phil Hodges) hesab edirlər ki, liderlik nə idarəçiliyə, nə gücə bağlı deyil; lider başqalarının özləri üçün müəyyən etdiyi baxışlar çərçivəsində daha yaxşı yaşamasına çalışır, onların baxışları isə bütövlükdə cəmiyyətin xoşbəxtliyini nəzərdə tutur. Qurucu lider qısamüddətli deyil, uzunmüddətli hədəflər naminə çalışır, cəmiyyətə davamlı faydası olacaq addımlar atır və bir qayda olaraq uğurlar qazanır, yeni ideyaların, fikirlərin meydana çıxmasına şərait yaradır, ardıcıllarının, seçicilərin, xalqın mənafeləri naminə çalışır, onun hakimiyyətinin əsas qayəsi qurmaq, yaratmaq, insanlara xidmət etmək olur.

Azərbaycanda son on yeddi ildə reallaşdırılan regionların inkişafı, yoxsulluğun azaldılması, xaricdə təhsil, transmilli enerji və nəqliyyat dəhlizləri, qeyri-neft sektorunun inkişafı və s. sahələrdə qəbul edilib həyata keçilmiş uzunmüddətli proqramlar, icra edilməkdə olan strateji transmilli layihələr məhz qurucu və xidmətçi lider olan İlham Əliyevin xalqa xidmətinin çox uğurlu nümunələridir.

Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadəcə vəd vermirdi, xalqa xidmətin gələcək strategiyasını nümayiş etdirirdi. Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində İlham Əliyev bu vədə, bu strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının Prezidenti oldu. Xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi üçün əzmlə çalışdı, milli mənafelərimizin müdafiəsi üçün beynəlxalq platformalarda ən ağır şərtlər altında belə öz qurucu mübarizəsindən geri çəkilmədi. Dövlətimizin suverenliyi, müstəqilliyi naminə aparılan, reallaşdırılan bütün təşəbbüslərin önündə getdi.

Bu illər ərzində yenilənən Azərbaycanın iqtisadi bazisi köklü surətdə dəyişdi, ölkədə böyük iqtisadi irəliləyişlərə nail olundu. Ötən müddət ərzində iqtisadiyyat 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub, bu, müstəqillik dövründə Azərbaycana qoyulan bütün investisiyaların 93 faizini təşkil edir və onun təxminən yarısı daxili mənbələrin payına düşür. Valyuta ehtiyatlarımız 49 milyard dolları keçib. Ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb. Bu dövr ərzində maaşlar və pensiyalar 10 dəfəyə qədər artıb. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Ötən 16 il ərzində Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu başdan-başa yenilənib. Paytaxt küçələrindən tutmuş ən ucqar bölgələrə qədər nəqliyyat şəbəkəsi inkişaf edib. 15 min kilometrdən çox yol çəkilib, 450-yə yaxın körpü inşa olunub. Paytaxtda 4 yeni metro stansiyası istifadəyə verilib, bir neçə stansiyada yenidənqurma işləri həyata keçirilib. Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Ölkədə 3100-dən çox məktəb, 650-dən çox tibb müəssisəsi inşa edilib, yaxud əsaslı təmir olunub. İnfrastrukturun yenidən qurulması işi yüzlərlə tarixi binalarda, teatr və muzeylərdə, o cümlədən bütün ali təhsil ocaqlarında həyata keçirilib. Paytaxtda müasir tələbələrə uyğun inşa edilən idman sarayları, stadionlar illərdir əhaliyə xidmət göstərir. Bunlarla yanaşı, respublikanın bütün bölgələrində vətəndaşlara xidmət edən sosial mərkəzlər, Olimpiya İdman kompleksləri istifadəyə verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP-ın rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Respublikada 7 hava limanı yenidən qurularaq istifadəyə verilib. Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın “5 ulduz”lu 9 əsas hava limanı sırasına daxil olub. Beləliklə, ölkəmiz nəhəng enerji və nəqliyyat qovşağına çevrilmişdir. Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub.

Dövlətimizin başçısı İlham Əliyev hakimiyyətinin ilk illərindən yerin təkindəki “qara qızıl”ı yerin üstündəki milli sərvətə – insan kapitalına çevirməyi hədəfləyən ciddi proqramlar qəbul edib və həmin proqramlar uğurla icra olunmaqdadır.

Azərbaycan 2008-ci və 2015-ci illərin dünya böhranından minimal itkilərlə çıxa bilib, bu böhranlar zamanı əhalinin iqtisadi kataklizmlərə həssas, liberal iqtisadiyyata çətin uyğunlaşan qruplarının müdafiəsi üçün ciddi addımlar atılıb. Son iki il ərzində həmin addımların ardıcıl olaraq xalqda, cəmiyyətdə hansı ruh yüksəkliyi yaratdığını, cəmiyyətin İlham Əliyevin ətrafında necə konsolidasiya olduğunu, xalq-dövlət vəhdətinin necə gücləndiyini hər kəs müşahidə edir. Bir zamanlar hiperinflyasiya girdabında olan Azərbaycan bu gün daha böyük fəlakətlər vəd edən, iqtisadi kollaps təhlükəsi yaradan ümumdünya böhranlarından nəinki şərəflə çıxmış, həm də aztəminatlı təbəqəni qorumaq, cəmiyyətin orta sinfinin genişlənməsi yönündə uğurlu tədbirlər həyat keçirmişdir.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan sadəcə xarici sərmayələr üçün cəlbedici ölkə deyil, özü də yaxın ölkələrə və Avropa dövlətlərinə sərmayə qoyur, transmilli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı, sərmayəçisi kimi çıxış edir.

Azərbaycanın qardaş Türkiyədə rekord məbləğdə – 10 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan layihələrdə həlledici söz sahibi olması qürurverici reallıqdır.

“Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı bir az əvvəl dərc edilmiş yazımda son 17 ilin iqtisadi-sosial uğurları haqqında geniş bəhs edildiyindən bu göstəricilərin üzərində təkrarən ətraflı dayanmaq istəmirəm. Sadəcə qeyd etmək istərdim ki, qazanılmış bütün bu uğurlar, nailiyyətlər sözün mütləq mənasında tarixi xidmət sayılmalıdır.

Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin və incəsənətin inkişafına konseptual yanaşma nümayiş etdirir və öz rəhbər qayğısını əsirgəmir. Bu il martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü göstərilən qayğının daha bir əyani təzahürü idi.

Beləliklə, İlham Əliyevi mənsub olduğu xalqın və dövlətin liderinə çevirmiş əsas fərdi keyfiyyətlər üzərində fikirlərimi cəmləşdirmək istəyirəm.

İlham Əliyev həddən artıq sədaqətli insandır; o öz əqidəsinə, inandığı işə, xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi ideyalara, Ümummilli Lider tərəfindən ona əmanət edilmiş siyasi irsə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə həmişə sədaqət nümayiş etdirib. Öz məsləkindən, amallarından, davamçısı olduğu siyasi kursdan zərrə qədər geri çəkilməyib. Onun Prezident kimi həyata keçirdiyi bütün işlər Ümummilli Liderin ideyaları, Azərbaycan xalqının əsas maraq və mənafeləri üzərində qurulub.

İlham Əliyev prezidentlik dövründə həmişə qlobal və sistemli düşüncə tərzinə malik olduğunu nümayiş etdirib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əksər əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional layihələr qarşıdan gələn on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcəkdir.

İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, dövlət və xalq üçün aydın hədəflər müəyyən edən, o hədəflərə nail olmaq üçün ciddi siyasi iradə nümayiş etdirən, çevik qərarlar qəbul edə bilən, xalqı səfərbər edərək dinamik və ardıcıl fəaliyyət göstərən, bacarıqlı təşkilatçı, aydın təfəkkürlü rəhbər, məqsədyönlü və novator siyasətçi, uzaqgörən siyasi liderdir. Onun yüksək intellektual potensialı, geniş təfəkkürü və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəsi dünyanın sürətlə dəyişən reallıqları şəraitində çevik və optimal qərarlar qəbul etməyə imkan verir.

Dünyanın bir çox ölkələrində neft ehtiyatları var, amma karbohidrogen ehtiyatları ilə zəngin olan bütün ölkələr bu zənginlikdən öz ölkəsindəki yoxsulluğu azaltmaq, ölkəni inkişaf etdirmək, insan kapitalı yetişdirmək naminə istifadə edə bilməyib. Neft bəzən onun sahibi olan ölkələrə dağıntı, fəlakət və vətəndaş müharibəsi gətirir. Azərbaycan isə neft amilindən istifadə edərək özünün təhlükəsizliyini, inkişafını, vətəndaş məmnunluğunu təmin edib.

İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, fəaliyyətinin aydın konturlarını cızır. Azərbaycan dövləti qısa və uzunmüddətli proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev müəyyən etdiyi hədəfləri, verdiyi vədləri proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad xüsusiyyətlərdir. Dövlətimizin başçısı öz çıxışlarında populist vədlərin, volyuntarist qərarların regionumuzdakı bəzi ölkələrin nümunəsində necə mənfi fəsadlar verməsini daim qeyd edir. Beləliklə, İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət əhalinin rifah halının daim yüksəldilməsinə hesablanmışdır.

İlham Əliyev olduqca qətiyyətli və güclü siyasi iradəsi olan liderdir. O, Azərbaycan naminə planlaşdırdığı siyasi addımları, proqram və layihələri həyata keçirmək üçün böyük əzm, titanik iradə nümayiş etdirir, bəzən qeyri-mümkün görünən ideyaları gerçəyə çevirməyi bacarır. Onun məhz belə qətiyyəti siyasəti və ortaya qoyduğu dəmir iradənin nəticəsi idi ki, Milli Ordumuz və azərbaycan xalqı ikinci Qarabağ müharibəsində qısa müddətdə belə parlaq qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad edə bildi.

Prezident İlham Əliyevin liderlik keyfiyyətləri – dərin zəkası, böyük erudisiyası, qlobal düşüncəsi, intellekti, çevik qərar qəbul etmək bacarığı müasir dünya nizamında Azərbaycanın yerini, nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri, reallaşdırdığı proqram və layihələr ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaradıb. Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir.

Yüksək peşəkarlıq və diplomatik məharət İlham Əliyevin siyasi karyerasındakı əsas fərqləndirici xüsusiyyətlərdən biridir. Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və MDB dövlət başçılarının Aşqabad toplantısında səsləndirdiyi beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli çıxışlar bir lider olaraq İlham Əliyevin diplomatik məharətinin göstəricisi sayıla bilər. Prezidentin öz dili ilə ifadə etsək: “bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, o məsələdə Azərbaycanın rəyi, mövqeyi, rolu nəzərə alınmasın”.

Dünyada elə liderlər var ki, yalnız idarə etdiyi dövlətin qüdrətindən, fövqəl gücündən çıxış edərək, daim beynəlxalq təhlükəsizliyi təhdid altında saxlayır, beynəlxalq ədaləti öz ölkəsinin, bəzən də ona yaxın olan bu və ya digər transmilli qrupların xeyrinə pozmaqdan çəkinmir. Lakin elə liderlər də var ki, idarə etdiyi ölkənin iqtisadi, hərbi, coğrafi və ya demoqrafik resurslarından asılı olmayaraq öz liderlik keyfiyyətləri, siyasi əzmi və qətiyyəti ilə dünyanın ədalət tərəzisinin şərin lehinə əyilməsinin qarşısını alır, daha ədalətli qərarların qəbul edilməsinə nail olur. İlham Əliyev məhz belə liderlərdəndir. Ərazicə və əhali resurslarına görə kiçik olan Azərbaycan İlham Əliyevin siyasətinin gücüylə hazırda bütün dünyada öz maraqlarını təmin etməyi bacarır. Onun səyləri, uğurlu diplomatik kursu sayəsində, demək olar ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə edən qərar və qətnamələr qəbul etmişdir. Bəzən onun qətiyyətli addımları opponentlər tərəfindən ciddi riskli mövqe kimi dəyərləndirilir.

Məsələn, vaxtilə Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalanmasına İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli əks mövqeyin hədəfinə çatmayacağı iddia olunurdu, çünki o protokolların arxasında həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının müəyyən dairələri dayanırdı. Lakin İlham Əliyev Türkiyə elitasının, Türkiyə ictimaiyyətinin rəyini düzgün dəyərləndirdiyindən, Ermənistan rəhbərliyinin kiçik bir bəhanə ilə sazişdən geri çəkilməyə hazır olduğunu hesablaya bildiyindən nümayiş etdirdiyi qətiyyətli mövqe həm də olduqca rasional, soyuqqanlı hesablamalara söykənirdi.

Qeyd etmək yerinə düşər ki, belə uzaqgörənlik, yüksək siyasi fəhm bacarığı Prezident İlham Əliyevə Ümummilli Liderdən miras qalmışdır. Vaxtilə, onun BTC haqda qərarını istər ölkə daxilindəki, istərsə də xaricdəki opponentlər kəskin tənqid edirdilər. Lakin zaman Ümummilli Liderin nə qədər haqlı olduğunu ortaya çıxardı. Bu gün Azərbaycanı nəqliyyat-tranzit mərkəzinə, Avropanın əsas alternativ enerji mənbəyinə çevirən, Türkiyə-Azərbaycan dostluğunu “filoloji romantika”dan əsası Heydər Əliyevin zamanında qoyulmuş, bu gün isə BTC, BTQ, TAP, TANAP, “Petkim” və s. layihələrlə real iqtisadi zəmin üzərində “bərkimiş tərəfdaşlığa” çevirən İlham Əliyev siyasətidir.

İlham Əliyev islahatçı, novator liderdir. O, həyatımızın hər bir sahəsində – təhsildə, iqtisadiyyatda, kənd təsərrüfatında, elmdə, mədəniyyətdə, şəhərsalmada, Azərbaycanın xarici siyasətində yenilikçi, islahatçı yanaşma tətbiq edir. Dünyada baş verən dəyişikliklərin, cərəyan edən proseslərin məntiqindən çıxış edərək Azərbaycanın davamlı inkişafını, sabitliyin qorunmasını təmin edən qərarlar qəbul edərək həyata keçirir.

Dünya praktikasından bilirik ki, aparılan islahatlar bir çox hallarda sosial və siyasi gərginliklərlə müşayiət olunur. Bunun fəsadlarını bəzi qonşu ölkələrdə, eləcə də Avropada müşahidə edirik. Azərbaycanda siyasi və iqtisadi islahatlar əhalinin, xüsusən aztəminatlı təbəqənin mənafeləri nəzərə alınmaqla həyata keçirilir, vergi islahatlarında, qiymət və tarif siyasətində bu təbəqənin xeyrinə differensial yanaşma tətbiq edilir.

İlham Əliyev yüksək siyasi mədəniyyətə malik, hakimiyyətin əxlaqını nümayiş etdirən humanist bir liderdir. Prezident olaraq ilk çıxışlarında qeyd etdiyi kimi, aradan keçən müddət ərzində “hər bir azərbaycanlının prezidenti” olmağı bacarmış, hər zaman siyasi rəqiblərinə qarşı yüksək əxlaqi davranış sərgiləmiş, siyasi mübarizənin əxlaq çərçivəsində aparılmasının tərəfdarı olmuşdur. Prezident seçkiləri zamanı siyasi rəqiblərinə üstün imkanlar təmin etmək üçün hətta seçkiqabağı təbliğatdan da imtina etmişdir. Bu gün bəlli mərkəzlərin təhriki ilə həm Azərbaycanın bəzi siyasi müxalif qüvvələri, həm xaricdə yaşayan Azərbaycan əsilli antidövlət qrupları, həm də xarici nəşrlər vasitəsilə aparılan qaralama, şər, böhtan kampaniyası qarşısında İlham Əliyevin nə qədər yüksək ləyaqətlə və təmkinlə davrandığını hamı görür. Onun şəhid ailələri, təbii fəlakətdən əziyyət çəkən vətəndaşlarla görüşlərdə nümayiş etdirdiyi humanist davranış lider-xalq əlaqələrinin çox gözəl bir nümunəsidir.

Belə yüksək siyasi mədəniyyət Azərbaycan dövlətinin qonşularla münasibətlərində də həmişə özünü büruzə verib. Bu və ya digər təşviq və təzyiqlərə baxmayaraq, indiyə qədər Azərbaycan hər hansı bir dövlətə qarşı platsdarm rolu oynamamışdır.

Ermənistanda baş verən son hakimiyyət dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə, Azərbaycan tərəfi fürsətcil davranışdan yayınmışdır. Nəticədə bu gün Azərbaycan regionda sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliklərinin görüşlərinin keçirilməsi ənənəvi hal almışdır, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasətçiləri tərəfindən dilə gətirilmişdir. İlham Əliyevin siyasi iradəsi təkcə Azərbaycanı sabitlik, tərəqqi adasına, regional cazibə mərkəzinə çevirməmişdir, bu gün Azərbaycan həm də bölgədə sülhün, asayişin, bərabərhüquqlu tərəfdaşlığın qarantıdır. Onun dünya miqyasında yürütdüyü uzaqgörən siyasət, Azərbaycan xalqının maraq və mənafelərini qətiyyətlə müdafiə etməsi ölkəmizi regionda və beynəlxalq aləmdə mühüm aktora çevirmişdir. Azərbaycanı daxildən təhdid edən heç bir narahatedici məsələ qalmamışdır, dövlətimizin ətrafında formalaşmış xoşməramlı mühit, yürüdülən komplimentar siyasət isə xaricdən gələn təhdidləri önləməyə imkan verir.

İlham Əliyev həddindən artıq humanist və insansevər siyasətçidir. Onun siyasətinin təməlində insan, vətəndaş amili, insanların firavan, təhlükəsiz həyatı dayanır. İlham Əliyev insanları sevir, insanlara xidmət etməkdən zövq alır. Ümumbəşəri ədalətin, dünyada sülhün, təhlükəsizliyin təmin olunması üçün gərgin mübarizə aparır.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi dövründə qaldırdığı məsələlər, onun təşəbbüsü ilə beynəlxalq qurumlarda qəbul olunmuş qətnamələr, başladılmış “Bakı prosesi”, Bakını “humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər dövlətimizi beynəlxalq dialoqun, əməkdaşlığın və tərəfdaşlığın, sülhün və təhlükəsizliyin əsas müdafiəçilərindən birinə çevirmişdir. 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edərkən də Azərbaycan bu siyasətini davam etdirəcək.

Prezident İlham Əliyev bir siyasi lider və dövlət başçısı olaraq opponentlərinin əksər hallarda qərəzli və əsassız səciyyə daşıyan reaksiyalarına vaxt itirmir, ancaq milli hədəflərə yönəlmiş strategiyasını maksimum effektlə gerçəkləşdirmək üçün çalışır, bu və ya digər addımların zamanlanmasını dəqiq hesablamalarla həyata keçirir. Kreativ-qurucu liderliyin əsas xüsusiyyətlərindən biri də elə budur.

Prezident İlham Əliyevin regionların inkişafı, gənclərin təhsili, insan kapitalına dövlət sərmayəsi qoyması, vətəndaşın sosial haqlarını, sosial müdafiəsini önə çəkməsi, onların sağlamlığının müdafiəsi ilə bağlı konseptual siyasət, milli mənəvi dəyərlərin qorunması, yeni nəsillərin öz tarixi irsinə sədaqət ruhunda böyüdülməsinə xüsusi diqqət yetirməsi, Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarışlıqlı faydalı əlaqələr qurması Prezidentin uzaqgörən, müdrik, peşəkar siyasətçi xüsusiyyətini qabarıq şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin siyasəti Azərbaycan xalqı tərəfindən geniş dəstəyə malikdir. Odur ki, 7-fevral 2024-cü il prezident seçkilərində də onun mütləq səs çoxluğu ilə qalib gələcəyinə nə ölkə daxilində, nə də beynəlxalq dairələrdə heç kimin şübhəsi yoxdur. Yerli və ayrı-ayrı xarici qurumlar tərəfindən aparılan çoxsaylı açıq və qapalı monitorinqlər, keçirilən rəy sorğuları da bu dəstəyin həddən artıq yüksək olduğunu təsdiq edir.

Əminəm ki, siyasi kursunun varisi olduğu ümummilli lider Heydər Əliyev kimi İlham Əliyevin də şəxsiyyəti, eləcə də xalqa, dövlətə xidməti, dövlət idarəçikik təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr edilmiş geniş fəaliyyəti bundan sonra da daim elmi-politoloji, tarixi-fəlsəfi araşdırmaların obyektinə çevriləcək, dərindən tədqiq olunacaq, bir vətəndaş, siyasətçi və Prezident olaraq İlham Əliyevi xarakterizə edən liderlik xüsusiyyətləri dərindən öyrəniləcək.

Əli Həsənov
tarix elmləri doktoru, professor


Xəbər 1952 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə


BÜTÜN XƏBƏRLƏR +