15.03.2019 10:07
1500-dən artıq məmur vəzifəsi boşdur
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 mart 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat bu gün saat 17:00-dək davam edəcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Xatırladaq ki, Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 56 yer, AB vəzifə qrupu üzrə 419, AC vəzifə qrupu üzrə isə 1033 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin köməkçisi, Maliyyə Nazirliyində aparat rəhbərinin müavini, şöbə müdiri, Təhsil Nazirliyində aparat rəhbərinin müavini, Gəncə şəhər Təhsil İdarəsinin müdiri, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri, Energetika Nazirliyində aparat rəhbəri, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində aparat rəhbəri, Dövlət Turizm Agentliyində aparat rəhbəri, Əmlakk məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəisi və rəis müavini vəzifələri vakantdır.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Xəbər 1414 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|