28.02.2023 13:25
Kişi direktorun 8 marta nə dəxli var ki?!
"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı iki hal mövcuddur: məcburetmə və könüllü olaraq hədiyyə alınması".
Bunu Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, belə olan halda valideynlər mütləq şəkildə şikayət etməlidirlər:
"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik.
Valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Bundan utanmamalıdırlar. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, müəllimlər də sevinər".
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib ki, müəllimlərlə bağlı rüşvətxorluq halları Azərbaycanla məhdudlaşmır, bütün ölkələrin qlobal problemidir:
“8 martda müəllimlərə verilə biləcək ən münasib hədiyyə bir dəstə qızılgüldür. Yalnız hədiyyələr tək güllə yekunlaşmır. Müəllimlərə özəl günlərdə qələm, kitab, dəftər kimi hədiyyələr verməkdə məqsədəuyğundur. Lakin bunu unutmaq olmaz ki, hər kitabı da müəllimə hədiyyə vermək olmaz. Əsasən, yeni çap olunanlara üstünlük vermək lazımdır”.
E.Bayramlı qeyd edib ki, maddi dəyəri yüksək olan təbrikləri biz hədiyyə kimi yox, soyğunçuluq kimi qələmə veririk:
“Zəmanə dəyişib. Məsələn, bizim dövrümüzdə müəllimlərə nisbətən yüngülvari hədiyyələr verilirdi. Şəxsən o zamanlarda avto-qələm daha çox dəbdə idi. İndiki zəmanənin müəllimlərinin tələbi daha yüksəkdir. Onlar bayram payı tələb etmirlər. Onların məqsədi valideynləri soyub-talamaqdır. Bir də görürsən ki, direktorların kişi olduğu məktəblərdə də 8 mart üçün pul yığırlar və həmin pul direktorların cibinə gedir. Kişinin 8 marta nə dəxli var ki?!
Ekspert onu da vurğulayıb ki, müəllimlər hazırda olduqca yüksək maaş alır:
“Keçmiş dövrdə isə vəziyyət tamamilə başqa idi. Müəllimləri özləri yox, biz dolandırırdıq. Onlar hazırda cəmiyyətin kasıb təbəqəsi deyil. Şagirddən pul tələb edən müəllim birmənalı olaraq öz nüfuzunu ləkələyir. Bu artıq müəllimlik yox, biznesdir. Təhsil biznes ola bilməz. Müəllim şagirdə bilik verirsə, bunu müəyyən pul hesabına etməməlidir. Təhsil naziri bu məsələni daim müzakirə obyektinə çevirir. Bunu sözlə demək lazım deyil, bu qaydaya əməl etmək lazımdır. Təhsil naziri bu məsələnin qəti şəkildə qadağa edilməsini istəyirsə, ciddi tədbir görməlidir”.
“Rüşvətxorluqla məşğul olan müəllimlər işdən çıxarılmalıdır. Təhsil Nazirliyində oturanların məqsədi bu halın qarşısını almaq yox, bu vəziyyəti dəstəkləməkdir. Məktəblər birmənalı olaraq bazara çevrilib. Vəziyyət belədirsə, o zaman bütün məktəbləri özəllərlə əvəz etsinlər. Camaat da bilsin ki, uşağımı pulla oxuduram. Valideynlər isə özlərini yığışdırmaq əvəzinə müəllimlərə daha da stimul verir. Məsələn, müəllim 10 manatlıq hədiyyə umursa, valideyn bunu ayıb kimi qiymətləndirərək daha bahalı hədiyyə almağa caa atır. Bizim cəmiyyət konkret şəkildə xəstədir. Bunun müalicəsini də bilmirəm. Mən nə həkiməm, nə də psixoloq. Bu xəstəliyin aradan qaldırılmasını rəsmi qurumlar da istəmir, əksinə, şərait yaradır”. - deyə o, yekunlaşdırıb.
Xəbər 1077 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|