13.03.2017 11:48
Yarmarkalarda bəzi məhsullar 2 dəfə bahalaşdı...
Azərbaycanda yaşayan hər kəs bilir ki, bayram yaxınlaşırsa, qiymət artımı baxımından nəinki günlər, saatlar belə bizim əleyhimizə işləyir. İlaxır çərşənbənin və Novruz bayramının gəlişinə sayılı günlər qaldığı bir vaxtda qiymətlərin də hərarəti gün keçdikcə artır. Ən çox da Novruz xonçasını bəzəyən şirniyyatların, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqların, xüsusən də quru meyvələrin, çərəzlərin qiyməti artır.
Kənd Təsərrüfatı Nazirliyi bu bahalaşmanın qarşısını almaq üçün illərdir bayram yarmakaları təşkil etsə də, qiymət artımına əngəl olmaq mümkün olmur. Bu ildə qiymətlər bazara gələn hər kəsin qanını qaraldacaq səviyyədədir. Novruz yarmarkalarının başlamasına 4 gün qalsa da, paytaxtın müxtəlif yerlərində həftəsonu kənd təsərrüfatı yarmarkalarına şam və səmənidən tutmuş, iydə-innaba kimi Novruz süfrəsinə qoyulacaq hər cür məhsul satışa çıxarılıb.
XəzərNews.az bildirir ki, “Yeni Müsavat”ın müxbiri bazarlardakı son durumu öyrənmək üçün kənd təsərrüfatı yarmarkalarına baş çəkib.
Xətai rayonunda, Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında yerləşən yarmarkada ilk baxışdan iynə atsan yerə düşməz. Satıcı və alıcı əlindən bazarda iki cərgə ilə düzülmüş piştaxtaların arasından keçmək mümkün deyil. Yarmarkada məhsul bolluğu da diqqətimizdən yayınmır.
Lakin bahalaşmanın yaratdığı narazılıq insanların üzündən oxunur. Bu günlərdə hər kəsin marağında olan ilk məsələ qoz-fındıq ləpələrinin qiyməti olduğu üçün ilk olaraq onlardan başlayaq.
Qərzəkli qozun 1 kiloqramının qiyməti 8 manatdan başlayır, 10 manata kimi davam edir. Qərzəkli fındıq da 8 manatdan təklif olunur. Halbuki 4-5 gün öncə bu iki məhsulun qiyməti 5-6 manat arasında dəyişirdi. Hər zaman 5 manata aldığımız şabalıd isə 2 dəfə bahalaşıb, 1 kiloqramı 10 manata təklif olunur. Birmənalı olaraq demək olar ki, bazarda 10 manatdan ucuz rast şabalıdların keyfiyyətinə satıcılar zəmanət vermir, normal məhsul axtaranlara 10 manata satılan şabalıdı tövsiyə edirlər. Antep fıstığının kiloqramı isə 22 manatdır.
Ləpələrə gəlincə, fındıq ləpəsinin kiloqramı 15-18 manat arasında dəyişir. Qovrulmuş fındıq ləpəsi isə 20 manatadır. Qoz ləpəsi isə keyfiyyətindən asılı olaraq 16-25 manata təklif olunur. Badam ləpəsi 26 manatla üstünlüyünü qoruyur.
Quru meyvələrdən kişmişin kiloqramı 7-12 manat arasında, ərik və gavalı qurusu 10 manat, alça qurusu 8 manat, qara kişmiş 11 manat, xurma 4 manat, iydə 6 manat, innab 6-8 manat, fıstıq 6 manatdır.
Satıcılar bahalaşmanın səbəbi kimi tələbatın artmasını və bəzi məhsulların xaricdən gətirilməsini əsas göstərirlər.
Meyvələrdən almanın kiloqramı 70 qəpikdən 1.20 manat arasında dəyişir. Armudun, heyvanın , bananın kiloqramı 3 manatadır. Halbuki bir həftə öncə bu meyvələri 2.50 manata almaq mümkün idi. 1.60 manata satılan portağalın kiloqramı 2 manata təklif olunur. Narın kiloqramı 3, üzümün 1 kiloqramı 4 manatadır.
Soğanın kiloqramı 30-40 qəpiyə, yerli Gədəbəy kartofunun kiloqramı 1 manata, Türkiyə, Gürcüstan, Rusiya, Belorusiyadan gətirilən kartofun qiyməti isə 70-80 qəpik arasında dəyişir. Xiyarın kiloqramı 3 manata, pomidor 3.50 manata, badımcan isə 2.50 manata təklif olunur. Kələm 80 qəpik, kök, turp və çuğundurun kiloqramı 1 manata, gül kələmi, brokolinin kiloqramı 2.50 manatadır. Təmizlənmiş buğdanın kiloqramı 1 manatadır.
Yumurtanın qiymətində də artım var. Kənd yumurtasının 1 ədədi 25-30 qəpiyə, fabrik yumurtasının ədədi isə 17-18 qəpiyə təklif olunur. Yarmarkaya “kənd çolpası” adı ilə gətirilən toyuqlar 5-5.50 manatadır. Balığın kiloqramı növündən asılı olaraq 4-8 manat arasında dəyişir.
Ağartı məhsullarının qiyməti dəyişməz olaraq qalır . Pendirin kiloqramı 5-6 manata, şor və kəsmik 3 manata təklif olunur.
Yarmarkada adi səmənilər 1 manata, buta formasında hazırlanmış böyük səmənilər isə 5 manata satılır.
Qeyd edək ki, qiymətlər paytaxtdakı digər bazarların qiymətlərində belə də fərqlənmir. Əksinə bəzi satıcılar yarmarkaya marağın böyük olduğunu görüb qiyməti daha da artırırlar. Bu isə alıcılıq qabiliyyətinə mənfi təsir edir. Müşahidələrimiz zamanı da əksər alıcıların bazarda demək olar ki, əliboş çıxdığının şahidi olduq. Təəssüratlarını bizimlə bölüşən alıcılar satıcıların bu cür bayram ərəfəsindən sui-istifadə edərək qiyməti artırmasının doğru olmadığını bildirdilər.
Satıcılar isə qiymətlərin bir-iki günə daha da bahalaşacağını bildirir, alıcıları indidən bayrama tədarük görməyə səsləyirlər.
Xəbər 2497 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|