24.02.2017 09:56
Banklarda dollar bolluğu yarandı
Mərkəzi Bankda keçirilən son iki hərracda dollar manat qarşısında möhkəmlənsə də, banklarda dolların qalxması müşahidə olunmur, əksinə az da olsa düşür. Əvvəllər hərracın nəticəsi ictimaiyyətə məlum olmadan banklar məzənnələri qaldırırdılar. Sonrdan hamıya məlum oldurdu ki, hərracda tələb təklifdən çox olub.
XəzərNews.az xəbər verir ki, Marja.az-ın yaydığı xəbərə görə, banklarda manat qıtlığı olduğundan, sanki dollar bolluğu yaranıb. Bildirilir ki, artıq vəziyyət o həddə çatıb ki, banklar öz cari hesabından pul çıxardan fiziki və hüquqi şəxslərə dollar təklif edirlər. Tutaq ki, müştəri hesabından 5000 manat pul çıxartmaq istədiyini banka bildirir. İndiki vəziyyətdə bankların əksəriyyəti müştərinin istədiyi bütün məbləği verə bilmir. 5000 manat istəyən müştəriyə, hesabından 3000 manat çıxarda biləcəyi məlumatı verilir. Bu məbləğ ilə də razılaşan müştəriyə kassada pulun bir hissəsinin dollarla götürülməsi təklif olunur. Çünki banklarda manatda vəsait çox azalıb. Mərkəzi Bank pul siyasəti alətləri ilə manat kütləsini dövriyyədən çıxardır. Banklar əlavə manat vəsaitləri olmadığından yüksək məbləğlərdə Dollar ala bilmirlər, hətta əhalidən 1000 dollar limitlə ABŞ valyutası alan bank da var.
Digər tərəfdən, manat ehtiyaclarını ödəmək üçün banklar əllərində olan dollar vəsaitlərini satmaqda maraqlıdırlar. Əsasən bu səbəbdən dolların satış qiyməti qalxmır. Hamı bankdan manat istəyir, milli pul isə qıtdır. Artıq fiziki və hüquqi şəxslər də manata ehtiyacları yarandıqca dollar satırlar. Təklif artdığından, dolların alış qiymətinin də aşağı düşməsi baş verir.
Çoxları dolların belə ucuzlaşmasını “süni” adlandırır və ucuzlaşma üçün iqtisadi əsasların olmadığını bildirirlər. Bunu qeyd edə bilərik ki, bütün dünyada mərkəzi banklar valyuta məzənnəsinin tənzimlənməsi üçün alətlərdən istifadə edirlər, Azərbaycan Mərkəzi Bankının da pul siyasəti alətlərindən istifadə etməsində qeyri-adi hal yoxdur. Xarici təzyiqlər azalarsa, neft qiymətləri bir qədər də qalxarsa və ölkəmizin valyuta gəlirləri artarsa pul siyasəti mərhələli şəkildə yumuşaldıla bilər.
Makroiqtisadi prosesləri, o cümlədən valyuta bazarında müşahidə edilən proseslər nəzərə alınaraq Mərkəzi Bank tərəfindən 2016-cı ildə sterilizasiya əməliyyatları aktivləşdirilmişdir. Belə ki, ötən ilin iyun ayından etibarən Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının, noyabr ayından isə notların yerləşdirlməsi üzrə hərracların keçirilməsinə başlamışdır. Depozit və not yerləşdirilməsi hərraclarında yüksək faiz qarşılığında kommersiya banklarından manat kütləsi cəlb edilir (dövriyyədən çıxardılır).
Qeyd edək ki, artmış pul kütləsinin inflyasya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə, xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Qısası, bu gün hamıda formalaşmış ortaq bir fikir var: Məzənnə sabitləşməlidir. Belə olan halda, biznes düzgün proqnozlaşdırıla bilər və hər bir kəs iş üçün hərəkətə keçər. Hiss olunur ki, artıq ajiotaj keçmişdə qalır, məzənnə sabitləşməkdədir. Ümid edək ki, dünya bazarlarında fövqəladə böhranlar baş verməyəcək, qeo-siyasi gərginliklər artmayacaqdır. Belə olan halda, vəziyyətin sabitləşməsi daha da sürətlənəcək.
Xəbər 4395 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|