27.09.2022 22:52
“Reyestrlə bağlı işlər başa çatmaq üzrədir“ - Cahangir Həsənli
XəzərNews.az Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənlinin "Report"a müsahibəsini təqdim edir:
- Bu günlərdə Prezident “Media Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” fərman imzalayıb. Reyestrin fəaliyyətə başlaması üzrə hazırlıq yekunlaşıbmı?
- Bildiyiniz kimi, “Media haqqında” qanun 2022-ci il 8 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib və qanunun tətbiqinə dair müvafiq fərmanda nəzərdə tutulan tapşırıqlardan biri də Media Reyestrinin formalaşdırılması məqsədilə hüquqi və texniki təminatın yaradılması idi.
“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi ilə hüquqi bazanın yaradılması istiqamətində növbəti mərhələ yekunlaşdı və hazırda reyestrin proqram təminatının hazırlanması üzrə işlər başa çatmaq üzrədir. Müvafiq texniki prosedurların yaxın zamanda tamamlanması və bundan sonra Media Reyestrinin istifadəyə verilməsi nəzərdə tutulur.
- Media Reyestrinin yaradılması ölkəmizin informasiya mühitinə nə qazandıracaq?
- Bu, hər şeydən öncə ölkənin media mühitinin sağlamlaşdırılmasına imkan verəcək. Bu gün media mühitimizdə müəyyən mənada sistemsizliyin olduğunu yəqin ki, hər kəs qəbul edir – istər jurnalistlərimizin özü, istərsə də ictimaiyyət. Bu baxımdan, düşünürük ki, Media Reyestrinin formalaşması müvafiq sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına töhfə verəcək.
Bundan başqa, Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Buraya əlbəttə ki, jurnalistlərin güzəştli ipoteka kreditindan istifadə imkanına malik şəxslər kateqoriyasına daxil edilməsi də aiddir.
Bildirmək istərdik ki, qarşıdakı dövrlərdə media subyektlərinə dövlət orqanları tərəfindən sosial reklamların sifarişi, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı müxtəlif xarakterli güzəştlər də nəzərdə tutulur.
- Bəs Media Reyestrinə müraciət hansı şəkildə həyata keçiriləcək?
- Bununla bağlı çox həcmli bir iş görülüb və bu zaman çalışmışıq ki, proses zamanı jurnalistlərin və media subyektlərinin işini mümkün qədər asanlaşdıraq. Media Reyestrinə müraciət onlayn qaydada həyata keçiriləcək. İstifadəçi sistemə “Asan login” ilə daxil olacaq və onunla bağlı əksər məlumatlar sistemə avtomatik inteqrasiya olunacaq. İstifadəçi yalnız e-mail ünvanı, telefon nömrəsi kimi elektron hökumət portalında olmayan məlumatlarını özü daxil edəcək.
Reyestrə daxil edilmiş media subyektlərinin və jurnalistlərin şəxsi kabineti formalaşacaq, prosesin hüquqi nəticəsi kimi media subyektlərinə Media Reyestri Şəhadətnaməsi, jurnalistlərə isə vəsiqə veriləcək. Şəhadətnamənin müddətsiz, jurnalist vəsiqəsinin isə 3 il müddətinə verilməsi nəzərdə tutulur.
Bildirmək istərdik ki, “Media haqqında” qanuna görə, media subyektlərinin Media Reyestrinə müraciət etməsi imperativ, jurnalistlərin müraciəti isə dispozitiv xarakter daşıyır. Yəni jurnalistlərin reyestrə daxil edilməsi könüllü əsaslarla həyata keçirilir və hər hansı bir jurnalist MEDİA Agentliyi tərəfindən təqdim ediləcək vəsiqəni almadan da öz fəaliyyəti davam etdirə bilər.
- Yeri gəlmişkən, “Media haqqında” qanuna görə, Media Reyestrinə yalnız ali təhsili olan jurnalistlər daxil edilə bilər, doğrudur?
- Jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Həmin tələblərdən biri də jurnalistin ali təhsilinin olmasıdır. Xüsusilə qeyd etmək istərdik ki, ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Bu yanaşma beynəlxalq təcrübədən irəli gəlir. Belə ki, dünyada kifayət qədər məşhur media nümayəndəsi var ki, ixtisası tamamilə fərqlidir.
O ki qaldı fərqli ixtisas sahiblərinin jurnalistika baxımından peşəkarlığı məsələsinə, şəxsin Media Reyestrinə qəbul olunması üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il təcrübəyə malik olmasıdır. Düşünürük ki, 3 illik təcrübə şəxsin bu peşənin xüsusiyyətlərini mənimsəməsi üçün kifayət edər.
- Düz anladımsa, söhbət yalnız reyestrə düşməkdən gedir, ümumilikdə jurnalistika ilə məşğul olmaq üçün ali təhsil tələbi yoxdur?
- Tamamilə doğrudur. Qanun ali təhsili olmayan şəxsin jurnalist fəaliyyəti ilə məşğul olmasını qətiyyən istisna etmir. Belə ki, “Media haqqında” qanunun 1.1.4-cü maddəsinə əsasən jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Göründüyü kimi jurnalistin anlayışında ali təhsillə bağlı hər hansı tələb mövcud deyildir və istənilən təhsil dərəcəsinə malik şəxs bu fəaliyyətlə məşğul ola bilər.
- Media Reyestri işə düşdükdən sonra yeni yaranacaq media subyektləri dərhal reyestrə müraciət etməli olacaq?
- “Media haqqında” qanunun 62.2-ci və 62.3-cü maddələrinə əsasən çap mediası və onlayn media subyekti fəaliyyətə başlamazdan 7 gün əvvəl Media Reyestrinin aparılması qaydalarına uyğun olaraq Agentliyə müraciət etməlidirlər. Daha sonra onların müraciətlərinə qeyd edilən qanunvericiliklə nəzərdə tutulan qaydada və müddətdə baxılaraq müvafiq məlumat veriləcəkdir.
Qanunun 78.3-cü maddəsinə görə isə qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Agentliyə müraciət etməlidir. Beləliklə, hazırda fəaliyyət göstərən media subyektlərinin reyestrə müraciət etmək üçün 6 ay vaxtları olacaqdır.
- Bəs televiziya və radiolar?
- Bildiyiniz kimi, audiovizual media subyektləri fəaliyyətə başlamaq üçün Audiovizual Şuradan lisenziya almalıdırlar. Qanuna görə, onların məlumatlarının Media Reyestrinə daxil edilməsi də Audiovizual Şuraya həvalə olunub. Odur ki, məhz Şuranın müvafiq müraciətindən sonra Medianın İnkişafı Agentliyi həmin subyektləri Media Reyestrinə daxil edəcək və onlara Media Reyestri Şəhadətnaməsi verəcək.
Xəbər 6429 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|