Baş redaktor, artıq bütün qapılar üzünə bağlanan və mətbuatın bərbad durumuna görə son zamanlar şiddətli hücumlara məruz qalan Əli Həsənovdan qisasını almağı qiyamətə saxlamaq istəmədi...
Azərbaycan Respublikası İşlər İdarəsinin təsisçiliyi ilə çıxan “Respublika” qəzetinin baş redaktoru, qocaman jurnalist Teymur Əhmədovun Əli Həsənova yönəlik, cinayət məsuliyyəti ehtiva edən ittiham və iddialarla zəngin məqaləsi ölkə mediasında şok effekti verdi. Keçmiş PA yetkilisi, hələ də hakim partiyanın rəhbər orqanlarında təmsilçilik hüququnu və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsini qoruyub saxlamağı bacaran Əli Həsənov bu ittihamlarla dolğun və detallı cavab verməyib. Lakin redaksiyamız Əli Həsənovun Teymur Əhmədovun qəzəbinə gəlməsinin əsl səbəblərini araşdırıb və çox maraqlı, siyasi əsaslar əldə edib.
Əldə etdiyimiz məlumata görə, Əli Həsənovla Teymur Əhmədovun qarşıdurmasının kökü hələ mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində mövcud olmuş iqtidardaxili savaşlara gedib çıxırmış. Belə ki, hakimiyyət daxilində “yeraz”-“naxçıvanlı” klanları arasındakı nüfuz müharibəsi yuxarıda adı çəkilən şəxslərin münasibətlərinə də sirayət edibmiş. Daha dərinə gedək...
H. Əliyev hakimiyyətə gəldikdən sonra sevimli qardaşının hakimiyyətə yenidən qayıtması və iqtidar sahibi olmasından ötrü mübarizə aparan mərhum Cəlal Əliyev kadr təyinatında söz sahibliyinə haqq etdiyini düşünürmüş. Bir çox icra hakimiyyəti başçıları, prokurorlar, polis rəisləri, hətta nazirlər belə, onu tövsiyəsi ilə təyin edilirmiş. Lakin Heydər Əliyevin eyni zamanda, Ramiz Mehdiyevə yüksək səlahiyyətlər verməsi, onun Prezident Aparatı rəhbəri vəzifəsinin səlahiyyətlərindən də yüksək təsir imkanlarına malik olmasını Cəlal Əliyev heç cürə həzm edə bilmirmiş. Akademik Cəlal Əliyev hər yerdə çox açıq mətnlə söyləyirmiş ki, biz mübarizə aparanda o, harada idi, niyə Ramiz Mehdiyevə bu qədər rəsmi və qeyri-rəsmi səlahiyyətlər tanınmalıdır? Hakimiyyət və siyasət ustası olan mərhum prezident Heydər Əliyev isə hakimiyyət mənsubları arasında balans yaratmağın vacibliyini bildiyi üçün tərəfləri sakitləşdirə bilrimiş.
Prezident Heydər Əliyevin dünyasını dəyişməsindən sonra isə Cəlal Əliyev bütün qruplaşması ilə Ramiz Mehdiyevə müharibə elan edir. Yaranmış müvəqqəti boşluqdan istifadə etməyi düşünün C. Əliyev Əli İnsanov, Akif Muradverdiyev, Musa Musayev, Fəzail Ağamalı, AlqışHəsənoğlunu və Qərbi Azərbaycan əslli daha bir neçə nüfuzlu YAP-çıları yanına alaraq “Naxçıvan klanı”na, əsasən də Ramiz Mehdiyevə qarşı mübarizəsini gücləndirmək, xalqın yeni seçdiyi Prezident İlham Əliyevin gəncliyindən faydalanaraq nüfuz və təsir dairəsini daha da genişləndirmək istəyir. Hələ prezident seçkiləri ərəfəsində - mərhum prezidentin xəstəliyi barədə dolaşıq xəbərlər gələn zaman, o, öz ardıcıllarını Mehdiyevin əleyhinə danışdırır və mətbuatda yazılar yazdırırmış. Alqış Musayevin baş redaktorluq etdiyi “Yeni Azərbaycan” qəzeti və Milli Məclis bu qruplaşmanın əsas tribunası olub. Qeyd edək ki, həmin dönəmdə Alqış Həsənoğlu “Ramiz Mehdiyevin nə vaxtdan akademik olub?” məqaləsi ilə çıxış edib, Fəzail Ağamalı isə çəkinmədən PA rəhbərinin əleyhinə müsahibə verirdi.
Bəzi qruplaşma üzvləri isə öz mövqelərini çalışdıqları sahədəki fəaliyyətləri ilə meydana qoyurdular. Həmin şəxslərdən biri də “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov olub. Heydər Əliyevli illərdə birbaşa Ramiz Mehdiyevdən ideoloji direktivlər alan, onu və dolayısı ilə ictimai-siyasi şöbənin müdiri Əli Həsənovu eşidən (qəzetin rəsmi təsisçisi Prezident İşlər İdarəsi olsa da əsas göstərişlər PA-dan gəlirdi. Burda bir haşiyə də çıxaraq mətbuatda getmiş bir yanlışı da düzəldək. Prezident İşlər İdarəsinin PA-ya heç bir tabeçiliyi yoxdur.) Teymur Əhmədov ulu öndərin vəfatından sonra hər işi “qanuni” görməyi qərara alır. PA-ya sifariş göndərir ki, mənim sizə heç bir rəsmi hüquqi bağlılığım yoxdur və işlərimə qarışa bilməzsiniz. Təbii ki, o, bu cəsarəti Cəlal Əliyevdən alır.
Daha sonra Əli İnsanov tutulan zaman həbs edilən İşlər İdarəsinin o zamankı şefi Akif Muradverdiyev “Ermənistan” klanı deyilən qruplaşmanın əsas simalarından idi və Teymur Əhmədov məhz Muradverdiyevə güvənirdi.
Teymur müəllimin ultimatiumundan sonra “Respublika” qəzetinin adı Ramiz Mehdiyevin imzası ilə dövlət qurumlarına gedən gedən məcburi abunə yazılışına dair məktubdakı KİV-lərin siyahısından çıxarılır və özünün də yazdığı kimi, şəhərdəki qəzet satış köşklərindən satışı onsuz da zəif olan “Respublika” gözə dəymir. Beləliklə, “Respublika” qəzetinin qara günləri başlayır. Növbəti ağır zərbəni Teymur Əhmədov 80 illik yubileyində alıb. “Əməkdar jurnalist”, yaxud “Şöhrət” ordeninə iddialı olan qocaman jurnalist dövlət başçısı tərəfindən ikinci dəfə “Tərəqqi” medalı ilə təltif edilir və buna görə Teymur Əhmədov yaxın çevrəsində Əli Həsənovu ittiham edir.
“Respublika” qəzetinin əməkdaşlarının dediyinə görə, bu təltif PA-dan onsuz da yanıqlı olan Teymur Əhmədovu özündən çıxarıbmış. Hər yerdə PA rəhbərinin və Əli Həsənovun qarasınca deyinirmiş. Görünür, “Respublika” qəzetinin hesabına əməllicə sərvət sahibi olmuş, hətta həmin dövri nəşrin əməkdaşları üçün guya kooperativ evlər tikdirəcəyi adı ilə Prezidentdən torpaq sahəsi xahiş edib alan və ərazidə oğlunun rəhbərliyi ilə yüksəkmərtəbəli, çox mənzilli bina ucaldaraq satışa çıxaran və bu aferadan külli miqdarda qazanc əldə edən mətbuat patriarxının daha böyük arzuları var imiş...
Beləliklə Mehdiyev-Həsənov tandemi bir zamanlar onlara asi olmuş qocaman jurnalistin əlavə qazanc və şöhrət arzusunun qarşısında aşılmaz maneəyə çevriliblər. Lakin akademik Ramiz Mehdiyevin nüfuzunun, ictimai-siyasi çəkisinin, təsir imkanları böyük olduğundan Teymur Əhmədov hələ də onu hədəfə almağa cəsarət etmir. Lakin baş redaktor artıq bütün qapılar üzünə bağlanan və mətbuatın bərbad durumuna görə son zamanlar şiddətli hücumlara məruz qalan Əli Həsənovdan qisasını almağı qiyamətə saxlamaq istəməyib və dünən dərc etdiyi geniş rezonans doğuran məqaləsi ilə prezidentin sabiq köməkçisindən intiqamını alıb.
(pia.az)
Xəbər 1542 dəfə oxunub.