22.11.2023 02:18
Tovuzda bıçaqlanma hadisəsi baş verib
Tovuz rayonunda 2005-ci il təvəllüdlü Fazil münaqişə zəminində tanışı Elvinə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Xəzərnews.az Teleqraf.com-a istinadən xəbər verir ki,hadisə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində baş verib.
Fazil eyni kənddə yaşadığı Elvinlə həmin gün bir qədər əvvəl zarafatla onun gözü qarşısında əvvəllər sevdiyi qızın əlindən nümayişkaranə surətdə tutması səbəbindən mübahisə edib.
Mübahisə zamanı Fazil Elvinə bıçaqla zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
İstintaq orqanı tərəfindən Fazilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qazax Sosial İqtisadi Kollecində təhsil alıb:
“Zərərçəkmiş Elvini uşaqlıqdan tanıyıram. Məndən 2-3 yaş böyükdür”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2022-ci ildə saat 13 radələrində küçədə əyləşən vaxt sinif yoldaşı Ləman onun yanına gəlib:
“Mən Ləmanla söhbət etməyə başladım. Bu zaman küçə ilə Elvinin gəldiyini gördüm, onunla zarafat etmək istədim. Elvin Ləmanı sevib, sonra ondan ayrılıblar. Zarafat məqsədilə Elvinin görə biləcəyi məsafədə Ləmanın əlindən tutdum.
Elvin yanımızdan keçib qonşuluqda yaşayan Mahirin yaşadığı evə getdi. Təxminən 2-3 dəqiqə sonra Mahir, Elvin və Vüqar birlikdə bizim olduğumuz istiqamətə gəlməyə başladılar. Ləman onların gəldiyini görəndə evə getdi.
Elvin yaxınlaşaraq niyə Ləmanın əlindən tutduğumu soruşdu. Mən də zarafat etmək istədiyimi dedim. O, yaxşı hərəkət etmədiyimi bildirdi. Elvinə onunla həmişə zarafat etdiyimizi söylədim, niyə incidiyini soruşdum. Onun üzündən öpərkən yaxın məsafədən zarafatla mənə nalayiq söz dedi. Sonra kənara çəkilməyi təklif etdi. Elvinlə kənara çəkildik. Mahir və Vüqardan bir qədər aralıda söhbət etməyə başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəlcə sözlə mübahisə ediblər:
“Elvindən ünvanıma bir qədər əvvəl nalayiq ifadə işlətdiyini, onun həmin sözü ciddi deyib-demədiyini soruşdum. O, ciddi dediyini bildirdi və olduqca əsəbi göründü. Buna görə Elvinin mənimlə dalaşacağını, böyük olduğu üçün məni döyəcəyini güman etdim. Söhbət edərkən şalvarımın sağ cibində gəzdirdiyim cib bıçağını çıxardım və bir dəfə onun sol böyründən vurdum.
Elvin qışqıraraq Mahir və Vüqarı çağırdı. Ona yarasını sarımağı təklif etsəm də, razılıq vermədi. Yaradan qan axdığını görərək bıçağı yarımçıq tikiliyə atdım və yaşadığım evə getdim”.
İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, Fazillə aralarında əvvəllər hər hansı ədavət və mübahisə olmayıb:
“Sentyabrın 23-də saat 13 radələrində yaşadığım evdən dostum Mahirlə görüşüb bir yerdə çayxanaya getmək üçün çıxdım. Küçədə piyada gedərkən Fazillə əvvəllər istədiyim Ləman adlı qızın birlikdə Mahirin yaşadığı küçənin başlanğıcında olan taxta oturacaqda əyləşdiklərini gördüm. Fazil onlara çatmağıma az qalmış gəldiyimi gördü. Bu zaman o, Ləmanın əlindən tutaraq özünə tərəf çəkdi.
Mən Mahirin yaşadığı evə getdim. Evin həyətində olanları Mahirə danışdım. Həmin vaxt qonşuluqdan Vüqar adlı dostumuz da bizi çağırdı. Onun təklifi ilə birlikdə çayxanaya getmək üçün piyada geri qayıtdıq. Fazilgilin olduğu yerə çatmağımıza az qalmış Ləman Fazildən ayrılaraq evə getdi. Mən Fazilə etdiyi hərəkətin düzgün olmadığını dedim. O da mənimlə zarafat etmək üçün belə etdiyini dedi”.
Zərərçəkmiş qeyd edib ki, bir neçə il bundan əvvəl Ləmanı sevib:
“2020-ci il ildə hərbi xidmətə getdim. 2022-ci ilin aprelində əsgərlikdən qayıtdıqdan sonra Ləmanla ayrıldım. Ayrıldıqdan sonra aramızda hər hansı münasibət qalmadı. Fazil mənimlə zarafat etmək üçün belə etdiyini dedi. Zarafatın xoş olmadığını bildirdim. Fazil isə mənə həmişə zarafat etdiyimizi, nəyə görə zarafatından incidiyimi dedi.
Aramızda mübahisə yarandı. Fazil mənimlə kinayəli danışıb mübahisəni davam etdirdi. Ona iradımı bildirdim, düzgün hərəkət etmədiyini və ondan yaşca böyük olduğumu söylədim. Mübahisə böyüdükdə Fazil məni kənara çəkdi, əlini çiynimə qoyaraq məni başa salmaq istədi. Cibindən çıxardığı bıçaqla sol böyrümdən vurdu. Ağrını hiss etdikdə, əlimi sol böyrümün üzərinə qoydum və qan gəldiyini gördüm”.
Zərərçəkmiş bildirib ki, daha sonra Fazili itələyib, təxminən 5-6 metr aralıda dayanmış Vüqar və Mahir onlara yaxınlaşıblar:
“Mahirin yaşadığı ev istiqamətində qaçdım. Mahirin atası evlərinin həyətində mənə böyrümə sıxmaq üçün dəsmal verdi və məni avtomobilinə əyləşdirərək Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardı. Xəstəxanada ilkin tibbi yardım göstərildi və əməliyyat olundum”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fazilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Xəbər 922 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|