03.12.2018 10:08
Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı
Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı Eldar Mahmudovun bu iş üzrə şahid qismində dindirilməsidir.
Sabiq MTN başçısı şahid qismində ona görə dindirilib ki, onun rəhbərlik etdiyi nazirlikdə dövlət əhəmiyyətli layihənin icrası üçün ayrılan vəsaitin 30 milyona yaxını mənimsənilib və başqa bir şirkətin hesabına köçürülərək ölkədən çıxarılıb.
İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 30 milyon manat Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Bu işdə Sahib Ağayevlə yanaşı, Kanada vətəndaşı Kazem Askarinin də adı keçir.
Sahib Ağayevin və ona himayədarlıq edənlərin əməli MTN ləğv edildikdən sonra üzə çıxıb. Bundan sonra Sahib Ağayev axtarışa verilib. O, Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.
Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamalarından biri olub. Xəbər verdiyimiz kimi, bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.
Sabiq nazirin istintaqa ifadəsinin bəzi təfərrüatları məlum olub. Bildirək ki, bu ifadə “MTN əməliyyatları” başlayandan bu günə qədər Mahmudovun ictimaiyyətə məlum olan ilk ifadəsidir.
Xatırlayırsınızsa Eldar Mahmudovun adı 2015-ci ildən başlayan “MTN əməliyyatları” çərçivəsində dəfələrlə çəkilib. Həm həbs edilən MTN-çilər, həm də zərərçəkmiş kimi tanınan bir çox iş adamları məhkəmədə ifadə verərkən Eldar Mahmudovun dindirilməsini tələb edirdilər. Lakin məhkəmə bunu zəruri hesab etməyərək Eldar Mahmudovu məhkəməyə dəvət etmədi. Akif Çovdarov, Sübahir Qurbanov və digər MTN generallarının işində də bir çox epizodlarda Eldar Mahmudovun adı keçsə də onun istintaq orqanı tərəfindən dindirilmədiyi üzə çıxmışdı.
Lakin indi məlum olub ki, Mahmudov dostu Sahib Ağayevin əməllərinə görə istintaqda dindirilib. Onu da xatırladaq ki, bir neçə dəfə Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsindən çıxarkən görüntülənmişdi. Məlumata görə, sabiq nazir məhz bu işə görə dindirilmiş, ifadəsi alınmışdı.
Məlumata görə, Mahmudov dindirilən zaman bir zamanlar şəriklik etdiyi Sahib Ağayevin əməllərindən xəbərsiz olduğunu söyləyib.
Eldar Mahmudov ifadəsində bildirib ki, nazir kimi rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinə uyğun olaraq, üzərinə düşən vəzifələri icra edib. General-polkovnik hərbi rütbəsində olan Mahmudov hazırda işləmdəyini deyib.
Suallara cavabında Eldar Mahmudov “Main İnvestment LTD” MMC-nin rəhbəri, Kanada vətəndaşı Kazem Askarini təxminən 1998-ci ildən tanıdığını deyib. Mahmudov dindirilən zaman Kazemlə hansı şəraitdə tanış olduğunu xatırlamayıb və bildirib ki, Kazem sahibkar kimi müxtəlif sahələrdə bizneslə məşğul olub. Daha sonra o, şərikinə qarşı irəli sürülmüş ittihamlarla bağlı danışıb. Qeyd edib ki, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində təhlükəsizlik sisteminin qurulması üçün araşdırmalar aparıblar.
Mahmudovun sözlərinə görə, onların maraqlarına uyğun olan təhlükəsizlik sistemi Kanadada olub. Necə təsadüfdürsə, elə həmin təhlükəsizlik sisteminin qurulması işini də Mahmudovun 1998-ci ildən tanıdığı Kazem bilirmiş. Kazem Kanadada olan şirkəti vasitəsi ilə bu işləri görməyə başlayıb. Mahmudov söyləyib ki, Kazem Kanada vətəndaşı olduğu üçün və informasiya texnologiyaları ilə işlədiyi üçün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşlarına bu işlə məşğul olmağı tapşırıb. Amma Mahmudov bu işi hansı işçisinə tapşırdığını xatırlamayıb.
Suallara cavabında Mahmudov bildirib ki, Kazemin şirkəti ilə bağlanmış müqaviləyə əsasən o, Kanadada olan təhlükəsizlik sistemini Azərbaycanda quracaqmış. Müqavilənin 2013-cü ildə imzalandığını deyən Mahmudov bunun üçün Kazemin şirkətinə ödənilən ümumi məbləği əvvəlcə xatırlamadığını söyləyib.
Müqavilənin qiymətinin bir neçə dəfə dəyişdirilməsi, hər dəfə də məbləğin artırılması ilə bağlı suallara cavab verən Mahmudov deyib ki, bu prosesləri də tam olaraq xatırlamır. Amma təsdiqləyib ki, müqavilə bir neçə dəfə dəyişdirilib və qiymətlər artırılıb. Bunu da belə izah edib ki, sonradan görüləcək işlərin həcmi artırmış. Müqavilə üçün ödəniləcək məbləğin Maliyyə Nazirliyi ilə razılaşdırıldığını deyən Mahmudov qeyd edib ki, müqavilə imzalandıqdan sonra MTN-in Maddi Texniki Təminat baş İdarəsinə də məlumat verilib.
“Müqaviləyə ayrılacaq məbləğ Maliyyə Naziriliyi ilə ”Main İnvestment LTD" arasında razılaşdırılıb. Daha sonra da bizə məlumat verilib. Məbləğ MTN-nin büdcəsinə köçürüldü. Bundan sonra da “Main İnvestment LTD” ilə MTN arasında müqavilə imzalandı. Bu barədə mənə mütəmadi məlumat verilirdi. Həmin məbləğ MTN-nin büdcəsindən ayrılmırdı. Buna görə də müqavilənin dəyəri ilə çox da maraqlanmırdım. Məbləğ Maliyyə Nazirliyindən ayrıldıqdan sonra şirkətin bank hesabına köçürülüb" - , deyə Mahmudov söyləyib.
Təkrar suallara cavabında Mahmudov deyib ki, təxminən müqavilə üçün 80-90 milyon manat ayrıldığını xatırlayır. Bundan sonra isə Mahmudov şərikinin 30 milyonu necə mənimsəməsi ilə bağlı suallara cavab verib. İttihamda göstərilir ki, Sahibin də iştirakı ilə “Main İnvestment LTD”yə ayırlan 90 milyona yaxın vəsaitin 30 milyona yaxını Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb.
Amma Mahmudov suallara cavabında bundan xəbərsiz olduğunu deyib. O bildirib ki, “Main İnvestment LTD” ilə MTN arasında imzalanmış müqaviləyə əsasən şirkətə ilk olaraq avans kimi layihənin dəyərinin 30 faizi ödənilib. Bundan sonra isə MTN-də yaradıllan komissiya görülən işlərə nəzarət edərək qalan məbləği mərhələli şəkildə ödəyib. Mahamudov ifadəsində bu layihənin icrasına hazırda vəzifədə olan generallardan birinin rəhbərlik etdiyini bildirib.
Bu işdə şübhəli və suallar doğuran məqam həyata keçirilən layihənin məbləğinin həqiqətən də 90 milyon manat dəyərində olub-olmamasıdır. Layihənin ümumi dəyərinin bir neçə dəfə şişirdildiyi bildirilir. Maraqlıdır ki, bu layihəyə milyonlar ayrılsa da, heç bir mütəxəssis tərəfindən araşdırmalar aparılmayıb.
Elə Mahmudova da bu barədə suallar verilib. Soruşulub ki, layihənin dəyərini araşdırmaq üçün mütəxəssislər cəlb edilibmi? MTN tərəfindən heç bir mütəxəssisin cəlb edilmədiyini deyən Mahmudov bu mütəxəssislərin Maliyyə Nazirliyi tərəfindən təyin edildiyini bildirib.
Daha sonra Mahmudov mətbuatda “şəriki” kimi təqdim edilən və hazırda həbsdə olan Sahib Ağayev haqda sualları cavablandırıb. O, Sahib Ağayevin Qazaxıstanda yaşadığını və bizneslə məşğul olduğunu söyləyib. Mahmudov söyləyib ki, həyat yoldaşı Ağayevin xanımı ilə rəfiqə olub və tanışlıq da buradan başlayıb.
Məlumata görə, Mahmudov ailəvi tanışı olan Sahib Ağayevin oğlu Əlini də MTN aparatında işə götürübmüş. Amma özü vəzifədən çıxarıldıqdan sonra Əli Ağayev də işdən çıxarılıb. O da məlum olub ki, 30 milyona yaxın vəsaitin köçürüldüyü və Dominikanda qeydiyyatdan keçmiş şirkət də Sahib Ağayevin imiş. Amma Mahmudov bundan və şirkətin fəaliyyətindən də xəbərsiz olduğunu söyləyib.
Mahmudov Sahib Ağayevlə Kazemin əməkdaşlığından və birgə fəaliyyətindən də xəbərsiz olduğunu deyib. Sabiq nazirin bu ifadəsindən belə məlum olur ki, ailəvi dostu Sahib Ağayev və 1998-ci ildən tanıdığı Kazem birləşərək ona da yalan danışıblar. Qulağa inandırıcı gəlməsə də belə çıxır ki, onların ikisi birləşərək Mahmudova “atıblar”.
Elə bundan əvvəl baş tutan “MTN əməliyyatları”nda da məlum olmuşdu ki, Mahmudov MTN-də baş verən bütün hadisələrdən “xəbərsiz” imiş..
Xəbər 2028 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|