11.07.2017 10:41
“İndi Cocuq Mərcanlıda yeganə sakin olmamağımdan çox sevinirəm”
Yaxın günlərə qədər onu Cocuq Mərcanlının yeganə sakini kimi təqdim edirdik. Amma artıq tək deyil. Davam edən köç sayəsində onun kənddəki qonşularının sayı artıb. Gecələr kənddə işıqları yanan evlərin sayının artması Cocuq Mərcanlının əvvəllər yeganə sakini olmuş Oqtay Həziyevi indi hədsiz sevindirir.
Müsahib o işıqları heç sönməyə qoymayan Oqtay Həziyevdir.
Arayış: 1993-cü ilin sonlarında üç aylıq erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 283 ailədən yalnız Oqtay Həziyevin ailəsi kəndə qayıdıb. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
- Oqtay müəllim, artıq Cocuq Mərcanlının yeganə sakini deyilsiniz. Köçlə bağlı təəssüratlarınızı bizimlə bölüşmənizi istərdik.
- Bəli, cənab prezidentimizin sayəsində insanlarımız vətənə geri dönür. Sağ olsun, prezidentimiz, tikib, qurub yaradıb. Hazırda kəndin həyatında canlanma yaşanır. İnsanlar öz həyət-bacalarını təmizləyir. Digər tərəfdən, növbəti 100 evin inşası davam edir. Bunların hamısı qürurvericidir. Mən də xoşbəxt adamam ki, kəndimin, obamın insanları öz elinə qayıdır.
- Qayıdanlar içərisində sizin yaxınlarınız, qohumlarınız, qardaşınız İsmət Həziyev də var.
- Bakıda məskunlaşan Cocuq Mərcanlı sakinlərinin bura köçürülməsi başa çatıb. Qardaşımgil Biləsuvarda cəbrayıllılar məskunlaşan qəsəbədə yaşayırlar. Onlar iyulun 11-də Cocuq Mərcanlıya köçəcəklər.
- Geri dönənlər torpaqla bərabər, həm də sizə pənah gətirirlər. Sizi güvən yeri bilirlər.
- Onların hamısı əzizlərimizdir. Sakinlərin geri dönüb kənddə yaşaması mənim üçün də böyük ruh yüksəkliyi yaradır. Onlar həm də məni güvən yeri bilirlər. Mən də onların arxasında dayanmışam. İnşallah, əl-ələ verib doğma yurdda yaşayacağıq.
- Siz hansı evinizdə yaşayacaqsınız, yeni tikilidə, yoxsa illər əvvəl istisi azalmayan evinzidə?
- Cənab prezident sağ olsun, kənddəki ilk evi mənə hədiyyə edib kupçası ilə bərabər. Bununla bərabər mənim özümün tikdiyim evim var. Həmin ev mənim üçün ən müqəddəs evdir, dostumdur, sirdaşımdır, mən onu ata bilmərəm. Çünki ona xəyanət etmiş olaram. Ailə üzvlərim də yanımdadır. Orda da yaşayacağıq, burda da.
- Bu qayıdışdan sonra siz öz həyat və fəaliyyətinizdə hansı dəyişikliyi etməyi düşünürsünüz?
- İlkin olaraq sahibkar kimi təsərrüfatımı genişləndirməyi düşünürəm. Bu, həm də yeni iş yerləri deməkdir. Ehtiyacı olan insanlar işlə də təmin olunacaqlar. Yaxın günlərdə kənddə torpaq islahatı aparılacaq, sakinlərə torpaq paylanacaq. Torpaqların bir qismi perspektivli yer kimi saxlanılacaq. Həmin torpaqlarda pambıqçılıq, çuğundur və başqa tərəvəz məhsulları əkiləcək. Vətəndaş həm öz tələbatını ödəyəcək, həm də təsərrüfatdan pul qazanacaq.
- Kəndə yeni köçənlər bir-birilə qaynayıb-qarışırmı? Ümumi əhval-ruhiyyə necədir kənddə?
- Bəli, kənddə həyat qaynamağa başlayıb. İnsanlar kəndinə geri qayıtdığı üçün çox sevinir. Bundan sevincli nə ola bilər onlar üçün? Müvəqqəti çətinlik olması normaldır. Çətinliyə alışdıqdan, şəraitə uyğunlaşdıqdan sonra hər şey normallaşacaq. Yüz ilin sakininə çeviriləcəklər. Bura köçənlərin hamısı öz kəndimizin adamlarıdır, hamı bir-birinə doğmadır, bir-birini tanıyır, yad yoxdur. Ona görə də hər şeyin yaxşı olacağına inanırıq.
(modern.az)
Xəbər 2518 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|