Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar AZADİNFORM-a müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:
Bildiyimiz qədəri ilə ceyhanlısınız... O adın Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında bir başqa rəmzi önəmi var... Elə söhbətimizə də, burdan başlayaq. İki ölkə arasındakı bu körpüdən, dostluq münasibətlərindən məmnunsunuzm?
- Öncəliklə, sizə çox təşəkkür edirəm. Təbii ki, Türkiyə və Azərbaycan dostluğu tarixi bir keçmişə dayanır. Doğrudur, mən ceyhanlıyam. Ceyhan və Bakıya baxdığımız zaman, Türk dünyasının kritik nöqtələrini görürük. Biri Xəzər dənizinin və Orta Asiyanın tam mərkəzində olan Bakı, biri də Ağ dənizə açılan qapılardan Ceyhan...
Ağ dəniz də, dünyanın iqtisadi sahədə önəmli dənizlərindən biridir. Xəzər isə həm iqtisadi, həm də siyasi cəhətdən çox önəmlidir. Bir yandan Bakı, bir yandan Ceyhana baxdığımız zaman ancaq neft boru xətti görünür. Amma, nəticə sadəcə bir boru kəmərimi? Sadəcə, Xəzər nefti Ceyhan üzərindən Ağ dənizə tökülməsindən ibarətdirmi hər şey? Deyəsən, elə deyil...
Bizim bunlardan daha çox əlaqə bağlarımız, körpülərimiz var. Bunların sırasında Bakı-Tiflis-Ərzurum qaz xətti, Bakı-Tiflis-Qars dəmir yolu, TANAP-ı nümunə göstərə bilərik. Fəqət, bütün bunlardan əlavə bizim başqa körpülərimiz də var ki, o da sadaladığım milyardlıq ticari körpülərdən daha əhəmiyyətlidir. Bu, Türkiyə və Azərbaycanın könül körpüsüdür. Bizi bir-birimizə bağlayan da elə bu körpüdür.
Bakıda Heydər Əliyev Muzeyində çox təsirləndiyim bir hissə var. Orda onun çalışdırdığı maşınlar, oturduğu məqamlar, geyimləri və başqa qiymətli əşyaları nümayiş etdirilir. Oradakı bir xəritənin olduğu yerdə bir ucu Bakı, bir ucu da Ceyhan olan düymə var. Düyməyə basınca bir işıq vasitəsilə xətt əmələ gəlir. Xəttin bir ucunda Bakı, digər ucunda Ceyhan görünür. Ona baxdıqca öz-özümdə dedim ki, “bu mənim körpümdür”. Ceyhan doğulub, böyüdüyüm və hazırda xidmət etdiyim bölgə, Bakı isə doğulub böyümədiyim, amma həmişə uşaqlıq çağımdan Bakı deyən zaman könlümdə fırtınalar əsdiyi, Türk dünyasının mərkəzi nöqtəsində Türk dünyasının coşqulu insanları ilə həsrətini hiss etdiyim bir məkan... Və belə bir nəticəyə gəldim ki, bu xəritə mənim həyat körpümdür. Çünki, mən tez-tez bir ayağı Ceyhanda, bir ayağı Bakıda olan biriyəm. Hər ikisindən də ayrıldığımda, içimdə bir hüzün olur. Buna görə də, mənim üçün Türkiyə və Azərbaycan münasibətləri iki dövlət münasibətlərindən, daha isti, daha fərqlidir.
Hazırda münasibətlərimiz çox yaxşı səviyyədədir. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin bir-biriləri ilə çox gözəl münasibətləri mövcuddur. Hər iki ölkə bir-birini istənilən mövzuda dəstəkləyir. Çalışırıq ki, münasibətləri daha da irəli aparaq, bunun üçün də, çox önəmli addımlar atılır. Türkiyənin və ya Azərbaycanın digər türk dövlətləri, məsələn, deyək ki, Qazaxıstanla da çox yaxşıdır. Lakin, bu dövlətlərin sayını artırmağımız mütləqdir. Niyə də, Türk dövlətləri yaxın münasibətdə olmasınlar?! Təbii ki, əsas səs hazırda iki əldən daha çox gəlir ki, bu da, Türkiyə və Azərbaycandır.
Təəssüf ki, bir çox hallarda Qərbdə hər iki ölkəyə qarşı duran dövlətləri, təşkilatları görürük. Məsələn, Avropa Parlamentinin qondarma erməni soyqırımını qəbul etməsi kimi acı həqiqətlər var. Sizcə, Qərbin bu cür ədalətsiz qərarları haradan qaynaqlanır?
- Əslində heç bir şey göründüyü kimi deyil. Onlar bizim güclü olduğumuzu qəbul edə bilmirlər. Belə olan halda da süni problemlər uyduraraq Türkiyə üçün saxta erməni soyqırımı, Azərbaycan üçün isə demokratiya, insan haqları kimi məsələlər çıxarır, ölkələrimizi zəiflətməyə çalışırlar.
Son 10 ilə nəzər salaq. Dünyada Çin və Hindistandan sonra ən çox böyüyən iki ölkə Türkiyə və Azərbaycandır. Milli gəlirlərimiz artır. Təbii ki, iqtisadi cəhətdən də böyüyüncə, səsimiz daha güclü çıxır. Son 10 ildə Türkiyə 1 dəfə, Azərbaycan isə 2 dəfə BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib. 25 illik müstəqillik tarixi olan bir ölkə dünyada söz sahibinə çevrilib. Bundan başqa, Avroviziya, Avropa Oyunları, İslam Həməryliyi Oyunları, Formula və başqa mötəbər oyunlar keçirir. İki aydan bir Bakıya gedirəm və hər dəfə yeniliklərlə qarşılaşıram. Mən təəccüblənərək qibtə ilə baxıram, başqaları isə təəccüblənir və qısqanclıqla baxırlar. Düşünürlər ki, Azərbaycanı Dağlıq Qarabağ məsələsi üzərindən zəiflətmək lazımdır. 20 ildən çoxdur ki, formalaşmış ATƏT-in Minsk qrupu var və bir şey etmir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.
Türkiyə ilə də bağlı gərəksiz məqsədyönlü siyasət yürütməyə çalışırlar. Məqsəd isə Türkiyə və Azərbaycanı zəiflətməkdir. Ancaq, gəlin baxaq, bacara bilirlərmi? Təbii ki, bacara bilmirlər. Beynəlxalq aləmdə bizi sıxışdırmağa çalışanlar olacaqdır. Amma, bizim bununla mücadilə etməyimiz mütləqdir. Məsələn, ötən il Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın lehinə çıxan Sərsəng su anbarı ilə bağlı qərar çox ədalətli idi. Belə qərarlar olarsa, deməli, daha çox olması üçün çalışmalıyıq. Diplomatik zəmində bunu dünyaya yaymaq lazımdır.
AŞPA Türkiyə haqqında da siyasi və hüquqi cəhətdən nəzarət qərarı almşdı. Səbəb isə Türkiyənin AŞPA üzvlüyü çərçivəsindəki qaydalara riayət etməməməsi göstərilirdi. Təbii ki, Azərbaycan da bu qərardan təəssüfləndi. Sizcə, bu cür qərarların olmaması üçün birgə mübarizəmizin mexanizmi necə olmalıdır?
- Bəli, o cür qərarlar çıxır və çıxacaq. Lakin, Türkiyə üzərinə düşən hər şeyi layiqli şəkildə icra edir. Türkiyə hər zaman özünü çağdaş dünyanın bir parçası görür. Təəssüf ki, zaman-zaman Türkiyə əleyhinə bəzi qərarların da çıxdığını görürük. Bu sadəcə siyasi deyil, həm də iqtisadi məsələlərdən yaranır. Türkiyə 5 faiz böyüyür, Türkiyənin yatırım etmə faizini qəsdən aşağı salırlar. Amma, bunların bir nəticə verəcəyini düşünmürəm.
Qondarma soyqırımı məsələsində Türkiyə dəfələrlə arxivlərin açılmasını təklif edib. Lakin, həmişə rədd cavabı alıb. Sizcə, Ermənistan arxivlərin açılmasını niyə istəmir? Arxivlərin açılması Ermənistanı hansı nöqtəyə apara bilər?
- Arxivlərin açılması “erməni soyqrımı”nın qondarma olduğunu bir daha sübut edəcək. Ona görə də ermənilər bunu istəmirlər. Arxivlər açılandan sonra dünyaya aydın olacaq ki, heç o dönəmdə yaşayan ermənilərin sayı 1,5 milyon olmayıb, onda qala ki, bu sayda erməni öldürülə... Bu və ya digər faktlar səbəbi ilə ermənilər arxivlərin açılması ilə razılşaşmır.
Düşünürük ki, tarixi mövzularda qərarı tarixçilərin verməsi və tarixi sübutun olması daha doğrudur. Onlar isə həmişə parlamentlər üzərindən bir şeylər etməyə çalışırlar. Halbuki, parlamentlər tarixi hadisələrlə bağlı qərar verə bilməzlər.
Türkiyə 2 ay öncə yeni bir qərara imza atdı. Söhbət referendumdan gedir... Referendumla bağlı mübahisələr və fərqli yanaşmalar hələ də var. Referendumdan sonrakı vəziyyəti dəyərləndirmənizi istərdim.
- Əvvəla onu deyim ki, xalq verdiyi qərardan məmnundur. Güclü ölkələr üçün güclü liderlər lazımdır. Yalnız həmin güclü liderlərlə ölkələr irəli gedərlər. Azərbaycan və Türkiyə tarixinə baxaq... Hər zaman güclü və istiqrarlı, qərarlı liderlər sayəsində ölkələrimizin daha da irəli getdiyini görürük. Referendumdan sonra Prezident Rəcəp Tayyib Ərdoğan yenidən qurduğu partiyaya üzv oldu və ötən ay sədr seçildi. Bundan sonra da güclü və qərarlı iqtidar olacağı qənaətindəyik.
Türkiyə 30 ildən çoxdur terrorla mübarizə aprır. Az qala hər gün şəhid verildiyini, qazilərin olduğunu eşiridirk. Bu gərginlik şəraitində həm terrorla mücadilə aparmaq, həm də ölkəni inkişaf etdirmək çətin deyil ki?
- Haqlısınız, Türkiyə terrorla 30 ildən çoxdur mücadilə edir. Çox sayda əsgərimiz, vətəndaşımız bu hadisələrdə həyatını itirdi, şəhid oldu. Terrorun məqsədi ölkəmizi zəiflətməkdir. Yəni, düşünürlər ki, terrorla mücadilə edən bir ölkə başqa bir işlə məşğul ola bilməz. Böyümək, keyfiyyətli iş təqdim etmək və başqa uğurları yarımçıq qalar. Dolayısı ilə terrorun məqsədi Türkiyəni zəif salmaqdır. Lakin, biz də, bütün bunların əksinə gedərək Türkiyəni daha güclü etmək istəyirik.
Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bu günədək terrorla çox güclü mücadilə içindədir. Canımız yanır, çünki şəhidlərimiz, qazilərimiz var. Amma, ölkəni qorumaq üçün canımızı belə verməyə hazır olduğumuzu bütün dünya bilir. Terrorla mücadiləmiz bir yandan terroristi son nöqtəsinə qədər qovmaq, onu təsirsiz hala gətirməkdirsə, digər yandan da, həmin bölgədə yaşayan vətəndaşımızın həyat tərzini daha da yaxşılaşdırmaqdır. Bunun üçün də müxtəlif layihələr həyata keçiririk.
15 iyul “Darbe girişimi” ilə bağlı “Gazi Mecliste O Gece” adlı kitabınızı oxuyuram. İçindəkilər çox ağır və təsirlidir...
- Oxuduğunuz üçün minnətdaram... Çevrilişə cəhd zamanı mən TBMM-də idim. Bu hadisə ilə bağlı da, bildiyiniz kimi “Gazi Mecliste O Gece” adlı bir kitab yazmışam. O gecə həm iqtidar, həm də müxalif cəbhədən olan millət vəkilləri gəldilər və sabahadək bombalar altında qalan məclisi müdafiə etdilər. Yəni, bu, Türk insanının, burada Azərbaycanı da istisna etmirəm, həmçinin bütün Türk dünyasının gücüdür. Biz gərəkdiyi zaman canımızı, qanımızı da fəda edə bilərik. Bayraq bizim üçün hər şeydən əzizdir. 15 iyul hadisəsi də bunun bariz nümunəsidir.
Necə düşünürsünüz, bu hadisəni törədənlər tam cəzasını aldımı, yoxsa hələ proses davam edir?
- Cəzalarını alsınlar deyə çalışırıq. Həm Ankara, həm də İstanbulda məhkəmələr davam edir. Məhkəmələrdə çevriliş təşəbbüsündə yer alanlar ittiham edilirlər. Onların ən ağır cəzanı alması ən böyük təsəllimizdir. Çünki, geridə 249 şəhidimiz, 2200 qazimiz var. Onlar bu ölkə üçün canlarını fəda etdilər. Onların bizə buraxdığı bu ölkəni sona qədər qorumağımız önəmlidir.
Yazdığım kitab da o gecə TBMM-də yaşananları anlatır. Amma, Marmarisdə prezidentimizin qaldığı otelə xain terroristlər 50 min güllə yağdırmışdı. Və bundan başqa neçə məkanda insanların üzərinə bomba atdılar. Bütün bunları biz yaşadıq. Bəs, unutduqmu? Xeyr, unutmadıq, unutmayacağıq və unutdurmayacağıq. Bu təşəbbüsdə olanların da, ağır şəkildə cəzalandırılması ən böyük tələbimizdir.
Bizə hücum edən öz ordumuz deyildi. Ordumuzun içinə sızmış terroristlər idi.
Bu hadisə Türkiyənin imicini gücləndirdi. Əgər xatırlayırsınızsa, bundan 1 ay sonra, Braziliyada bənzər bir hadisə oldu və “Biz də, Türkiyə kimi olmaq istəyirik” deyə xalq küçələrə çıxdı. Yəni, Türkiyə darbeyə qarşı dirənən və simvol olan bir ölkə oldu. Tarix bunu yazacaq. Lakin, bizim bu ölkəni daha güclü bir vəziyyətə gətirməyimiz lazımdır. Bunun üçün texnologiyanı gücləndirməli, kənd təsərrüfatında ixracatı artırmalı, daha çox turistin ölkəmizin gözəlliklərini görmələrini təmin etməli, sağlıq xidmətlərini daha da irəli aparmalı və başqa bu kimi tədbirlər görməliyik.
Yəqin ki, Dağlıq Qarabağda baş verənləri izləyirsiniz. Artıq ötən il bir neçə gün davam edən döyüşlər nəticəsində azad edilən yüksəkliklərimizdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Prezident İlham Əliyev də ötən həftə ilkin bərpadan sonra kəndin açılışını etdi və bununla da böyük qaydışa hazırlıqlar başlandı. İndi Azərbaycanın müxtəlif yerlərindən Cocuq Mərcanlını görməyə tələsən minlərlə insanlarımız var...
- İnşallah, qismət olar biz də Azərbaycana gələndə Cocuq Mərcanlını ziyarət edərik. Mənim ən böyük arzularımdan və dualarımdan biri Xocalıda cümə namazı qılmaqdır, ən böyük xəyalımdır. Bilirsiniz ki, hər il 26 fevral tarixində Xocalı qurbanlarını anırıq. Orada qardaşlarımız şəhid olub. Allah onlara rəhmət etsin. Ən böyük istəyim Dağlıq Qarabağa getməkdir. Bizim gənclik röyamız belə idi: “Xəzərin kənarında balıq yemək”. Həmd olsun ki, buna qovuşduq. İndi isə İnşallah yeni, röyam Dağlıq Qarabağda kabab yemək, Xocalıda cümə namazı qılmaqdır. Xocalıda, Ağdamda, Cəbraildə, Zəngilanda olmaq və oraların havasını udmaq istəyirəm.
Bir az öncə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışların adlarını çəkdiniz. O yarışları izləyə bildinizmi?
- Bəli, I Avropa Oyunlarını televiziyadan izlədim və bu mənə çox xoş təsir bağışladı. İslam Həmrəyliyi Oyunlarını da izlədim. Azərbaycan 1-ci, Türkiyə isə 2-ci oldu. Azərbaycanı bir daha təbrik edirik. Belə bir şey olur təbii ki, türkiyəli və azərbaycanlı idmançı güləş və boksda qarşılaşırlar. Belə olan təqdirdə hər kəs tanıdığı idmançını dəstəkləyəcək. Amma, azərbaycanlı bir güləşçi başqa ölkədən olan güləşçi ilə qarşılaşırsa, başqa bir ölkə yox, dəstəkləyəcəyimiz Azərbaycan olacaq.
Azərbaycanda da bunun əksini düşünən yoxdur...
- Minnətdarıq. Əgər xatırlayırsınızsa, “Rəcəp İvədik 5” adlı film var idi. Oradakı azərbaycanlı idamnçının səhnə fraqmenti ilə bağlı mən filmin rejissoruna məktub yazdım və etirazımı bildirdim. O da, çox sağ olsun bu etirazımı nəzərə aldı və o epizodu filmdən sildi. O səhnənin gerçəkliyi yox idi. Çünki, Türkiyə və Azərbaycan idmançıları bir-biri ilə yarışarkən centlmenlik və türklüyün onlara verdiyi ədəb və dəyərlər üzərində yarışarlar. Mən məktubumda belə demişdim: “Bu səhnəyə insanlar gülər keçər. Amma, bunun gerçəkliklə əlaqəsi yoxdur. Bir azərbaycanlı idmançı qalib gəldiyi zaman Türk bayrağını, türkiyəli idmançı da Azərbaycan bayrağını qaldırar. Və azərbaycanlı izləyicilər türkiyəli idmançını, türkiyəli izləyicilər isə azərbaycanlı idmançını alqışlayar. Doğrusu budur. Türkiyə və Azərbaycan münasibətlərini bir filmin 1 dəqiqəlik fraqmentinə qurban verməyək”. O da, sağ olsun, duyarlı davranaraq, o hissəni filmdən sildi.
Azərbaycana ilk gəlişinizi necə xatırlayırsınız?
- İlk səfərim 2003-cü ilin iyun ayında olmuşdu. O zaman Səhiyyə Nazirliyində məsləhətçi idim və nazirimizlə birlikdə Bakıya səfər etmişdik. Bakıdan Şəkiyə 5 saata getdik, xeyli sonra, yəni 4 il öncə isə Şəkidən Bakıya 2 saata gəldim. Düşündüm ki, Azərbaycanda yollar o qədər düzəlib ki, məsafə yarı-yarıya enib. Şəki həqiqətən də gözəlləşib. Ora həm də Bursa və Əskişəhirin qardaş şəhəridir. 2003-cü ilin iyun ayında rəhmətlik Heydər Əliyev ağır xəstə idi. Üç dəfə görüşümüz təxirə salındı. Ən nəhayət isə bizi qəbul etdi və 45 dəqiqəlik bir görüş oldu. Bildiyim qədərilə rəhmətlik Heydər Əliyevin son görüşdüyü xarici heyət biz olduq. Çox maraqlı bir görüş idi. O görüşdən təsirlənmişdim. Hətta tarixinə qədər xatırlayıram, bizi 27 iyun 2003-cü ildə qəbul etmişdi. Ondan sonra xəstəxanaya qaldırıldı.
Hazırda Prezident İlham Əliyev də onun izi ilə gedir. Onun əmanət etdiyi bayrağı daha da irəli aparır. Bunu böyük təqdirlə qarşılayırıq. İlham Əliyev çətin bir coğrafi mövqedə güclü liderlik edir.
Bakıda Sizin üçün ən yaddaqalan yer hara oldu? Mətbəximiz xoşunuza gədimi?
- İlk onu deyim ki, mətbəxiniz çox gözəl və təbiidir. Yediyiniz pomidorun qoxusu, ətin keyfiyyəti, Xəzərdən çıxan balığın ləzzəti doyumsuzdur. Bizim damaq dadlarımız da bir-birinə yaxındır.
Şəhərin ən yadımda qalan bölgəsi isə Şəhidlər Xiyabanı oldu. Bundan başqa, Bakıda olduğum zaman Türk dünyasına olan sevgim daha da artır. İçəri şəhərə getdiyim zaman başqa bir tarixi nöqtəyə köklənirik. Şəki, Sumqayıt, Qəbələ, Gəncə bir-birindən gözəl və əzəmətlidirlər.
Azərbaycandakı dostlarınızla tez-tez təmasda olursunuz, yoxsa ancaq rəsmi məsələlərdə əlaqə saxlayırsınız?
- Demək olar ki, hər zaman təmasdayıq. Energetika naziri Natiq Əliyevin səhhətində problem yarananda həkim dostum, millət vəkili Rəşad Mahmudov zəng etdi. Mən də səhiyyə nazirimizlə danışdım və təyyarə ilə təcili yardım göndərdik və o, Türkiyəyə gətirildi. Mən də, iftar yeməyi üçün Adanaya dəvət almışdım və oraya getdim. Bazar günü, Natiq bəyi ziyarət etməyi planlamışdım. Təəssüf ki, bu baş tutmadı və o, cümə günü vəfat etdi. Allah rəhmət eləsin. Enerji sahəsində önəmli şəxslərdən biri idi.
Zaman-zaman belə dialoqlarımız olur. Rəşad bəylə çox gözəl bir layihəmiz var, “Ürəkdən ürəyə” adlı layihə. Yəni, Türkiyə və Azərbaycan arasında “ürək köçürmə əməliyyatı” ilə bağlı bir çalışma hazırlayırıq. Hələ ki, bunu nəticələndirə bilməmişik. Yəni, bu cür bir-birimizə dəstək oluruq.
Amma, bundan başqa bir şeyi də deyim... Vanda 2011-ci ildə zəlzələ baş verdi. Türkiyəyə fərqli ölkələrdən yardım məqsədli təkliflər oldu. Türkiyə bunu istəmədi. Lakin, bir xarici ölkə təyyarəsi izinsiz Van hava limanına endi... Bu da, qardaş Azərbaycan təyyarəsi idi. Çünki, Azərbaycan bu cür yardım edərkən təklifə gərək duymur.
Prezident İlham Əliyevin Praqada keçirilən bir sammitdə Sarkisyana verdiyi “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” cavabını Türkiyədə tez-tez xatırlayırlar...
- Bəli, bu möhtəşəm cavab idi...
Son olaraq, Azərbaycan oxucularına nə deyərdiniz?
- Uzun və maraqlı söhbət oldu. Azərbaycanı sevirik və bizim üçün vazkeçilməz bir ölkədir. Parlamentlərarası dostluq qrupunun rəhbəri ola bilərəm, amma mən daha çox Türkiyə və Azərbaycan dostluğunu önəmsəyirəm.
Azərbaycanlı qardaşlarımın Ramazan ayını və qarşıdan gələn Ramazan bayramlarını təbrik edirəm. İnşallah neçə-neçə gözəl bayramlara vəsilə olsunlar...
Xəbər 5135 dəfə oxunub.