27.04.2017 18:44
Qüdrət Həsənquliyev: “Milli Məclisdə bu praktikaya son qoyulmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXC) sədri? millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:
- “Dövlət qulluğu haqqında” qanuna son dəyişikliklər özündə nəyi ehtiva edir?
- Birinci vitse-prezident institutu yaradılandan sonra onun fəaliyyətini təşkil edən inzibati və yardımçı vəzifələr olmalıdır. Həmin vəzifələr də “Dövlət qulluğu haqqında” qanuna daxil edildi. Digər tərəfdən, paralel olaraq qanundan ali vəzifələr təsnifatından “Prezident Administrasiyasının rəhbəri” sözü çıxarıldı, onun əvəzinə “prezidentin fəaliyyətini təşkil edən orqanın rəhbəri” sözü əlavə edildi. Həmin orqan da elə Prezident Administrasiyasıdır. Yəni bu elə bir əhəmiyyətli dəyişiklik deyil, texniki xarakterlidir. Prezident Administrasiyası konstitusion təsisatdır. Konstitusiyanın 109-cu maddəsinin 13-cü hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasının prezidenti Prezident Administrasiyasını təşkil edir və rəhbərini təyin edir. Yəni bu ifadə, ad Konstitusiyada öz əksini tapıb. Prezident Administrasiyası konstitusion orqan olduğu üçün onu digər qurumlarla müqayisə etmək düzgün deyil. Amma mahiyyət etibarilə qanunda o orqanın adını yazmaq, yaxud sadəcə, “prezidentin fəaliyyətini təşkil edən orqan” yazmağın mənası eynidir.
Qanuna əsas dəyişiklik isə birinci vitse-prezidentlik institutunun yaradılması ilə bağlıdır. Çünki birinci vitse-prezidentin fəaliyyətinin təşkili ilə əlaqədar xüsusi struktur bölmə yaradılır, bölmə rəhbəri, digər köməkçi qurumlar nəzərdə tutulur. Bu da zəruridir, çünki vitse-prezidentin fəaliyyətinin təşkili üçün bu cür inzibati və yardımçı vəzifələrə ehtiyac var.
- Milli Məclisdə valyutadəyişmə məntəqələrinin bərpası ilə bağlı qanun layihəsi geniş müzakirə olundu və qəbul edildi. Valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması vəziyyəti düzəldə biləcək?
- Valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunması çox müsbət haldır. Çünki valyutadəyişmə məntəqələrinin ləğvinə görə həm turistlər, həm vətəndaşlar xeyli əziyyət çəkirdilər Məncə, valyutadəyişmə məntəqələrinə məhdudiyyət qoyulmamalıdır. Mənim etiraz etdiyim məsələ isə odur ki, valyutadəyişmə məntəqələrinə lisenziya verilməsi üçün çoxlu sayda sənəd tələb olunur. Birinci, bu, aparılan siyasətə uyğun deyil. Məsələn, tikinti sektorunda lisenziya almaq üçün “Asan xidmət”də vəsaitini ödəyib, rahatlıqla lisenziya almaq mümkündür. Halbuki o tikilən binada bəlkə də minlərlə insan yaşayır və söhbət insanların taleyindən gedir. Amma bunun üçün çox asanlıqla lisenziya verilir. Lakin valyutadəyişmə məntəqələrinin açılmasına lisenziya alınması üçün çoxlu sənəd tələb edilir. Məsələn, vətəndaşdan tələb edilir ki, o ilk növbədə vergi ödəyicisi olması barədə sənəd təqdim etsin. Lisenziya alandan sonra vergi ödəyicisi kimi qeydiyyata düşmək normal olardı. Ancaq vətəndaş lisenziya ala bilməyəcəksə, niyə əvvəlcədən vergi ödəyicisi kimi qeydiyyata düşməli, VÖEN almalıdır. İkincisi, qanunda yazılıb ki, valyutadəyişmə məntəqələrinin harada açılması və sayı məsələsini Maliyyə Bazarlarına Nəzarət Palatası ilə müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Bəlkə siz şəhərdə 100 valyutadəyişmə məntəqəsinin açıla biləcəyini müəyyənləşdirdiniz, amma valyutadəyişmə məntəqələrinin açılması üçün 10 min adam müraciət etdi. Təsəvvür edin ki, 10 min insan lisenziya alıb-almayacağını bilmədən əvvəlcədən vergi ödəyicisi olmalıdır. Üçüncüsü, yazılır ki, əvvəlcədən palata ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış, texniki şərtlərə cavab verən binanın ya mülkiyyət sənədini, ya da icarə müqaviləsini təqdim edilməlidir. Tutaq ki, bir vətəndaş 100-200 min manat xərc çəkib şəhərin hansısa yerində bir obyekt aldı, 50 min də əlavə xərc çəkdi ki, oranı valyutadəyişmə məntəqəsinin standartlarına uyğunlaşdırsın, təhlükəsizlik sisteminə qoşulsun, seyf alsın. Sonra da müvafiq icra hakimiyyəti orqanı ona lisenziya verməsin. Bu şərtin qanunda əksini tapması artıq sui-istifadə hallarına yol açır. Çünki heç bir sahibkar qarantiyası olmadan 150-200 min manat pul xərcləməz. Deməli, sahibkar əvvəlcədən qeyri-rəsmi formada müvafiq icra hakimiyyəti orqanı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə "dədə-baba qaydasında" razılaşmalı, valyutadəyişmə məntəqəsinin açılması barədə razılıq almalı, qeyri-rəsmi formada lisenziya veriləcəyi ilə bağlı razılıq əldə etməlidir. Yəni, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əvvəlcədən razılaşdırmadan heç bir sahibkar valyutadəyişmə məntəqəsi aça bilməz, bu qanunun mahiyyəti qısaca bundan ibarətdir.
Bu məsələdə etiraz etdiyim digər məqam depozitin qoyulması ilə bağlıdır. Mən parlamentdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə sual verdim ki, valyutadəyişmə məntəqəsinin açılması üçün depozitin qoyulması nə üçün lazımdır? Əvvəlcə 50 min manat depozitin qoyulması nəzərdə tutulubmuş, sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu, çıxarılıb. Qanunda bu depozitin miqdarı göstərilməyib, müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. Müvafiq icra hakimiyyəti orqanı bu depozitin miqdarını həddindən artıq çox edə bilər. 50 min, 100 min, hətta 200 min manat da edə bilər. Tutaq ki, müraciət edənlərin sayı çoxdur, depozitin miqdarını qaldıra bilər. O da qeyd olunur ki, lisenziyanın qüvvədə olduğu müddətdə depozit xüsusi hesabda, bankda saxlanılır. Valyuta dəyişən adamın hansı öhdəliyi var ki, gələcəkdə bu maliyyə öhdəliyini yerinə yetirə bilməyəndə həmin depozitdən istifadə olunsun?! Depozitlə bağlı sual ünvanladıqdan sonra Ziyad Səmədzadə susdu, onun əvəzindən spiker Oqtay Əsədov dedi ki, bütün dünyada depozit var, bizdə də saxlayırıq. Halbuki mən dünya təcrübəsini öyrənmək üçün sual verməmişdim, depozitin nə üçün saxlanılmasının mahiyyətinin izah edilməsini istəmişdim. Valyutadəyişmə məntəqəsinin sahibi 50 min manatı valyutadəyişmə prosesində istifadə edilməklə pul qazanıla bilər, niyə sahibkarın imkanlarını məhdudlaşdırmalısan?! Bu suala da cavab verilmədi.
Son müzakirələr göstərdi ki, Azərbaycanda Milli Məclisdə, nəhayət, bir praktikaya son qoyulmalıdır. Hansısa nazirlik, dövlət orqanı bu və ya digər qanunvericilik təşəbbüsü ilə çıxış edir və sonra onların təşəbbüskarı olduğu qanunu parlamentdə komitə təqdim edir. Valyutadəyişmə məntəqələri ilə bağlı qanuna dəyişikliklərin müzakirəsi də göstərdi ki, bir çox hallarda komitə sədrləri qanunla bağlı deputatların suallarına doğru-düzgün cavab verə bilmirlər. Digər tərəfdən, dünya təcrübəsi də göstərir ki, layihəni hazırlayan İşçi Qrupunun rəhbəri gəlməli, Milli Məclisdə qanunu təqdim etməli və müzakirələr zamanı da suallara cavab verməlidir. Məsələn, mən dünən valyutadəyişmə məntəqələri ilə əlaqədar qanuna dəyişikliklərin müzakirəsi zamanı Ziyad Səmədzadəyə bir neçə sual ünvanladım, heç birinə cavab vermədi. Ona görə də qanun layihəsini hazırlayan İşçi Qrupunun rəhbəri, yaxud həmin nazirliyin, dövlət orqanının nümayəndəsi, yaxud Prezident Administrasiyasında qanun layihəsinin üzərinə viza qoyan, prezident adından Milli Məclisə göndərilməsi məqsədi ilə imza üçün prezidentə təqdim edən əməkdaş parlamentə gəlməli, qanun layihəsini təqdim etməlidir. Yoxsa görürsünüz ki, son vaxtlar çoxlu sayda qanunlar qəbul edir, qısa vaxtdan sonra dəyişirik. Qanun layihəsi ayrı-ayrı subyektlərdən qanunvericilik qaydasında daxil olursa, biz onu təqdim edilən formada səsə qoymalıyıq. Ya qanunu qəbul etməli, ya da geri qaytarmalıyıq. Əksər hallarda da geri qaytarmaq praktikası yoxdur, məcburən Milli Məclis rəhbərliyi olduğu kimi səsə qoyur və o cür də qəbul edilir. Üzərindən 6 ay keçir, həmin subyekt yenidən həmin qanuna təkrar dəyişiklik layihəsini göndərir. Ona görə də İşçi Qrupunun rəhbəri, müvafiq şəxslər gəlməli, deputatların iradlarını dinləməli, etirazlar varsa, qanuna müvafiq düzəlişlər edib, yenidən parlamentə təqdim etməlidir.
- Bir çox QHT-lər Azərbaycan prezidentinə müraciət edib. Çünki QHT-lər Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarları çərçivəsində işləyə, banklardan pul çıxara bilmirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının da öz arqumenti var, deyir ki, qanun belədir, qanunu tətbiq edirik.
- Qanunlar da o qurumlardan gəlir və biz də məcbur olub, o şəkildə səsə qoyuruq. Sonna da bu problemlər ortaya çıxır. Ötən dəfə parlamentdə bankların lisenziyasının ləğvi ilə bağlı məsələnin müzakirəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı da iştirak edirdi. Həmin müzakirələr zamanı Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev dedi ki, həmkarlar ittifaqlarının kənd yerlərindəki üzvləri müraciət edir, xəstəliklərin müalicəsi, digər problemlərlə əlaqədar yardım istəyirlər, indi bu yardımları onlara göndərə bilmirik. Əvvəllər yardımları poçtla göndəriblər, indi isə pul yardımı üçün həmin insanların plastik kartı olmalıdır. Axı o adamların əksəriyyətinin plastik kartı yoxdur. Tutaq ki, insan kənddə yaşayır, mal-heyvan saxlayır, hansısa dövlət orqanından maaş almır ki, kartı olsun. Səttar Mehbalıyev sual verdi ki, bu insanlara maliyyə yardımını necə edək? Eyni zamanda rayon yerlərində bankomatların sayı azdır. Pensiyalar alınan zaman rayon yerlərində o bankomatların qarşısında günlərlə növbələr olur. İnsan 100 manat yardım almaq üçün 3 gün gedib bankomatın qarşısında dursun? Bu da bir problemdir. Nə qədər ki, hər kənddə bu bankomatlardan qoyulmayıb, sayları çox deyil, əhalinin hamısı plastik kartlarla təmin olunmayıb, bu prosesi həyata keçirmək çətindir. Bunun tətbiqindən öncə araşdırılmalı idi, əhalinin hansı hissəsində bu kartlardan var, bankomatlarla bağlı vəziyyət necədir, sonra bu addım atılmalı idi. O cümlədən sahibkarların nə qədər hissəsi nağdsız hesablaşmalara hazırdırlar?! Tutaq ki, avtomobil şirkətləri avtomobil ehtiyat hissələrini nağd yolla müxtəlif yerlərdən alırlar. Bu şirkətlərə ayda hesablarından cəmi 30 min manat nəğd pul çıxarmağa icazə verirlər. Öz pullarını hesablarından çıxara bilməyən sahibkarlar böyük problemlərlə üz-üzədirlər. Artıq çox neqativ hallar başlayıb. Sahibkarlar o pulları hesablarından çıxarmaq üçün hansısa hesablara ödəmələr etməklə çıxaracaqları pulların 10 faizi müqabilində pullarını çıxarırlar. Bununla da qanunsuz fəaliyyətə bir pəncərə açılıb. Bu da istər-istəməz sahibkarlar arasında ciddi narazılıq doğurur. Cəmiyyət, iqtisadi sfera hələ tam mənada nağdsız hesablaşmalara hazır deyil. Yaxud QHT-lər regionlarda müxtəlif tədbirlər keçirirlər. QHT-lərdən tələb edilir ki, xərclər ancaq bank hesabı ilə ödənilsin. Rayon yerləri buna da hazır deyil. Həm də QHT-lər rayonlara gedərkən nağd pullar xərcləyirlər. Rayonlarda restoranların çoxunda POS-terminallar da yoxdur. Yolda bir restoranda yemək yedin, orada POS-terminal yoxdur. Bunların hamısına nağd pullar lazımdır. Söhbət orada onsuz da böyük məbləğlərdən getmir, ancaq insanlar üçün kifayət qədər narahatlıq yaradılıb.
- Puldan danışmışkən, Cinayət Məcəlləsinə təklif edilən son dəyişikliklər də geniş müzakirələrə yol açdı. Sizcə, cərimələrin miqdarının yüksəldilməsi nə dərəcədə məqbuldur?
- Elə cərimələr var ki, 10 dəfə, eləsi var ki, 2 dəfə, 4 dəfə artırılır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da bu məsələ ilə bağlı müzakirələr zamanı demişdim ki, əgər devalvasiya nəzərə alınaraq cərimələr artırılırsa, axı əhalinin maaşı dəfə ilə artmayıb. Cəzanın məqsədi var. Cəzanın məqsədi həm də sosial ədaləti bərpa etməkdir. Ona görə qeyd olunur ki, cəza təkcə törədilmiş cinayət üçün əvəz deyil, həm də insanı islah etmək, başqalarını bu cinayəti törətməkdən çəkindirmək məqsədi daşıyır. Cəza mütləq həmin cəza tətbiq olunan insan üçün müəyyən məhrumiyyətlər yaratmalıdır. Bəzi deputat həmkarlarımız hesab edir ki, 500 manat vətəndaş üçün hansısa məhrumiyyət yaratmır. Amma Azərbaycanda 500 manat orta aylıq əməkhaqqıdır. Biz cərimələrin miqdarını müəyyənləşdirərkən mütləq ölkədəki orta vəziyyəti əsas götürməliyik. Cəzanın tətbiqinin fəlsəfəsi bundan ibarət olmalıdır ki, bu cəza məhrumiyyət yarada bilsin. Əgər bir ailənin aylıq gəliri 500 manatdırsa, sən bu ailəni cərimələyib, yaşayış vasitəsindən məhrum edirsənsə, bu, ailə üçün çox böyük məhrumiyyətdir. Bundan böyük nə məhrumiyyət ola bilər? Bir ailə məcbur olub başqalarından borc alacaq, yaxud əməkhaqqını cəriməyə ödəyəcək, kimdənsə borc alıb yaşayacaq, sonra maaşından hissə-hissə bunu qaytaracaq. Əlbəttə, yüksək maaş alanlar üçün 500 manat məhrumiyyət yaratmaya bilər. Axı biz bu cəzanı varlılar üçün nəzərdə tutmuruq, orta statistik informasiyalara əsasən müəyyənləşdiririk. Azərbaycanda da orta aylıq əməkhaqqı 500 manatdır. Deməli, devalvasiyaya görə cəriməni dəfələrlə artırırıq, ancaq maaşlar ən yaxşı halda 10-15 faiz artıb. Ona görə də komitənin iclasında da mən Cinayət Məcəlləsinə təklif edilən bu dəyişikliklərə qarşı çıxmışdım. Doğrudur, bu dəyişikliklər dünən geri götürüldü. Mən ümumiyyətlə, cərimələrin bu şəkildə artırılmasını düzgün saymıram.
- Avropa Şurası Türkiyə ilə əlaqədar monitorinqi bərpa etdi. Bu məsələyə münasibətiniz necədir?
- İkili standartlar siyasəti var, bu, birmənalıdır. Amma deyim ki, Türkiyədə də hər şey idealdır, o zaman da ədalətsiz olmuş olaram. Burada hər iki amil var və bu amillər Avropa Şurası Parlament Assambleyasında bu qərarın qəbul olunmasını şərtləndirib.
Ümumiyyətlə, tam məsuliyyətlə deyirəm ki, Avropa Şurası əhəmiyyətsiz, lazımsız bir qurumdur. Biz bu qurumdan hansısa məsələ ilə bağlı ciddi, prinsipial qərar görməmişik. Məsələn, Azərbaycan torpaqları işğal olunub, Avropa Şurasında dəfələrlə bu məsələ qaldırılıb. Çalışıblar ki, işğalçıya da, işğala məruz qalana da bərabər münasibət sərgiləsinlər. Ancaq tribunadır, bu tribunanı ermənilərə buraxmaq olmaz. İstənilən beynəlxalq təşkilatın tribunası nə qədər əhəmiyyətsiz olursa olsun, o, bir auditoriyadır. Diplomatların, siyasətçilərin toplaşdığı, parlamentarilərin olduğu bir forumdur. O tribunanı tək ermənilərə buraxmağı da düzgün saymıram. Amma vətəndaşlarımız da bilməlidirlər ki, sadəcə, orada danışırıq, hansısa məsələni qaldırırıq.
- Rusiya Xarici İşlər Nazirliyinin Dilqəm Əsgərov və Aleksandr Lapşini eyniləşdirən açıqlamasına münasibətiniz necədir?
- Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasını oxudum və dəhşətə gəldim. Deyirlər ki, Lapşin də, Dilqəm Əsgərov da Dağlıq Qarabağa qanunsuz səfər edib, Rusiya öz vətəndaşlarına müraciət edir ki, Dağlıq Qarabağa qanunsuz səfər etməyin, onların hər ikisi bizim tələblərimizi pozub. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında açıq işarə edib ki, Dilqəm Əsgərovu Azərbaycan hökuməti göndərib. Əvvəla, hansı araşdırmanın nəticəsi olaraq Dilqəm Əsgərovun Azərbaycan hökuməti tərəfindən ora göndərilməsi qənaətinə gəliblər? Digər tərəfdən, Dilqəm Əsgərov öz doğulduğu, ata-babalarının qəbrinin olduğu, böyüyüb - başa çatdığı bir bölgəyə, belə deyək ki, öz evinə gedib. Bəs Lapşin nəyə gəlib? Tamamilə ədalətsiz bir müqayisədir.
Rusiyadan başqa cür münasibət gözləmək də doğru deyil. Çünki Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Mən həmişə söyləmişəm ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbi Rusiyadır. Rusiya Ermənistanı müdafiə etməyəcəyi təqdirdə Azərbaycan çox qısa müddətdə, həm də müharibəsiz öz torpaqlarını azad edər. Ermənistan hissə etsə ki, müharibədə Rusiya ona dəstək verməyəcək, Ermənistan özü işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq. Ermənistan cəsarət edib heç vaxt təkbaşına Azərbaycanla müharibəyə girməz. Bu baxımdan Rusiyadan başqa münasibət gözləməyə dəyməz. Ona görə də mən hər zaman deyirəm ki, bizim Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması üçün Ermənistanla apardığımız danışıqların heç bir mənası yoxdur, Azərbaycan bu danışıqları Rusiya ilə aparmalıdır.
Xəbər 3071 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|