14.03.2017 16:21
“Xəstələrimizin xaricə üz tutması başadüşülməz faktdır“ - Həkim-oftalmoloq
Milli Oftalmologiya Mərkəzində Azərbaycanda yeganə olan “Gözün zədəsi və təxirəsalınmaz oftalmoloji yardım” şöbəsinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru İlham Zərgərli Azadinform-a müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:
- Doktor, hazırda ölkəmizdə göz zədələnmələrinin statistikası ilə bağlı vəziyyət nə yerdədir?
- Göz zədələrinin, əlilliyin əsas səbəblərindən biri kimi, xüsusi çəkisi yüksək və stabildir. Bununla bağlı olaraq, gözün zədəsi ilə olan xəstələrin reabilitasiya olunma imkanları göstərdiyimiz xəstələr kontingentində böyük sosial əhəmiyyətə malikdir.
Göz travmatizmi yaşlı əhalinin görmə orqanının ilk xəstəliyi kimi strukturunda təxminən 3,5%-3,8%-ni təşkil edir.
Gözün zədələnmələri çox zaman görmə itiliyinin kəskin azalmasına və korluğun əsas səbəbi kimi, eyni zamanda əmək qabiliyyətinin də tam itməsinə və əlilliyə gətirib çıxaran səbəblərdən biridir. Göz travmatizmi əhalinin yaşlı təbəqəsinin bütün başqa göz patologiyaları fərqində əlilliyin əsas səbəblərindən biri kimi təxminən 12%-ni təşkil edir. Təyin edilmişdir ki (statistik materiallara əsasən), görmə orqanının zədə nəticəsində baş vermiş əlillik kənd əhalisində təxminən 57%, şəhər əhalisində - 43%-dir. Kənd əhalisi arasında əlilliyin yüksək faizinin olması, güman edilir ki, müəyyən səbəblərin nəticəsində bu kontingentə vaxtında tibbi reabilitasiyanın göstərilməməsidir.
- Göz qəzalarının səbəbi nədir? Fərdi ehtiyatsızlıq, yoxsa əməyin təhlükəsizliyinə riayət olunmaması?
- Klinik materialların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, gözün ağır zədəsi ilə (bura küt zədələr, dəlib-keçən yaralanmalar v.s. aiddir) stasionar müalicə üçün daxil olmuş xəstələrdə gözün zədələnmələrini törədən səbəb kimi 65% təmir-tikinti işlərinin üzərinə düşür.
Suala cavab olaraq qeyd etməliyəm ki, arzuolunmayan kliniki-əmək proqnozlu gözün zədəsi ilə xəstələrin əhəmiyyətli hissəsini gözün yanıq xəstəliyi ilə olan pasiyentlər təşkil edir. Gözün zədəsi nəticəsində baş vermiş əlilliyin nozoloji strukturunda gözün yanıq xəstəliyi çox yüksək - 38% təşkil edir.
- Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zədə şöbəsi hansısa xəstənin “bizlik deyilsən” deyib geri qaytarıbmı?
- Fürsətdən istifadə edib demək istərdim ki, Milli Oftalmologiya Mərkəzində Azərbaycanda yeganə olan “Gözün zədəsi və təxirəsalınmaz oftalmoloji yardım” şöbəsi fəaliyyət göstərir. Qeyri-rəsmi olaraq biz bu şöbəni “Gözün Zədə Mərkəzi” deyərək adlandırırıq. Şöbənin unikallığı ondan ibarətdir ki, gözün bütün növ yaralanmaları, gözdaxili yad cisimlər, gözün yanıqları zamanı, göz almasının subatrofiyası (kiçilməsi) zamanı, göz qapaqlarının yaralanmaları və defektləri zamanı, göz yaşı yollarının zədələnmələri, keçməməzliyi və iltihabi xəstəlikləri (dakriosistitlər) zamanı, buynuz qişanın irinli postravmatikxoraları zamanı və s. 24 saat ərzində fərdi və planlı surətdə cərrahi və konservativ müalicələrini müvəffəqiyyətlə həyata keçirən Azərbaycanda yeganə şöbədir.
Mən, bu şöbənin aparıcı elmi işçisi olaraq deməliyəm ki, bu 30 ildə nə mənim, nə şöbənin başqa əməkdaşları tərəfindən gözün zədəsi ilə olan xəstələrə belə bir ifadə işlədilməmişdir, əksinə, əlimizdə olan bütün imkanlardan istifadə edərək, belə xəstələrə peşəkar oftalmotravmatoloji kömək göstərmişik və göstəririk.
Onu da qeyd edim ki, göz zədəsi ilə xəstələrin ən çox rastlaşdığı problemlər - zəifgörmə, korluq və əlillikdir.
- Milli Oftalmologiya Mərkəzinin müalicə imkanları nə dərəcədədir? Avadanlıqla təminat xəstələrin daha tez və keyfiyyətli müalicə olunmalarına imkan yaradırmı?
- Oftalmologiya Mərkəzinin müalicə imkanları haqqında danışdıqda, deməliyəm ki, bütün növ müalicə-diaqnostika avadanlıqları ilə tam həcmdə təchiz olunmuş xüsusi və unikal superklinikadır. Belə bir imkanlara malik klinikadan başqa klinikalara və ölkəmizdən kənarda müalicə olunmasına tamamilə ehtiyac yoxdur.
Həkimlərimiz savadlarını və peşəkarlığını artırma məqsədilə öz üzərində daim işləyən, bir çox əcnəbi ölkələrdə təhsil alan ixtisas sahibidirlər. Mərkəzimizin yüksək səviyyədə bütün avadanlıqla təmin olunması xəstələrin keyfiyyətli və daha qısa müddətdə müalicə olunmasına təminat verir.
- Digər xəstəliklərlə yanaşı, qəza zamanı gözləri zədələnmiş vətəndaşlarımız bəzən xaricə üz tutur. Sizcə bu nə ilə bağlıdır. Azərbaycan həkimlərinə güvən azdır, yoxsa nə?
- Qeyd etdiyim kimi, Mərkəzin maddi-texniki imkanı bizə şərait yaradır ki, gözün zədəsi ilə olan xəstələri vətənimizdə müalicə edək. Amma buna baxmayaq, zədənin müəyyən fəsadları zamanı (buynuz qişanın yanıqdan sonrakı bulanmaları, buynuz qişanın çapıqları və s.) xəstələr xaricə üz tuturlar (çox vaxt İran İslam Respublikasına). Belə vəziyyətin baş verməsinə səbəb ölkəmizdə Göz Bankının olmamasıdır (İranda, Türkiyədə və Rusiyada Göz Bankı var). Göstərilən fəsadlar zamanı buynuz qişanın transplantasiyası (meyitdən canlı insana köçürülməsi) kimi cərrahi əməliyyatlara ehtiyac olur. Bu məsələni həll etmək üçün Mərkəzimizin rəhbərliyi dəfələrlə Kütləvi İnformasiya Vasitələrində çıxışlar edib. Səhiyyə Nazirliyinə və Milli Məclisə müraciət etmişdir. Məsələnin aktuallığı və vacibliyi qeyd olunmuş və bu istiqamətdə çox böyük işlər aparılmaqdadır. Ümüdvaram ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.
Statistikaya görə, bizim Mərkəzimizdə bu cərrahi əməliyyatın aparılmasına 3000-dək xəstənin ehtiyacı var. Qeyd etmək lazımdır ki, bu əməliyyatı (buynuz qişa transplantasiyası) həyata keçirən bacarıqlı və peşəkar həkimlərimiz var.
O ki qaldı xəstələrimizin xaricə üz tutmasına (xüsusən İrana) bu başadüşülməz faktdır. Belə ki, bəzi xəstələrdə inamsızlıqdan əmələ gəlir. Fürsətdən istifadə edərək deməliyəm ki, bir çox hallarda bu xəstələri (həmən o İranda) tamamilə səhv müalicə edirlər və bununla bərabər bizim həkimlərimizi xəstələrin gözündə bilərəkdən hörmətdən salırlar. Xəstələrin bir qismi qayıdandan sonra çox aqressiv gəlir və biz bəzi xoşagəlməz hallarla üzləşirik. Lakin belələrinin sayı elə də çox deyil.
- Azərbaycanda göz xəstəliklərinin müalicəsi və göz əməliyyatlarından sonrakı profilaktika üçün istifadə olunan dərmanlar və preparatlar qane edirmi?
- Gözdə aparılmış cərrahi əməliyyatdan sonra müəyyən dövr göz damcılarından mütləq olaraq istifadə etmək lazım gəlir. “Dərman bazarında” indiki vəziyyət biz oftalmoloqları qane etmir. Belə ki, əczəxanalarda keyfiyyətsiz dərmanlar satılır, bunlar zərərli olmasa da, müalicə effekti olmur. Müəyyən damcıların tam yoxa çıxması faktı da var, məsələn 1%-li atropin məhlulu və onun derivatları. Bunların istifadəsi adı çəkilən xəstələrdə bir çox vaxt mütləqdir. Bu dərmanları tapmaq üçün bəzi xəstələr xarici ölkələrə üz tuturlar (İrana, Rudiyaya və b.). Ümidvaram ki, bu kimi mənfi hallar yaxın vaxtlarda öz həllini tapacaq.
- Buynuz qişanın yaralanmasından sonra neçə faiz xəstələrin gözünə oftalmodiaqnostika tətbiq edilir?
- Buynuz qişanın, skleranın və gözün yardımçı aparatının yaralanması ilə şöbəmizə daxil olmuş bütün xəstələrdə mütləq və təcili olaraq lazım olan (ultrasəs diaqnostika, rentgenoqrafiya, kompüter-tomoqrafiyası, biomikroskopiya, optik koherent tomoqrafiya və s.) diaqnostik müayinə metodlarından istifadə edilir.
Əvvəl dediyim kimi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada ən yeni və müasir tibbi avadanllqlarla tam təchiz olunub.
Xəbər 3889 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|