10.03.2017 15:38
Geyimi ilə gündəmə gələn aktrisa: “Mənə pis təsir etdi ki...”
XəzərNews.az bildirir ki, Gənc aktrisa Ülfət Bəşirova “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. O, daha öncə bir çox serial və reklamlarda rol alsa da, “Stalinin başı” filmində canlandırdığı obraz ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Aktrisa ilə söhbətə özünün təqdimatı ilə başladıq:
- Bir çox ekran işində yer alsanız da, çoxları sizi ilk dəfə “Stalinin başı” filmində gördü. Ona görə də ilk sualım belə olacaq. Ülfət Bəşirova kimdir? Özünü oxuculara necə təqdim edər?
- 1995-ci ildə oktyabrın 26-da Bakıda anadan olmuşam. 23 və 227 nömrəli məktəblərdə oxumuşam. Əvvəl rus, sonra Azərbaycan bölümündə təhsil almışam. Məktəbi bitirəndən sonra isə İncəsənət Universitetinə qəbul olundum. Hazırda tələbəyəm.
- İncəsənətə marağınız uşaq yaşlarınızdan olub, yoxsa təsadüf nəticəsində bu sahəyə yönlənmisiniz?
- Uşaqlıqdan incəsənətə marağım olub. Uşaqlıqdan ailəm məni tez-tez teatra aparırdı. Xalam qızı musiqiçidir, onunla da konsertlərə gedirdim. Lakin nəslimizdə aktrisa yoxdur. Mən ilk aktrisayam. Mən tamaşaları, filmləri izlədikcə aktrisa olmaq, tanınmaq istəyirdim. Sonra təsadüf nəticəsində bir nəfərlə tanış oldum. O məni kastinqlərə yönləndirdi. İlk obrazımı məktəbdə oxuyarkən canlandırmışam. Məni görüb kastinqə dəvət etdilər. O vaxt “Məhkumlar” serialı çəkilirdi. Səhnə görünüşümü, danışığımı, plastikamı bəyənmişdilər. Birbaşa baş rola təsdiq etdilər. Bu rol mənim uğurlarımın təməli oldu. Daha sonra “Toy gecəsi”nə dəvət aldım. Namiq Qaraçuxurlunun nişanlısı rolunda bir neçə seriyaya çəkildim. Beləliklə, yavaş-yavaş aktrisalığa başladım. Hazırda isə “Sən olmasaydın” teleserialında rol alıram. Artıq film sektoru məni tanıyır və özləri dəvət edir.
- “Stalinin başı” filminə dəvət necə oldu?
- Hər şey təsadüfdən ibarətdir. Bir neçə ay öncə rəfiqəm məni kinoya dəvət etdi, birlikdə “Bozbaş pictures”in “Axırıncı yol” filminə baxdıq. Filmi çox bəyəndim, onların yumor hissi mənə daha yaxındır. Məni “Stalinin başı” filminə dəvət edəndə çox təəccübləndim. Çox bəyəndiyim kollektivlə çalışmağın başqa yeri var. Məni İlkingilə Səbinə xanım var, o məsləhət görüb. Çünki aktrisalığıma bələddir. Sınaq üçün getdiyim gün də mənim rolumu təsdiqlədilər. Çox sevincliyəm ki, bu cür işdə rol almışam.
- Sizin hündürdaban ayaqqabıda otluqda, daşlıqda qaçdığınız səhnələr mənim daha çox diqqətimi çəkdi. Çətin deyildi? Ümumiyyətlə, çəkilişlər necə keçdi?
- Peşəkar komandadır. Onlarla çalışmaq zövq verir. Hazırda “Bozbaş Pictures” komandasının bəzi üzvləri ilə də dostlaşmışıq. Onların münasibəti sayəsində kamera qarşısında çox sərbəst idim. Ayaqqabı məsələsinə gələndə isə “kabluk” başıma çox oyun açdı. Gündəlik həyatda hündürdaban geyinən deyiləm, tədbirdən- tədbirə geyinərəm. Dərə-təpədə o ayaqqabılarla qaçmaq çətin idi. Amma çəkiliş komandası çox kömək etdi. Emil Abdullayev “motor” deyən kimi əlimi buraxırdılar, qaçırdım, sonra çəkiliş bitirdi, yenidən gəlib kömək edirdilər, ayaqqabımı çıxardır, tərlik verir, stulda otuzdurdular. Çox diqqətcil insanlar idi. İlk dəfə bu qədər peşəkar komandaya düşmüşdüm.
- Filmdə açıq-saçıq geyinən, Stalinin sərvətini ələ keçirməyə çalışan qadın obrazındasınız. Bu cür rollar daim müzakirəyə səbəb olur. Sizə tamaşaçıların reaksiyası necə oldu?
- Reaksiyalar gözlənilməz oldu. “Stalinin başı” rol aldığım ilk filmdir. “Bozbaş Pictures” qızıl altılıqdır və çox populyardılar. Onların yanında diqqət çəkəcəyimi düşünmürdüm. Qala gecəsində biz səhnədən düşəndən sonra Dilarə Əliyeva, Kəmalə Piriyeva, Azad Şabanov, Oqtay Əliyev kimi məşhurlar mənə yaxınlaşıb təbrik etdilər və çox təbii oynadığımı dedilər. Bu hadisə məni çox xoşbəxt etdi. Rolum isə öz çərçivəsində idi. Emil müəllim hər şeyə diqqət edirdi, hər şeyi nəzarətdə saxlayırdı. Bəzən qaçanda fikir vermirdim, köynəyim qalxırdı. Emil müəllim çəkilişi saxlayıb, yenidən başladırdı. Orada iyrənc, aşırı açıq-saçıq geyinməmişəm. Roluma uyğun geyimlər seçilib.
- Qala gecəsində geyindiyiniz libas sizə çətin anlar yaşatdı. Fotoqraflar o anları görüntülədi, mətbuatda geniş yer ayrıldı, sosial şəbəkələrdə müzakirə olundu...
- Mənim ilk qala gecəm idi, aylarla hazırlaşmışdım. Özümü rahat və gözəl hiss etməliydim. Toy paltarı ilə gedə bilməzdim. Qala gecəsi ənənəsi Hollivuddan gəlib. Mən də dünyanın məşhur simalarının geyimlərini izlədim. Hərədən bir detal götürüb o geyimi hazırlatdım. Çox da uğurlu alındığını düşünürəm. Mən oturarkən çətin anlar yaşamadım, rahat idim.
- Bəziləri isə iddia etdilər ki, Ülfət qəsdən əyləşəndə ayağını, sinəsini açıq qoydu ki, gündəmə gəlsin...
- Bu cür söhbətlərə münasibət bildirmək istəmirəm. İlk öncə mənə pis təsir etdi ki, ilk qala gecəm belə oldu. Sonra İlkin Həsəni dedi ki, bu cür hallara hazır olmalısan. Gündəmə gəlmək üçün ayağımı açmağa ehtiyacım yoxdur. Mən geyimimi çox bəyənmişdim, gecəyə də uyğun idi. Geyimim ifrat dərəcədə açıq deyildi.
- Ailənizin sərt tənqidlərə reaksiyası necə oldu?
- Bu haqda danışmaq istəmirəm. Əlbəttə, onlara xoş deyil.
- Gələcək hədəfləriniz nələrdir?
- Onu zaman göstərəcək. Bu il universiteti bitirəcəyəm. Magistraturaya hazırlaşıram. Magistr təhsilini xaricdə almaq istəyirəm. Azərbaycanda öyrəndiyimi öyrənmişəm.
- Örnək götürdüyünüz aktrisalar var?
- Film izləməyi sevirəm. Lakin kimdənsə örnək götürmürəm. Film izləmək mənim üçün vaxt keçirmək deyil. Bu bir prosesdir. Rahat başla, diqqətlə izləyirəm.
- Yeni çəkilən digər yerli filmləri izləmisiniz, onlara münasibətiniz necədir?
- Çox adam deyir ki, bizdə kino yoxdur. Bu fikirlər mənə çatmır. Sevinmək lazımdır ki, son 3-4 ildə filmlər çəkilir. Nədənsə başlanılıb. 2-3 ilə hər şey mükəmməl olacaq. Əlbəttə, qədim filmlərimiz tarixdir, o səviyyəyə çatmağa hələ çox var. Amma 4 il öncə çəkilən ilə indiki filmlər arasında çox fərq var. Hər şey yaxşılığa doğru gedir. Bu, sevindirici haldır. Heç kimi qınamaq lazım deyil.
Xəbər 5167 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|