24.02.2017 10:04
“Çox faktlar bilirəm, istəmirəm ki, ictimaiyyətdə mənfi rəy yaransın“ - Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov
Ötən il aprel döyüşlərindən bəri hər gün mətbuatın ilk məlumatları cəbhə xəbərlər olur. Həmin xəbərlərin statistikası da göstərir ki, cəbhə xəttində atəşkəsin pozulması halları ötən ilin aprelindən bəri xeyli artıb. Bütün bunlar Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatların nəticəsidir.
Silahlı Qüvvələr Hərbi Polis İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov müsahibəsində ermənilərin cəbhə xəttində törətdiyi təxribatlardan, aprel döyüşlərindən sonrakı vəziyyətdən danışıb.
1995-ci ildən 2013-cü ilədək Hərbi Polis İdarəsində rəhbər vəzifələrdə çalışmış polkovnik keçmiş MTN- çilərin hərbi hissəyə hücum edən radikal dini qrupun üzvlərinin necə gizlətmələrinə dair sensasiyalı faktlar açıqlayıb.
XəzərNews.az həmin müsahibəni oxuculara təqdim edir:
-Aprel döyüşlərində Azərbaycan silahlı Qüvvələri düşmənə öz gücünü göstərdi. Düşmən tərəfi həmin döyüşlərdə böyük itkilər verdi. Bu, bir daha göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin durumu çox aşağı səviyyədədir və bu ordu döyüş tapşırıqlarını yerinə yetirməyə qadir deyil. Həmçinin son zamanlar Azərbaycan dövlət tərəfindən ordumuzun müasir silahla silahlandırılması həyata keçirilib və bu, davam edir. Əlbəttə ki, bu, uzun müddət davam edən prosesin nəticəsidir. Hələ ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan dövlətinin qarşısında duran birinci məsələ ordu quruculuğu və silahlı qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan siyasət öz nəticələrini aprel döyüşlərində göstərdi. Aprel döyüşləri ordumuzun nəyə qadir olduğunu, hansı silahlarla təchiz edildiyini bir daha ortaya qoydu. Halbuki ordumuz həmin döyüşlərdə düşmənə qarşı sahib olduğu silahların bir qismindən istifadə etmədi. Lakin mövcud silahların yalnız bir hissəsindən istifadə edən ordumuz düşmənin çoxlu sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Talış və Lələtəpə yüksəkliklərinin işğaldan geri alınması sayəsində ordumuzun Cəbrayıl-Füzuli və Tərtər-Ağdam istiqamətində mövqeləri əhəmiyyətli şəkildə möhkəmlənib. Bunun nəticəsidir ki, Lələtəpədən Füzuli istiqamətində bizim yolumuz açıqdır. Hazırda ordumuzun gücü və qüdrəti düşmənə və üçüncü qüvvələrə aydın oldu ki, Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunub, Ermənistan Azərbaycan dövləti ilə silah gücü ilə danışmaq qabiliyyətinə malik deyil. Bununla belə, işğalçı Ermənistan ordusu atəşkəsi tez-tez pozmaqla Azərbaycan Silahlı Qüvvələrini qıcıqlandırır, dünya ictimaiyyətini özlərinə cəlb edir. Atəşkəsin mütəmadi olaraq pozmaları, cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törətmələri də bu məqsədə xidmət edir. Mən keçmiş hərbçi kimi belə düşünürəm ki, belə davam edərsə bizim ordumuz düşmənin bu təxribatlarını cavabsız qoymayacaqlar. Ermənilər təxribatlarını belə davam etdirsələr, Azərbaycan ordusu onların layiqli cavablarını verib yerində oturdacaqlar.
-Ötən ili aprelində cəbhə xəttində baş verən şiddətli döyüşlərin yenidən təkrarlanma ehtimalı varmı?
-Belə bir ehtimal böyükdür. Son baş verənlər göstərir ki¸ ermənilər çox təxribatlara əl atırlar. Ötən il dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun cəsədini iki aydan sonra geri qaytardılar. Buna baxmayaraq, bu təxribat da öz məqsədinə çata bilmədi və cənab prezident şəhid əsgərimizə Milli Qəhrəman adı verməli ordumuzda və ictimaiyyətdə ruh yüksəkliyi yaratdı. Lakin Ermənistan ordusunun bu cür təxribatları davam etdirilsə aprel döyüşləri nəinki təkrarlana bilər, hətta ondan da sərt hadisələr qaçılmaz olacaq. Amma ermənilər yenə də layiqli cavab alacaq və ordumuz daha da irəli gedəcək. Hesab edirəm ki, Azərbaycan ordusu işğal altındakı digər ərazilərimizin də azad edilməsi istiqamətində lazımi tədbirlər görəcək və görməlidir.
-Hazırda gündəmdə olan məsəllərdən biri “MTN işi” ilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
-Mən dəfələrlə çıxışlarımda bu məsələlər barədə fikirlərimi demişəm. 2009-cu ildə qəzetlərin birində belə bir məlumat dərc olunmuşdu ki, radikal dini qruplaşmanın üzvləri Tovuz istiqamətində yerləşən hərbi hissələrin birinin nəzarətində olan posta hücum edib, əsgərlərdən birini öldürərək silahları ələ keçiriblər. Mən o vaxt Hərbi Polisin rəisi kimi o vaxt mən qəzetdəki bu məlumatla şəxsən tanış oldum. O zaman müdafiə naziri Səfər Əbiyev xaricdə səfərdə idi, mən ona zəng etdim ki, qəzetdə belə bir məlumat yayılıb. O isə mənə tapşırdı ki, məsələni araşdır. Dedi ki, ola bilər hansısa komandir qorxusundan hadisə barədə məlumatı gizlədər, araşdır gör doğrudan da belə bir hadisə olubmu və necə baş verib? Mən araşdırdım və məlum oldu ki, belə bir hadisə olmayıb. Amma həmin hadisə 3 gündən sonra Daşkəsəndə baş verdi. Başladıq hadisəni araşdıranda məlum oldu ki, Kamran Əsədov adlı bir zabit iki dostu ilə birlikdə “NİVA” avtomobili ilə gəlib zabitin postunda olan əsgərlərdən ikisini yaralayıb, birini öldürərək 6 ədəd silahı yığıb aparıblar. Biz məsələni araşdıranda müəyyən etmək istədik ki, görək bu zabit orduya neçə çağırılıb, hərbi hissəyə necə gəlib düşüb? Axı, Hərbi Əks-Kəşfiyyat İdarəsi belə məqamlara diqqət yetirməlidir. Üstəlik bu adam hərbi xidmətə gəlməmişdən əvvəl Pankis dərəsində təlim keçib, Qazaxda MTN tərəfindən saxlanılıb. Amma bizə məlum olmayan səbəbdən Kamran Əsədovu buraxıblar. Sonra Novxanıda radikal dini qruplaşma ilə MTN əməkdaşları arasında atışma olub, onlar MTN-çilərə müqavimət göstərib. Bunlar saxlanıldı, saxlanılan zaman məlum oldu ki, həmin qrupun üzvləri Kamran Əsədovun Bayıla yerləşən evində bir ay yaşayıblar, arvadı onlara quluq edib. Qrupun üzvləri həbs olundu, Kamran Əsədov həbs edilmədi, hansı ki, bu adam onları evində saxlayıb. Qrup üzvləri həbs olunandan sonra Kamran Əsədovu ehtiyatda olan zabit kimi orduya aparıblar. Amma onun kim olduğunu nə mən bilə bilərdim, nə də başqası. Milli Təhlükəsizlik Nazirliyi onun qarşısını almalı idi və hərbi komissarlığa xəbərdarlıq etməli idi ki, orduya çağırdıqları bu zabit radikal dini qruplaşmanın üzvüdür. Necə ola bilər ki, bu adam cinayət törətdikdən sonra orduda xidmətə çağırılıb?! Hərbi hissədə törədilən hadisədən sonra biz başladıq onun axtarışına. Yadınızdadırsa, onlar yanacaqdoldurma məntəqəsinə də silahlı hücum etmişdilər. Baş prokuror sağ olsun, o vaxt bizə kömək elədi, gedib Gürcüstanda onun ailəsi ilə görüşdük, Kamran Əsədovun arvadını və uşaqlarını gətirin burada Hərbi Polis İdarəsində saxladıq. Məqsədimiz o idi ki, Kamran Əsədovu özümüzə cəlb edək və onu saxlayaq. Çünki bilirdi ki, ailəsinin arxasınca gələcək. Onun iki uşağı vardı, birinə Xatab, digərinə Məryəm adı qoymuşdu. Yəni bu adam o qədər radikal idi ki, hətta övladlarının adına terrorçuların adını qoymuşdu. Bu adam məlum olmayan səbəbdən buraxılmışdı. Onu saxlamaq üçün Daxili işlər naziri Ramil Usubov xüsusi əməliyyat qrupu yaratdı və Kamran Əsədovun saxlanması istiqamətində birgə əməliyyat keçirdik. Onun yerini müəyyənləşdirdikdən sonra əməliyyat qrupu ilə birgə gedirdik tutmağa, eşidirdik ki, bir saat əvvəl kimlərsə gəlib əməliyyat keçirib, bir nəfər məhv edilib, qalanları qaçıb. Sonra o 3 nəfərin - hansı ki, Kamran Əsədovla birlikdə hərbi posta hücum etmişdi – atası anistisoloq idi, onu çağırdım yanıma. Dedi ki, bəs bu adam Pankisi dərəsində təlim keçib, Qazaxdan keçəndə onu polislər saxlayıb, sonra MTN gəldi götürüb apardı və 3 gündən sonra buraxdılar. Halbuki, Azərbaycan dövlətinin qanunlarına görə onların hər 3-ü məhkum olunmalı idi. Lakin MTN-çilər onları sərbəst buraxmışdılar. Bu faktdır. Ümumiyyətlə, Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat keçirmək bizim üçün çətin idi. Sonra biz başqa əlaqə telefonları yaratdıq və həmin qrupla əlaqəsi olan 18-20 nəfərlə söhbətlər apardıq. Aydın olurdu ki, onların 80 faizi Pankisi dərəsində təlimlər keçiblər. İndi mən mətbuatdan oxuyuram ki, filankəsi – hansı ki, onları biz saxlamışdıq, amma həbs etməyə əlimizdə əsas olmadığından MTN-ə təhvil vermişdik – İŞİD-in üzvü kimi Suriyada döyüşüb və həlak olub. Mən bu məlumatları oxuduqca həmin tanış adları görürəm. Bütün bunları söyləməkdə əsas məqsədim odur ki, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinov (o, general-mayor Nizami Talış oğlu Şirinov 2015-ci ilin oktyabrında o zaman milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən Mədət Quliyevin əmri işdən azad edilib – red.) nəyə görə hərbi hissədə olan o hadisəni törədənləri cəzalandırmadı? Axı, onun birbaşa vəzifəsi idi ki, hərbi hissədə baş verən o hadisəni əvvəlcədən görsün, onun qarşısının alınması istiqamətində tədbirlər görsün. Murovdakı hərbi hissədə o boyda ştat-struktur saxlayır, onlar bunun qarşısını almalı idilər. Onlar bilməli idilər ki, hərbi hissədə xidmətə gələn kimdir, hansı işin və əqidənin sahibidir?! Ola bilməz ki, onlar həmin zabitin Pankisi dərəsində təlimlərdə iştirak etməsindən xəbərdar olmasınlar. Açığı, bu, məndə çox şübhə yaratdı və gördüm ki, həqiqətən də general Nizami Şirinov və onun rəhbərlik etdiyi qurum öz işindən başqa hər işlə məşğul olurdu. Ancaq əsgərlərin yerlərdə yerləşdirilməsi, öz mənafelərini qorumaları, rüşvətxorluq, kimlərisə şantaj edib pul almaları – belə işlərlə məşğul idilər. Onlar öz vəzifə borclarını yerinə yetirmirdilər.
-Siz bu cür adamları tutub MTN-ə təhvil verirdiniz?
-Bizim əlimizdə məlumat xarakterli məsələlər olub. Elə olub ki, bununla bağlı nazir Səfər Əbiyevə məruzə etmişəm, o da deyib ki, MTN-ə məlumat ver. Zəng eləmişəm Nizami Şirinova ki, belə bir məlumat var. Bu, sizin işinizdir, məlumatı verirəm, özünüz məşğul olun. Amma məsələnin mahiyyətini bilmədən deyirdi ki, mənim xəbərim var. Mən izah eləyəndən sonra deyirdi ki, hə, onu bilirdik, biz əməliyyat keçirdik, siz korladınız hər şeyi. Lakin anlayırdım ki, onun heç nədən xəbəri yoxdur.
-Bəlkə məlumatlı idi, sadəcə demək istəmirdi?
-Yox gözlətmirdi. Elə məsələlər olurdu ki, onunla bağlı məlumatı mən demişəm, onlara demişəm ki, belə bir məsələ var, onunla siz məşğul olun, çünki sizə aid olan işdir. Təbii ki, mən bunları özbaşıma etməmişəm, həmişə cənab nazirə məlumat vermişəm. O isə deyib ki, bizim öz işlərimiz var, bu məsələni çatdır Nizami Şirinova, qoy məşğul olsunlar. Amma Nizami Şirinova deyəndə görürdüm ki, anlayışı yoxdur, yalandan deyirdi ki, hə, məlumatım var. Yəni çox yalanlar danışırdı, belə məsələlərlə bağlı çox faktlar bilirəm. Sadəcə istəmirəm ki, ictimaiyyətdə mənfi rəy yaransın. Lakin bu adamın fəaliyyəti bu günə qədər mənə şübhəlidir. O da məndə şübhə yaradır ki, bu adam niyə məsuliyyətə cəlb olunmur? Niyə indiyə qədər onun barəsində tədbir görülmür? Halbuki, onun vurduğu ziyanı heç kəs vurmayıb.
-Bir qədər kənardan olsa da, keçmiş hərbi məmur kimi bu sahədə baş verən hadisələri yəqin ki, izləyirsiniz. Hazırda keçmiş Milli Təhlükəsizlik Nazirliyi sistemində bu proseslərə lazımi səviyyədə nəzarət olunurmu?
-Əminəm ki, nəzarət var və bu nəzarət çox yüksək səviyyədədir. Əvvəlki MTN sisteminin özü bir bandit yuvasına çevrilmişdi. Mən işdən çıxandan sonra məni dəfələrlə Hərbi Əks-Kəşfiyyat İdarəsinə çağırıb şantaj etmək istədilər. Amma onlara tutarlı cavab verdim və bundan sonra məndən əl çəkdilər. Amma bildiyimə görə başqa generalları və Səfər Əbiyevdən sonra tərxis olunmuş digər zabitləri çağırıb şantaj edirdilər. İndi isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bu strukturda təmizləmə işləri aparır və çox savadlı insanları işə cəlb edir və onlar yalnız öz işləri ilə məşğuldur. Hazırda orada tanıdığım insanlar var, Hərbi Əks-Kəşfiyyat İdarəsinə rəis müavini təyin olunan şəxsi çox yaxından tanıyıram və bilirəm ki, savadlı zabitdir. Mən həmin zabitlə bir yerdə işləmişik də. Mədət Quliyev belə bir savadlı zabiti bu mühüm fəaliyyətə cəlb edibsə, deməli doğrudan da nəzarət lazımi səviyyədə təşkil olunub.
-Amma son vaxtlar radikal dini qruplaşmaların bir qədər fəallaşdığı da müşahidə olunur. Onlar hətta Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarına silahlı müqavimət göstərməkdən belə, çəkinmir...
-Bəli son vaxtlar belə hallar doğrudan da artıb. Çünki həmin cinayətkar dəstələr əvvəllər MTN-də yüksək vəzifə tutan şəxslər tərəfindən himayə olunurdu. Hətta bəzi hallarda bu cinayətkarları gizlədirdilər, MTN əməkdaşları onların qapısını açıb nə işlə məşğul olduqlarını soruşmurdular . İndi isə DTX-nin əməkdaşları onları həbs etmək istəyir və təbii ki, tabe olmaq istəməyəndə qarşıdurma əmələ gəlir. Hesab edirəm ki, DTX-nin əməkdaşları bu cinayətkar dəstələrin qalıqlarını təmizləməklə, onların dələduzluqlarının üstünü açmaqla məşğuldur.
-Yəni hesab edirsiniz ki, radikal dini qrupların üzvlərinin son hərəkətləri onların yenidən təşkilatlanması deyil?
-Yox, bunların hamısı köhnə qalıqlardır ki, indiyədək MTN əməkdaşlarının himayəsi sayəsində zərərsizləşdirilməyib. Bayaq haqqında danışdığımız zabit Kamran Əsədovun məsələsi ilə bağlı o vaxt həmin qruplardan çoxlu insanları həbs etmişdik. Onların 80 faizi Pankisi dərəsində təlim keçmiş cinayətkar dəstələrin üzvləri idilər. Ancaq MTN-də onların bir çoxunu sərbəst buraxılmışdılar.
-İndi artıq faktlar açılır, onları gizlədənlər vəzifəli şəxslərə qarşı cinayət işi qaldırıla bilərmi?
-Çox sevinərdim ki, onlara qarşı ciddi tədbirlər görülsün. Mən gözləyirəm ki, bu, baş verəcək. Çox sevinərdim ki, general Nizami Şirinovu məsuliyyətə cəlb etsinlər. Çünki onun yaramaz hala saldığı Hərbi Əks-Kəfiyyat Baş İdarəsi orduya nə qədər ziyan vurub! Bunu mən məsuliyyətlə deyirəm, onlar ancaq qanunsuzluqlarla məşğul idilər. Əlbəttə içərilərində layiqlisi, vicdanlısı, vətənsevəri də vardı. Lakin başda Nizami Şirinov olmaqla əksəriyyətinin başı qarışmışdı əsgər yerləşdirməyə, hərbi xidmətə çağırış məntəqəsindən əsgər xahiş etməyə, yerdəyişmələrə, komandirlərin şantaj olunmasına qarışmışdı. Normal namaz qılan adamları isə şantaj edirdilər ki, siz vəhhabisiniz. Amma araşdıranda görürdüm ki, namaz qılan o adamların radikal dini qruplara heç bir aidiyyəti yoxdur.
-Mümkündürmü ki, radikalizm orduya qədər gedib çıxsın?
-Yox, bu, mümkün deyil. Ordunun rəhbərliyi də yatmır, nəzarət edir. Eyni zamanda indiki hərbi əks-kəşfiyyat da yatmır. Hərbi prokurorluq da həmçinin. Yəni bütün istiqamətlərdə nəzarət var və hansısa düzgün olmayan hərəkətlərin qarşısı alınır. Ola bilər ki, tək-tük kimsə gedib ordunun arasına düşsün. Amma bir var bu, zabit heyətindən olsun, bir də var əsgər heyətindən. Əsgər heyətində kollektiv başqa şeydir, belə hal varsa da kimsə onun qarşısını alacaq. Mən inanmıram ki, orduda belə bir hal olsun. Ola da bilməz.
-O vaxt Daşkəsəndə baş verən hadisə ilə bağlı cinayət işi qaldırılmışdı?
-Əlbəttə. Cinayət işi qaldırıldı, məhkəmə oldu və Kamran Əsədova 15 il, onun köməkçilərinə 13-14 il iş verdilər. Amma soruşan olmadı ki, yoldaş Şirinov, necə ola bilər ki, vəhhabi təriqətinə mənsub zabit hərbi hissədə necə qulluq edə bilər?! Sənin rəhbərlik etdiyin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin əməkdaşları onun qarşısını almalı idi, amma almadılar. Nəyə görə o adam sərbəst gəzməli idi? Niyə məsuliyyətə cəlb olunmurdu? Yəni, Nizami Şirinova toxunulmasa da, cinayətkar dəstənin bütün üzvləri tutularaq həbs edildi. Daxili işlər naziri Ramil Usubov baş prokuror Zakir Qaralovla birgə bəyanat verdilər. Biz xüsusi əməliyyat təşkil etdik, Ramil Usubov ən peşəkar əməliyyatçıları Hərbi Polis İdarəsi ilə birgə əməliyyata cəlb etmişdi. Halbuki bəzi hallarda biz onları həbs etmək istəyərkən Nizami Şirinovun adamları bunun qarşısını alırdı. Görünür, MTN zabitləri Daxili İşlər Nazirliyinin əməliyyatçıları ilə bizim telefon danışıqlarımızı dinləyirmişlər. Ona görə də biz başqa rabitə vasitələri ilə əlaqələr qurmağa başladıq və nəticəyə nail olduq. Amma axı, həmin qrupun üzvləri ilə Novxanıda da atışma olmuşdu. Həmin adamlar tutulub verildi MTN-ə, istintaqı da onlar apardı. Aydın oldu ki, həmin zabit hələ orduya çağırılmamış bir ay müddətində terrorçuları öz evində saxlayıb. MTN isə onu həbs etmək əvəzinə qaçırtdı Gürcüstana, qayınatasının Dmanisi rayonundakı evinə. Dmanisidə 6 ay ailəsi ilə yaşadıqdan sonra təzədən qayıdıb gəldi Azərbaycana, orduya çağırıldı və getdi hərbi xidmətə. Təsəvvür edin ki, ortada bu boyda fakt ola- ola həmin zabitin orduya çağrılmasının, xidmət etdiyi hərbi hissəyə hücum təşkil etməsinin qarşısı alınmadı. Yalnız “LUKoyl” yanacaqdoldurma məntəqəsinə edilən silahlı basqından sonra bu cinayətkar dəstə zərərsizləşdirildi. 2009-cu ilin yayında Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəməsinin hökmü ilə Kamran Əsədov və dəstənin 5 üzvü 15 il, digər üzvlər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edildi. Eyni zamanda məhkəmə keçmiş zabit Kamran Əsədovun leytenant rütbəsinin geri alınması ilə bağlı Müdafiə Nazirliyinə təqdimat göndərilməsi barədə qətnamə qəbul etdi.
Xəbər 7933 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|