Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


08.02.2017  14:39 

“O qədər pulu heç bir nazir cibindən ödəməyib” - Millət vəkili





A+  A-


Millət vəkili Çingiz Qənizadə “Qafqazinfo”ya müsahibə verib.

XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Girov götürülən mülki vətəndaşımız Elnur Hüseynzadənin taleyi nə yerdədir? Ermənilər mülki şəxsi girov götürməkdə nə dərəcədə maraqlıdır?

- Mən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüyəm. Belə məsələlər olanda dərhal komissiya araşdırmalara başlayır. Bu cür məsələlərdə fərdi münasibət bildirmək mümkün deyil. Ermənilər zaman-zaman bizdən mülki şəxsləri əsir götürüblər. Bu gün Dilqəmlə Şahbazın erməni girovluğunda olması buna sübutdur. Bundan çirkin niyyətlər, şantaj məqsədilə istifadə edirlər. İndi Elnur Hüseynzadəni də hərbçi kimi qələmə verirlər. Amma o rəsmi olaraq Silahlı Qüvvələrdən tərxis olunub.

Bu gün əsirlikdə olan mülki şəxslərimizin sayı bir nəfər də artmış oldu. Ümid edirəm ki, Elnur Hüseynzadəni də geri almaq imkanı olacaq.

- Məcburi köçkünlərə verilən güzəştli limitlərin ləğvindən sonra bir sıra məcburi köçkün ailələri qərarla razılaşmır və lokal aksiyalarla məsələyə etiraz edir. Bu, sizin üçün gözlənilən idimi?

- Zaman- zaman məcburi köçkünlərin bu cür aksiyalarının şahidi olmuşuq. Bundan sonra müavinətlərin birdəfəlik olaraq onların plastik kartlarına köçürülməsindən sonra kommunal xərclərini özləri ödəməlidirlər. Bu məsələ düzgün anlaşılmır. İndiyə qədərki proseslə indiki proses arasında fərq yoxdur. Sadəcə indi aşkarlıq prinsipinə daha üstünlük verilir. Bu, dövlət büdcəsindən mənimsəmənin qarşısının alınmasına xidmət edir. Ancaq heç cür başa düşə bilmirəm ki, sayğacların qoyulmasına niyə etiraz etmək lazımdır? Elə köçkünlərimiz var ki, onlar dövlət orqanlarında işə giriblər, yüksək əmək haqqı alırlar. Övladları da həmçinin dövlət orqanlarında çalışırlar. Belə olan halda bu müavinət niyə alınmalıdır? Yaxşı olmazdımı ki, onların hesabına həmin təbəqədən olan daha az təminatlı, kasıb olan şəxslərə o müavinətlər 36 manatdan da artıq ödənilsin? Dövlətin göstərdiyi qayğıya bu cür münasibət göstərmək olmaz. Kartlara ödənmiş pullar kommunal xərclərin ödənilməsinə yönəlməlidir.

- Elə “Qaçqınkom” sədri Əli Həsənov da deyir ki, pul karta köçürülən kimi birinci köçkün bazara qaçmasın, kommunal xərcləri ödəsin...

- Belə bir fikir var idi ki, dövlət tərəfindən güzəştli limit veriləndə köçkünlər bundan qənaətcil şəkildə istifadə etmirdilər. Mən məsələnin bu cür qoyulmasının tərəfdarı deyiləm. Əvvəla 36 manat nə puldur ki, məcburi köçkün dərhal bazara getsin? Əgər 5 nəfərlik üzvü olan ailəyə 180 manat pul verilirsə, artıq sayğaclar qoyulandan sonra o məbləğ kommunal xərcləri güclə təmin edə biləcək. Burada məqsəd də elə kommunal xərclərin ödənilməsinə yönəlib. Ona görə də bazara qaçmasınlar şəklində ifadə işlətmək düzgün deyil. Bu məbləğ elə güc-bəlayla kommunal xərclərə bəs edə bilər.

- Siz də çıxışlarınızın birində bildirmişdiniz ki, bunu dövlət ona görə etdi ki, komitədə korrupsiya, büdcədən mənimsəmə halları var.

- Mən konkret fakta əsaslanmışdım, Hesablama Palatasının audit yoxlamalarının nəticəsində bunlar yer alıb. Bu cür hallar olduqda Palata prokurorluq orqanlarına müraciət edə bilər. Su və qaz istifadəçiləri arasında kəskin fərqlərin, mənimsənilmə məsələlərinin, vergidən yayınma hallarının olduğu göstərilirdi. Mən də ona görə demişdim ki, şəffaflığı təmin etmək üçün dövlətin ayırdığı pulları onların plastik kartlarına köçürək. Bu fikirlər komitə tərəfindən emosional və qısqanclıqla qarşılandı. Ancaq 3-4 gündən sonra komitə özü də plastik kartlara keçməyin məqbul olduğunu vurğuladı.

- Biz zamanla millət vəkilləri ilə bəzi məmurlar arasında problemlərin olduğunu onların dilindən eşidirik. Siz də bir zamanlar Nəqliyyat naziri Ziya Məmmədovdan və onun fəaliyyətindən narazılıq edirdiniz. İndi isə bu haqda danışmırsınız. Nə dəyişdi?

- Bilirsiniz ki, ölkə başçısı hansı nazirlə işləməyi özü müəyyən edir. Burada söhbət məmurun şəxsiyyətindən getmir. Hazırda Nəqliyyat Nazirliyində çox böyük dəyişikliklər olub. Çünki bir çox səlahiyyətləri bu nazirlik əlində cəmləşdirmişdi. Yəni Nəqliyyat Nazirliyi dövlət içində bir dövlət idi. İndi isə bir çox səlahiyyətləri əlindən alınıb, hər şey normaldır.

 

- Məsələn, polis orqanları ilə bağlı da sürücülər, ictimaiyyət tərəfindən dilə gətirilən bir sıra problemlər olur. Amma siz indiyə kimi polisin fəaliyyəti haqda müsbət fikirdə olmusunuz, o sahəni tənqid etməmisiniz. Məqsəd qurumların fəaliyyətini tənqid etməkdirsə, bəs buna səbəb nədir?

- Mən özüm də avtomobil idarə etməyi xoşlayıram, işdən sonra və istirahət günləri maşın sürürəm. Mənə tanış deyil ki, hansısa formada Dövlət Yol Polisinin əməkdaşı məni saxlasın və qanunsuz nəsə tələb etsin. Yol polis əməkdaşları hansısa qanuna uyğun şəkildə sürücünü saxladıqda sürücü tabe olmur, sənəd vermək istəmir, qaçır və sairə Belə mübahisələr zamanı da yoldan keçən şəxs onu videoya çəkərək sosial şəbəkəyə qoyur və başqa adlarla da hallandırır. Bu gün polis, prokurorluq, DTX olmasa, inanın ki, Azərbaycanın ictimai həyatını dəyişməyə çalışan, ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələr məqsədlərinə nail ola bilərlər. Biz polisin fəaliyyətini şübhə altına almalı deyilik. Ancaq on minlərlə polis əməkdaşlarının sıralarında yarıtmaz polis əməkdaşları da olacaq. Bir neçə fakta görə polisin fəaliyyətini şübhə altına alsaq, ədalətsizlik etmiş olarıq.

- Məsələni şübhəyə almaqdan söhbət getmir. Həmin sosial şəbəkələrə çəkilib qoyulan videoların nəticəsində polislər işdən qovulur, onlara şiddətli töhmətlər verilir...

- İctimai qınağın olması yaxşı haldır. Yaxşı olardı ki, burada məsələ araşdırılsın. Bəzən sürücü maşından düşmək istəmir, sənəd təqdim etmir. Belə olan halda təbii ki, ona hansısa güc tətbiq olunmalıdır. İş olan yerdə isə nöqsanlar olması mümkündür. Bu yaxınlarda 9 nəfər prokurorluq orqanlarından xaric olundu. Onlar qanunazidd əməllərinə görə cəzalandırıldı.

- Millət vəkilləri hansısa problemi dilə gətirəndə çoxları belə hesab edir ki, əslində dediyi məsələ onun öz problemidir deyə ictimailəşdirir. Yəni bu məsələdə ictimai maraqlar baxımından onlar səmimi görünmürlər...

- Millət vəkili də vətəndaşdır. Təbii ki başına gələn problemləri daha yaxından görə bilir. Sizin də problemlərinizə millət vəkilləri münasibət bildirir. Məsələn, bu günlərdə Araz Əlizadənin Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı yanlış fikirlərini media ortalığa çıxartdı. Mən də onun fikrini qətiyyətlə pisləyirəm. Azərbaycanı işğaldan və erməni genosidindən xilas etməyə gələn Nuru Paşanın əsgərləri haqqında bu cür fikirlər demək azərbaycançılığa xas deyil. Qanında, canında türkçülük olan bir insan bu ifadələri işlətməli deyil. Zaman-zaman sizlərə təşəkkür edirik ki, kimin içində nə varsa açıb göstərirsiniz. Bu günlərdə bir neçə millət vəkili AZAL-la bağlı fikir söylədi, o cümlədən mən də. Bu, mənim başıma gəlibsə, deməli, başqalarının da başına gəlib.

- AZAL-la bağlı neçə illərdir ki, problemlər dilə gətirilir, amma bu, birdəfəlik həllini tapa bilmir, nəticə dəyişməz olaraq qalır. Sizcə, niyə?

- AZAL guya, qiymətləri aşağı saldı, ancaq əlavə baqaj üçün 37 manata yaxın pul alırlar. 300 manata bilet satır. Baqaj pulunu aeroportda ödəyəcəksənsə əlavə 44 manat, kassada ödəyəcəksənsə 37 manat istəyirlər. Bir səfər 380 manata başa gəlir. Yəni AZAL manevr etməklə sərnişinləri və Azərbaycan vətəndaşlarını aldatmaqda məşğuldur. Sərnişinlər yüklərini ayaqlarının arasında aparırlar. Bu, utanc gətirən bir haldır.

- Araz Əlizadənin açıqlamasına toxundunuz. Sosial şəbəkədə də bununla bağlı bildirirlər ki, onun Milli Məclisdə təmsil olunması doğru deyil, yəni o yerə layiq olmadığını vurğulayırlar...

- Seçimi səsverənlər müəyyənləşdirir. Hərə öz fəaliyyətinə görə Milli Məclisdə bir səhifə açır. Bu, qara, ya da parlaq səhifə olur. Mediada yazılıb ki, millət vəkillərinin çoxu Araz Əlizadə ilə danışmır. Mən də Araz Əlizadə ilə heç vaxt danışmamışam və danışmaq da fikrim yoxdur. Sosial şəbəkədə ona qarşı yönələn ittihamlar ədalətlidir, hələ bəlkə də azdır. Araz Əlizadə ifadələrinə görə zaman gəldikcə xalq qarşısında cavab verəcək. Seçkilərdə, seçicilər qarşısında bu, baş tutacaq və layiqli cəzasını alacaq.

- Elə bu günlərdə Jirinovski də açıqlama verib ki, Azərbaycan, Ermənistan olmayacaq, hər biri quberniya olacaq, keçmiş SSRİ-də olduğu kimi...

- Jirinovskini nə qədər sərsəm adlandırsaq da, o, ağılsız adam deyil. O, Kremlin niyyətlərini öz adından səsləndirir. Kremlin fikirlərinin müəyyən hissəsi də SSRİ-nin bərpası ilə bağlıdır. O kimi adamların dilindən çıxanlara laqeyd yanaşmaq olmaz. Bu cür fikirləri davamlı olacaqsa rəsmi olaraq da ona cavablar veriləcək. O, bir neçə il əvvəl Bakıya dəvət olunmuşdu, buradakı reallıqla tanış olmuşdu, gedəndən sonra fikirləri dəyişdi. Yəqin dərmanlarının dozası keçib, onu bir dəfə də dəvət etmək lazımdır.

- Artıq iki gündür ki, manat dollar qarşısında bahalaşmağa başlayıb. Siz necə düşünürsünüz bu, müvəqqəti haldırmı?

- FED-in uçot dərəcəsini qaldırmaması, Trampın dolları ucuzlaşdırmaqla bağlı fikirləri məsələyə müsbət təsir etdi. Əgər indiyə kimi bank sektorunda və iqtisadiyyatda yaramaz və yarıtmaz əllər olmasaydı, dolların indiki məzənnəsini çox aşağı salmaq mümkün idi. Ümid edirəm ki, aparılan islahatlar nəticəsində dollar ucuzlaşacaq. Bu, çox vacibdir. Belə olan halda ölkəyə gətirilən mal və məhsulların qiymətləri aşağı düşəcək. Amma yenə də hansısa oyunlar gedirsə, müvəqqəti düşüb sonradan yenidən qaldıracaqlarsa deməli yenə də problemi insan faktorunda axtarmalıyıq. Deməli, yenə də müəyyən adamlar “qara bazar”a nəzarət etmək imkanlarını əllərində saxlayırlar.

- Müəyyən adamlar deyirsiniz, amma konkret ad çəkmirsiniz. Elə YAP-çı deputat Siyavuş Novruzov da çıxışında həmkarlarını tənqid etmişdi ki, ad çəkilməlidir...

- Məsələn, Beynəlxalq Banka sonradan gətirilən gənc kadrlar da keçmiş rəhbərliyin siyasətini davam etdirdi. Biz indi onu qabaqcadan görsək təbii ki, o əlləri kəsərik. Biz bilmirik axı, bilsək səs-küy salarıq. Büdcədə müəyyən problemlər yaranıb, eyni zamanda insanların dolanışıq problemləri də artıb. Olduqca bahalıqdır. Hətta yumurtanın qiymətini aşağı düşməsini sevinclə qarşılayırıq. Amma heç demirsiniz ki, artıq ətin kilosu 10 manatdan çox qalxıb. İnsanların qazancı olacaqsa, evlərində qazan qaynayacaqsa, qarnı tox olacaqsa sakitcə öz işi məşğul olacaq. İnsanları yeməklə sınağa çəkmək olmaz. Məmurlar bir-iki il iqtisadi çətinlik dövründə xalqa xidmət etsinlər, tamahlarını saxlasınlar. Biz də ümumi olaraq deyirik ki, kimlərsə var-dövlətini artırmaqda maraqlıdırsa dayansınlar.

- Demək olar ki, son günlər hər gün mətbuatda minimum bir nəfərin intihar etməsi faktına rast gəlirik. Dediyiniz sosial problemlərin ağırlaşmasından dolayı bu cür halların sayı çoxalıb?

- Sosial problemlərin nəticəsidir. Xüsusilə də bu müəyyən problemlər içərisində olan, kreditləri olan, ailə-məişət zəminində baş verən problemlərlə bağlıdır. Psixoloji durumların çətinləşməsi yenə də insanların sosial rifahından keçir. Əgər insanın güzəranı yaxşı olarsa, onun psixasında genetik deyilsə pozuntu olmaz. Ona görə də işbazlar dayanmalıdır ki, insanlar sosial problemlər yaşayıb intihara əl atmasınlar.

- Bir neçə aydan sonra İslam Oyunları keçiriləcək. Nazir Azad Rəhimov oyunlara qatıla bilməyənlərin xərclərini ödəyəcəklərini bildirdi və sonradan məsələyə bir daha aydınlıq gətirməli oldular. Siz də qeyd edirsiniz ki, iqtisadi çətinlikdir, sosial problemlər var. Belə olan halda xərci ödəmək nə qədər doğru addım olar?

- Məsələn, Lady Qaqa ilə bağlı 1 milyon dollar qonorar məsələsi mətbuatda yer aldı. Əgər onun pulunu dövlət ödəyibsə bu, sirr olmamalıdır. Yəqin ki, o qədər pulu heç bir nazir cibindən ödəməyib. Bizim Alim Qasımovumuz var, o oxuyardı da. O 1 milyonu şəhid ailələrinə, az təminatlı ailələrə, Qarabağ əlillərinə, köçkünlərə ödəmək olardı. Mən imkanı olub gəlməyən ölkələrə yardım edilməsinin tərəfdarı deyiləm. Bu pul bizim öz xalqımız üçün daha önəmlidir.

- Spiker Oqtay Əsədov yaz sessiyasının ilk iclasının sonunda deputatlara irad bildirdi ki, günün ikinci yarısında davam edən plenar iclasda iştirak etmirlər, icazəsiz çıxıb gedirlər, amma millət vəkillərinin iş yeri elə Milli Məclisdir. Bu iradlardan sizə də pay düşüb?

- Mən sədrin fikri ilə tam razıyam. O, adamlar ki, üzrsüz səbəbdən iclasın ikinci hissəsinə qalmırlarsa, bu, yolverilməzdir. İnanıram ki, bundan sonra məsələyə ciddi nəzarət olacaq. Ayda iki dəfə keçirilən iclasın sonuna kimi dayana bilmiriksə, bu, sədrin qınağına səbəb olacaq. Şəxsən mən 6 ildir ki, hər gün səhər saat 10-da Milli Məclisə gedib, 6-da işdən çıxıram. Təbii ki, görüşlər və səfərlər olanda istisnalar olur.

- Son günlər xalq artistləri arasında xoşagəlməz problemlər yaşanır. Məsələn, Canəli Əkbərovun dilindən çıxan ifadələri professor və ziyalı olaraq çoxları ona yaraşdırmır. Hətta danışıq tərzində şou nümayəndələrini də keçdiklərini deyirlər. Bu tərz düzgündürmü?

- Adıçəkilən şəxslər musiqi sənətimizin korifeyləridir. Onlar yaşlı nəslə aiddirlər, muğam bilicilərdirlər. Onlara hörmətlə yanaşmaq lazımdır. Münsiflər heyətində də mən inanmıram ki, Əlibaba Hüseynovu, Arif Babayevi kimlərsə əvəz edə bilsin. Ancaq mən istəməzdim ki, xalq artistlərimiz şou nümayəndələri kimi bir-birləri ilə çəkişsinlər. Bu, yolverilməzdir. Xalq artistlərinin imiclərinə, indiyə kmi qazandıqları nüfuzlarına xələl gətirə bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Bu cür insanları üz-üzə qoymaqdan da media uzaq durmalıdır.

- Bir müddət əvvəl feysbuk açdınız, sonra isə vaxt məsələsinə görə bağladığınızı bildirdiniz. Tənqid məsələsi burada rol oynadımı?

- Mənə elə də tənqidlər olmurdu. feysbuk bir xəstəlikdir. O insanda meyillilik yaradır, mən də dözə bilmədim. Planlaşdırılan işlərimin vaxtını alırdı. Kimsə torpaq, iş istəyirdi. Baxırdın ki, hərə öz marağındadır, fürsətdən istifadə edir. Ancaq bir yaxşı cəhəti var ki, ölkədə nə baş verirdisə onu bilirdik.



Xəbər 2481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +