03.02.2021 13:11
“İnsanların vaksinlərə qarşı münasibəti ürəkaçan deyil”
Milli Məclisin deputatı, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ölkədə koronavirusa yoluxma və vaksinasiya prosesi ilə bağlı müsahibə verib.
XəzərNews.az sözügedən müsahibəni təqdim edir:
– Rəşad müəllim, Azərbaycan tədricən anti-pandemiya mərhələsinə doğru irəliləyir. Tədris müəssisələrinin, müəyyən sahələrin fəaliyyəti artıq bərpa olunub. Yoluxma sayı azalsa da, vəziyyət ağır olaraq qiymətləndirilir. Bu konteksdə karantin rejiminin yumşaldılmasını necə qiymətləndirirsiniz?
– Əlbəttə, dünyada hər bir milyona insana düşən yoluxma-xəstə sayına, yoluxmanın sürətinə, xəstəxanalarda yataqların doluluq nisbətinə baxdıqda və bu ümumi göstəriciləri ölkəmizlə müqayisə etdikdə vəziyyətin bizdə nə qədər yaxşı olduğunu görə bilərik. Bu reallığı ifadə etməkdə hər hansı bir şişirtmə yoxdur. Sözsüz ki, bu, virusun həm epidemoloji vəziyyəti ilə bağlıdır, həm də hər bir bölgənin bəlli dönəmdə dalğa sürəti var. Eləcə də ölkədə bu günə qədər görülən epidemioloji tədbirlər və verilən qərarların bir daha doğru olduğunu göstərir.
Düşünürəm ki, bugünkü reallıq əlbəttə mərhələli şəkildə karantin rejiminin daha da yumşaldılmasını zəruri edib. Dövlət də bu istiqamətdə addımlarını atır. Ancaq mən bu işi iki bucaqlı və iti bıçağa bənzədirəm. Yəni heç bir tərəfdən əminliklə konkret addım atmaq mümkün deyil. Başqa sözlə, biz hər şey bitmiş kimi davranıb, kəskin hərəkətlər etdiyimiz zaman bıçağın bir ucu əlimizi kəsə bilər. Və yaxud digərinə ciddi yanaşdığımız zaman iqtisadi-sosial, mədəni və psixoloji problemlərə gətirib çıxara bilər. Odur ki, cəmiyyət dövlətin verdiyi qərarlara uyğun şəkildə və birlikdə hərəkət etməlidir. Ən başlıcası dövlət və cəmiyyət arasında olan həmrəyliyi Operativ Qərargah daha çox hiss etdikcə dünyadakı nisbi bilgilər daxilində bir sonrakı atılacaq addımlar və qərarlar daha rahat, güvənli olacaq.
Onu da deyim ki, fevralın 1-dən etibarən başlanan yumşalmadan sonra cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. O mənada ki, bu yumşalmadan insanlarımız faydalanacaq, hər bir şəxsin özünün azadlığından başqa iş yerlərinin açılması ilə evinə çörək aparmaq imkanı yaranacaq. Bu insanların haqlarına toxunmamaq üçün biz daha çox diqqətli olmalıyıq. Preventiv tədbirlərə əhəmiyyət verməliyik. Sosial məsafəni qorumaq, maska taxmaq, şübhə varsa, ümumi ictimai yerlərdən kənarda durmaq lazımdır.
– Türkiyə, Rusiya, Gürcüstan və İranda yoluxma sayı yüksək olaraq qalır. Eləcə də bəzi insanlar hələ də preventiv qaydalara əməl etmir. Bunları nəzərə alaraq yenidən qapanmalara gedilməsi ehtimalı varmı?
– Əlbəttə, konkret gedişatı heç kim deyə bilməz. Sadəcə mən ölkəmizdə mövcud olan son dörd aydakı tendensiyanı nəzərə almaqla yaz aylarında böyük bir dalğanın müşahidə edilməsi ehtimalını görmürəm. Ancaq bu, bizim rahatlanmağımız üçün səbəb ola bilməz. Sadəcə ehtimal olunmur. İnsanlar virusdan qorunmaqda davam etməli, verilən tövsiyələrə əməl etməlidirlər.
– Beynəlxalq mütəxəssislər bildirirlər ki, əhalinin 50 faizdən çoxu virusa yoluxduqdan sonra vəziyyət böyük ölçüdə həll olunacaq. Yumşalma ilə bağlı istənilən qərarı qəbul etmək olacaq. Ölkəmizdə ümumi yoluxma sayını nəzərə alsaq, sizin bununla bağlı fikriniz nədir?
– Adətən dünyada yanaşma belədir ki, 50-70 faiz yoluxmadan sonra bu mümkündür. Mənim düşüncəm belədir ki, hər nə qədər aqressivliyi davam etsə belə, həm virusu tanıma, həm onunla mübarizə, həm də insanların ümumi məlumatlanması və daha vacibi vaksinlərin əlimizdə olması ilə hər keçən gün virusdan daha az qorxacağıq.
– Yəni düşünürsünüz ki, iqtisadi açılıma da getmək olar?
– Əlbəttə, qorxu azaldıqca və karantin rejimi yumşaldıqca iqtisadi açılımlara getmək təbii haldır. Düşünürəm ki, hazırkı epidemioloji vəziyyət mərhələli şəkildə iqtisadiyyatın açılımını mümkün sayır.
– Avropada artıq üçüncü dalğa haqqında fikirlər səsləndirilir...
– Onun haqqında heç kim konkret heç nə deyə bilməz. Mən hazırda ölkəmiz üçün üçüncü dalğa təhlükəsini gözləmirəm.
– Azərbaycanda vaksinasiyaya start verilib. Gedişatı necə qiymətləndirirsiniz?
– Vaksinləşmə könüllüdür. Bu səbəbdən gedişat daha çox cəmiyyətin reaksiyasından asılıdır. Əfsuslar olsun ki, insanların vaksinlərə qarşı münasibəti və reaksiyası ürəkaçan deyil. Lazımsız və qeyri-rəsmi məlumatlara daha çox inanırlar. Bu da ola biləcək dalğa qarşısında ölkəmizi çətin duruma sala bilər. Odur ki, insanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm.
Xəbər 6931 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|