04.03.2022 20:26
Ukraynanın ağrıları və bizim qayğılarımız
Müharibə xəbərlərini izləyirik. Dəhşət saçan görüntülərə baxırıq. Açıqlamaları, şərhləri oxuyuruq, dinləyirik. Əlbəttə, bu, həm də psixoloji müharibədir; dəqiq informasiyalar da olacaq, yarımhəqiqətlər də, təbii ki, dezinformasiya da.
Nə baş verdiyini bəlkə tam detalları ilə bilmirik, ancaq hər halda təsəvvürlərimiz, qənaətlərimiz var. Hərəmiz bir cür şərh edə bilərik. Kimi deyir: "Rusiya öz təhlükəsizliyini qorumalı idi, ona görə Ukraynaya hücum edir", kimi də deyir: "Putin tələyə düşdü" və sair.
Məsələnin bu tərəflərinə çox da varmaq istəmirik. Bu, ayrıca söhbətin mövzusudur. Sadəcə onu xatırlatmaq istərdik: səbəblərindən və nəticələrindən asılı olmayaraq, Rusiya suveren Ukraynaya qoşun yeridib. Şəhərlər bombalanır, dinc insanlar ölür. Müxtəlif məlumatlara görə, 6-9 min Rusiya əsgəri həlak olub. Yəqin ki bir qədər az olsa da, minlərlə Ukrayna əsgəri də. Ancaq Ukrayna əsgəri öz torpağında ölür. Təcavüzkar kimdir, təcavüzə məruz qalan kimdir, haqlı kimdir, haqsız kim - anlamağa təkcə elə bu fakt da bəs edər. Rusiya əsgəri Ukrayna torpağında ölür. Bu qədər aydın!
Bunları keçdik. Gəldik özümüzə. Daha doğrusu, bu müharibənin bizi bu və ya başqa formada ilgiləndirən tərəflərinə. Çox detallara varmayaq. Ən əsas nüanslardan birinə diqqət çəkəcəyik.
Bizim üçün Rusiyanın maraqları, yaxud Ukraynanın təhlükəsizliyi Azərbaycandan daha öndə ola bilərmi?! Əsla! Bəzi şərhləri oxuyuram. Hətta bir məsləkdaşımız yazıb soruşur ki, Azərbaycan niyə Ukraynanı müdafiə etmir? Bir başqa virtual dost feysbukda yazıb ki, Moskva Bəyannaməsini imzalamağın yeri idi?!
"Azərbaycan Ukraynanı müdafiə etmir" fikri kökündən yanlışdır. Müdafiə etməyin, dəstək verməyin çox müxtəlif formaları var. Biz Ukraynaya siyasi dəstək veririk; ərazi bütövlüyünü, öz ərazisinin tamamı üzərində suveren hüququnu, sərhədlərinin toxunulmazlığını - ölkənin siyasi bütövlüyünü tanıyırıq. Bu mövqeyimizdən çəkilməmişik. Üstəlik münaqişənin danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq. Hətta Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək təşəbbüsündə də bulunmuşuq. Ukrayna da 44 günlük müharibəmizdə bizə siyasi dəstək vermişdi. Silaha qurşanıb gəlib bizim əvəzimizdən vuruşmamışdı.
Humanitar yardım göstəririk. Həm dövlət səviyyəsində, həm xalq olaraq. Açıq deyək, Ukrayna bizim Ermənistanla müharibəmizdə bizə bu həcmdə humanitar dəstək verməmişdi. Biz də haqlı mübarizə aparırdıq. Ancaq buna görə Ukrayna dövlətindən və xalqından incimədik ki, niyə bizə daha çox kömək etmədi. Biz qarşılıq gözləmədən haqlının yanında olan dövlətik, mərhəmətli millətik. Ukraynada yaşanan insanlıq dramına da ürəyimiz ağrıyır. Çox böyük yardımlar da edilir. İstər yanacaq olsun, ərzaq olsun, medikament olsun, başqa zəruri ləvazimatlar olsun. Dövlət də göndərib, xalq da gücü çatan qədər edir. Bunlar da davamlıdır.
Mən sıradan bir qələm adamı kimi ilk gündən Ukrayna xalqına kiçik də olsa öz mənəvi dəstəyimi bildirmişəm. Ancaq, gəlin, açıq danışaq: bizim müharibəmizdə Ukrayna dövləti və xalqı bizim üçün nə edib ki, biz onlara onu etmədik?!
Bəzən elə fikirlərə rast gəlirəm ki, az qala Azərbaycan dövlətini Ukrayna tərəfdən Rusiyaya qarşı savaşmağa çağırırlar.
Bunlar yanlış fikirlər, yanlış yanaşmalardır. Heç bir halda nə dövləti, nə xalqı Ukrayna tərəfdən Rusiya ilə savaşa çəkmək, hətta buna çağırışlar etmək olmaz.
Əvvəla, Ukraynanın bizdən belə bir xahişi və ya gözləntisi yoxdur. Rəsmi Kiyevin qarşısında belə bir öhdəliyimiz də yoxdur. İnsanlıq, vicdanımız qarşısında mənəvi öhdəliyimiz var, onu da yerinə yetiririk və bu davam edəcək. İkincisi, bizim öz problemlərimiz də var; hələ də Qarabağda həllini gözləyən məsələlər qalır. Orada hansı adla adlanmağından asılı olmayaraq, Rusiya qoşunu var. Erməni silahlı dəstələri də hələ torpaqlarımızdan çıxmayıb.
Bizdə elə adamlar var, deyir ki, fürsətdir, hücuma keçib Xankəndini azad edək. Yanlış fikirdir. Bu, Rusiyaya qarşı ikinci cəbhə açmaq, Rusiya ordusu ilə üz-üzə gəlməkdir. Bu, bizə lazımdır?! Yox! Əgər Xankəndini almaq üçün haçansa silahlı, təhlükəsizlik qüvvələrimiz əməliyyat aparmalı olacaqsa, o gün bu gün deyil. Bəli, Xankəndi başda olmaqla o məlum ərazilər də bizimdir və bizim dövlətin suverenliyi altına qayıtmalıdır, qaytarılacaq da. Ancaq indiki momentdə bununla bağlı hərbi deyil, siyasi-diplomatik həmlələr üçün əlverişli zəmin yaranıb. Əgər o torpaqları döyüşsüz geri almaq üçün şansımız varsa, itkilər olmadan bunu etmək daha doğru deyilmi?! Bunun üçün çalışmaq, danışmaq lazımdır. Vuruşmaq son variantdır.
Məndə olan məlumata görə, Azərbaycandan könüllü gedib Ukraynada döyüşmək istəyənlər var. Bunlar bir nəfər də olsa, minlərlə də olsa, fərq etmir, Azərbaycan qanunları buna yol vermir. Cinayət Məcəlləsində bununla bağlı 114-cü maddə var; istər daxildə, istər ölkə xaricində qanunsuz hərbi birləşmələrdə iştirak cinayət tərkibi yaradır və kifayət qədər ciddi cəza sanksiyaları da nəzərdə tutulub. Bu müharibədə bizim hər hansı formada hərbi iştirakımız mümkün də deyil, düzgün də deyil.
Hər zaman Ukraynanın yanında, arxasında olduğunu bəyan etmiş və etməkdə olan böyük güclər - ABŞ, Böyük Britaniya, eləcə də, Almaniya, Fransa özləri heç Ukraynaya qoşun göndərib Rusiyaya qarşı vuruşmur. Prezident Kaçinski başda olmaqla Polşa elitasını Smolenskdə təyyarə qəzasına kimlər salıb?! Polşa gəlib onun intiqamını Ukraynada Rusiya xüsusi xidmətlərindən alırmı bu gün?! Xeyr! Halbuki Polşanın hazırda öz qoşunu ilə Ukraynada olmaq üçün sanki daha tutarlı səbəbi var, elə deyilmi?!
İndiki situasiyada bizim qarşımızda duran əsas məsələ bu nəhəng qlobal hərbi-siyasi zəlzələdən və iqtisadi-sosial vəlvələdən Azərbaycanı salamat çıxarmaqdır. Bu baxımdan yanaşanda Azərbaycan dövlətinin siyasəti doğrudur.
O da doğrudur ki, "Moskva Bəyannaməsi" ətrafında müxtəlif fikirlər var. İstər məhşur üçtərəfli bəyanat olsun, istərsə, məlum Bəyannamə olsun, o aralıqda Rusiya və Ermənistanla imzalanmış daha iki sənəd olsun, bunlara xeyli suallar var, tənqidi fikirlər var. Xüsusilə də, bunların icrası və doğurduğu nəticələrlə bağlı. Ancaq siyasətdə duyğusallığa deyil, praqmatik yanaşmalara əsaslanacaqsan. Ayrıca "Moskva Bəyannaməsi"ni Azərbaycan prezidentinin Ukraynaya qarşı Rusiyaya dəstəyi kimi şərh edənlərimiz də var. Yeri gəlmişkən, heç Ukrayna bu bəyannaməyə belə yanaşmır. Ukrayna da, hər kəs də Azərbaycanın maraqlarını anlayır. Rəsmi Kiyev özünün maraqlarını, o cümlədən, təhlükəsizlik maraqlarını təmin etmək üçün seçimini Avropa İttifaqının və NATO-nun üzvü olmaqdan yana edib. Azərbaycan dövləti bu seçimə hörmətlə yanaşır. Biz Avropa İttifaqı ilə də, Rusiya ilə də, Türkiyə ilə də, dünya siyasətinin başqa önəmli aktorları ilə də (və hər kəslə) ikitərəfli tərəfdaşlıq formatına üstünlük veririk. Hərbi bloklara qoşulmuruq. Heç kimin yanında dayanıb kiminləsə müharibə etmirik. Ermənistanla müharibə də öz haqqımızı almaq üçün idi. Avrasiya İqtisadi İttifaqında da yoxuq, Avropa İttifaqında da. Bu da bizim dövlətin seçimidir. Səhvdir, ya düzdür, daxildə öz aramızda bunu dartışarıq. Ancaq hər hansı bir xarici dövlətin və ya başqa kənar qüvvənin bizim seçimimizə qarışmasını, yönləndirməyə çalışmasını da qəbul etmirik. Biz - dövlətik. Bu dövlətin öz xalqı qarşısında məsuliyyəti var, bu məsuliyyəti hər zaman daşımaq zorundadır. O cümlədən, ölkənin və xalqın təhlükəsizliyini qorumaq məsuliyyətini. Əgər bunu etməyin siyasi yolları varsa, o məqsədə çatmaq üçün bacardığını da edəcək. "Moskva Bəyannaməsi"ni Ukrayna əleyhinə yönəlmiş müttəfiqlik kimi yozmaq istəyənlər, bunu etməzdən əvvəl ən azı iki dəfə və dərindən düşünsünlər; bu cür fikirlər yaymaq milli maraqlara təhlükə yaratmaqdır. Bilinsin ki, belə situasiyalarda ifrat ehtiyatlılıq - qorxaqlıqdır, ifrat cəsarət isə avantüra.
Bunların heç biri bizə yaraşmır və bu gün, əminəm ki, biz özümüzə yaraşanı edirik.
Kim iqtidarçı olursa-olsun, kim müxalifətçi olursa-olsun, tərifçi olsun, tənqidçi olsun, fərq etmir: indiki yaranmış təhlükəli beynəlxalq və regional reallıqlar var. İndi Ukraynanın öz suverenliyi ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda mübarizəsində rəsmi Kiyevə arxa, dayaq duran, Rusiyanı çökdürmək üçün özünün də yüz milyardlarla, hətta bəlkə trilyonla zərərini gözə alaraq, ən ağır sanksiyaları tətbiq edən beynəlxalq güclər dünən 44 günlük müharibəmizdə bizim yanımızda deyildilər. Hətta qarşımızda duranlar da oldu. Bizim yanımızda o NATO-dan tək Türkiyə vardı.
Bəs biz nə üçün vuruşurduq?! Ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı üçün savaşırdıq, elə deyilmi?! 30 il torpağımız işğalda qaldı. O işğalçı Ermənistana, onun ən əsas hərbi müttəfiqi (ağası) Rusiyaya 30 gün yox, 30 saat, 30 dəqiqə sanksiya qoyan oldu?! Yox! Həmin Rusiyadır, həmin Putindir. Lavrovla Şoyqu da həmin adamlardır. İşğalçıya hər cür siyasi, maliyyə yardımı göstərib bizə - öz haqqını tələb edən, haqqı üçün savaşana - Azərbaycana sanksiya qoydular.
Ən azı "Azadlığı müdafiə aktı"na 907-ci düzəliş yadımızdan çıxmayıb. "Azadlığı müdafiə aktı" öz Vətəninin azadlığını müdafiə edənləri cəzalandırırdı, o azadlığa qəsd edənləri deyil. Bu, kədərli tarixi faktdır.
Bütün bunlardan sonra indi durub da Rusiya kimi yaralanmış Ayını - aqressiv böyük gücü bir də bizim ünvanımıza yollasaydılar, bundan kim qazanacaqdı, kim itirəcəkdi?! Məncə, xüsusi izahata ehtiyac yoxdur.
Qərəz, hökumətə qarşı tənqidçilik ruhumuzu qoruyub saxladığımız kimi, dövlətçi təfəkkürümüzün də korşalmasına imkan verməyək. Azərbaycan bu gün hər zamankından daha incə bir xəttin üzəri ilə öz siyasi müvazinətini, iqtisadi tarazlığını, sosial dəngəsini saxlayaraq hərəkət edir.
Əminəm ki, çoxumuz bunun fərqindəyik. Fərqindəyik ki, fərd olaraq günlük həyatımızda əmlakımızı, sağlamlığımızı sığortaladığımız kimi millət olaraq da varlığımızı və müstəqil dövlətimizi sığortalamaq zorundayıq. Biz məgər əmlakımızı sığortalayarkən bunu xoş gündən edirik?! Dar gün üçün edirik. Heç də həmişə (ya da ümumiyyətlə) sığorta ödənişləri ürəyimizcə deyil. Elə sığorta şirkətlərinə də cibimizin pulunu sevə-sevə vermirik. Buna məcburuq.
Bizim Ukrayna xalqının gələcəyə yönəlik könüllü seçiminə sayğımız var. Ancaq Ukraynanın bu gün yaşadıqlarını da yaşamaq istəmirik, elə deyilmi?!
Bahəddin Həzi,
bizimyol.info
Xəbər 7369 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|