Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


07.01.2022  12:19 

“Qazax qiyamı” Rusiya-Türkiyə münasibətlərinə necə təsir edəcək?





A+  A-

2010-cu ilin dekabrın 18-də Tunisdə başlayan və 2011-ci ilin ilk aylarında sürətlə 20-yə yaxın ölkədə yayılaraq bir çoxlarında hakimiyyətlərin devrilməsi, bəzilərində də hökumətlərin genişmiqyaslı islahatlara sövq edilməsiylə nəticələnən “Ərəb baharı” adını almış proses bir gerçəyi ortaya qoydu: ictimai etirazların təşkilində və idarə olunmasında Qərbin ən yeni silahı sosial şəbəkələrdir!

Bu prosesin əsas nəticələrindən biri olaraq səhnəyə çıxarılan İŞİD-in ictimai rəyə yeridilməsi də məhz sosial şəbəkələr – virtual məkan üzərindən həyata keçirildi. Çox qısa müddət ərzində İŞİD bütün Yaxın Şərq ölkələrinin siyasətini idarə edən, ona yön verən dövlət gücündəki qlobal oyunçuya çevrildi...

2016-cı ildə artıq dünyanın ən güclü hərbi təşkilatı sayılan NATO da elan etdi ki, blok virtual aləmi - kiberməkanı rəsmi olaraq əməliyyat mühiti kimi tanıyır və ardınca da 2017-ci ildə Estoniyada – Rusiyanın qulağının dibində özünün ən böyük Kibertəhlükəsizlik Mərkəzini yaratdı. Mərkəzin əsas təyinatı isə bəlli idi: havada, quruda, suda olduğu kimi, kiberməkanda da kəşfiyyat və əks-kəşfiyyat işi aparmaq, hücum və əks-hücum əməliyyatları hazırlayıb həyata keçirmək!

Bu, o demək idi ki, kollektiv Qərbin hədəfindəki ölkələr bundan sonra təkcə hava, quru və su sərhədlərini qorumaqla kifayətlənməməli, həm də öz daxillərindən hər an açıla biləcək görünməz cəbhəyə hazırlıqlı olmalıdırlar!

Budur, biz artıq sosil şəbəkələrin insanların və dövlətlərin taleyini, qədərini necə dəyişdiyini aydın müşahidə edirik. İndi sosial şəbəkələr təkcə informasiya əlçatanlığını və mübadiləsini daha sürətli və asan edən bir sfera deyil, həm də insanların şüurunu və siyasi prosesləri idarə edən, yönləndirən və xüsusən də hökumətlər üzərində ciddi ictimai nəzarəti həyata keçirən ən əlverişli mexanizmlərdir – istənilən fərd bircə saniyə içərisində həm informasiya yaradıcısı, həm yayımçısı və həm də hadisə təşkilatçısı statusunda çıxış edə bilir... Ən əsası, liderin və ya əsas siyasi fiqurun birbaşa iştirakı olmadan, məsafədən ölkələrin içərisində rahatca iş aparmaq, etiraz aksiyaları təşkil və idarə etmək imkanları yaranır.

Bu səbəbdən sosial şəbəkələr artıq avtoritar, ədalətsiz və oğru hakimiyyətlərin qəniminə çevrilməkdədir. Baxın, son illərdə siyasi müxalifətin olmadığı və ya çox zəif olduğu, yəni aşkar siyasi təşkilatlanma işi aparılmayan avtoritar rejimli ölkələrdə gözlənilmədən minlərlə insan meydanlara, küçələrə tökülür, hökumətlər fakt qarısında qoyulur: onlar ya geri çəkilməyə, ya da zor tətbiqinə vadar edilir ki, hər iki halda da uduzan hakimiyyətlər olur...

Elə Mərkəzi Asiyanın açar ölkəsi sayılan Qazaxstanda qiymət artımına etiraz olaraq keçirilən aksiyaların təşkilində də ilkin olaraq məhz sosial şəbəkələr əsas təşkilatçı rolunda çıxış etdilər.

Ancaq proseslərin sonrakı gedişi, xüsusən də aksiyaların kütləvi iğtişaşlara və silahlı toqquşmalara çevrilməsi, küçələrə çıxan kütlənin siyasi tələbləri artıq hadisələrin kiberəməliyyatla başlayan növbəti geopolitik toqquşma olduğu qənaətini ortaya qoyur.
Söhbət ondan gedir ki, ərazisinə görə Mərkəzi Asiyanın birinci, dünyanın isə doqquzuncu ölkəsi olan Qazaxıstan ABŞ-ın iki strateji rəqibi – Çin və Rusiya ilə geniş quru sərhədə malikdir və bu səbəbdən son 30 ildə daim adı Pentaqonun əməliyyat masası üzərində olub.

Son 32 ildə Qazaxıstanın birinci şəxsi olmuş Nazarbayev də həmişə bu 3 güclə – ABŞ, Rusiya və Çinlə hansısa formada anlaşmağa və dil tapmağa, rəqiblərin münasibətlərini ölkəsi üzərində uzlaşdırmağa və tarazlıq yaratmağa çalışıb: bir tərəfdən, Qazaxıstan Rusiyanın nəzarət etdiyi bütün hərbi-siyasi-iqtisadi bloklarda – MDB-də, KTMT-də və Avrasiya İqtisadi İttifaqında yer almış ikinci güclü respublika olub; bir tərəfdən, Qərbin Rusiyanı zəiflətmək planlarında yer alan Türk Dövlətləri Birliyinin yaradılması təşəbbüsüylə çıxış edib; o biri tərəfdən də ölkənin sərhədlərini hüdudsuz Çin sərmayəsinin üzünə açıb...

İndi – ABŞ-ın Çin və Rusiya ilə rəqabətini kəskinləşdirdiyi bir mərhələdə isə hər 3 ölkənin maraq zonası sayılan Qazaxstanda artıq bu geopolitik tarazlığı balanslı şəkildə qoruyub saxlamaq mümkün deyil.

Əgər bu hadisələrin yekunu olaraq ABŞ Qazaxstanda möhkəmlənərsə, o, təkcə Çin və Rusiyaya qarşı daha əlverişli yeni platsdarm əldə etməklə kifayətlənmir, Rusiyanın digər Orta Asiya respublikaları – Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanla quru əlaqələrini də tam kəsmiş və ya öz nəzarəti altına almış olur, həmçinin Rusiyanın qurduğu və genişləndirmək istədiyi ittifaqları belə, tamamilə dağıtmaq imkanı əldə edir.

Diqqət çəkmək istədiyimiz daha önəmli detal isə odur ki, Qazaxstan da, eynən Azərbaycan kimi, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasında çox önəmli bağdır və Putin “Yeni SSRİ”-ni – Genişləndirilmiş Avrasiya İttifaqını həm də Qərbdən qopmağa çalışan Ərdoğan Türkiyəsi ilə bərabər qurmaq niyyətindədir.

Çünki həm Putin, həm də Ərdoğan strateji ağıl sahibləri olaraq, çox yaxşı başa düşürlər ki, getdikcə güclənən Çin və ABŞ arasındakı rəqabətdən ölkələrini uduşlu çıxarmağın yeganə yolu Çin-Avropa İttifaqı arasındakı coğrafiyada Türkiyə və Rusiyanın fəal əməkdaşlıq münasibətləri qurmasından keçir. Baxmayaraq ki, son vaxtlar Rusiya ilə Türkiyənin maraq zonalarında ABŞ-ın və Avropa İttifaqının aşkar təhrikiylə rəsmi Moskvayla rəsmi Ankaranı toqquşdurmaq cəhdləri var, ancaq həm Putin, həm də Ərdoğan məharətlə bundan yayınır, qarşıdurma nöqtələrində fəal əməkdaşlığa üstünlük verirlər. Ehtimal ki, əgər 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilərdə Ərdoğan, 2024-cü ildə Rusiyada keçiriləcək seçkilərdə isə Putin qalib gələcəksə, Rusiya-Türkiyə münasibətləri daha yeni mərhələyə keçiriləcək.

Hətta mümkündür ki, Qazaxstandakı etiraz aksiyaları elə həm də Rusiya-Türkiyə münasibətlərini Mərkəzi Asiyada pozmaq və bu yaxınlaşmadakı əsas bağlardan daha birini qoparmaq məqsədiylə təşkil edilib. Hər halda Türkiyənin Qazaxstandakı hadisələrə, xüsusən də Türkdilli Dövlətlər Təşkilatının ömürlük fəxri lideri olan Nazarbayevin istefaya göndərilməsi məsələsinə olduqca soyuqqanlı və təmkinli reaksiyası az şey demir. Belə görünür ki, Ərdoğan Türkiyəsi Nazarbayevin varisi Tokayevin etirazçıları terrorçu adlandıraraq KTMT-dən – Rusiyadan kömək istəməsindən və rəsmi Kremlin hadisələrin axarını dəyişərək Qazaxstanda əsas sabitləşdirici güc kimi çıxış edərək, daha da möhkəmlənməsindən qətiyyən narahat deyil... Əksinə, hadisələrin arxasında Qərb barmağını gördüyündən, bu prosesdən Qərbin deyil, Rusiyanın uduşlu çıxmasını istəyir.

Şübhəsiz ki, hadisələrin MDB dövlət başçılarının dekabrın 28-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündən dərhal sonraya və Rusiya ilə ABŞ arasında bir neçə gün sonra keçiriləcək təhlükəsizlik danışıqlarından öncə baş verməsi də xüsusilə diqqətçəkəndir.

Görünən odur ki, Putin Rusiyası keçmiş sovetlər məkanında dartıldığı bataqlıqlardan məharətlə yayınaraq, bu coğrafiyada əsas sabitləşdirici və pozucu qüvvə olduğunu onu yenidən prezident görmək istəməyən Baydenə qəbul etdirmək niyyətindədir və bu görüşlərə də əlidolu gedir...

Elxan Şükürlü
Politoloq


Xəbər 4952 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +